adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Iyul 2018 12:36
36804
ŞOU-BİZNES
A- A+

Nazpəri Dostoyevski imiş...

Bu günlərdə gündəmi alt-üst edən bir xəbər məmləkətimizi lərzəyə gətirdi. Xəbərə baxın e: Xalq artistimiz Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını aldı. Nazpəri xanım estradamızda inqilab edəndən sonra dərk elədi ki, onda daha bir istedad var. Anladı, başa düşdü ki, o alimdir, filosofdur. Elə fəlsəfə doktoru adını qazanmaq üçün bir xeyli yol keçməli, həyatın məşəqqətli səddlərini adlamalısan. Nazpəri xanımda Çin səddindən məharətlə keçərək bu adı qazandı.

Uşaq yaşlarımda yadıma düşür, qonaq gedəndə əlimizdə "karopka” şokolad olardı. Bu ənənə milli mənəvi dəyərlərimizdən idi. Həmin "karopka”ların üstündə Sibel Canın, Aygün Kazımovanın, Ebru Gündeşin, Nazpəri Dostəliyevanın da fotoları olurdu. Nazpəri xanım Azərbaycan tarixində ilk "karopka” şokoladın filosofudur. Dünyada heç bir filosofu, fəlsəfə doktorunu bu cür görə bilmərsiniz. Bu ancaq Azərbaycanda ola bilərdi...

"Nə olar Allahım, ayırma bizi” mahnısını eşidəndə həmişə Nazpəri xanımının üzü xəyalımda "karopka”dakı şəkliylə canlanır. Üzümə bayağı bir təbəssüm qonur bu mahnı səslənəndə. Gərək "yutub"da bu mahnını tapıb yenidən dinləyim. Bu dəfə dinləməmişdən qabaq gərək xeyli dərin düşünclərə dalam. Yoxsa bu mahnıdan baş çıxarda bilmərəm, nə də ki, zövq ala bilmərəm.

Təsəvvür edin, Nazpəri xanım Dostoyevski, Hegel, Nitsşe kimi əjdahalardan imiş, xəbərimiz yox. Hegelin goru çatlasın, çatlasın ki, dünyada nə oyunlar, həngamələr dönür. Heç Hegeldə Nazpəri xanımdan baş çıxarda bilməzdi. Azərbaycanda fəlsəfənin təməlini artıq Nazpəri xanım qoydu. Buna biət etməliyik, əlimizdən başqa nə gəlirki?!

Mən də bu gündən ədəbiyyatın, yazmağın başını buraxıram. Qayıdacam abutiryentli illərimə. Hazırlaşacam univeristetə, oxuyub fəlsəfə doktoru adını qazanacam. Şeir yazmaqdan bir şey çıxmır. Heç kim səni düşünmür, hörəmətin də olmur. Amma ad qazansam nə qədər dostum olacaq, şöhrətim, adın-sanım, nüfuzum olacaq. Bərəkallah! Bütün bu yollardan keçəndən sonra Nazpəri Dostəliyevanı dərk edəcəm. Onun necə də arif biri olduğunu başa düşəcəm.

Məgər onun həyata, dünyaya, insanlara baxışını biz "karopka”dan başa düşməmişik. Necə də cahil cəmiyyətik. Necə də bu baxışları tuta bilməmişik. Yəqin bundan sonra digər müğənnilərimiz elmi dərəcə almasa toylara buraxılmayacaqlar. Bununla da gündə bir müğənnimizin fəlsəfə doktoru adını qazandığını eşidəcəyik. O qədər belə xəbərlər eşidəcəyik ki, daha bizi heç bir xəbər təəccübləndirməyəcək. Belə olan halda da cəmiyyətimiz bir xeyli tərəqqi edəcək, artıq özünü inkişaf prosesinə addımlayacaq.

Sosial şəbəkələrdə bu saat Nazpəri xanımın adı iki dəqiqədən bir yazılır, pozulur. Bizim millətə nə var. Təki tema olsun. Özü də belə temaya can qurban. Hərə bir tərəfdən Nazpəri xanıma həsr etdiyi statusdan guppuldadır, gündəmin nəbzini tutur.

Deməli Nazpəri xanım gündüzlər oxuyur, gecələr isə düşüncələr girdabında vurnuxurmuş. Həyat, insan, kainat haqda dərin dərin fikirlər ərsəyə gətirirmiş. Deməli insan göründüyü kimi deyilmiş. Həm də onun gizli, məxfi dünyası varmış. Kül mənim başıma ki, bu həqiqətləri indi bilirəm. Həqiqətən də fəlsəfəmizin yaxşı bir doktora ehtiyacı var.

Sonda Nazpəri xanıma bir sual vermək istərdim. Yaxınlarda kitabınız çap ediləcək? Təqdimata məni də çağırsaz məmnun olaram.