adalet.az header logo
  • Bakı 7°C
21 Iyul 2018 09:41
10745
GÜNDƏM
A- A+

Seyranın həzin, lirik şeirləri

Allahverdi Eminov

Bəlkə də o, mənim haqqımda bir xatirə yazacaqdı, yaxud "keçmişin həzinliyi"ndən çəkinir; mümkün hissdir: Olub-keçənlər bir sarı lentə bükülüb gəlir, özü də çox uzaqlardan... Mən isə tələsdim gümanımın qarşısında. Ruhum, yaddaşım 1965-ci ilin 5-ci yanvara uçdu. Biləcəri dəmir yolu stansiyasında təntənə vardı. Hamı perrona daxil olacaq qatarın intizarında idi. Orduya çağırışçıları Sovet İttifaqının Mərkəzi Moskvaya aparacaqdı və bizi ayrı-ayrı ordu hissələrinə paylayacaqdılar. Məni mərhum dayım, Vətən müharibəsi iştirakçısı Hacı Eminov yola salırdı. Birdən bizə qonşu (biz Salyan rayonunun Qırmızıkənd kəndində yaşayırdıq) Şorsulu kəndində yerləşən "baş poçtun" müdiri Qubad dayı (onu mən də tanıyırdım) rast gəldi. İki veteran qucaqlaşdı. Qubad rəhmətliyin rəngi özündə deyildi. İri göyə çalan gözləri bizi, xüsusilə, məni görəndə yaşardı və: - Olmaya İsgəndərin (atam Qrmızıkənd dəmir yolu stansiyasının rəisiydi, Qubad dayı ilə tanışlıqları çoxdan idi) oğlu da əsgər gedir? - Soruşdu və mənə əl verdi.
- Bəli, Qubad kişi. - Dayım nikbin ovqatla cavab verdi. - Olmaya oğlun da?
- Hə, Hacı, yola salıram. Və böyründə qısılıb duran, yaşına məxsus uzun boylu, arıq oğlanı göstərdi.
Kişinin rəngi yaxşılaşdı, özünə gəlmişdi. - Nə yaxşı oldu. Allahverdi ali təhsillidir, bir yerdə qulluq eləsələr? Təsadüf gətirə bilər, - deyib perronda gəzişməyə başladıq. Nəhayət, qatar gəldi, hərbi zabitlər bizi (sonralar 80 nəfər çağırışçı olduğumuz bəlli oldu) bir yerə cəm etdilər, yüngül sərnişin vaqonunu göstərdilər. Təxminən 30-35 yaşlı kapitan, qara bığlı, qara saçlı zabit özünü təqdim etdi və Moskvaya gedəcəyimizi bildirdi (O, komandir kimi bizimlə getdi). Mehriban və sadə olan kapitanın soyadı Həsənov idi, adını unutmuşam...gO, bizdən səmimi və kövrəlmiş halda Moskva vağzalında ayrıldı.
Paravozun fit səsi, bələdçi qadının xəbərdarlığı hələ də yaddaşımdan silinməmişdir. Qubad dayıya baxırdım, onun bir ata kimi yaşadığı hissləri müşahidə edirdim. O, oğluna sarılmışdı, sanki onu əlindən biryolluq qoparıb aparacaqdılar, axı bu kişini də beləcə cəbhəyə yola salmışdılar.
Dayım Qubad dayıya təsəlli verirdi. Və özü də kövrəldi, barmaqları ovcumda titrəyirdi:
- Hə, sizlərə yaxşı yol, salamat qayıdın. Çalışın bir-birinizdən ayrılmayın. - Təsəllisiydi.
Ata-oğul ayrıldılar. Qubad dayının yanaqlarında yaş gilələnmişdi, elə bil qurumuşdu, o da donub qalmışdı.
Tale elə gətirdi, iki dəfə sərt hərbi rejimdən, hansı ki, çağırışçıları peşələrinə və ixtisaslarına görə bölürdülər müxtəlif rotalara - iki dəfə az-çox nüfuzumdan və tələbimdən istifadə edib Seyran Cavadovla bir qulluq etməli olduq. Az sonra mən ali təhsilli kimi bir il (qərar 1965-ci ilin 1-i aprelində SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən verilmişdi) qulluqdan sonra ordudan tərxis olundum, Seyran isə Sevastopola peşə kursuna göndərildi.
Məktublaşırdıq müntəzəm. İşləri yaxşı gedirdi. 1969-cu ildə mən aspiranturaya daxil oldum, əyani və kirayənişindim. Bir gün Bakı Soveti qarşısında Seyranla təsadüfən rastlaşdım. Bu dəfə mənim gözlərim yaşardı, ayrılıqdan xeyli vaxt keçmişdi. O, BDU-nun jurnalistika fakültəsinin hazırlıq şöbəsində oxuyurdu. Dil və ədəbiyyat fənlərindən hazırlamağımı xahiş elədi. məsuliyyətli, tələbkar və səmimi olan gənc etimadları doğrultdu. Ali təhsilli jurnalist kimi doğma Salyana qayıtdı, rayon qəzetində çalışdı. Maraqlı məqalələr qələmə alır, respublika mətbuatında çıxışlarını izləyirdim. Bir gün Seyran Cavadov "Qələbə" qəzetində (Salyan) haqqımda kövrək yazı ilə ötən illərə aparmışdı.
Seyran Cavadov əsgəri xidmətdə ikən arabir şeirlərini mənə oxuyurdu: Mövzusu Vətən sevgisi, ayrılıq, yaxın-uzaq düşüncələr və bir də ilk gənclik məhəbbəti. Sonuncu mövzu onun ruhuna köçmüşdü. Bakıda görüşərkən bu sevginin ötəri olmadığına əmin oldumg
Bu sevgi Seyranın poeziya dünyasında da özünü büruzə verdi, sönmədi, alovlandı və misralarda yaşadı. Düzü, indi etiraf edirəm ki, o illərdə mənə elə gəlirdi - ötəri hissdən doğulur bu şeirlər, ötüb keçəcək. Sən demə, yanılmışam; elə deyilmiş, onun içində, təxəyyülündə poeziyanın təbii diqtəsi var imiş, poetik ovqatından yaranırmış. Bu qənaətə o vaxt əmin oldum.
Seyran Cavadov "Ədalət" qəzetində şeirlərilə çıxış edir (Qeyd edim ki, bu ləyaqətli, haqqın tərəfdarı olan qəzetdə şeirə - sənətə, gənc yaradıcılara xüsusi qayğı var, əsas səbəbi "Ədalət"də müqtədir ədəbi və publisist simaların diqqətliliyidir, necə ki, istedadlı qələm sahiblərindən Aqil Abbas, İradə Tuncay, Əbülfət Mədətoğlu, Faiq Qismətoğlu, Oğuz Ayvaz, Ceyhun Rüstəmov, Akif Emin simasında şəxsiyyətlər çalışır). Və düşündüm: Şeir istedadlı müəllifinə xəyanət etmir. Budur, Seyranın oxuduğum bir sıra şeirlərini təzədən nəzərdən keçirirəm: "Barama qurdu", "Nə yaxşı ki", "Metro ömrü", "Təzad", "Allah, sən özün saxla məni" və başqa poetik hissiyyatın pıçıltıları. Seyranın şeirlərində diqqətimi cəlb edən məziyyətlər çoxdur və bu, poetik nümunələrin poetikasından Söz dilin materialı olmaqla yanaşı, linqvistik baxımından sözün yaşamasıdır, özü də spesifik predmet kimi:

Özünü öymə,
lovğalanma.
Başına qoyulan başla.
Maqnit kimi
Hafizənlə, yaddaşınla.
Qürrələnmə nəslinizdən olan
böyüklü-kiçikli.
Qohum-qardaşınla
Unutma ki, işlək
qulsan.
İnsan ağlının, zəkasının
məhsulusan.

Misraların yerini alması şair fikrinin insanın qadirliyinin gücünü əyaniləşdirməsidir. "Kompüter"i daha sosial-mənəvi müstəviyə yozuruq: Özgə ağılı-zəkası, başqa vəzifə stol bəxşişilə oturanlar var - ən idrak sahibini idarə etmək istəyir, ağılına ağıl qoymaq təşəbbüsünə də əl atırlar! Bizim faciəmizdir!
Şair o halda uğurlu misraları oxucu üçün layiq bilir - mövcudluğunu təsdiqləyir - öz fərdi düşüncəsini dərk edir, daha doğrusu, solipsizmə rəvac verir. Seyran bu ideyaya hətta kütləvi dildə gəzən, heç də yaxşı qarşılanmayan ifadələrə poetik məna verir. "Təzad" şeirini oxuyanda mənə elə gəldi sözün qnoseoloji aspektlərindən münasib birisini predmet seçəcəkdir, amma başqa yanaşmadır:
Sənə minnətdaram mən, ara sözü,
Neçə yol imdada, köməyə yetdin.
Cümləni cümləyə uyuşduraraq
Fikir ayrılığı, məna yaratdın.

Sənə nifrətim var, ara adamı!
Paklığa, saflığa böhtan, şər atdın.
Girib arasına iki qardaşın
Heç nəyin üstündə aranı qatdın.

Bu "ara sözü" adi kəlamdırmı? Bəzən reaksiya vermirik. "Eh, ara sözüdür də!" deyib uzaqlaşırıq. Məhz şairin də məharəti və seçimi - sinkrizası: müəyyən bir məsələyə olan müxtəlif münasibətlərin, mövqelərin məntiqini ortaya qoymaqdır. Seyran Cavadovun şeirlərini oxuyanda zahirən ruhi həyəcan, ehtiras - aksklerativliyi yaşamırsan, lakin təəssüratını ümumiləşdirəndə, təcrübən varsa məna tutumu tutursan. Baramaqurdunu görməyən və elə adından təsəvvürünü durultmayan olmaz, lakin bu qurd bəlkə də yeganə canlıdır - yuxarıda vurğuladığımın əksi kimi - hər şeyi özü quraşdırır, düzüb-qoşur, hərçənd, intuitiv hərəkəti də yox deyil.

Gəldi bu dünyaya özü bilmədən,
Başladı işinə o, düşünmədən.
Nə sapdan, iynədən, nə də kimsədən
Kömək ummayaraq bir yuva qurdu -
Baramaqurdu.

Bu işilə özü üçün yaşaya bilərdi: kimsənin yanında gözükölgəli deyil minnət götürsün, yaxud sehrbazlığı da yoxdur, amma bu kiçicik:

Balaca bir qurda ürəyə bir bax!
Əmələ, məqsədə, diləyə bir bax!
Yaradan kişiyə, fələyə bir bax!
Ömrünü işiylə o, başa vurdu -
Baramaqurdu.

Təbiət yaradıb beləcə onu,
Geyinib əyninə vəfadan donu.
Bilsə də yetişir ömrünün sonu.
Oldu, tərk etmədi saldığı yurdu -
Baramaqurdu.

Qənaət belədir.
Poeziya dünyəvi funksiyalara işıq tutan bir peşədir (bəlkə sənətdir?) və missiyanı, şübhəsiz, şairlərə həvalə edir, bir şərtlə ki, özünü quşa oxşadıb melodik səslərə uymayasan, predmetin təsvirində düşünəsən, ötəri hisslərdən uzaqlaşasan, sənə verilmiş ömrünə bir anlıq kənardan baxasan. Axı insan yalnız idraki düşüncəyə sığınmır, hisslər aləminə də baş vurur, ömrü ilə özünün dünyasını təsdiqləyir.
"Metro ömrü", "Allah, sən özün saxla bizi", "Nə yaxşı ki" şeirlərində müəllif insanı ipostasa - mahiyyətə, hansısa məqsədi daşımağa çağırır. Metro cansızdır, yerin altında olsa da insanlara xidmət göstərir və bununla dəmir parçasının özü bir dünyadır.
Böyük şəhərlərin
metrosu da
Elə bu dünya kimidir,
Enişli, yoxuşlu,
İşıqlı, zülmətli,
Gedimli, gəlimlig
Qaranlıq tunellər
Onun gecələri -

tamamlanmamış şeirdən nümunə verdim - bu da insanın öz yaşam naminə bir əməlidir, lakin yerin təkindədir, insanın da son beşiyi - elə "vaqonabənzər" məkanı ordadır. Bu tuneldə də dayanacaqlar var, qatar dayanır, insan orada düşür, harayasa tələsir. Şair bu dayanacaqları əşyalaşdırır və açığı, yer altından çıxmağa can atırsan, ona görə ki, tənhalıq qorxusunu istər-istəməz yaşayırsan.

Çılçıraqlı dayanacaqlar
işıqlı gündüzləri
sürətlə irəli daşıyan
qatarlar ömrünün
günləri, ayları, illəri.

Bəzən mən dayanacaqlarda dayanıb gəlib-gedənlərə - minib-düşənlərə tamaşa edirəm və təxminən yarım əsrdən çox bir ömrü xatırlayıram; təəccüblü olsa da əsgərlik ovqatım yada düşür: Biz çağırışçıları Moskvada metroya saldılar, bakılı kişiləri bir yerə yığdılar, bu dayanacaqdan da ayırdılar müxtəlif ordu hissələrinə. Seyranla mən və xeyli azərbaycanlı uşaqlarını yenə metroya mindirib naməlum istiqamətlərə yollandıq. Bu gün düşünürəm ki, neçə min-min bizim yaşda olanlar metrodan çıxdılar, qulluq etdilər və indi onlardan sağ qalanlar o metro dayanacağını xatırlayırlarmı görəsən? O metro dayanacağı mənim üçün bir simvol olaraq əbədi yaddaşımdadır onu görə ki:

Hər dəfə nə qədər
adam minir,
Adam düşür
dayanacaqlarda.
Onu bir Allah bilir,
Hər gün bu dünyaya nə qədər
insan gəldiyi,
Bu dünyadan nə qədər
insan getdiyi kimi.

Bəli, Seyran, mənim əsgərlik dostum, nə yaxşı ömür dayanacaqları səni salamat Vətənə yola saldı, belə olmalı idi: axı sənin sinəndə şeir qığılcımları təzə-təzə cücərirdi, hətta mənə oxumağa cəsarət etmirdin, çünki tam püxtələşməmişdin, hisslərinin sənə xəyanət edib-etməyəcəyinə elə də əmin deyildin, çün poeziyanın xasiyyəti belədir. Onda dərin fikri və hissi birləşmə - meditasiya qanunu mövcuddur, hər mövzu poetik arzunu reallaşdırmır. Sən vaxt yetişdi özünü Vətən daşı qədərində təsdiq etdin, iradəni büruzə verdin:

Sanmayın ki, əsib keçən küləkdim,
Ümidlərə sığal ilə əl çəkdim.
Könüllərdə bağça saldım, gül əkdim,
Yaranışdan xislətimlə beləyəm,
Mən arzuyam, insanlara gərəyəm.

Mənsiz heç kəs mətləblərə yetişməz,
Calaq vursa, calağı da bitişməz.
Ömürlərə, talelərə gün düşməz,
Həm istəyəm, həm muradam, diləyəm,
Mən arzuyam, insanlara gərəyəm.

Sənin bu arzun və diləyinin ilk şahidi kimi qürurlanıram ki, xarakterinə saxtakarlıq yol aça bilmədi, yaxına buraxmadı, iti və təmannasız qələminlə jurnalistikaya xidmət göstərdin, ona görə ki, istedadın beynində, gücün biləyində, məhəbbətin ürəyində yaşadı, ötəri olaylara qurban vermədin. Və poetik etirafında bu hissləri dedin:
Yurd yerlərim milyon-milyon ürəkdir,
Büdrəyənə, yıxılana dirəkdir.
Əməllərim bu dünyaya bəzəkdir,
Fərhad kimi külüng çalan biləyəm,
Mən arzuyam, insanlara gərəyəm.

Belə insanlara arzu olmayan, gərək olmayan fərd necə, onun və onun xislətində yaşayanlar necə, şair? Suala cavablar təbii ki, müxtəlifdir, amma insan elədir, pıçıldayır ki, niyə 100-150 il yaşamayaq? Bir zaman gənclik illərində, dünyanın düz vaxtında mən də belə düşünmüşdüm. Lakin.
Bir qrup insanların reytinq-rütbə dalınca özünü həlak etməsi, ünsiyyətində vəhşiliyi-kanibalığı ifrat xudbinliyi - eqosentristliyi və sairi müşahidə etməyim fikrimin yanlışlığına işarə vurdu və bu ağır təsirli məfhumdan uzaqlaşmaq istəmədim.
Və şair Seyran Cavadovun "Nə yaxşı ki" şeirini xatırladım. Pisliklər; heysiyyatı tapdalayanlar, yalançı vəd verənlər, vətənini sərvət toplamağa satanlara bir mütləq həqiqət gərəkdir: Ölüm! Bu olmazsa belə kateqoriyalılar nələrə əl atmazdılar yaşasaydılar: vallah harınlaşardılar! Bu isə o deməkdi insan öz ilahiliyini itirmiş olardı.

Qiymətini itirərdi,
Deməzdin ki, dürdü, zərdi,
Üstünə hər it hürərdi,
Nə yaxşı ki, ölüm varmış.
Doğmalar da yadlaşardı,
Aqillər də lap çaşardı.
Dünya qazanı daşardı,
Nə yaxşı ki, ölüm varmış.

Mən Seyran Cavadovla ilk xatirələrimi ordu həyatının ilk başlanğıcından başladım və o, üç il sərasər xidmət elədi, məktublarında öz təəssüratlarını yazırdı.
Bu, illərin yaddaşıdır. Bir gün Seyran müdrik yaşında, şair ovqatında Milli Ordumuzun qüdrətinə sevinənlərdən biridir.
Xüsusilə, son vaxtlar düşmən üzərində qələbələrimiz qürur doğurur. Və yaradıcılığında bu coşğunluq yer alır. "Yetəcək vüsal dəmi" şeiri son illərin ən yaxşı pavroslu nümunəsidir. Himn motivli bu şeirdə odlu-alovlu misralar çağırır vətəni qorumağa.

İgidlərin önündə yağılar qan qusacaq,
Yenə Cıdır düzündə igidlər at çapacaq.
Qarabağ atlarının nalından od qopacaq.
Havalanan "Şikəstə" bürüyəcək aləmi,
Könüllər şadlanacaq, yetəcək vüsal dəmi.

Seyran Cavadov haqqında geniş məqalə yazmağı planlaşdırmamışdım (Yazı da planla olar?), amma bir gün yolumu Salyan diyarına salmağı qərara almışdım.
Onunla yenə oturmaq, ötənlərə qayıtmaq, şeirlərini dilindən eşitmək istəyirdim. Lakin "Ədalət"də son aylar şeirlərini oxumaq mənə nəsib oldu, o arxada qalmış arxalı - atalı-analı illərə qayıtmaq ürəyimdən keçsə də toxdadım.
O vaxt Seyran həzin, lirik şeirlərini oxumaq istəyirdi, axı nə yaşı vardı ki! Bu gün o şeirlər ilk sevginin ilk misraları olaraq əbədiyaşardır, pozulmazdır, amma o poetik yaradıcılığa bitkin bir şair ürəyinin qığılcımları hopmuşdur - daha hikmətli, ötkəm, insanı yaşamağa çağıran nümunələrdir.
Şeir şəxsiyyət tamlığından: xeyirxah hisslərdən və istedaddan doğulursa, hər zaman gözəldir, həqiqətdir. Həqiqət bir də ondadır - mən əsgərlik və qələm dostumun saf, təmiz ürəyinin döyüntüsünü eşitdim.