adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Iyul 2018 10:32
8177
MƏMLƏKƏT
A- A+

Azərbaycanda həssas əhali qrupları üçün yeni “sosial iş modeli” yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüş olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların müdafiəsi, müvafiq təbəqələrdən olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində fəaliyyət mexanizmlərinin, o cümlədən uşaqlarla bağlı sosial xidmət sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsində UNICEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Əməkdaşlıq çərçivəsində ötən dövrdə mühüm işlərin görüldüyünü diqqətə çatdıran S.Babayev birgə fəaliyyət müstəvisində hazırlanan Sosial Xidmətlər Strategiyası layihəsinin müvafiq sahədə strateji fəaliyyət istiqamətləri və hədəflərin müəyyən olunmasında önəmini vurğulayıb. O qeyd edib ki, layihədə sosial xidmətin göstərilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, bütün həssas əhali qruplarının fərdi ehtiyaclarına uyğun olaraq yeni "sosial iş modeli”nin yaradılması və tətbiqi əksini tapır. Həmçinin layihə sosial xidmət sahəsində vahid məlumat bazasının yaradılmasını, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini və s. nəzərdə tutur. Bütün bunlar nazirlik tərəfindən hazırlanmış "2019-2023-cü illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” layihəsində də yer alacaq.

S.Babayev qeyd olunan istiqamətlərdə, habelə sosial işçilərin peşəkarlıq səviyyəsinin artırılması, gənclərin bacarıqlarının inkişaf etdirilməsi, uşaq və gənclər üzrə demoqrafik təhlillərin aparılmasında ekspert dəstəyinin göstərilməsi, yeni "sosial iş modeli”nin yaradılması və tətbiqi, ailə əsaslı alternativ qayğı modelinin (foster ailə) təşviqi və digər sahələrdə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun ola biləcəyini deyib.

E.Karvardin uşaqlarla bağlı sosial xidmət sisteminin inkişafı sahəsində birgə işlərin uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, gələcək əməkdaşlıq gündəliyinin əhatə dairəsinin zəruri olan iş istiqamətləri üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.

Görüşdə uşaqlara yönələn sosial xidmətlərin inkişafı sahəsində UNICEF-lə birgə görüləcək işlər, Sosial Xidmətlər Strategiyası layihəsindən irəli gələn istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.