adalet.az header logo
  • Bakı 7°C
17 Iyul 2018 00:29
5398
GÜNDƏM
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça

Əlisəfa Azayev

(əvvəli ötən saylarımızda)

ÇİRKİN DOST

(IX fəsil)

Mayor hərdən onlara gələr, maraqlı söhbətlər edərdi. Xüsusilə çirkin dostu barədə soruşanda, ilk günlər çox heyrət içində qalardılar. Bir dəfə zəng çalanda elə beləcə də soruşdu:
-Qədeş, mənim çirkin dostum necədi?
-Hansı dostun? Kim?!..
Sahə müvəkkili gülümsədi:
-Bəyəm hələ bilmirsiniz, söhbət nədən gedir?
-Yox...
Bu an əlaqə kəsildi. Onlar heyrət içində bir-birini üzünə baxa-baxa qaldılar. Mayora bu ailənin üzvü kimi baxsalar da, dost-tanışı çox idi. Xüsusilə işlədiyi sahədə. Kriminal mititin adamları da ona yazınmağa çalışırdılar.
Atası dedi:
-Mən nə bilim, vallah, insandı da. Bunun dostu belə kim ola bilər ki? Araq, çaxır düzəldib satan o şərabçı qadın? Yoxsa konyak istehsalçısı?
Anası dərhal ona etiraz etdi:
-Sədi... Kişini belə bəzəmə də. Birincisi, xanım çox yarrı-yaraşığı, əsil-nəcabətdidi. Nolsun ki, indi bu kimi işlərlə məşğul olur.
-Eh... Sən də danışdın da. Ləyaqətli qadın cəmiyyətə zidd hərəkətlər etməz.
Beləcə söhbət uzandı. Sonra da o balıq alverçisinin üstündə dayandılar. Hərdən balıq alıb satar, hisə verilmiş balıq hazırlayardı. Belə şeylərin ustası idi.
-Kopconi balıq...
-Hə görürsən də... Elə bu o olacaq.
-O ki əclafın biridi. Arvadı çox narazılıq edir. İnanmıram ki, mayor belə bir adamla dostluq əlaqələri yaratsın.
Həyətdəki itlər hürüşdü, ev sahibi onlara acıqlandı:
-Sakit olun! Birdən mayora hürüb, bizi üzüqara edəsrsiniz ha.
Həyət yoldaşı zarafatından qalmadı:
-Sən də söz danışdın da. Bütün məxluqat ondan qorxur... Silahlıdı... Sən də deyirsən ki, mayoru qorxudarsınız.
Həyat yoldaşının bu müqayisəsi ev sahibinin xoşuna gəlməsə də, mayora qayğı göstərmək borcu idi. Kişi bu boyda qəsəbədə yalnız onunla yaxınlıq edir, onlara gəlir, onların bağında gəzinirdi.
Mayoru bu ailəyə bağlayan münasibət telləri onların özünə də bir qədər qaranlıq idi, görünmürdü. Bu səbəbdən də hərdən bir-birlərini başa düşmürdülər. Necə ki, bu günkü telefon söhbətində başa düşməmişdilər. Ev sahibi mayorun hər dəfə onlara gələn kimi bağçaya qaçmasını, orada nə isə axtardığını müşahidə etmişdi. Bu səbəbdən də indi öz-özünə gileyləndi:
-Bilirsiniz ey... Ancaq bir qədər qəribə xasiyyətli insandı ey. Bəlkə də nə axtardığını heç özü də bilmir.
Həyat yoldaşı gülümsədi:
-Deyirsən də... Balaca adam deyil ki o... Mayordu... Nə etdiyini lap yaxşı bilir.
Onun bu sözlərindən kişi lap heyrətləndi:
-Deyirsən ki... Bəlkə küp axtarır?!
-Ola bilməz bəyəm?
-Sən lap kökündən vurdun.
-Həyatda elə şeylər var ki küpdən də qiymətlidi.
Kişi udqundu:
-Məsələn nə?
-Şərəf və ləyaqət...
-...
-Mənlik...
-...
-Vicdan...
-...
-Qeyrət...
Mayorun qəfləti gəlişi bu tikanlı söhbətə son qoydu. Üzdə gülümsəsələr də, əslində çox narahat, dilxor idilər. Mayor belə adam ola bilərdimi?
Mayorun isə sanki dünya vecinə deyildi. Popiros tüstülədirdi. Elə beləcə də dedi:
-Mən bu çirkin dostumla bir görüşüm də...
Əri onun bu sözlərindən lap cana doymuş bir adam kimi, dillənsə də, mayor onu sakitləşdirməyə çalışaraq dedi:
-Bu barədə sənə deməmisən? Necə ola bilər ki, deməmişəm?...
Elə bu an hansı mərdiməzarsa ona zəng çaldı. Mayor əli ilə onlara sakit olmasını işarə edərək bağçanın lap içərilərinə tərəf getdi. Elə telefonda kimlə isə danışa-danışa, mübahisə edə-edə...
Onun bu laqeydliyi, ehtinasızlığı isə onları lap haldan çıxartdı. Ev sahibi öz-özünə donquldandı:
-Bu çirkin dost kim ola bilər axı? Bəyəm bu özünə bir təmiz, əxlaqlı dost tapa bilməzdi?
Xanımı onun bu sözlərinə dodaq büzdü, nazlandı:
-Məhəbbət qəlbi oxlayandan sonra fərqi olmur.
-Sən sakit...
-Mayor yaraşıqlı kişidi.
-Bilirəm...
-Heyif ki, bir az o söz... Başının tükü tökülüb.
-bunun sənə nə dəxli var?
-Elə-belə, deyirəm də...
Ev sahibi bağa tərəf nə qədər boylansa da, mayoru görə bilmədi. Onun hər dəfə onlara gələn kimi, beləcə bağa, bağçaya tərəf can atması həqiqətən də düşündürücü idi.
Kişi bu dəfə lap əli lapatkalı getmişdi. Elə bil ki, haranı isə qazacağı, nəyi isə götürəcəkdi.
Ebv sahibləri fikirli halda hələ də həyətdə gəzinir, mübahisə edirdilər. Həyat yoldaşı çox narahat, dilxor idi. Elə beləcə də dedi:
-Sən bir şey hazırla... Yəqin ki, indi gələr.
Xanım yenə də gülümsədi:
-Hə?
-Çay...
-Sonra...
-Xörək...
-İçəcəksiniz?
-Bunu mayor bilər.
Bu an qadın ehtiyatla ona yaxınlaşıb, qulağına pıçıldadı:
-Mənə elə gəlir ki, sənin bu mayorun eşqə düşüb.
Kişi onun bu sözlərindən qeyrləndi:
-Buna bax da... Söz danışdı mənə. Çoxlarına inamsız olaram, ancaq mayora yoxş Bir də ki, mənim yaxın bir dostum deyərdi... Ev elə bir müqəddəs yerdi ki, bilməlisən onun qapıını kimin üzünə açırsan. Mən mayorun xətrini öz qardaşım tək istəyirəm.
Xanım öz sözləri ilə lap ağ elədi:
-A kişi, rəngin qaçmasın... Sənin bostanına yox ey... Deyəsən, qonşunun...
Kişi bağırdı:
-Nə?! Bu daha böyük əclaflıq olar! Mənə hörmət edən, qonşuma da dəyib-toxunmamalıdı.
Sonra isə heç özləri də gözləmədən çox qəribə bir fikirə gəldilər. Bəlkə mayor narkotik bitkilərə meyilli idi? Yoxsa, bağçada belə bitkilərə təsadüf etmişdi? Əslində lapatka getməsi də səbəbsiz ola bilməzdi. Gileyləndilər:
-Çox pis vəziyyətə düşmüşük.
-Qohum-qonşu eşitsə, bizi qınayacaqlar.
-Əlbəttə ki.
-Sən də dost omağa adam tapmırdın da.
-Münasibəti özü göstərdi.
-Deməli, məqsədli olub da.
-Bəlkə də...
-Kirayə müqaviləsi bağlamaq üçün. Ayda bunun üçün nə qədər pul verirlər.
Kişi onun bu sözlərindən incik halda dilləndi:
-İstəmirdin razılıq verməyəydin... imza etməyəydim...
-Eh... hələ nigah haqqında şəhadətnaməni ləngitmişdim, az qala öldürmüşdün məni. Qalmışdı ki, razılıq ərizəsinə qol çəkməyəydim.
-Deyirsən də.
Ev sahibəsi işvəkarcasına ərinə sığındı:
-Mayoru da nə qınayasan. Qonşunun xanımı bir az o söz... Gözləri orda-burda qalandı. Özü də sir-sifətdən pis deyil... Geyimi də ki... Çox yerini açıq qymağı xoşlayır. Bəlkə də o gün mayoru görüb idman edirmiş. Belə anlarda onun çılpaqlanmağı olur da...
-Danışdı da... Camaat idman paltarı geyinməsin, idman etməsin ki, mayor var, onlar tərəfə baxacaq?
Qadın qımışdı:
-Bir də onun qəribə bir xasiyyəti var da. Bir az dik-diringidi. Yüngül, oynaq mahnıları sevəndi. Hərdən öz-özünə rəqs də edir.
Arvadının bu sözləri kişini bir o qədər açmadı, onu aınadı:
-Cavandı da... Cavan olmamısan heç?
-Cavan olsam da belə açıq-saçıq olmamışam. Hər şeyin həddini gözləmişəm.
-İndi başqa dövrdü. İyirmi birinci əsrdi.
Kişi arada satına baxdı. Mayorun bağçaya keçməsindən xeyli vaxt keçmişdi. Bağdakı it də aramsız olaraq hürürdü. Həyət yoldaşına işarə elədi ki, sakit olsun, yersiz qara-qışqırıq qopartmasın.
-Kirpidi...
-İtim də bu işindən keçmə də. De a yazıq, nəyə hürürsən?
Bu an həyat yoldaşı ona gizli bir sirr açırmış kimi dedi:
-Mayor bəlkə də bilmir ki, həmin xanım xaricdən təzəcə gəlib. Ona çox da bel bağlamaq, yaxın münasibətdə olmaq olmaz. İlk növbədə yaxşı deyil ki, ərli qadındı.
Sonra da ki, bu yolxucu, zöhrəvi xəstəliklər, saflist...
-Ah...
-Yoxsa, sən də həvəsə düşmüsən?...
-Ah... Ah...
-Ağ eləmə...
-Ah... Ah... Ah...
-Bu mayor elə bizi öldürməsə yaxşıdı.
Belə qərara gəldilər ki, mayorla mazaqlaşan bu gənc qadını elə bağın içindəcə bir yerdə tutub ifşa etsinlər. Buna az-çox haqları da vardı. Əri xəbərdarlıq etdi:
-Ehtiyatlı ol... Birdən diksinib çığırarsan...
-Qorxma...
-Mən nədən qorxacağam ki?! Sən qorxma.
Onlar ehtiyatla bağın içinə tərəf addımladıqca bu xısın-xısın gülüş səsləri artmaqda idi. Nə qədər gizlənilməz olsa da, mayor lap yerə uzanmışdı. Səslənirdi:
-Qorxuram...
-Qorxma...
-Ehtiyatlı ol...
-...
-Dişləyər axı...
-Dişləməz...
Bu nə söhbət, mazaqlaşmaq, məzələnmək idi? Ev sahibləri az qalmışdılar ki, xəcalətlərindən yerə girsinlər. Gənc qadın ona tərəf əyilmişdi. Onu lap öpüb oxşayana oxşayırdı:
-İndi necədi?...
-Əla...
-Tərpənir?
-Yox...
-Soyuq deyil ki?
-Bir az...
Yaxşı ki, mayor yerindən qalxaraq onları bu xəcalətdən qurtardı. Onun boğazına nəsə sarınmışdı. Bir az da yarımçılpaq idi. Köynəyinin yaxasını açmışdı.
Ev sahibləri hələ də heyrət içində onlara tərəf baxmaqda idilər. kişi pıçıldadı:
-Deyəsən iş işdən keçib.
Qadın yenə də qımışdı:
-Demədim sənə...
Mayor onları görcək gülümsəsə də, ev sahibi onun bu hərəkətlərindən lap dilxor idi. Soruşdu:
-Nolub belə, yaralanmısınız?
Mayor onun bu sözlərinə lap qəh-qəhə çəkdi:
-Elə bir şeydi... İşə düşmüşəm də...
Qonşu gəlin pörtmüş halda pıçıldadı:
-Mayordu da...
-Hə...
Bu müəmmalı söhbətdən cana doymuş ev sahibi həyat yoldaşını dümsüklədi:
-Gəl gedək.
-Daha məi niyə vurursan.
Mayor dilxorçuluğu görüb izahat verəsi oldu:
-Mənim boğazımda bu zob zəhrimardan vardı axı. Həkimlər əlac edə bilmədilər. Görmüşdünüz də, az qalırdı ki, gözlərim yerindən çıxsın.
-Hə...
-Bu xanıma rast gəldim. Elə sizin qonşuluqda. əlacını dedi. Sağ olsun, xeyirxah gəlin imiş. Dedi ki, ora tənziflə beləcə qurbağa bağlamaq lazımdı. Bir neçə dəfə sarımışam, əla nəticə verib. İndi özünü lap gümrah, yaxşı hiss edirəm. Zob da qabaqkı kimi deyil, şişi çəkilib, balacalaşıb.
Ev sahibi soruşdu:
-Sənin çirkin dostun bu imiş?!
-Hə, bu qurbağa...
-Bəs bu lapatkanı nə üçün götürmüşdün?
-Hər dəfə onu otlar arasından axtarıb tapınca çox əziyyət çəkirdim. İndi görürrsən də, lapatka köməyə gəldi.
-Yaxşı ki, vurub öldürməmisən.
-Yox, o mənim dostumdu. -Sonra isə onu astaca sığallayaraq dedi: -Nolsun ki, çirkindi... Yaxşı, etibarlı dostun çirkini də xoşdur.
Ev sahibləri bir-birinə baxa-baxa qaldılar, gülümsədilər. Qonşu gəlin sağollaşaraq sakitcə çıxıb getdi. Mayor fikirli halda dilləndi:
-Heç yaxşı olmadı... Ona bir hörmət də edə bilmədim. Neçə gündü ki, mənim əziyyətimi çəkir...
(ardı gələn sayımızda)