adalet.az header logo
  • Bakı 6°C
17 Iyul 2018 00:39
12999
ƏDƏBİYYAT
A- A+

ŞƏMŞİRİN

Yenə söz mülkünün seyrinə çıxdım,
Gördüm ətir saçır bağı Şəmşirin.
Önümdə ucalan zirvəyə baxdım,
Nəhəngdi, ucadı dağı Şəmşirin.

Ona geniş olub sazın meydanı,
Ona dar gəlməyib sözün meydanı.
Hələ şaxələnir, hələ uzanır,
Yamyaşıl, sapsağlam tağı Şəmşirin.

Çaylar nəğmə deyib onun səsinə,
Qartal qıyya çəkib zümzüməsinə.
Baxanda bir nəsil şəcərəsinə
Miskin Abdalladı bağı Şəmşirin.

Arıq bir bədəndə dağ boyda ürək,..
Sözü söylənəcək, sazı dinəcək!
Nə yaddan çıxacaq, nə köhnələcək,
Çağdaşdı həmişə çağı Şəmşirin.

Hələ Kəlbəcərin kəm qalıb baxtı,
Gələcək bəxtinin gül açan vaxtı!
Yenə Dəlidağda qurular taxtı,
Diz çökər önündə yağı Şəmşirin!

Qollu-budaqlıdır, yaşıl dallıdır,
Sazı zümzüməli, sözü ballıdır!
Süfrəsinə qonaq Ataxallıdır -
Təzədir qaymağı, yağı Şəmşirin!

Ay dədəmoğlu

Musa Ələkbərliyə

Bir eşq adamısan, sən şeirin-sözün,
Ömür qıyanısan, ay Dədəmoğlu.
Taxtından düşməyə qoymursan onu
Sözün həyanısan, ay Dədəmoğlu.

Hər şey dəyərində, tək sözdür ucuz,
Həyat bir oyundur, ya ud, ya uduz...
Zəmanə amansız, dövran da quduz
Görüb-duyanısan, ay Dədəmoğlu.

Bu elə bazar ki, sözə yer yoxdu,
Biz özümüz yerik, bizə yer yoxdu...
Düzlər düzdə qalır, düzə yer yoxdu
Düzün "yamanısan", ay Dədəmoğlu!

Bir köklü palıdsan, budaqların var,
Söz süfrən açıqdır, "qonaqların" var...
Vadisən, yamyaşıl irmaqların var,
Sözün uzmanısan, ay Dədəmoğlu!

Sözlə yönəldilir yönü ordunun,
Sözlə də kəsilir önü ordunun...
Piltəsi olduğun Dədə yurdunun
İşıq ümmanısan, ay Dədəmoğlu.

Daim halallığa tuşdur mizanın,
Fikri boyat olmaz səntək ozanın!
Sözdə din axtarıb, iman gəzənin
Dini-imanısan, ay Dədəmoğlu.

Dərdini çəksən də külli-aləmin,
Özün içindəsən dərdin-ələmin...
Urvatlı söz ilə məğrur qələmin
Əhdi-peymanısan, ay Dədəmoğlu!

Qələmindən axır dürrü hikmətin,
Duyğusal olana yaşamaq çətin!..
Məzara gömülən pak həqiqətin
Bitməz üsyanısan, ay Dədəmoğlu!

Sənə aşikardır sirri Bəhlulun,
Üzülmə, görünsə yeri Bəhlulun.
Yoxdursa bir özgə piri Bəhlulun,
Onun gümanısan, ay Dədəmoğlu.

YAĞIŞ DAMLASI

Torpağın sinəsi cadar-cadardı,
Nəfəsi təngiyir daşın-ağacın.
Sənin hər gəlişin bəhərdi-bardı,
Ruzi-bərəkətdi ancaq amacın.

Ağac budağıyla yağış istəyir,
Budaq yarpağıyla yağış istəyir...
Torpaq, təşnə torpaq, bu ana torpaq
Çat-çat dodağıyla yağış istəyir!

Bu gecə can verdin Muğan düzünə,
Göylərdən enmisən yağış damlası.
Alqış yaradana bu bayram günü,
Səni xoş gəlmisən, yağış damlası.

Ruhum toz-torpağa bələnib yaman,
Toz basmış ruhumu su yuya bilmir.
Ötsə də, keçsə də gecə yarıdan
Ruhum çimir alıb uyuya bilmir.
Döyəclə ruhumu, yağış damlası!

O qədər ağırdır yükü zamanın,
Mizana uyuşmur, çəkiyə gəlmir.
Sonu bilinməyir ahın, amanın,
Ölçməklə, biçməklə ölçüyə gəlmir.
Canımı qoyduğum vaqon-düşərgə

Dünyanın ən ağır yüküdür bəlkə!...
Səbri tükənibdir sərinkeşin də
Bu kədər yükünə dov gələ bilmir.
Döyəclə ruhumu yağış damlası,
Sükutun əlindən dincələ bilmir!

YAZMIRAM

Yazmaq minəndən dəbə,
Daha şeir yazmıram!
Dama çıxandan dəvə
Daha şeir yazmıram!

Arvad ərindən yazır,
Şeytan şərindən yazır.
"Zad"ın birindən yazır
Daha şeir yazmıram!

Təqti, qəlibi hazır,
Çatan sözləri düzür.
Şair olubdur nazir,
Daha şeir yazmıram!

Qəm çəkən qəmnən yazır,
Dəm çəkən dəmnən yazır,
Anasını atanlar
Ana vətəndən yazır
Daha şeir yazmıram!

Xoşbəxt çağı öyürəm,
Bağça-bağı öyürəm.
Daha ağı deyirəm
Daha şeir yazmıram!

İlhamı qoydum dincə,
Qələmi atdım küncə,
Nöqtə qoydum indicə,
Daha şeir yazmıram!
Daha şeir yazmıram!

MƏN DƏRDDƏN YOĞRULMUŞAM

Ruhum param-parçadır,
Xəyalım pərən-pərən.
Bir yerə cəm olarmı?
Onlar bir daha görən?

Bir yerə yığılarmı
Perik düşən arzular?
Quruyan bir ağaca
Can verərmi bu bahar?

Mənə sevda qıyarmı,
Bu tükənən taqətim?
Yolunu gözləyirəm
Sonuncu məhəbbətin?

Ürəyim tam boşalıb,
Dönüb quş yuvasına.
Qaranquşlar qaytarar
Bəlkə, yaz havasına.

Gözümdən itgin düşüb
Gözlərimin ümidi.
İndi yaşadan məni
İtənlərin qəmidi.

Ruhum param-parçadır,
Arzular pərən-pərən...
Mən dərdən yoğrulmuşam,
Dərdi sevməyim, nədən?!.

KƏKLİK, A KƏKLİK

Nə fənaymış bu tənhalıq, bu təklik,
Bir ənamdı düzənlikdə çökəklik!
Mənzərədir qaya üstə çiçəklik,
Şövqə gəlib oxusana, a kəklik,
Kəklik, kəklik, a kəklik,
Üzdü məni bu təklik!

Yarın ola şirin sözlü, şirin dil,
Geyib çıxa ağ bədənə bəyaz tül!
Gözəllikdir sinəsində açan qul,
Nə susmusan, dillənsənə a bülbül?!
Bülbül, bülbül, a bülbül,
Məni yarsız ölmüş bil!

Bədirlənib cilvələnir göydə ay,
Bax, necə də zümzüməylə axır çay!
Əvəzsizdir zövq əhlinə düşən pay,
Paydaş olaq, ay dərddaşım torağay,
Torağay, ay torağay,
Nəğmə de, salsın haray!

Kaş su olam təşnələrə bir içim,
Kölgə salan bulud olam bir əlçim.
Arzularım, yuxularım ola çin,
Ay yuxuda darı görən bildirçin!
Bildirçin, ay bildirçin,
Yuxu görək, olsun çin!

VƏTƏNİN

Qurban olum qıvraqlaşan boyuna,
Qarışaydım havasına, suyuna!
Çınqılı tək pardaqlanam, yuyunam,
Bulağında, çeşməsində Vətənin!

Düzənində dağ havalı çəniyəm,
Dərin kökü, təmiz soyu, geniyəm.
Duru axan, qaynar axan qanıyam,
Damarında, rişəsində Vətənin!

Ruhumuzu sıxammadı dar qəfəs,
Nəfəsimə qarışmadı yad nəfəs.
Kölgə salan palıd olum, ya vələs
Ormanında, meşəsində Vətənin!

Şeir adlı qismətim var, ruzum var,
Bəhlul, vəsf et, şirin sözə lüzum var.
Əbədilik uyumağa arzum var,
Bir laləzar guşəsində Vətənin!


BƏNZƏMİRSƏN

Niyə bərbad könlümü
Bəzəyib-düzəmirsən?!
Gülüm, öz sığalınla
Heç kəsə bənzəmirsən!

Yerişinlə, ədanla,
Sorağınla, sədanla,
Mənə gələn qadanla
Heç kəsə bənzəmirsən!

Qamətinlə, boyunla,
Soyadınla, soyunla.
Açdığın bu oyunla
Heç kəsə bənzəmirsən!

Nə did məni, nə əyir,
Könlüm səni istəyir!
Çoxu sənə bənzəyir,
Heç kəsə bənzəmirsən!

ALLAH

Gücüm çatmır, nə ağırdı,
Pərçimlənib bu daş, allah!
Hoyuma səni çağırdım
Qollarımdan yapış, allah!

Çox sədləri ötməliydim,
Çox mətləbə yetməliydim!..
Harda yeyin getməliydim
Orda getdim yavaş, allah!..

Üz taxmadım mən üzümə,
Dayaq gəzmədim dizimə.
Dost olmadım heç özümə,
Açdım dava-dalaş, Allah!

Alovum səngiyib gedir,
Taqətim süngüyüb gedir.
Nəfəsin təngiyib gedir,
Qurtarmır bu yoxuş, Allah!

Qarşıma atıbsa əlcək,
Vurmağa məqam güdəcək.
Üstümə "xortdan" gələcək,
Bitməyir bu təlaş, Allah!

Gah yarıtox, gah yarıac,
Tükənib hər yanda əlac.
Qənim kəsilib ehtiyac,
Tükənmir bu savaş, Allah!

Gərəksizə gərək verən,
Ağrılara kürək verən,
Mənəm qəmə ürək verən,
Dərdlə bağrıbadaş, allah!

Görünür

Bu tüstü nə qədər sərtdi, acıdı,
Bu duman gör necə qatı görünür...
Nə qədər çalışıb gizləsəm də mən,
Qəlbimin yüz yerdən çatı görünür.

Yanıq tamı verir ağzımın dadı,
Nəfsim bu həyatda az yanmayıbdır?
Kimsə mənim qədər nəf edib dərdi,
"Ağıl bahasına" qazanmayıbdır!

Qaysaq bağlamayıb qövr edən yaram,
Amandı, toxunsan axacaq qanı!
Nə yaxşı sən varsan, ay mənim dərdim,
Yoxsa tənhalıqdan çıxardı canım!

Sıxılıb qalmışam, çıxılmaz darda,
Pas atmış dəmirəm, ovxarmış daşam!
"Bəxt"lilər içində hamıdan sonda,
"Dərd"lilər içində hamıdan başam.

Bu tüstü gözümü tökəcək hələ
Bu duman gör necə qatı görünür.
Nə qədər çalışıb gizlətsəm belə,
Könlümün yüz yerdən çatı görünür!