Faiq QİSMƏTOĞLU: QAĞA, NƏTƏRSƏN?!

FAİQ QİSMƏTOĞLU
49393 | 2018-07-18 12:15
… Sözün açığı, bugünkü nömrədə yazı qələmə almaq fikrim yoxuydu. Düşünürdüm ki, bir gün yazı yazmayım, bir az istirahət eləyim. Dünən axşam da qəzetimizin baş redaktorunun müavini, dostum və qardaşım, istedadlı jurnalist Məzahir Əhmədzadə ilə telefon danışığım olmuşdu. O, yazılarım haqqında bir qədər fikirlərini söylədi və sonra da dedi ki, qardaş, özünü yaman yorursan. Bu yaşda belə ağır yazılar yazmaq bir o qədər də asan deyil. Üstəlik sən də mənim kimi ağrayıb-acıyırsan, təyziqin qalxır və özünü narahat hiss eləyirsən.

Təbii ustad bir sənətkarın bu sözlərini çox səmimi qəbul elədim və istədim ki, heç yazı yazmayım. Ancaq elə mövzular var ki, özü məni tapır, mən o mövzunu tapmıram. Mövzu da məni tapanda onu yazmasam ürəyim partlayar. İndi ay Məzahir Əhmədzadə, hörmətli qardaşım, bu mövzunu yazmayım ürəyim partlasın, bu ağır zəmanədə balalarım yetim qalsın? Yəqin bunu sən də istəməzsən və böyük qardaş kimi məni başa düşərsən.

Həmişə yazılarımda qeyd eləmişəm ki, mənim çox istedadlı, peşəkar, savadlı və səmimi həkim dostlarım var. Allaha and olsun ki, hər səhər yuxudan oyananda doğmalarımla yanaşı, mənim həyatımı xilas eləmiş və yenidən ömür vermiş həkimlərin özlərinə, ailələrinə, balalarına da Allah-Təaladan can sağlığı arzulayır, dualar eləyirəm. Axı hər duada bir xeyirxahlıq var. Və Allah-Təala da yaxşı duaları tez qəbul eləyir.

Mən çox səmimi, vicdanlı və istedadlı həkimlər görmüşəm. Ancaq Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Rafiq Yusifli kimi səmimi həkimləri az-az görmüşəm. Rafiq Yusifliylə bizim dədə-babadan həm qohumluğumuz çatır, həm də dostluğumuz olub. Rəhmətlik atam Qismət kişini uzun müddət o müalicə edib. Və həmişə də atam onu təmənnasız müalicə edən və heç nə ummayan Rafiq həkimə təşəkkürünü bildirirdi. Atamın pulu da çox idi, varı, dövləti də. Ancaq Rafiq həkim onun verdiyi hər hansı hədiyyəni qəbul eləməzdi. Deyərdi ki, biz qohumuq, elə şeylər lazım deyil. Kişi də işini bilərdi və sakit çəkilib oturardı yerində.


Ramazan bayramında həmişə olduğu kimi, zəng eləyib onu təbrik eləmək istədim. Ancaq telefon cavab vermədi. Heç beş dəqiqə keçmədi ki, gördüm ki, Rafiq həkim mənə telefonla mesaj göndərib və bayramımı İstanbuldan təbrik edib. Səhv eləmirəmsə, bir müddət orda istirahət etdi, sonra isə qayıdıb gələn kimi mənim telefonuma zəng gəldi:

- Qağa, nətərsən? Səhhətin necədi? Ağrayıb eləmirsən ki?

Sözün düzü, elə düşündüm ki, həkimin mənə nə isə sözü var. Gördüm ki, yox, heç bir sözü, işi yoxdu. Sonra da sözünün ardını gətirdi:

- Bir müddət səndən xəbərim yox idi, ona görə narahat idim. Dünən Bakıya gəlmişəm, o dəqiqə dedim ki, zəng eləyim görüm mənim dostum necədi. Şükür Allaha yaxşısan. Bəs Əbülfət müəllim nətərdi?

Həkimi diqqətlə dinləyib dilləndim:

- Çox sağ ol, Əbülfət müəllim də yaxşıdı. Ay gözəl insan, sən ki, bizi yaddan çıxarmırsan, Allah da səni, balalarını və nəvələrini yaddan çıxarmasın.

Beləcə, onunla xudahafizləşdik. Sonra Əbülfət müəllim dedi ki, Rafiq həkim ona da zəng eləyibmiş. Elə oldu ki, mənim üçün hər gün qəbul elədiyim bir dərman: «Lispres forta» qəhətə çıxdı. O aptek olmadı ki, ora dəyməyim. Ancaq tapa bilmədim. 20-30 aptekə baş çəkdim, yenə tapılmadı. Hətta yaxın aptek işçilərindən biri dedi ki, müəllim, özünə əziyyət verib ora-bura qaçma, o dərmandan depoda da yoxdur.

Axırda əlacım kəsildi, yenə Rafiq həkimə telefon açdım. O da dedi darıxma, bir çıxış yolu taparıq. Çünki həmin dərman indi heç yerdə yoxdu. Gördüm ki, həkim çox çalışır ki, o dərmanı tapsın. Axır ki, iyulun 17-də Rafiq həkim mənə zəng çaldı, dedi ki, dərmanı tapmışam, gəl götür! Həmin günü də mənim vacib bir işim vardı, gedə bilmədim. Ancaq iyulun 18-də saat 11:00 radələrində onun işlədiyi mərkəzə getdim. İçəri girdim, xəstəsi vardı. Bir dəqiqənin içində məni dinlədi və dərmanı mənə sarı uzatdı. Əlimi cibimə atıb pul vermək istəyəndə dərmanı geriyə çəkdi və dedi ki, belə şey olmaz! Axı biz dostuq. Yenə həmin dərmanı dostum mənə təmənnasız olaraq, heç nə ummadan çox çətinliklə tapıb verdi.

Xəstəxanadan çıxanda qapının ağzında onun bir neçə pasiyentini gördüm. Çox qəribə idi ki, başqa həkimlərin qəbulunda xəstə olmadığı halda onun yanına çox böyük ümidlə nə qədər insan gəlir. Birdən elə bilərsiniz onlar imkanlı adamlardı ha?! Əksəriyyəti məcburi köçkünlər, qaçqınlardı. Onların elə imkanı nə gəzir? Ancaq arayıb-axtarıb Rafiq həkimi tapırlar. Dəfələrlə görmüşəm ki, onları təmənnasız olaraq müayinə və müalicə eləyib və hətta dərmanları da özü tapıb gətirib. Elə mənim özüm indiyə kimi onlarla imkansız adamı onun yanına göndərmişəm, Rafiq həkim də onları çox böyük sevgi və diqqətlə qəbul edib, müalicə eləyib. Həmin xəstələr əllərini cibinə salanda Rafiq həkim «yox» deyib. O xəstələr də gəlib mənə minnətdarlıq eləyiblər ki, vallah, biz belə həkim görməmişik. Həm bizi təmənnasız müalicə eləyib, həm də heç nə ummadan dərmanlarımızı tapıb.

Bu addımı atmaq üçün insanda çox böyük Allah sevgisi və ürək olmalıdır. Rafiq həkimin ürəyi o qədər böyükdür ki, inanın, orda hər bir insana yer var. Xüsusən də kasıb, imkansız, heç bir pulu-parası olmayan adamlara qarşı onda heç kimdə olmayan qayğı və diqqət hiss eləmişəm. Bayaq dedim axı, onun çox böyük qəlbi, ürəyi var. Bu da təbii ki, kökdən, gendən, nəsil-nəcabətdən gələn bir hissdir, duyğudur. Gərək adamın ürəyi nə boyda olsun ki, Rafiq həkim kimi insanlara böyük yaxşılıq eləsin.
Rafiq Yusifli çox gözəl həkim, çox gözəl insan, çox gözəl dost, çox gözəl də atadır. Mən inanmıram ki, onun həkimlik fəaliyyətində kimsə ürəyi ipək kimi yumuşaq olan bu insandan narazı qalsın. Başqa həkimlər hər hansı xəstəyə müayinədən sonra beş-altı cür dava-dərman yazırlar. Rafiq həkimin xəstələri ona görə onu çox istəyir ki, o heç vaxt gözünü yumub xəstəsinə lazım oldu-olmadı uzun bir resept yazmaz. Ən yaxşı halda bir-iki dərman yazar, o da çox ucuz qiymətə.

Axı dedim, Rafiq Yusiflinin ipək kimi yumuşaq ürəyi var. Çünki o poeziyaya, şeirə və insanı düşündürən böyük ədəbiyyata qəlbindən gələn şeirləri də bəxş eləməyi yaddan çıxarmayıb. O nə qədər istedadlı həkimdirsə, bir o qədər də istedadlı şairdir. Bu sözü tam səmimiyyətlə deyirəm. Düzdür, o heç vaxt özünü şair kimi təqdim eləməyi xoşlamır və sevmir. Ancaq Əbülfət Mədətoğlu və mən bilirəm ki, onun yazdığı şeirlərdə nə qədər gözəl poetik ifadələr, insanı düşündürən və qəlbində həyat eşqi şölələndirən misralar var. Bir dəfə onun bizim qəzetdə dərc olunmuş üç-dörd şeirini oxudum və bir həftə o şeirlərin təsiri altında yaşadım. Xüsusən də payızla bağlı yazdığı şeir məni həm kövrəltdi, həm də düşündürdü.

Mən düşünürəm ki, bu cür gözəl insanlar bu xalqa, bu millətə həmişə lazımdı. Çünki onların ürəyi və qəlbi hər an, hər dəqiqə bu xalq, bu millət, bu dövlət üçün döyünür. Və bu ürəyin işığı, nuru tək bir ailənin, evin içinə deyil, bütün insanların ömrünə, həyatına nur saçır. Allah səni qorusun, Rafiq həkim!


TƏQVİM / ARXİV