adalet.az header logo
  • Bakı 11°C
21 Iyul 2018 09:36
29854
ƏDƏBİYYAT
A- A+

AĞDAMLILARIN BƏYİ, AĞDAŞLILARIN ƏMİSİ

Əhməd Ağdamski
Əhməd Ağdamski
Leyli rolunda

Hər kəs Allahın ona verdiyi ömür payını bacardığı kimi yaşayır: kimi səssiz, sakit, yalnız öz yaxın ətrafının əhatəsində, kimi yazmaq, yaratmaq eşqi ilə, kimi də qəhrəmanlıqla, fədakarlıqla, əməli və sənəti ilə bu dünyada iz qoya-qoya. Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli bu ilin ilk rübündə "Şərq-Qərb" nəşriyyatında çapdan çıxmış "Əhməd Ağdamski" kitabı da məhz belə şərəfli ömür yaşayan sənət fədaisinin həyatından bəhs edir.
Öncə qeyd edək ki, öz yaradıcılıq ənənəsinə və üslubuna bu kitabda da sadiq qalan M.Çəmənlinin ədəbi qəhrəmanı ilə bağlı hər hadisəni, hər faktı o dövrün mətbuat səhifələrindən, resenziyalarından sitat gətirərək, görkəmli teatr xadimlərinin, eləcə də doğmalarının xatirələrinə istinad edərək, necə deyərlər, sənədli-sübutlu şəkildə oxuculara çatdırmışdır.
Azərbaycan teatr sənəti təşəkkül tapdığı mürəkkəb ictimai-siyasi dövrdə hər kəsdən fədakarlıq gözləyib. İyirminci əsrin əvvəllərində dini mövhumatla silahlanmış ar-namus "təəssübkeşləri" milləti dünya mədəniyyətindən agah edən, bəşəri dəyərlərə qovuşdurmaq istəyən insanları lağa qoyur, ələ salır, həyatlarına qəsd etməkdən belə çəkinmirdilər. Yeni əsr özü ilə bərabər gətirdiyi təlatümlərlə, inqilablarla ziyalılarımızın böyük əksəriyyətini mütərəqqi ideyalar uğrunda mübarizəyə qaldırmışdı. Azərbaycanın, qoca Şərqin ilk inqilabını 22 yaşlı Üzeyir bəy Hacıbəyli öz "Leyli və Məcnun" operası ilə reallaşdırmışdı. "Əhməd Ağdamski" kitabını oxuyan hər kəs bir daha şahid olacaq ki, yoxdan var yaradan Üzeyir bəy və məsləkdaşları necə böyük fədakarlıqlar, çətinliklər bahasına bu operanı tamaşaçı qarşısına çıxara biliblər. Təbii ki, Leyli obrazını səhnədə canlandıra biləcək kişini (o zaman qadın ağıldan belə keçirilə bilməzdi) tapmaq bütün çətinliklərin fövqündə dayanırdı. 1908-ci il yanvarın 12-də premyerası olan "Leyli və Məcnun" operasında çayçı şagirdi Əbdürrəhim Fərəcov Leyli kimi ilk və son dəfə səhnəyə çıxdı. Arvad paltarı geyməsi, bığının üstünə tənzif yapışdırılması, Mustafa müəllimin təəbirincə desək, ona "kişi kimi" yaşamağa imkan vermədiyi üçün bir daha səhnəyə qayıtmadı. İlk tamaşası böyük uğurla keçən "Leyli və Məcnun"un sonrakı səhnə taleyinə biganə qalmaq olmazdı. Leyli roluna yeni ifaçı tapılmalıydı. Təbii ki, bu məqam kitabda da öz əksini tapıb: "...Əfrasiyab Bədəlbəyi və bir çox başqaları tərəddüd etmədən Əhməd bəyin "Leyli və Məcnun"un ilk tamaşasında xorda iştirak etdiyini yazılı xatirələrində qeyd ediblər... Yəqin ki, Üzeyir bəyin doğmaca xalası oğlundan başqa gümanı başqa bir adama gəlməyib. Əhməd bəyin təkcə səsi yox, boy-buxunu da rola uyğun gəlirdi. Əlbəttə, qrimləndikdən, qadın paltarı geyindikdən sonra məlahətli səsi tamaşaçının diqqətini başqa səmtə çəkəcəkdi. Güman edirəm ki, Əhməd bəyin Leyli rolunda oynamağa razılıq verməsinin başlıca səbəbi Üzeyir bəyin çıxılmaz vəziyyətə düşməsi olub".
Beləliklə, "Leyli və Məcnun"un Musa Nağıyevin klubunda keçirilən 1908-ci il 22 aprel tarixli ikinci tamaşasında Əhməd bəy Ağdamski ilk dəfə Leyli kimi səhnəyə çıxır: amma Miri adı altında (niyə məhz Miri? Bunu kitabı oxuyanda biləcəksiniz). 1910-cu ilin teatr mövsümündə isə afişalarda artıq ifaçının əsl adı yazılmışdı - Əhməd Bəşir oğlu Bədəlbəyli.
Müəllif görkəmli bəstəkar, musiqişünas-alim Əfrasiyab Bədəlbəylinin fikrinə əsaslanaraq qeyd edir ki, teatr amplualarından biri də travesti adlanır. Bu sözün mənası fransızcadan tərcümədə paltar dəyişmək, başqasının əlbisəsini geyinmək, qadınların kişi rolu ifa etməsi deməkdir. Avropa klassik operalarında bəzən qadınlar kişi obrazlarının musiqi partiyalarını ifa edirdilər. Azərbaycan opera səhnəsində kişilərin qadın rolunu ifa etməsi isə sırf zərurətdən doğan hal idi.
İncəsənətə, teatra özünəməxsus həssaslıqla yanaşan o dövrün tamaşaçısının qarşısına kasad səhnə rekvizitlərində, qadın rolunda, qadın paltarında çıxmaq sizə elə də asan gəlməsin. Özündən başqa papağı üçün də bilet alan ağırtaxtalı bəyləri, beli tapançalı qoçuları səsi ilə, ifası ilə Leyli dünyasına aparmaq hər kişinin işi deyildi.

Qüdrətim yox ki, qılam kimsəyə şərhi-ğəmi-dil,
Öylə kim arizeyi-hicr ilə bimar olubam.

Leylinin naləsi cəmiyyətin hüquqsuz zümrəsinin - qadının etiraz səsi idi. Ə.Ağdamski lirik tenor səsi, cazibədar ifa tərzi ilə zalda əyləşən, dağdan ağır zəhmli kişiləri bu üsyanı alqışlamağa, bəzən də bu ah-naləyə, faciəli taleyə ağlamağa vadar edirdi.
M.Çəmənlinin apardığı araşdırmalardan məlum olur ki, Əhməd Ağdamskinin səsinin yazıldığı nə bir val, nə də lent yazısı qalıb. Müəllifin gəldiyi qənaət budur ki, "... o, qadın rolunda oynaması kimi kədərli bir faktın tarixin səhifələrinə köçməsini rəva bilməmiş, məlahətli səsinin əks-sədasının oynadığı səhnədə qalmasını, bir nağıla, əfsanəyə çevrilməsini istəmişdir. Lakin biz onun səsini xəyalımızda bərpa edə və eşidə bilərik..."
Budur, xəyalımızda Əhməd bəyin "Mahur-hindi", "Şikəsteyi-fars", "Qatar", "Simayi-şəms", "Şüştər", "Segah", "Şahnaz" üstə ifa etdiyi Leylisi, Əslisi, Gülçöhrəsi, Şahsənəmi, Xurşidi, Minnəti canlanır. Bəli, Əhməd Ağdamski düz 12 il səhnəmizdə Leylini və digər opera və komediyalarda bayaq adlarını sadaladığım qadın rollarını ifa edib. Amma yəqin ki, Əhməd Ağdamskinin ən böyük arzusu bu əsərlərdəki kişi rollarını ifa etmək olub. M.Çəmənlinin bu kitaba daxil etdiyi həmkarı Rafiq Hüseynovun "Gülçöhrənin ariyası" sənədlli hekayəsində də görürük ki, Əhməd bəy Gülçöhrə rolunun gələcək ifaçısı Mariya (Məxfurə) Yermakovanı tapanda necə sevinir. İlk dəfə 1917-ci ilin dekabr ayında "Arşın mal alan" operettasında səhnəyə Əsgər rolunda çıxır. Sonra "O olmasın, bu olsun"da Sərvəri də oynayır. Qadın rollarından yavaş-yavaş "canı" qurtarsa da, dolanışıq, məişət qayğılarından yaxa qurtarmaq çətin idi. Əhməd bəyin teatrda çalışması ilə bərabər, Mərdəkanda müəllimlik etməsi, Bakı Dumasının şəhər təsərrüfatı şöbəsində işləməsi faktı isə o dövrün teatr xadimlərinin necə çətin şəraitdə yaşadıqlarnı bir daha sübut edir.
Oxucular "Əhməd Ağdamski" kitabının səhifələrində Ü.Hacıbəyli, H.Sarabski, H.Abasov, A.Əliverdibəyov, Ə.Bədəlbəyli, M.Mərdanov, Q.Məmmədli kimi o dövrün ictimai, mədəni, siyasi ab-havasını öz məqalələrində, əsərlərində, xatirələrində əks etdirən ziyalılarımızın bir müğənni-aktyor kimi Əhməd Ağdamskinin sənətkarlıq məziyyətləri ilə bağlı maraqlı qeydləri, fikirləri ilə də tanış olacaqlar. Milli teatrımızın, operamızın təşəkkülü, o dövrün teatr xadimlərinin (o cümlədən Əhməd Ağdamskinin) sənət uğurları, fədakarlıqları barədə ən dolğun fikirlər, ən dəyərli faktlar isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin əsərlərindən gətirilən sitatlarda daha ətraflı əks olunub.
Mustafa Çəmənlinin "Əhməd Ağdamski" kitabında gəldiyi bir qənaətlə də şərik olmaya bilmirsən: "...Əgər Əhməd Ağdamski Leyli rolunda oynamaqdan imtina etsəydi, yəqin ki, bir müddət musiqili teatr o tempdə inkişaf etməyəcəkdi".
Heç şübhəsiz ki, 1920-ci ilin baharının Azərbaycana gətirdiyi qara yellər mütərəqqi fikirlərlə yaşayan, Müsavat üzvü olan Əhməd bəyin də taleyindən yan ötmədi. Şərqdə ilk demokratik dövlətin teatrında çalışan, sənətlə, yaradıcılıqla bağlı gözəl arzularla yaşayan, illərlə yaratdığı qadın obrazlarını öz sahiblərinə - aktrisalara böyük sevinclə təhvil verən Əhməd Ağdamski yersiz təqiblərdən, sorğu-suallardan bezib, 1923-cü ildə ata yurduna - Ağdama qayıdır. Öz gəlişiylə bu yurda yeni bir sənət, səhnə ruhu gətirir. Gözəl arzularını böyük səhnədə qoyub gələn bir insan üçün kiçik əyalət şəhərində teatr truppası yaratmaq təkcə məşğuliyyət deyil, həm də xəyallarını gercəkləşdirmək, yaratmaq ruhunu pərvazlandırmaq üçün bir fürsət idi. Heç şübhəsiz, Ağdamda musiqiyə, sözə vurğun insanlar az deyildi. Kitabın "Ata yurdunda" adlı bölməsində Ə.Ağdamskinin doğma el-obasında necə bir əzmkarlıqla teatr yaratması, bu teatrın bütün qayğılarını öz üzərinə götürməsi, istedadlı gəncləri bu sənət ocağının ətrafına toplaması ilə tanış oluruq. Bu teatrın səhnəsində o, rejissorluq da etdi, aktyorluq da, müəllimlik də, yeri gələndə tar da çaldı. Ə.Ağdamski 12 il bu teatrda müxtəlif əsərləri səhnələşdirdi, neçə-neçə gənci sənət yoluna çıxardı.
Lakin unudulmaz bu səhnə fədaisi yersiz təqiblərdən, yaxın keçmişin qəsdən tez-tez xatırlanmasından, dolanışıq qayğılarından dədə-baba ocağında da yaxa qurtara bilmədi. Bağrına basdığı tarını özünə arxa-dayaq bilib, gözdən-könüldən uzaq olmaq üçün Göyçaya, oradan da Ağdaşa gəldi. Əhməd bəyin Ağdaşdakı fəaliyyətini müəllif məşhur ağdaşlıların - akademik Bəkir Nəbiyevin, Xalq artisti Habil Əliyevin, Əməkdar artist İbrahim Qaradağlının xatirələrinin şahidliyi ilə oxuculara çatdırır. Ağdaş Musiqi Məktəbinin tar müəllimi Əhməd Ağdamski ağdaşlıların sevimli Əhməd əmisi - ağsaqqalı olur. Əhməd bəyin təşəbbüsü, Üzeyir bəyin köməyilə açılan musiqi məktəbi həm Ağdaşın, həm də ətraf rayonların mədəni həyatında böyük rol oynayır. Tarzən kimi də öz dəsti-xətti olan Ə.Ağdamski bu məktəbdə öz davamçılarını yetişdirir, eyni zamanda Ağdaş teatrında tamaşaların hazırlanmasında öz köməyini əsirgəmir. Hamının sevimlisinə çevrilən Əhməd əminin sənəti, pedaqoji fəaliyyəti neçə-neçə gəncin gələcək taleyinə işıq salır.
Biz "Əhməd Ağdamski" kitabının müəllifi Mustafa Çəmənlinin bələdçiliyi ilə Azərbaycanın Cavanşirlər, Hacıbəylilər, Qacarlar, Əliverdibəylilərlə qan qohumu olan Bədəlbəylilər nəslinin ən istedadlı nümayəndələrindən biri - mədəniyyətimizə həm aktyor, həm rejissor, həm tarzən, həm müəllim kimi fədakarcasına, təmənnasız xidmət göstərən Əməkdar incəsənət xadimi Əhməd bəy Ağdamskinin həyat və sənət yolunu bir daha nəzərdən keçirmək imkanı qazanmışıq. Onu da deyək ki, Mustafa Çəmənlinin bu bədii monoqrafiyası Əhməd Ağdamskiyə həsr olunmuş ilk kitabdır. Həm də Əhməd Ağdamski ilə yanaşı, daha neçə-neçə səhnə xadimlərinin, musiqişünas alimlərin, qədirbilən insanların məhəbbət və etiramla yad edildiyi bir kitab!
Məlumat üçün bir faktı da qeyd edək ki, bu seriya ilə Mustafa Çəmənlinin görkəmli sənətkarlarımızdan Xan Şuşinski, Şövkət Ələkbərova, Əbülfət Əliyevin ömür və sənət yolunu əks etdirən kitabları da çapdan çıxıb. Oxucular bu kitablarla hərəsi bir dünya olan bu bənzərsiz sənətkarları daha yaxından tanıyacaq, onların həyat və sənətləri ilə bağlı bu günə qədər bilmədiyimiz bir çox məqamların şahidi olacaqlar.

Mətanət Kərimli