MİSİLSİZ QƏHRƏMANLIĞIN TƏRƏNNÜMÜ

VAQİF YUSİFLİ
18812 | 2018-07-17 00:37
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru


Adını tarixə yazdı Mübariz,
Ruhunu xalqına əmanət verib.

Azərbaycanın Miili Qəhrəmanı, bir günün içində öz igidliyilə adını əbədiləşdirən, xalqına şöhrət qazandıran, ölümü bahasına olsa da, düşmən qüvvəsini sarsıdan Mübariz İsmayılov və onun qəhrəmanlığı artıq neçə şeirin, poemanın, publisistik yazıların mövzusuna çevrilib. Yazılan şeirlərdə, poemalarda Mübariz adi qəhrəman kimi yox, misilsiz, müstəsna qəhrəman kimi təqdim olunur. Bir insanın bu dərəcədə fövqəladə igidlik göstərməsi, saysız-hesabsız düşmən əsgərini məhv etməsi tarixdə nadir hadisələrdən sayıla bilər.
Şabranda yaşayan, o bölgədə kifayət qədər tanınan, həmçinin müasir Azərbaycan şeirində də öz imzasını qoymuş Məzahir Zeynal "Səbrimin daşan günü" poemasını Mübariz İbrahimovun qəhrəmanlığına həsr etmişdir. Poema lirik-epik səpgidədir, müəllifin düşüncələri ilə Mübarizin qəhrəmanlığının təsviri bir-birini əvəz edir.
Poemada üç əsas xətt, müəllif ideyasını əks etdirən üç tendensiya diqqəti cəlb edir. Birinci xətt vətənpərvərlikdir. "Torpaq-Vətən sevgisi"ndə qəhrəmanlığın mənbəyi, kökü, hansı qaynaqdan güc alması əks olunur. Vətən sevgisi, torpağa məhəbbət öncə ailədən başlanır:

Halallıqla qoyulmuş ailənin təməli,
Elin xeyir-duası, həm Tanrıdan güc alır.
Həyatda haqqın kökü halallıqdır deməli,
Halal köklü saf insan el gözündə ucalar.

Biləsuvarın Əliabad kəndində bir oğlan uşağı dünyaya gəlir. Ağakərim kişi bu kəndin sayılan-seçilən, ağır təbiətli, ömrü-günü zəhmətlə keçən, hamının rəğbətini qazanmış bir ailə başçısıdır. O, Mübarizi də vətənpərvər bir oğul kimi böyüdür. Vətəni sevmək atanı-ananı, doğulduğun kəndi sevməkdən başlayır.

Gendən gələn toxmalar cücərdikcə qanında,
Saf insani duyğular ürəyində gül açdı.
Vətən eşqi, bir od ki, gərək könüldə yansın,
Bu sevginin körpə tək bəslənməyi şərt olar.
O da gərək ağactək kök bağlayıb dayansın,
Axı zərif hisslərin sınaqları sərt olar.
Bu hisslərə güc verər bir atatək, anatək,
Bundan qürur duyardı Ağakərim, Şamama.
Torpaq, Vətən sevgisi belə yaransın gərək,
Gölə dönür necə ki, damlalar dama-dama.

"Deyiblər ki, - Vətəndən bircə qarış pay olmaz, Torpaq onu qoruyub saxlayana Vətəndir" - bu misra poemanın vətənpərvərlik xəttini müəyyənləşdirir və müəllifin ideyasını təcəssüm etdirir. Xalq şairi Qabilin Vətən haqqında yazdığı şeirin son misralarını burda xatırlayıram: "Bu dünyada bir-birindən hər şey qopar, ayrılar, Ayrılmayan bir Vətəndir, bir də mən". Mübariz İbrahimov da təpədən-dırnağa, bütün əqidəsiylə, amalıyla Vətənə bağlı idi. Hərbi xidmətdə olanda daim düşməndən necə qisas almaq barədə düşünürdü. İşğal olunmuş torpaqlarımızın, şəhid olmuş yurddaşlarımızın qisasını almaq onun varlığına hakim kəsilmişdi. Müəllif onun qisas qabağı düşüncələrini belə təsvir edir.

Bilirdi qayıtmaz yol üstündədir,
Ürəyi bir anlıq acı göynədi.
Ağ kağız götürdü, yazmaq istədi,
Əlində qələmin ucu göynədi.

Mübariz qisas, intiqam alovları içində son məktubunu yazır, qoy bilsinlər ki, o, Vətən üçün ölümə yollanır.

Canım atam və anam,
Məndən ötrü darıxmayın.
İnşallah, cənnətdə görüşəcəyik,
Mənim üçün bol-bol dua edin.
Şəhid olsam, ağlamayın.
Çoxlu sədəqə verin.
Allah böyükdür! Vətən sağ olsun!

Poemada ikinci xətt Mübarizin igidliyi, qəhrəmanlığı ilə bağlıdır. "Bir əsgər tək gedir qoşun üstünə". Doğrudan da, bu hərəkət müharibədə çox nadir hallarda təsadüf edilir. Amma atəşkəs dövrüdür. Hərçənd ki, düşmən tərəfi hər gün bu atəşkəsi pozur. "Tülkü elə tülküdür. Hər axan su Xan Araz, hər kükrəyən Kür olmaz. Axı tülkü balası heç vaxt dönüb şir olmaz".
Müəllif düşmən tərəfin də niyyətini, qorxu və təşvişini, törətdikləri cinayətləri, türk xalqına nifrətini, "böyük Ermənistan" xülyalarını süjetə daxil edir. Aşot, Horen, Vartan - bu məlum erməni sifətləri erməniliyin mahiyyətini faş edir. Horenin atası Armen "tülkü" ləqəbi ilə tanınırdı, Sumqayıt hadisələrində Qriqoryanın sağ əliydim, türklərin dilini türkdən yaxşı bilirdi, Yerevandan maşınla Qarabağa gedəndə Laçın yolunda maşını minaya düşür, o dünyalıq olur. Erməniliyin mahiyyətini müəllif onların dialoqlarında, törətdikləri cinayətlər barədə söhbətlərində nəzərə çarpdırır. Onların içindəki türkə nifrət hissi əməllərində üzə çıxır. Vartan onunla öyünür ki, atdığı ilk güllədən Məryəm qarı yerindəcə o dünyalıq olur. "Andronik babanın ruhu şad olmun deyə, Ölənlərin burnunu, qulağını kəsirdim" - deyir. Və bu anda Mübariz bir ildırım kimi düşmənlərin üstünə şığıyır:

Qəlbi xəyanət dolu o nankor insanların,
Ölənləri kim oldu, qalanları kim oldu?
Bu dəstədən çox adam: Aşot, Qurgen və sair,
Qurduqları tələdə ölümə məhkum oldu.

Qorxudan için yedi gizlənib sağ qalan da,
Dondu qulaqlarında yer titrədən bir səda.
Qaranlığa qarışdı Mübariz də bir anda,
Dağdan-dağa çırpındı dilindəki son nida.
Əlbəttə, müəllif Mübariz İbrahimovun qəhrəmanlığını təsvir edərkən baş verən hadisənin detalları üzərində də dayanır.
İnsan heyrət edir ki, o, cəbhə xəttini necə keçir, heç bir minaya toxunmadan necə sağ-salamat düşmən tərəfə adlayır, son gülləsinə qədər onlarla ermənini necə torpağa sərir - bunlar adi qəhrəmanlıqdan daha ucada dayanmırmı? Əlbəttə, müharibənin öz qanunları var, amma bu hadisə - Mübarizin bu misilsiz qəhrəmanlığı haqq mübarizəsində möhtəşəm bir zirvədir.
Poemada üçüncü xətt "Tufan olub dönəcəm" fəslində öz əksini tapır. Bu da müəllifin müdaxiləsidir. Sanki Mübarizin və bütün yurddaşlarımızın adından deyir ki:

Qəlbinizi qurd kimi yeyəcək bu qorxunuz,
Tufan olub dönəcəm bir də zaman gələndə.
Bir əsgər həmləsindən ərşə qalxıb yuxunuz,
Bəs ordunuz neyləyər "Azərbaycan" gələndə?

Dədəm Qorqud gəzən yer xain, nankor yetirməz,
Haqq yolunu kəsməyin, nəfsinizə sədd olun.
Murdarsınız, torpağın üstü sizi götürməz,
Çıxın gedin bu yerdən, xoşunuzla rədd olun.

Məzahir Zeynalın bu poeması haqqında mən onun "Qəlbin umacaq yeri" kitabına yazdığım ön sözdə də söhbət açmışdım. Həmin ön sözdə qeyd etmişdim ki: Bu gün Azərbaycan poeziyasının torpaq, vətən, yurd sevgisi digər bütün mövzuların sevgi təcəssümündən yüksəkdə durur. Yaralanmış, paralanmış Azərbaycanın ən böyük amalı Qarabağı, itirilmiş torpaqları işğaldan azad etməkdir. Bu yolda nə qədər qanlar tökülüb, sülh baş tutmazsa, yenə də qanlar töküləcək. Ordumuz da qüvvətlənib. Şeirimiz də bu böyük amalı öz sətirlərində yaşatmaqdadır. Milli qəhrəmanımız Mübariz İbrahimovun təsvirəgəlməz igidlik nümunəsi isə şeirimizdə vətənpərvərlik duyğularının rəhninə çevrildi. Məzahir Zeynalovun poeması da bu mövzuda yazılmış əsərlərin sırası baxımından nə birinci nə də axırıncıdır. Poemada əsas motiv, əsas ruh torpaq, vətən sevgisidir. Və bu sevgini misilsiz qəhrəmanlığı, şəhidliyi ilə isbata yetirən Mübariz İbrahimovun həyatıdır, ölümsüzlüyə gedən yoludur.
Bütün poema boyu Mübarizin bir Azərbaycan oğlu kimi daxili həyəcanlarının şahidi oluruq. Şair də onu qəhrəmanlığa səfərbər edən hisslərpin təsiri altında yaşadığı qəhrəmanlıq aləmi poetik şəkildə qələmə alaraq bizə tanıdır və belə bir mühitdə gənc bir oğlanın qətiyyətli qərarını alqışlayıb qürur duyuruq.
Məzahir Zeynalın "Boğulmayan göz yaşı" adlı kiçik poeması da yenə Mübariz İbrahimova həsr edilib. Poemada Baba və Nəvə Vətən və qəhrəmanlıq-ölümsüzlük, şəhidlik barədə mükalimə aparırlar.

O yerdə ki, Tanrı bizi yaratdı,
Ömür verdi, ruzu verdi yaşatdı,
Qəlbimizdə sevgi bitdi, boy atdı,
O torpağa Vətən, Vətən dedik biz.

Varlığında hər zərrənin payı var,
Parçalanıb, indi neçə sayı var,
Dərbəndimin, Təbrizimin tayı var?
O torpağa Vətən, Vətən dedik biz.

Nəğmə deyən dilimizdir-Qarabağ,
Dağlarında qan ağlayan qara baxg
Gör kimlərə tapdaq olub qarabaxt,
O torpağa Vətən, Vətən dedik biz.

Baba ilə Nəvənin söhbətində çox ibrətli məqamlar var. Arzu edərdim ki, bugünkü cavanlar, xüsusilə, məktəblilər bu poemanı oxusunlar. Vətən sevgisinin mahiyyətini dərk eləsinlər. Torpağı, yurdu, böyük Azərbaycanı sevməyi öyrənsinlər. Baba nəsihətini eşitsinlər:

Köməyini umma yaddan,
Torpağını qoru, bala.

Mən Məzahir Zeynalı - qəhrəmanlığı vəsf edən bu poemalara görə alqışlayıram!

TƏQVİM / ARXİV