adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Iyul 2018 15:25
38977
MƏDƏNİYYƏT
A- A+

TAMAŞAÇILARI EKRAN ÖNÜNƏ QAYTARAN VERİLİŞ

Az-çox televiziyadan, teleməkandan anlayışı olan, ümumiyyətlə, bu sahənin mahiyyətini dərk edən hər kəs birmənalı şəkildə etiraf edir ki, tanınmış jurnalist Etibar Babayev kimdir və bu imza sahibi Azərbaycan teleməkanında hansı xidmətlərə imza atıb. Təkcə AzTV-də, xüsusilə "SPACE" telekanalında Etibar Babayevin Azərbaycan ekranı və efiri üçün gördüyü işləri, həyata keçirdiyi ideyaları, müəllifi olduğu verilişləri xatırlayıb saymaq böyük bir vaxt aparar və həmin o vaxtın içərisində biz bir daha Etibar müəllimin televiziya üçün və televiziyanın da Etibar Babayev üçün bütün xüsusiyyətlərini görmüş olarıq. Bilərik ki, onlar əslində bir-biriləri üçün yaranıb, bir-birlərini tamamlayan fikir, düşüncə, həm də tam səmimi deyim ki, əxlaq ünvanıdır.

Təəssüflər ki, biz bəzən yaxşıları ya görmürük, ya onları sonradan xatırlayırıq, ya da bu insanların yaxşı olmalarını təbii sayıb onun yanından sükutla keçirik. Lakin ən böyük hakim olan zaman gec-tez o yaxşıların yerini də göstərir, özlərinin də yüz minlərdən biri olduğunu təkcə ürəyimizə deyil, həm də düşüncəmizə diqtə edir. Biz də bu diqtə ilə birmənalı şəkildə razılaşırıq. Çünki bu, gerçəklikdir.

Tamaşaçıların yaddaşında Etibar Babayev hələ Dövlət Televiziyasının ekranında Azərbaycana təqdim etdiyi Türk dünyasının, bütövlükdə musiqi arenasının ünlü sənətçilərindən olan Barış Manço ilə qalıb. Mən bunu tam əminliklə deyirəm. Çünki o illərdə şəxsən mən Barış Mançonun ifasını maqnitofon kasetlərindən, bir də radio dalğalarından eşitmişdim. Onu ilk dəfə məhz Etibar müəllimin verilişlərində gördüm. İllər dəyişdi və bu dəyişən illər özü ilə yaddaşa qayıdışa da bir işıq saldı. Yəni bu günlərdə ATV kanalı tanınmış jurnalist, yazısı-publisist Etibar Babayevlə bizi bir də görüşdürdü. Onun hazırladığı "Yada düşən xatirələr" adlı müəllif proqramında mən yenə unudulmaz "Unutma ki, dünya fani" deyən Barış Mançonu dinləyə-dinləyə xatirələrə baş vurdum. Tam səmimi şəkildə etiraf etmək istəyirəm ki, Etibar müəllimin bu müəllif proqramı təkcə ideyası, məqsədilə deyil, həm də təqdim etdiyi süjetlərlə, kliplərlə, hətta şəkillərlə çox orijinal idi. Verilişi izlədikcə insan elə nostalji duyğulara köklənir ki, onu sözlə ifadə etmək mümkün deyil. Sadəcə olaraq, o verilişin dünyasına sığınıb öz dünyanla həmin dünyanı eyniləşdirmək və böyük bir zaman kəsiyini dondurmaq istəyirsən…

Bəli, adətən televiziyadan, televerilişlərdən söhbət düşəndə susmağa üstünlük verirəm. Çünki mənasız, adamı diksindirən, hətta iyrəndirən süjetlər, kadrlar, söhbətlər bir tamaşaçı kimi məni həmişə narazı salıb. Ona görə də tək-tək verilişlərdən başqa bütövlükdə ekranı seyr etməkdən uzaq durmağa üstünlük vermişəm. Lakin bir təsadüf nəticəsində izləyicisi olduğum çox hörmətli Etibar müəllimin "Yada düşər xatirələr" verilişi mənim televiziya ilə bağlı həqiqətən yaddaşımda yaşatdıqlarımı yenidən oyatdı. Və mən bu verilişi sona qədər izləyib ürəyimdə dediyim fikri indi mətbuat səhifəsində ifadə edirəm:

- Çox sağ olun, Etibar müəllim! Bu verilişlə, proqramla Siz həm ruhları sevindirdiniz, həm də yüzlərcə tamaşaçını ekran önünə qaytardınız. İnşallah, yada düşənlər Sizə imkan verəcək ki, verilişiniz davamlı olsun!


Əbülfət MƏDƏTOĞLU