adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyul 2018 09:32
11094
ƏDƏBİYYAT
A- A+

Kommunistlərə görə demokrat, cəbhəçilərə görə partokrat...

(Murad Babayev haqqında xatirələr)

Azərbaycan Prokurorluğu - 100

Ələmdar Məmmədov,
keçmiş prokuror

Murad müəllimlə ilk tanışlığım tələbəlik illərinə təsadüf edir. 1972-ci ildə I kursda oxuyarkən bizim qrupun uşaqları haylı-küylü Bahar bayramı keçirmək istəyərkən, yuxarı kurs tələbələri Əlbəndə Cabbarov, Yaqub Atamalıyev, Aydın Alıyev, Ağamirzə Xəlilovla birlikdə Murad müəllim də bizə dəstək oldu və maneələrə baxmayaraq, tədbiri keçirə bildik.
Murad müəllim hələ tələbə olarkən özünü aparması, rəftarı və ağayanalığı ilə ağsaqqal təsiri bağışlayırdı. Murad müəllim Mingəçevir şəhər prokuroru vəzifəsində işləyərkən kollegiyalarda görüşərdik. 1987-ci ildə o, Respublika Rrokurorunun I müavini vəzifəsinə təyin edildikdən sonra təbii ki, daha tez-tez görüşməli olurduq. Murad müəllim gənc yaşlarından müxtəlif vəzifələrdə işləyib səlahiyyət sahibi olsa da sadəliyini, danışıq tərzini heç vaxt dəyişmədi. Qərəzçilik hissindən uzaq olan Murad müəllim hətta xoşuna gəlməyən hadisəyə də yumorla münasibət bildirərdi. İki hadisə nəql etmək istəyirəm. O, hələ Mingəçevirdə işləyərkən mənim də yaxın dostluq münasibətində olduğum gənc prokurorlardan biri idarə etdiyi VAZ-2106 markalı avtomaşınla Bakıdan işlədiyi rayona gedərkən yolda maşının iki təkəri yararsız hala düşür. İki saata yaxın yolda qalan prokurorun köməyinə tanımadığı sürücü çatır. Təkərləri çıxarıb ona iki təkər verir. Təsadüfən həmin şəxs Murad müəllimin yaxın qohumu (səhv etmirəmsə bibisi oğlu) olur. Prokuror iki günə 4 təkər göndərəcəyinə söz versə də, heç öz təkərlərini də qaytarmır. Kollegiya iclasında bir yerdə olanda Murad müəllim hadisəni danışaraq mənə sual etdi:
- Ələmdar, hüquq elmində belə əməl necə qiymətləndirilir?
Mən də cavabında dedim:
- Hüquq elmində belə əməl dələduzluq adlanır.
Murad müəllim Respublika Prokurorunun I müavini olanda, hətta bir dəfə Baş Prokuror olanda da bizi bir yerdə görəndə eyni təbəssümlə həmin sualı verir və həmin cavabı alırdı. Nisbətən gənc yaşlarında dünyasını dəyişmiş Xankişi Rüstəmovun hüzür məclisində tələbə yoldaşı, işlədiyi dövrdə xətaya yol vermiş keçmiş prokurorlardan birinə Murad müəllim deyir:
-"N"sən ölməliydin, Xankişi öldü...
"N" incik formada soruşur:
- Mən niyə ölməliydim, Murad müəllim?
- Ona görə ki, sən hamımızdan yaşlısan - deyə, Murad müəllim yumorla incikliyi aradan götürür.
Murad müəllim ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirir və lazım gələndə iradə nümayiş etdirirdi. İki hadisə danışmaq istəyirəm: 1989-cu ilin oktyabr ayının əvvəllərində Cəlilabad rayonunda daha bir təxribat cəhdi baş verdi (Əvvəlki təxribatlar barədə bax: "20 Yanvara gedən yol".). Belə ki, İran İslam Respublikasının Siyamək adlı vətəndaşı 1988-1989-cu illərdə icazə olmadan 4 dəfə sərhədi keçib Bakı şəhərinə gəlmiş, mitinqlərdə alovlu və radikal çıxışlar etmişdi. Məhz buna görə ona "İranın Neməti" deyirdilər. DTK-nin İstintaq İdarəsi tərəfindən CM-nin 76 maddəsinin 2-ci hissəsi ilə başlanılmış cinayət işi üzrə ona ittiham elan edilmiş və iş baxılması üçün Ali Məhkəməyə göndərilmişdi. Ali Məhkəmədə piketçilər məhkəmə araşdırmasını həyata keçirməyə imkan vermədiklərinə görə işə hansı səbəbdənsə Cəlilabad rayonunda baxılması qərara alınmışdı (Siyamək sərhədi Biləsuvar və İmişli rayonları ərzisində pozmuşdu.). Həmin vaxt Cəlilabadda mitinqlər ara vermirdi və qarşıdurma pik həddinə çatmışdı. Səhər saat 10 radələrində Murad Babayevin imzası ilə həmin işdə dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə teleqram aldım. Elə bu vaxt DTK-nin yerli şöbəsinin rəisi A.Orucov Sərhəd Qoşunlarının Xüsusi İdarəsinin polkovnik rütbəli zabiti ilə iş otağıma gəldi. Polkovnik məni dilə tutmağa başladı ki, Siyaməkin inzibati həbsini də Siz sanksiyalaşdırmısınız. Bakıda yoldaşlar işin baxılmasını təşkil edə bilmədilər. Bilirik ki, Siz güclü, əqidəli və nüfuzlu prokurorsunuz, istəsəniz bu işin baxılmasını təşkil edə bilərsiniz. Mən onlara bildirdim ki, cinayət işinin materialları ilə tanış deyiləm. Dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə teleqramı isə yarım saat bundan əvvəl almışam. Onlar gedəndən sonra məhkəmədən zəng etdilər ki, Ali Məhkəmə üzvü Oqtay Maqsudov gəlib, məhbus da milis şöbəsindədir. Elə bu vaxt məhkəmənin qarşısında əllərində bayraq, plakat və səs gücləndirici qurğu ilə danışan piketçilər göründülər. İnsanlar yavaş-yavaş məhkəmənin ətrafına toplaşırdılar. Aydın məsələ idi ki, məhkəmə prosesinin Cəlilabadda keçirilməsi qarşıdurmanı daha da gücləndirəcəkdi. Mən Murad müəllimə zəng etdim. Bütün vəziyyəti ətraflı şərh edərək bildirdim ki, məhkəmənin Cəlilabadda keçirilməsi qanunsuz olmaqla yanaşı, qarşıdurmanı daha da gücləndirəcək. Murad müəllim dedi ki, məhkəmə prosesinin Bakıdan kənarda - Cəlilabadda keçirilməsini Mərkəzi Komitə tövsiyə etmişdir. İndi mən MK-ya gedib lazımi yoldaşlarla danışacağam. Yarım saatdan sonra Murad müəllim zəng edərək dedi ki, mən yoldaşları başa saldım. Sən isə dövlət ittihamçısı kimi çıxmaya bilərsən. Mən aşağı düşüb piketçilərin yanına gəldim. Mikrofonu çıxış edənin əlindən alıb dedim:
- Əziz cəlilabadlılar, Siyaməkin məhkəməsi Cəlilabadda keçirilməyəcək.
Piketçilər mənim bu xəbərimi alqışla qarşıladılar. Lakin mövqe qazanmaq istəyən Cəbhə liderləri məyus oldular...
1990-cı ilin yanvar ayının axırlarında hamı hüzn və kədər içində idi. Respublika Prokurorluğunda olarkən Murad müəllimlə görüşdüm. 20 Yanvar hadisələrinin istintaqını Zaqafqaziya Dairə Hərbi pokurorluğunun təşkil etdiyi istintaq qrupu aparırdı. Xalq Cəbhəsinin bir çox fəalları həbsə alınmışdı. Mən AXC İdarə Heyətinin üzvləri - univesitetdə mənə dərs demiş Firudun Səməndərovun və gənclik illərindən dostluq münasibətində olduğum Sabir Rüstəmxanlının taleyi ilə maraqlananda o dedi:
- Firudun Səməndərov, Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev bu xalqın qeyrətli oğullarıdır. Onların həbsə alınmasına imkan vermərik.
Qeyd etmək lazımdır ki, Murad müəllim Baş prokuror olanda idarə rəisi İdris Əsgərovla birlikdə 1992-ci ilin fevral ayında Moskva şəhərində 20 Yanvar hadisələrinin törədilməsində, şəhərə qoşun yeridilməsində bilavasitə iştirak etmiş SSRİ Ali Sovetinin sədri A.Lukyanovu, SSRİ Müdafiə naziri D.Yazovu, SSRİ DTK-nın sədri V.Kryuçkovu dindirmişdilər.
Murad müəllim yeri gələndə fədakarlıq etməyi də bacarırdı. 1987-ci ilin əvvəllərində Azərbaycan KP MK-nin bürosu "Yardımlı rayon partiya-sovet və hüquq-mühafizə orqanlarının işi ilə əlaqədar..." məsələ müzakirə etmiş, bir çox insanlar vəzifədən çıxarılmış və partiya cəzası almışdılar. Həmin müzakirədə MK-nin 1-ci katibinin çıxışında adı mafyoz element kimi hallandırılmış Yardımlı Raykoopittifaqının idarə heyətinin sədri Əli Quliyev haqqında material yoxlanılıb hüquqi qiymət verilməsi üçün xüsusi nəzarət qaydasında Cəlilabad rayon prokurorluğuna göndərilmişdi. Göndəriş məktubunda diqqəti çəkən iki cəhət var idi. Əvvəla, materialın yoxlanması şəxsən mənə həvalə edilir, ikincisi, qərar qəbul olunmazdan əvvəl rəhbərliyə məruzə edilməsi tapşırılırdı. Material üzrə yoxlama aparıb rəhbərliyə məruzə etmədən cinayət işi başlanmasını rədd etdim. Etiraf edim ki, bu diqqəsizlikdən irəli gələn məsuliyyətsizlik idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən bu hərəkətimlə Respublika Prokurorluğu rəhbərliyini çətin vəziyyətə salmışam. Altı aydan sonra MK-nın bürosunda bu məsələ gündəmə gəldiyindən məni Respublika Prokurorluğuna çağırdılar. Respublika Prokuroru İlyas İsmayılovun ilk sualı məni çaşdırdı:
- Nə üçün göstərişə əməl etməyib, qərar qəbulundan əvvəl rəhbərliyə məruzə etməmisiniz?
Düzü, bu haqlı irad məni sarsıtmışdı. Cavab tapa bilmirdim. Həmişə mənə dəstək olub etimad göstərən rəhbərimin etibarını itirmək təhlükəsi ilə qarşılaşmışdım. Söhbətdə iştirak edən Murad müəllim, necə deyərlər, sinəsini qabağa verərək dedi:
- İlyas müəllim, Ələmdar qərar qəbul etməmişdən əvvəl materialı mənə məruzə edib (Əslində Murad müəllim göndərdiyim arayışla tanış olmuşdu. Qərar qəbul edərkən materialı ona məruzə etməmişdim.).
Bu hərəkəti ilə Murad müəllim məni, rəhbərliyin qanuni tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirən işçini ağır mənəvi əzabdan qurtardı (Bu hadisə ilə əlaqədar "Qanun şahdır, şah qanun deyil" başlıqlı yazıda ətraflı danışacağam). Murad müəllim lazım gələndə sərtlik və mətinlik də göstərirdi. Bir hadisə danışmaq istəyirəm. 1990-cı ilin avqust ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsindən çıxandan sonra bəzi həmkarlarımızın, necə deyərlər, əl-qolu açılmışdı. Elə İlyas müəllimin təbirincə desək, yeridiyi torpağın da ona borclu olmasını düşünənlər var idi. İlyas müəllimin kadrları hesab edilənlərə, o cümlədən mənə qarşı xoşagəlməz təqiblər başlanmışdı. Belə bir vaxtda təzə Baş Prokurora xüsusi yaxınlığı ilə seçilən və bunu hər yerdə qabardan qonşu rayon prokurorlarından biri və milis rəisi ilə aramızda ciddi münaqişə baş verdi. Münaqişənin səbəbini açıqlayıram. Saat 11 radələrində həmin rayonun SƏDM bölməsinin iki əməkdaşı iş otağıma gələrək prokuror və rəisin göstərişi ilə Andreyevka kəndində yerləşən şərab zavodunun maliyyə təsərrüfat fəaliyyətini yoxlayacaqlarını bildirdilər. Səbəb kimi həmin rayon ərazisində sürücünün maşınında 160 litr spirt aşkar olunduğunu, həmin spirti Cəlilabad rayonunun Andreyevka kəndində yol kənarında Kərəm adlı şəxsdən aldığını göstərdilər. Yarızarafat onlara dedim ki, deyəsən sizin prokurorla rəisə bir rayon azlıq edir. Saat 14 radələrində əvvəl milis rəisi, sonra prokuror zəng edərək az qala məni "işdən çıxartmaqla" hədələdilər. Yüz dəfələrlə çörək kəsdiyim üçün və məndən xeyli yaşlı olduqlarına görə onların "hüzuruna" getdim. Çox kəskin və xoşagəlməz söhbətimiz oldu. Sonucda axır sözümü dedim:
- Siz Cəlilabad rayonu ərazisində yoxlama apara bilsəniz, mən istefa verəcəyəm.
Haşiyə: Gizlətmirəm. İşlədiyim rayonlarda kənar yerdən, hətta Respublika Prokurorluğu və DİN-dən müdaxilə olunmasına qısqanclıqla yanaşmış, bir dəfə də olsun təsərrüfat və obyektlərdə yoxlama aparılmasına imkan verməmişəm. Bunu yerli hüquq-mühafizə orqanlarının işinə etimadsızlıq və müdaxilə kimi qiymətləndirmişəm. Cəlilabad, Zaqatala və Goranaboy rayonunun sakinləri bunu yaxşı xatırlayırlar.
Səhərisi gün həmin rayonun rabitə qovşağında işləyən, hörmətim keçmiş bir tanışım zəng edərək dedi:
- Ələmdar müəllim, indicə prokuror və rəis Baş Prokurorla danışıb sənin haqqında olmazın sözlər dedilər. İsmət müəllim də onlara dedi ki, Murad Babayevə tapşıracağam ki, bu işlə məşğul olsun. İndi onlar Murad Babayevlə danışacaqlar.
(ardı gələn sayımızda)