adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
18 Iyul 2018 23:34
34571
LAYİHƏ
A- A+

Son nöqtə

Mahir N. Qarayev

Hər şey hədərmiş...
Bu gün də, bu həftə də,
bu şeirin sonluğuna
bir azdan qoyacağım nöqtə də.

Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;

o çərtdiyin qələmin,
o yırtdığın dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də -

hər şey, hər şey hədərmiş...

Ən qısa şeir də,
ən uzun nəsr də,
ən yorucu şəhər də,
ən üzücü fəsil də bitərmiş.

Yetərmiş,
gec-tez sona yetərmiş
min birinci gecə də,
min ikinci küçə də;

yorulduğun o döngə,
burulduğun bu tin də,
oturduğun o kətil, yatdığın bu mitil də...

Heç bir fərqi yoxmuş
gecin, ya tezin;
Heç bir sirri yoxmuş
gedər-gəlməzin -

gedənlər
bir daha gəlməzmiş demə,
gələnlər gedərmişg
hər şey hədərmiş.

Sevgi dedikləri
bir qara həvəsmiş, bir qara qanmış;
Ömür dedikləri
bir quru nəfəsmiş, bir quru canmış...
O da buracanmış,
bura qədərmiş...
hər şey hədərmiş.

İtərmiş
hər şeyin mənası,
Kədərmiş
əvvəli, sonrası.

Günü günə calasan da
gün çatmayan ötən günlər;
əl çatmayan,
ün yetməyən
bütün aylar, bütün illər
unudulub gedərmişg
hər şey hədərmiş.

Hər şey alın yazısı,
hər şey qədərmiş -

keçdiyin yol
seçdiyin yol deyilmiş;
seçdiyin yol
keçdiyindən betərmiş...

P.S.
Hədər olmayan
yalnız bircə sözdü, bircə sətirdi -
o da nə yazılmış, oxunmuş nə də;

Qalan hər şey hədərdi -
son nöqtənin önündəki bu misra,
bu misranın sonundakı nöqtə də...

Uvertüra

Nə çoxdu dünyada şeir yazanlar -
bir deyil, yüz deyil, min deyil, atam.
Şairin şerinə qəbir qazanlar
bir deyil, yüz deyil, min deyil, atam -
şeirlər yazıram çap olunmasın!

Şairlər dünyanın dərdini yazar,
dərdlər tapışarlar, arxalaşarlar;
Hər şeir şairin qəbrini qazar:
islam qəbirləri - Nəsimiləşər,
ispan qəbirləri - Lorkalaşarlar...

Hadilər içinin dərdini yazar,
dərdlər üzə çıxar, adiləşərlər;
Hər şeir Hadinin qəbrini qazar -
qəbirlər bir ucdan Hadiləşərlər...

Nazimlər yurdunun dərdini yazar,
şarkılar Nazimin farkına enməz;
Şarkılar Nazimin qəbrini qazar -
və Nazim Gülhanə parkına dönməz,
yurduna qayıtmaz, barkına dönməz...

Şeirlər yazıram çap olunmasın -
sən mənim halıma acıma, dostum!
Son şair asılar sonuncu dəfə,
son şair soyular... yenə də əbəs!
Yenə də açılar sonuncu dəfə
sonuncu şairə sonuncu məhbəs!

Çeynəyə-çeynəyə sonuncu şair
sonuncu dərdini... ölər acından;
Göynəyə-göynəyə sonuncu şair
asılar şeirinin dar ağacından!

Öz dərdim, öz yasım özümə bəsdir,
doğmaca göz yaşım gözümə bəsdir;
qanımın qarası üzümə çıxıb,
qələmin qarası sözümə bəsdir -
şeirlər yazıram çap olunmasın!

Daşın tanrısı var - uludan ulu,
göyün durnası var - qəribdən qərib;
qulun tanrısıyam, tanrının qulu! -
hər gecə ümidlə yerimdən durub
şeirlər yazıram çap olunmasın!

Sən mənim halıma acıma, dostum:
oxudum gecəmin tənhalığına;
oxudum anama-bacıma, dostum,
oxudum məhbəsin qaranlığına.

Oxudum içimdə lap xısın-xısın,
Bir dəfə yazmışdım, min dəfə pozdum!
Şeirlər yazıram çap olunmasın -
Sən mənim halıma acıma, dostum!..

AT SEVGİSİ

Mən səni ot kimi sevirdim onda,
Sən də vurulmuşdun mənə at kimi;
Qaranlıq otağın şam işığında
Sevişə bilmirdik ər-arvad kimi.

Mən sənə baxırdım yaşıl çəməntək -
Ürəyim axırdı otlamaq üçün;
Əlimiz qalxmadı şamı söndürək,
Qalxdıq sönən şamı odlamaq üçün.

Mən səni qadıntək sevmirdim axı,
Yamyaşıl yamactək tapırdım səni;
Ağzım sulanırdı... at kimi baxıb
Ot kimi gözümə təpirdim səni.

Maşından, uçaqdan bab olmaz bizə,
Qanımız yaramır mühərrik üçün;
Hələ çox cavandıq onda deyəsən -
Sən arvadlıq üçün, mən ərlik üçün.

Atıl min belimə, min atlan bir az -
Səninlə dünyanı hərlənim, dedim;
Sən mənim üstümdə arvadlan bir az -
Mən sənin altında ərlənim, dedim...

...Şamı sönmüş evin girəcəyində
Səni hürkütməsin bu yanıq iyi;
Bir ovuc külümü at pəncərədən,
Unut bir bədənlik o sür-sümüyü...

Mən səni qadıntək sevmirdim onda -
Mən sənə baxırdım gözəllik kimi;
Şam kimi yanmadım, sənin yolunda
Yandırdım özümü üzərrik kimi...

QARAÇI QIZ

Qara saçlar - kim oxşayar?!
Qəmli gözlər - kim acılar?!
Bu nə gəzim diyar-diyar,
Nə köçhaköç, qaraçılar?!

- Çocuq körpə, nənəm qarı,
yenə hara?! - Qışlamağa.
...Qaçır kəndin uşaqları
itlərini daşlamağa.

- Bu atımız, arabamız
qoşulmağa, çatılmağa;
Olmadı bir xarabamız
qaxılmağa, oturmağa...

...Daş yolları, toz yolları
Atlar, itlər ötüb-gedər...
Aman tanrı! Aman tanrı!
Ürəyimdə bu nə kədər?!
Bu nə kədər ürəyimdə?!
Nə vurğunluq qaraçıya?!
Hərdən gəlir gülməyim də
Bu ağrıya, bu acıya...

O nə baxış, qaraçı qız?!
O nə şirin bir inləyiş?!
Qıçın sınsın sənin, payız!
Bu nə gəliş?! Bu nə gediş?!

Tənhalıq

Gecə yaman ağır sayır,
Kədər kimi fağır sayır?
Bu ürəyim nə sızlayır
Bir tifil yetimçə kimi.g

Həsrətin diddi bağrımı,
Görən məni qarğadı?
Kim sapladı bu ağrını
Ürəyimə xəncər kimi.g

Cöldə külək inildəyir,
Ürəyimi süngüləyir,
Bu it harda zingildəyir
Döyülmüş dilənçi kimi.g

Ömür sanki bir anlıqdı,
Bu hansı gün, hansı çağdı?
Bütün dünya qaranlıqdı
Daxmamızın küncü kimi.g
Bu yatağın dad içindən,
Hünərin var yat içində!
Ölümmü fəryad içində,
Bir kimsəsiz kəndçi kimi.g

Dəniz

Anam dəniz,
məni bir gecəlik ovudarsanmı -
ağrımı-acımı yuyub tərtəmiz
sel kimi, su kimi axıdarsanmı?

Sonam dəniz,
sökəcək içimi bu pıçıltılar -
öpdüyüm saçların kövrək eşqinə
bircə yol ömrümə qayıdarsanmı?

Tanrım dəniz,
üz qoyub öpərəm bu qayaları -
bircə misralığa
Müşfiqi, Nazimi oyadarsanmı?

Sonum dəniz,
Bir qarış uzaqda ölən deyiləm;
Aparırsan apar səssiz-səmirsiz -
Getsəm, daha bir də gələn deyiləm...

Qarabağ qoşması

Sinəsində çalın-çarpaz dağları,
Çalın dağlar, çarpaz dağlar - bizimdir!
Ötən günə gün calayıb ağlarıq,
Gün çatmayan ötən çağlar - bizimdir!

Kim ağlayıb ağlamaqdan yoruldu?
Ayıbına, tamahına kor oldu?
Ölən bizdən öldü, bizdən qırıldı,
Ölmək üçün qalan sağlar - bizimdir!

Xanın səsi burda hava bağlamaz,
Dərd üstündən bir də dəva bağlamaz,
Ağacında leylək yuva bağlamaz,
Nə zaman ki yuva bağlar - bizimdir...

YANVAR GECƏSİ

Qar.
Qarlı gecənin sonsuzluğu qar.
Qar.
Qarlı küçənin sənsizliyi qar.

Uzağa çəkilmiş göy üzü yerdən,
Qaranlığın içi dərddi, qubardı;
Qartımış gecənin üfüqlərindən
Sonuncu qatar da ötdü, qurtardı...

Və qaldı dünyada bircə pəncərə -
Onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə -
Dərdi qaş-gözlə də söyləmək olmur.
Qar. Qarlı gecənin sonsuzluğu qar,
Qaranlıq küçənin sənsizliyi qar...
Allah, bu həsrətin insafı harda -
Bu daxmanın içi qəbirdən də dar?!

Qar. Qaranlıq gecə. Qarlı küçə. Qar.
Sənsiz ölmədiyim bir də bu yanvar...


QAYIĞI YELKƏNLİ DƏNİZ

Dalğaları cinni dəniz,
Qağayısı kinli dəniz!
Məni də al qayığına -
Qayığı yelkənli dəniz!

Qayığına al məni də,
lal məni də, kar məni də,
Apar, apar, sal məni də
bu sahildən o sahilə...

Baş qoyaram ayağına,
Ayazına, soyuğuna,
Məni də al qayığına -
Qayığı yelkənli dəniz!

Ovsunundan çıxammıram,
yosununa baxammıram,
Suya dönüb axammıram
bu sahildən o sahilə...

Boylandıqca qaşdan-qaşa,
Daşa döndüm başdan-başa,
Başım dəydi daşdan-daşa -
Qayığı yelkənli dəniz!

Əlin yox əl üzüb gedəm,
bezib gedəm, küsüb gedəm,
Gəmin də yox üzüb gedəm
bu sahildən o sahilə...

Dərdinə həmdəm olaram,
məni də al qayığına;
Qağayına yem olaram,
yem olaram balığına...

Amma hanı?
Qulağı yox,
qağayısı, balığı yox,
sularında qayığı yox -
nə yelkənli, nə yelkənsiz...

Hər nəyi varsa, budu bu,
qoxusu budu, dadı bu;
göz yaşımdı, şor sudu, su -
qumlu, qumsuz, çənli, çənsiz...

Məni də yoracaq belə,
səni də yoracaq belə,
yenə də duracaq belə -
mənli, mənsiz, sənli, sənsiz...