adalet.az header logo
  • Bakı 7°C
17 Iyul 2018 00:18
12558
ƏDƏBİYYAT
A- A+

SÖZ HƏR GÜN YAŞAYIR

Sözü yaradan da onunla birgə

İndi yayın "od tökülən" vaxtıdı. Uşaqlı-böyüklü hər kəs sərin bir guşə axtarır. Kimi yaylaq sevdasındadı, kimi bulaq, kimi söyüd kölgəsi, kimi də...g
Kimi də sözün kölgəsində, qələmin kölgəsindədi. Bax, sözün, qələmin kölgəsində olanlar yay-qış bilmirlər. Hər gün bal arısı kimi gəzib-dolaşır və öz ömürlərini əridib qatırlar sözün ömrünə. Ona görə də söz ömürlü olurlar söz adamları. Mənim əyani şəkildə tanıyıb ünvanını, sözünün işığını kifayət qədər gördüyüm, bildiyim söz adamlarının bir qismi cismani olaraq dünyasını dəyişib. Onların arasında Bəxtiyar Vahabzadə, Məmməd Araz, Hüseyn Arif, Nəbi Xəzri, Nüsrət Kəsəmənli, Davud Nəsib, Səyavuş Sərxanlı, Vahid Əlifoğlu, Əhəd Muxtar, Tofiq Abdin, İsa İsmayılzadə, Akif Səməd, Ədalət Əsgəroğlu, Cavanşir Eloğlu... və təbii ki, bir də Vaqif Cəfərli. Mən bu insanların hər biriylə zaman-zaman görüşmüşəm, danışmışam. Görüşüb danışmayanda da sözlərini dinləmişəm, oxumuşam və onların sözünü öz yazılarımın sözünün içərisində göyrətmişəm. Bax elə bu yayın "od tökülən" məqamında mənim sözə üz tutmağımın bir səbəbi də nə vaxtdan bəri yazı masamın üstündə mənimlə üz-üzə dayanmış üç cildlikdi. Bu seçilmiş əsərlərin, yəni üç cildliyin müəllifi insan kimi baməzə, dərdi, qəmi özünə yaxın buraxmayan, aranın Qara Şairidi! Ona bu adı dəyərli alimimiz, ağsaqqal şairimiz Ənvər Əhməd vermişdi. O, Vaqif Cəfərliyə həmişə Qara Şair deyə müraciət edirdi. Və mən də onunla mətbuat səhifəsindən başlanan görüşümüzün real tarixçəsini aranda, yəni Beyləqanda gerçəkləşdirə bildim. Hətta evinin qonağı oldum. Həyətindəki gilənar ağacının kölgəsində bir samovar çayı da bizim üçün dəmləndi. Və onun hər sözü, hər zarafatı yaddaşıma köçdü. Çünki o təkcə mənə yox, bütün söz adamlarına bu cür səmimi, bu cür istiqanlı idi. Hətta barmaqları ilə zəri cütləyib nərdtaxtanın balaca meydançasına atanda da onun üzündəki təbəssüm, dilindəki söz adamın canından yorğunluğu çıxarırdı...g
Budur, nə vaxtdan bəri hər birini təkrar-təkrar vərəqlədiyim bu üç cildliyin üz qabığındakı şəkil elə həmin o təbəssümü, həmin o səmimiyyəti ifadə edən həmin o şəkilin sahibi mənimlə birlikdə ruhən Beyləqana gedir. Rayon mərkəzindəki çayxanaların birində əyləşib siqareti çıxarıb yandırırıq. Çay gələnə qədər evdən, özümüzdən danışırıq. Sonra keçirik SÖZƏ...g
Vaqif bu dünyanı cismən erkən tərk etsə də, özündən sonra onun yerində söz qaldı. O sözləri Beyləqanın dəyərli ziyalıları, sözə, sənətə qiymət verənləri bir yerə toplayıb onun unudulmaqdan, yaddan çıxmaqdan, gözdən, könüldən iraq düşməkdən xilas etdilər. Həmin xeyriyyəçi insanların sayəsində Vaqif Cəfərlinin üç cildliyi çox mükəmməl bir şəkildə oxucu qarşısına çıxarılıb. Kitabın naşiri, dəyərli şairimiz Musa Ələkbərli, onun redaktoru və çapa hazırlayanı Beyləqanda söz, nüfuz sahibi olan, bədii sözə könül verən ağsaqqal dostum Əlağa Mehdiyev, buraxılışına məsul AYB-nin Beyləqan rayon nümayəndəliyinin sədri Mehman Əliyev, rəyçiləri Asif Cəfərli və Bəhram Fərmanzadədi. Kitabın birinci, ikinci cildlərində şairin şeirləri toplanıb. Bu şeirlərin demək olar ki, böyük əksəriyyətini mən onun öz dilindən eşitmişdim. Xüsusilə Vaqifin "Öd daşı" şeiri mənə həmişə müəyyən psixoloji anlar yaşadırdı. O, dünyasını dəyişəndən sonra bu şeir tez-tez mənim yadıma düşməyə başladı. Bilmirəm, bu onun sağlıq durumuyla bağlıydı, yoxsa səhiyyəmizin, cəmiyyətimizin alaşıq-dolaşıq işlərilə... Amma hər nə idisə, hər dəfə kimdənsə sağlamlıqla bağlı şikayət eşidəndə Vaqifin zarafatlı və bir də "Öd daşı" şeiri yadıma düşür. İnan ki, elə birinci cildi açanda da bilmirəm təsadüfdəndi, yoxsa elə belə də olmalıydı, qarşımda "Öd daşı" şeirini gördüm. Vaqif yazırdı ki:

Güvənib gücünə ayaqlarımın,
Birtəhər girləyib baş gəzdirirəm.
Namərd adamlara atmağa bir gün,
Özümün içimdə daş gəzdirirəm.

...Bir gün çəkiləsi dumanam, sisəm,
Ömrümə, günümə yel əsəsiymiş
Mən indi bilmişəm, mənim öd kisəm,
Cərrah olanlarmış pul kisəsiymiş.

Ağrını, əzabı hələ qoy çəkim,
Tanrı səbr yığıb səbrimin üstə.
Ödümdəki daşı çıxarıb, həkim,
Başdaşı qoyarkən qəbrimin üstə.

Bəli, mən Vaqif Cəfərlinin şeirlərindən ibarət cildliyinin və eləcə də həmin əsərlərin üçüncü cildini, yəni Vaqifin müxtəlif mövzularda yazdığı və dövrü mətbuatda işıq üzü görmüş publisist yazılarının toplandığı üçüncü cildi də əziz bir xatirə, hədiyyə kimi gözümün önündən uzağa qoya bilmirəm. Çünki Vaqiflə bizim dostluğumuzun bütün telləri işıqlı sözdən ibarət idi - təmənnasız və qarşılıqlı diqqətə köklənən sözlərdən. Yeri gəlmişkən, kitabın xeyirxahlarına mənim Vaqiflə bağlı yazdığım yazıları da üçüncü cildə əlavə etdiklərinə görə, dərin təşəkkürümü bildirirəm.
Və həm Vaqifi ananlara və onu yaşadanlara və həm də oxuculara birbaşa demək istəyirəm ki, vallah, bu dünyada söz qalacaq. O sözlərdən nümunələr:

Yaman vurulmuşdum mən o gözlərə,
O gözlərsiz büsat qura bilmirəm.
Boylanıb yoluna neçə min kərə,
İndi o gözlərsiz dura bilmirəm.

Eh, mən o gözləri itirdim salıb,
Çəkib bu könlümü dara, apardın,
Mənim gözlərimin əlindən alıb,
O gözəl gözləri hara apardın.

Uçub bir quş kimi getdin ömürdən,
Qoymadın boylanam sən o gözlərə.
Əlimi üzümə söykəyib hərdən,
Baxmaq istəyirəm mən o gözlərə.

***
Mən səni sevə bilmədim,
Verənlər məkan vermədi.
Belədən belə qaynaşan,
Adamlar imkan vermədi.

Əlindən qaldırıb göyə,
Yerdən qaldıra bilmədim.
Mən səni göydə sevməyə,
Göyə apara bilmədim.

Boş yer qəhətə çəkilib,
Satılıb öpüş yerimiz.
Uca binalar tikilib,
Zəbt olub görüş yerimiz.
***
Eh, bu gün könlümə düşmüşdün yaman,
Mən səni axtarıb tapa bilmədim.
Öpüşsüz üzünə, öpüşsüz qalan,
Kobud dodağımı yapa bilmədim.

Eh, bu gün könlümə düşmüşdün yaman,
Üzünə göz dolu baxmaq istədim.
İncə əllərini alıb bu zaman,
Kobud əllərimlə sıxmaq istədim.

***
Heç nəyi, heç nəyi vecə almadı,
Bərədən xəbərsiz, bənddən xəbərsiz.
Bu kəndin qızları kənddə qalmadı,
Qoşulub qaçdılar kənddən xəbərsiz.

Durna qatarıtək uçdu sabaha,
Qardaşa, bacıya vermədilər sirr.
Bu kəndin qızları qalmadı daha,
Qoşulub qaçdılar bu kənddən bir-bir.

***
Düşüb arxasınca payızı, yazı,
Nə qədər tazını qovarmış tazı.
Yüz dəfə, min dəfə baxmışam azı,
Ay qardaş, bu kino köhnəlib daha.

Sapandı olanlar daşın itirib,
Üzüyü olanlar qaşın itirib.
Baş rolu oynayan başın itirib,
Ay qardaş, bu kino köhnəlib daha.

Dözüm yiyələri dözümdən düşüb,
Özümü minmişəm özümdən düşüb.
Kohnəlmiş kadrlar gözümdən düşüb,
Ay qardaş, bu kino köhnəlib daha.

Deməli, alınan bahalı mülklər, əmlaklar, geyimlər müəyyən zaman üçündür. Amma söz dünya durduqca duracaq. Ona görə də imkanı olanlardan sözə dəyər verməyi, sözünü işığa çıxara bilməyənlərin xeyirxahı olmağı təvəqqe edirəm. Bununla onlar da söz ömrü qazanacaqlar. Və nəhayət, Vaqifin üç cilidliyini mənə əzizim Əlağa müəllim göndərib. Və hər üçünə də içdən gələn isti avtoqraflar yazıb. Mən bu diqqəti heç vaxt unutmayacam. Bu həm ağsaqqal, həm dost, həm də söz xiridarının diqqətidir. Bütövlükdə isə Vaqifin sözünü bir külliyyat halında Azərbaycan ədəbi ictimaiyyətinə, ədəbi sözün meydanına çıxaranlara "sağ olun!" deyirəm.