adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Iyul 2018 23:22
10024
GÜNDƏM
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça
Əlisəfa Azayev
(əvvəli ötən saylarımızda)
YAZILMAMIŞ QANUN
(XI fəsil)
Bəlkə də bu dövrün tələbi idi. Mayor son vaxtlar öz fəaliyyətində təbliğat-təşviqat işinə geniş yer verərdi. Əlbəttə. İlk növbədə hüququ biliklərin yayılmasında maraqlı idi. Səhər işə gələndə də kütlənin gur yerinə düşdü. Bəlkə də səhər tezdən durduğu, bir az beçə balı ilə bir-iki yumurta yeməsi səbəbindən idi bu... Ancaq özünü çox qıvraq, şən hiss edirdi. Beləcə də dilləndi:
-Hə, yenə nə başlamısız bu qayda-qanunlarımızı təftiş etməyə? Qanun-qayda öz yerində... Bəs bizim o cürə yazılmamış qanunlarımız var.... Yoxsa, bunlar da sizi təmin etmir?...
O an səslər eşidildi:
-Niyə...
-Pis deyil...
-Əməl edirik də...
Bir azdan mayor nədənsə tutulan kimi oldu. Dilxor halda otağına keçdi. Kimi isə səslədi:
-Ay uşaq, bir bəri dur.
Deyəsən, mağazadan özünə siqaret aldırırdı. Pul verəndə oğlan götürmək istəmirdi. Mayor ona sərtləndi:
-Götür, götür, pullu törəməmisən. O, keçib yerində əyləşəndə, meşin qovluğunu açıb sənədlərinə baxa-baxa dilləndi:
-Onsuz da siz düzələn deyilsiniz. Qulağınıza səs dəyib. Mavi köynəklilər... Avropa bizə nəyi öyrədib ki? Bütün Şərqi talayıb, mənimsəyiblər... İndi mənəm-mənəm deyirlər...
Mayor popiros tüstülədə-tüstülədə əlindəki inzibati işləri qaydaya salırdı ki, qapı döyüldü:
-Gəl...
-Gəlim də... -deyə keçəl Səlim ehtiyatla içəri girəndə, mayor səsləndi: -Tez gəl də, a xalası göyçək...
-Yenə deyir ha...
-Xalan göyçək deyil?
-Mən onu deyə bilmərəm.
-Yaxşı, ağ eləmə, əyləş. Xeyir ola? Yoxsa bir sözün var?
Səlim rəngsaz idi. Yaxşı əl qabiliyyəti vardı. Ürəyin istəyən mənzərə, şəkil çəkərdi. Belə şəkillərdən birini də mayor bir evdə görüb qeyrlənmişdi. İndi odur ki, sözünü dedi:
-Ə, utanmırsan da... O kişinin şəkli nədi, onu evinə həkk eləmisən?
-Oğlu dedi də.
-Bəs özü, hələ ki ölməyib?
-Nə bilim vallah, daha bunu özləri bilərlər.
Mayor stulda ağayana yayxanaraq soruşdu:
-Yaxşı indi, gəlməkdə xeyri ola?
Rəngsaz əllərini ovxalaya-ovxalaya gah ona baxdı, gah qapıya tərəf... Dilləndi:
-Necə deyim, soruşmağa da utanıram...
-Utanana bax da, -deyə mayor zarafatından qalmadı. 0Üutananın oğlu olmaz. Sənin isə, maşallah, gör neçəsi var.
-Gələcəyin əsgərləridi də.
-Allah saxlasın. Sözgəlişi deyirəm də...
-Əmiləri, çox sağ ol... pis uşaqlar deyillər.
-Ancaq qız sarıdan bəxtin gətirmədi də.
-Hə... Daha bunu demə...
Səlim udqundu, sözünü dedi:
-Bayaq da elə yaralı yerinə toxundun. Bu qız məsələsində... Bir də dedin ki, yazılmamış qanunlarımız var. Doğrusu, bu mənim üçün bir qədər qaranlıq qaldı. Dedim ki, yanında olum, bəlkə bu məsələyə bir az aydınlıq gətirəsiniz. Necə yəni, yazılmamış qanun? Deputatlarımızın onları yazmağa vaxtları yoxdur?...
Mayor onun bu sözlərinə özünü saxlaya bilməyib, gülməkdən cuqundu:
-Dəsgahın olsun, Səlim... Nə dedin...
-Hə də...
-Mən adət-ənənəlimiz barədə dedim. Gözəl əxlaq qanunlarımızdan söhbət açdım.
-Bəyəm bunlar hələ yazılmayıb?
-Yox...
-Necə yəni yox?
Mayor izahat verəsi oldu:
-Niyə inanmırsan... Qanun-qayda başqa... Əxlaq qanunlarımız isə yazılmadan da nəsildən nəsilə ötürülür. Tutaq ki, biri elə ailə-məişət məsələləri... Qıza elçiliyə gedilməsi harada yazılıb? Yaxud da ki, sözkəsdi, üzük taxtı, nişan, toy mərasimləri... Ancaq hamı az-çox bu adətlərə əməl edir. Sən əməl etmədin, bəlasını da çəkirsən.
-Məni demə daha...
Səlim komsomolu toy edəcəyini deyib. Yeganə qızını birisinə versə də, əslində o ailəni heç yaxşı da tanımırdı. Oğlan kəndə alm asatmağa gəlmişdi. Onlarda qonaq olanda bir qədər alma da gətirmişdi. Beləcə hər şey tezbazar oldu. Qızı gəlin köçdü desək yanlış olar, daha doğrusu, qoşulub qaçdı.
-Sən kişisən də... Belə olmamalı idi.
Səlim pərt halda donquldandı:
-Deyirsən də... bizim arvadları bilmirsən?
Mayor dərhal dilləndi:
-Kəs dedim də. Elə hamısının təqsiri səndədi.m Əvvəldən ipi boş tutmusan da. Kişinin kişi yeri var, arvadın arvad...
Mayorun yanına adam gəldiyi üçün ondan ayrılası oldu. Bu gün ağır gün idi. Əslində bir neçə şikayət ərizəsi vardı. Özləri də çətin adamlardan sayılırdılar. Yerlərdə olub baxmalı, ev, torpaq, hasar məsələlərini həll etməli idi. Hələ üstəlik qaynana ilə gəlinin məsələsini də. Dolanmırdılar.
Arada telefon zəng çaldı. Danışanın kimliyini bilmədi. Hirsləndi də:
-Ə, bir dillən, səsin gəlsin...
-Mənəm də, Səlim... Bir biz tərəfə keç də...
Mayor nə qədər hirsli olsa da, Səlimə daha bir söz demədi. Onsu zda bir yerdə nahar etməli idi.
-Yaxşı, yaxşı... Sən hazırlığını gör...
Sonradan başı işə elə qarışdı ki, hər şey yadından çıxdı. Xüsusilə qonşu davası ona gərgin anlar yaşatdı. Su məsələsi idi. Beləsinə indi nə edəsən? Əlacə olsaydı bu veteranı suya basardı. Ancaq nə etsin. Xidmətləri olmuş adam idi də. Höcətliyə düşmüş, kişiyə su vermirdi. Kişi də az aşın duzu deyildi. Kükrəyirdi ha:
-Düzbir Milli Məclisə yazacağam... Prezidentin qəbuluna gedəcəyəm...
-Sonra?..
-Sonra sağlığına... Bəs Avropa Şurası hara baxır?..
Mayor onun bu tikanlı sözlərindən qəzəblənmiş halda dedi:
-Hərgah ki, hirslənmək, özündən çıxmaq mənə yaraşmaz...
-Sənə olmaz da...
-Niyə?!
-Paqon gəzdirirsən axı...
Mayor hiddətləndi:
-Ayıbdır... Od qonşusunuz. Bir-briinizə yaxınlaşın, əl verin!....
Qoca mızıldandı:
-Ə, kimə? Bu kafirə?... Mənə su verməyənə əl verim?... Bu da danışdı da...
Veteran özünü haqlı hesab edirdi:
-Hər şeyin bir həddi var da. Nolsun ki, arx mənim həyətimdən keçir. Bir də görürsən ki, çılpaqlanmış şəkildə qapımdan keçir ki, su aparıram... Baxmır ki, həyətdə arvad-uşaq var, ya yox...
Mayor onlardan ayrılanda lap dilxor idi. Naharın vaxtı xeyli keçmişdi. Səlim isə yamanca ciddiləşənə oxşayırdı. Həyətdə arvad-uşağa sərtlənməkdə idi:
-Cəld olun, təmizləyin bu həyət-bacanı...
-Sakit də, səsin aləmi götürüb.
-Sizə hələ bu da azdır... Mən bilirəm ki, bundan sonra necə olacağam...
Mayor ucadan dillənri:
-Yavaş... Bundan sonra çətin...
Səlim karıxmış halda udquna-udquna dilləndi:
-Elə bir yana baxanda düzünü deyirsiniz... bunların yazılmamış qanunlarımızdan xəbərləri yoxdur.
Evin xanımı qımışdı:
-Mən də deyirəm ki, bu kişiyə nolub belə. Demə, dil verən varmış da.
Onlar həyətdə qoyulmuş stolun arxasında əyləşəndə mayorun gözünə bir qız dəydi. Yaşmaqlanmışdı. Səlim tərəfə əyilərək sakitcə soruşdu:
-Ə, bu kimlərdəndi?
-Başıbatmışdı da... Qayıdıb gəlib...
Qız bu an mayora tərəf baxıb onu salamladı:
-Xoş gəlmisiniz...
-Sağ olun...
Mayor hiss elədi ki, vəziyyət heç də ürək açan deyil. Özü də ac, yoğun idi. Bir az mineral su içəndən sonra yarpaq dolmasına güc gəlmişdi. Sərin qatıqla ləzzət verirdi. Arada sözlərini də dedi:
-Getmişdi getmişdi, oturaram bu oğlanın xarabasında da.
-Qaynanası deyib ki, yaxşı qız olardın. Daha bir başqasına qoşulub qaçmazdın.
-Bu da ağıllı fikir deyil. Könül sevən göyçək olar. Özü seçib gedib də.
-Hə də...
-Ancaq məsələ bunda deyil. Hər şeyin bir incə məqamı var. Bu qıza da orada nəsə xoş gəlməyib.
-Nə bilim Vallah...
-Yoxsa qaynana sözü ilə ailəsini dağıtmazdı... Sizcə nə?... Bəlkə oğlanın almaları xoşuan gəlməyib?
Ev sahibi nə qədər qanı qara olsa da dilləndi:
-Əslində elə siz deyəndi. Gedəndən bacı-qardaş kimi yaşayırmışlar.
-Belə de...
-Oğlan lap kənək imiş...
-Nə?!
-Hə də... Kal meyvə, qoz kimi...
Mayor fikirli olduğu üçün arada udqundu, çeçədi:
-Sənin seçdiyin kürəkəndi də...
-Allah eləməsin... Özü istəyib getmişdi. Hərisini də anası vermişdi.
-Bu da axırı... Son söz kişinin olmalıdır.
Mayor bu barədə qızla danışmağın faydasız olduğunu hiss edirdi. Səlimə nə qədər hörməti olsa da, elə bil ki, qızının geri qayıtması bu ailəyə bir sınıqlıq, qanıqaraçılıq, bədbəxtçilik gətirmişdi. Çörək yesə də qəlbi açılmırdı. Ev sahibi isə hər şeydən xəbərsiz halda hey təhkid edirdi:
-Yeyin də.
-Bəsdi.
-Heç olmasa su, qatıq, ayran için.
-İçəcəyəm...
Arada qadının narazı səsi eşidildi:
-Mənim qızımı elə ərim bədbəxt elədi.
-Görürsən də...
-Bunlar belədi də...
Mayor meşin qovluğunu açıb, hansısa sənədə baxmaq istəyəndə, ev sahibi dilləndi:
-İndi biz nə edək? Hansı qanunlarımızla hərəkət edək?
Mayor "loxma, boğmadır" ifadəsini xatırlayıb, bir qədər səbirli olaraq soruşdu:
-Qızın geri qayıtmaq istəyir?
-Bəli...
-Niyə? Elə oğlanın tapançası zəif olanda, ev dağıdarlar? Bəlkə barıt nəm olub?
Yəqin ki8, bir vaxt atəş açacaq da...
Ev sahibi ciddiləşdi:
-Elə deyirsən ha...
-Ə, demirəm, ürəyim partlayır axı. Bunun qırxı çıxmamış geri qayıtması yaxşı deyil axı, rüsvayçılıqdı!
-Hə, onu düz deyirsən...
-Bir gəzib-dolanaram... İsnişərəm... Bal ayı hələ tamam olmayıb... Sən də qoşulmusan bunlara. Qov, rədd elə getsin.
Demə, onun bu sözlərini Səlimin həyat yoldaşı eşidirmiş . Birdən kükrədi, çınqıdı ha:
-Bu da ağıllımız!... Danışığına, kişiyə dil verməyinə bax da! Deyirsən ki, orada vurub öldürsünlər?
Mayor imkan düşmüşkən sözlərini deməyi özünə borc bildi:
-Alışqanı zəifdi deyə indi kürəkəndən bezar olacaqsınız? Bəs onda yeşik-yeşik almasını yeyəndə yaxşı idi? Şəfasına dözən, cəfasına da dözməlidi.
Qadın pörtmüş halda dilləndi:
-Deyənimiz az idi, bu da bri tərəfdən... Yeşik-yeşik almaya bax da... Bir-iki torba olar-olmazdı... Onu da özü gətirmişdi də. Kim idi ondan alma istəyən?
-Almasından xoşunuz gəlmişdi ki, qız vermişdiniz də...
-Qızın başı batsın, onu kim məcbur etmişdi? Özü getmişdi də...
Mayor onlara gəlməyinə peşman idi. Sanki onlardan iyrənirdi. Az qalırdı ki, yeyib-içdiyini də geri qaytarsın. Bu vəziyyəti o birinci dəfə hiss etmirdi. Ona elə gəlirdi ki, ailə dağılan evdə həmişə qara qüvvələr cövlan edir. İnsana istər-istəməz bir sıxıntı, darıxdırıcılıq gəlir.
Qapıdan çıxanda Səlim bir daha soruşdu, maraqlandı:
-Mənə bir aydın cavab vermədiniz axı. İndi biz nə edək? Yazılı... Yoxsa, yazılmamış qanunlarla hərəkət edək?
Mayor özünü ələ alıb, səbirli olmağa çalışdı:
-Sizə nə lazımdır?
-Nə lazım olacaq ki...
Oğlan imkanlı adamdı... Yaxşı evi-eşiyi, alma bağı, mal-qarası var... Qızıma onlardan pay düşməyəcək?..
-Rəsmi nigahı var?
-Yox... Onda elə tez-tələsik oldun da...
-Onda çətin...
-Niyə çətin olur ki?! Məhkəmə yoxdu?...
-Hə, bu onun işidi...
Mayor ayrılanda özünü saxlaya bilməyib, sözlərini dedi:
-Ə, vallah, kişi deyilsən!... Biqeyrətsən ki, biqeyrət!... Oğlanın ünvanına yüz söz düzəldib deyirsiniz!... Kal, kənək!... Öz qızını heç qınamırsan. Qaçıb yorğanın altına girəndə yaxşı idi? İndi pis?...
(ardı gələn sayımızda)