adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 15:36
4292
GÜNDƏM
A- A+

Mattarellanın Bakı səfəri İtaliya mətbuatında

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

İtaliyanın nüfuzlu RAİ, La Stampa, Corriere della Sera, İl Giornale, İl Messaggero, İl Sole 24 Ore, Repubblica, ANSA, Agenzia Nova və digər KİV-lərində səfər haqqında dərc olunmuş yazılarda Azərbaycan-İtaliya əməkdaşlığının önəmi və səfərin tarixi əhəmiyyət kəsb etdiyi bildirilir. Prezident Sercio Mattarellanın Azərbaycana səfər edən ilk İtaliya Prezidenti olduğu vurğulanır, onun Prezident İlham Əliyevlə apardığı müzakirələr, səfər zamanı dövlət başçılarının qatıldığı önəmli tədbirlər, o cümlədən Sumqayıtda polipropilen zavodunun açılışı barədə məlumat verilir. Bundan başqa, Sercio Mattarellanın Azərbaycan-İtaliya biznes forumunda, ADA Universitetində çıxışı zamanı verdiyi bəyanatlar diqqətə çatdırılır.

Yazılarda Cənub Qaz Dəhlizi, o cümlədən Trans-Adriatik boru kəməri mövzusuna da geniş diqqət yetirilərək Prezident Sercio Mattarellanın Cənub Qaz Dəhlizinin Xəzər dənizindən Aralıq dənizinə və Avropaya qədər ərazidə enerji təhlükəsizliyinə, sabitliyə və regional əməkdaşlığa töhfə verən önəmli infrastruktur olması, layihənin başa çatdırılması ilə bağlı ümumi öhdəlik və maraqların mövcudluğu kimi fikirlərinə istinad edilir və bu fikirlər İtaliya dövləti tərəfindən layihənin həyata keçiriləcəyinə verilmiş zəmanət kimi qiymətləndirilir.

Yazılarda, habelə Prezident Sercio Mattarellanı Azərbaycana səfərdə İtaliya hökumətinin üzvləri kimi xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin və iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin müşayiət etdiyi və nazir Enzo Moavero Milanesinin TAP layihəsinə dair İtaliya hökumətinin də mövqeyini bildirdiyi vurğulanır. Qeyd olunur ki, Bakıda italyan jurnalistlərə açıqlama verən nazir Enzo Moavero Milanesi TAP layihəsini son dərəcə əhəmiyyətli və təchizatçılardan asılılığı şaxələndirmək üçün vacib layihə kimi qiymətləndirib və təbii qazın neft və daş kömürdən daha təmiz olması səbəbindən TAP-ın İtaliya hökuməti üçün vacib layihə olduğunu və İtaliyanın bu layihədə iştirakını davam etdirəcəyini, habelə ətraf mühitə təsirlə bağlı narahatlıqların da nəzərə alınacağını deyib. Yazılarda nazir Enzo Moavero Milanesinin hazırda ATƏT-in fəaliyyətdə olan sədri də olduğu, Prezident Sercio Mattarella tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair İtaliya tərəfinin mövqeyinin də səsləndirildiyi qeyd olunur.

Yazılarda Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və ən böyük xam neft təchizatçısı olduğu, Azərbaycan bazarının İtaliya üçün əhəmiyyət kəsb etdiyi, iqtisadi əlaqələrin şaxələndirilməsi üçün geniş potensialın olduğu, səfər vaxtı dövlət başçılarının çıxış etdiyi Azərbaycan-İtaliya biznes forumuna iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərliyi ilə İtaliya tərəfdən tərkibində rəsmi və işgüzar dairələrin 80-dən çox nümayəndəsindən ibarət heyətin də qatıldığı və bunun da İtaliya biznesi tərəfindən Azərbaycana böyük marağın göstəricisi olduğu bildirilir.