adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Iyul 2018 12:24
7316
GÜNDƏM
A- A+

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

2018-ci ilin ötən 6 ayı ərzində vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub: qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 40.706 (6.033 hüquqi şəxs, 34.673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı isə 47.477 təşkil edib.

Vergilər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6.681 vergi ödəyicisi qədər çox olub. Həmin dövrdə 8.501 NKA qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36% çoxalıb.

2018-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14.161 olub, 18.092 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % artıb. İlk 6 ayda vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb. Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib.

Hesabat dövründə kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, qeyri-kommersiya təşkilatlarının, hüquqi şəxslərin filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrinin uçota alınması ilə bağlı təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb. Uçotsuz fəaliyyət göstərən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin operativ qaydada vergi uçotuna alınması ilə bağlı Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən lazımi tədbirlər həyata keçirilib.