Ayaz Arabaçı: Qanında göz yaşım var...
Heç kimə inanmırıq,
Hamıya şəkk qoymuşuq.
Dərd getməz, çünki altda -
Yorğan-döşək qoymuşuq.
Qeyrət qında pasdana,
Dastana bax, dastana..
Özümüz gülüstana,
Girsin eşşək, qoymuşuq.
Aldanmışıq Əliyə,
Aldanmışıq Vəliyə,
Həmişə irəliyə,
Addımı ləng qoymuşuq..
Gün kimi yayılmırıq,
Heç harda sayılmırıq,
Yatanda ayılmırıq,
Saata zəng qoymuşuq...
Lafımız tabaq-tabaq,
At-arvad-motal papaq...
Bir işə puldan qabaq,
Nə vaxt ürək qoymuşuq?
Nə əməlik-nə işik,
Qırsaqqızıq, qəmişik,
Nə varsa bəzəmişik -
Nə varsa rəng qoymuşuq.
Qışqırmayın bannaşıb...
Kim nə vaxt meydannaşıb,
Hamımız şeytannaşıb,
Allahı tək qoymuşuq...
***
Yetmiş il qoruduq qırmızıları,
"Ağ"ları qoruya bilmədik amma.
Öyündük hər dəfə keçmişimizlə,
Tarixdən bu günə yol alıb gələn,
Bağları qoruya bilmədik amma.
Qorundu ocağı-közü laxlayan,
Qorundu qeyrəti-sözü laxlayan,
Qorundu sabahı borca saxlayan..
Torpağı-milləti uca saxlayan,
Tağları qoruya bilmədik amma..
Açıb içimizin arını yedik,
Məzlumun ahını-zarını yedik,
Baldan doymayanda arını yedik,
Bağbanı aldadıb barını yedik,
Bağları qoruya bilmədik amma.
Ən yaxşı nifrəti-kini qoruduq,
Şeytanı bəslədik, cini qoruduq,
Araq içə-içə dini qoruduq,
Tövləni qoruduq, hini qoruduq,
Dağları qoruya bilmədik amma...
Qoruduq içiboş öyüdləri də,
Qoruduq qurumuş söyüdləri də.
Qoruduq yalançı allahları da,
Qoruduq girdirmə seyidləri də.
Qoruduq iylənmiş ölü canları -
Qoruduq siyasi meyitləri də,
Sağları qoruya bilmədik amma...
***
Bir gün yanıb kül olar közünüz,
Bilərsiniz...
Özünüz bilərsiniz...
Haqqa tamam kor olar gözünüz,
Bilərsiniz...
Özünüz bilərsiniz.
Deməyə qalmaz qəti,sözünüz,
Bilərsiniz...
Özünüz bilərsiniz...
Qalmaz heç bir iziniz-tozunuz,
Bilərsiniz...
Özünüz bilərsiniz.
..
***
Vətən, hər imkanı, hər şəraiti,
Yaxşıya qıymırsan, pisə verirsən...
Ürəyim səndən də qırılıb tamam,
Qızılın haqqını misə verirsən.
Gedirəm hələ ki, əl havasına,
Lənət əqrəblərin əqrəbasına,
Sevincin tapılmır can bahasına,
Dərdi harda gəldi nisyə verirsən.
Qanıq ovçulara bir ov deyiləm,
Heç kimə, heç nəyə girov deyiləm,
Mən Kəpəz deyiləm, Murov deyiləm,
Başımı nə üçün sisə verirsən...
Nə qədər zarıyar yeyilmiş bu val...
Görürsən dayanıb qeyrətimiz lal,
Əlini yalandan cibimizə sal,
Guya ki, bizə də nəsə verirsən.
Nə dərd həmdəmisən nə könül yarı,
Gedirik-gəlirik ömür biyarı,
Adını qoyubsan Odlar Diyarı,
Amma hamımızı hisə verirsən.
Var bu itaətdə bəlli yaşımız,
Nə haqla dik durur məzar daşımız,
Ölüb yerə girmir oğul başımız,
Şuşada yağıya busə verirsən..
***
Dərdimi sıyırmağa,
Yoxdu bir rəndə adam.
Adammı tapmaq olar,
Bu qatı çəndə, adam...
Çox işləri yaş gördüm,
Ayaqları baş gördüm,
Adamdan çox daş gördüm,
Mən bu vətəndə, adam...
Gördüyüm divar ətdi,
Ətdi hər nə var, ətdi,
Bir torba murdar ətdi,
O boyda təndə adam.
Əllində-yüzündə öl,
Sifətin üzündə öl,
Get çölün düzündə öl,
Gəl ölmə məndə, adam...
Birdi ucuzum-baham,
Tərəzi çəkməz aham...
Bəs deyirdin Allaham,
Nə oldu bəndə, adam...
***
Qara-qura fikirləri,
Biryolluq atmaq lazımdı.
Almaqnan ürək soyumur,
Bir az da satmaq lazımdı.
Səma haqdı, ulduz haqdı,
Bu un, bu su, bu duz haqdı,
Nə olsun ki, yol uzaqdı,
Mənzilə çatmaq lazımdı.
Dəmiriçoğlu, Dəli Həsən,
Nə fərqi var, ya mən, ya sən...
İşdi də çıxıb gedirsən.
Başdı də, qatmaq lazımdı.
Ürəkmi, ağılmı yeydi?
Şeirdi, qadındı, meydi...
Gecə bayquşluq pis şeydi...
Vaxtında yatmaq lazımdı...
Umduğum çiçək dərilib,
Yoluna pullar sərilib,
Hərdən yay kimi gərilib,
Ox kimi batmaq lazımdı.
Həyatın hər üzü bəddi,
Əymə hər düdüyə, qəddi!
Cənnət-zad fəna "sööbət"di,
Hər şeydən dadmaq lazımdı...
***
Həkimnən-dərmannan qurduğu sabit,
Halını qoruyur hərə birtəhər.
Altından atını çəkib alıblar,
Nalını qoruyur hərə birtəhər.
Ağırdı diktələr, ağırdı şərtlər,
Cildini min dəfə dəyişdi mərdlər,
Elə xal salıb ki, içinə dərdlər,
Xalını qoruyur hərə birtəhər.
Çoxdu şikayəti hədəfin oxdan,
Bəs hanı yaradan hər şeyi yoxdan,
Əlindən çıxıbdı dəymişi çoxdan,
Kalını qoruyur hərə birtəhər.
Yoruldum atları xamutdamaqdan,
Yoruldum içimi umuddamaqdan...
Hamı kəsilibdi yumutlamaqdan,
Falını qoruyur hərə birtəhər.
O kimdi sınmadan sözü şax deyər,
Çıxar birnəfəsə şaqqaşaq deyər.
Qorxur ki, dil açıb yoxdu Haqq deyər,
Lalını qoruyur hərə birtəhər.
Çoxalıb Vətənin yükü, çoxalıb,
Yolurlar kimin ki, tükü çoxalıb,
Canavar çoxalıb, tülkü çoxalıb,
Malını qoruyur hərə birtəhər.
Kül olub başına həyanın-arın,
Bir adı boğazdı, bir adı qarın,
Dərdi çox ağırdı kresloların,
Yalını qoruyur hərə birtəhər.
Heç harda düz sözün ənamı yoxdur...
Yıxdı dərd o boyda binamı, yoxdur...
Heç kimin-heç kimə inamı yoxdur,
Dalını qoruyur hərə birtəhər...
***
Məndən tutub durubsan,
Nə sirrim-nə faşım var...
Ayaz təkcə mənəmmi,
Min dənə adaşım var.
İşim yox ki, daldada,
Hərə bir yol aldada,
Ən çıxılmaz halda da,
Çatılmayan qaşım var.
Ömür qatma-qarışıq,
Bədən evdi, can işıq,
Deyirsən ki, tanışıq,
Nə axmaq yaddaşım var...
İçi boşdu vədlərin,
Sərhədlərin-sədlərin...
İçdiyim şərbətlərin,
Qanında göz yaşım var...
Dərd sevincnən kirvədi,
Eşq ən uca zirvədi...
Mən verdiyim hər vədin,
Kötüyündə başım var...
***
Tərs kimi kefimin olmayan vaxtı,
Efirdə bir dənə "qad" kəkələyir.
Başqası olsaydı yerə girərdi,
Amma, bu necə də şad kəkələyir...
Bir yanım hədəfdir, bir yanım oxdur...
Mən necə anladım halımı, doxdur,
Baxmağa bir ayrı kanal da yoxdur.
Çəkirəm əlindən dad, kəkələyir.
Tutub nəfəsimi içindəki his,
İrişir hər sözün sonunda pis-pis,
Dalı fransızdı, başı ingilis,
Elə bil bu dildə yad kəkələyir...
Ölü bir pişikdən vaşaq düzəldir,
Belsizə bel qoyur, qurşaq düzəldir.
Camaat kosmosda uşaq düzəldir,
Bu hələ çeynənmiş ad kəkələyir.
Dərdin-iztirabın dadını bilmir,
Dostunu tanımır, yadını bilmir,
Çıxdığı deşiyin adını bilmir,
Durub türk dünyası-zad... kəkələyir.
***
Öz yavan çörəyin daha şirindi,
Özgənin yağını-aşını burax.
Oturub ağlamaq bir sənət deyil,
Gözünün qanını-yaşını burax...
Həkim tap yaranı yodlasın oğlum...
Dərd niyə sinəni odlasın, oğlum,
Qoy gedib otunu otlasın oğlum,
Nadanı, qanmazı, naşını burax...
Çox bilir hər halda çömçə qaşıqdan,
Dinlə kövrələndə sazdan-aşıqdan,
Zarıma göylərə, dolanışıqdan,
Pul kəsmir Allahın maşını, burax...
Köhlən atını min, üzəngini öy,
Öz "Yallı"n, öz "Misri"n, öz "Cəngi"ni öy,
Tankını, topunu, tüfəngini öy,
Qızların gözünü-qaşını burax...
Ruhunu təmizlə, içini arat,
Könlündə dil açır ləl-cəvahirat,
Şerini qəlbinin nuruynan yarat,
Saxta duyğuların başını burax...
Sənə nə çatacaq lütdən-üryandan,
Dua-zad gözləmə gözü giryandan,
Onsuz da dağıdır hərə bir yandan,
İlahi, sən də öz daşını burax.