adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyul 2018 16:03
48411
AVTOMABİL
A- A+

Bakıda avtomobil yolunun çökmə səbəbi açıqlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yolun çökməsinin səbəblərini açıqlayıb.

Qurumdan Adalet.az-a verilən məlumatda bildirilir ki, Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.

Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Qeyd edək ki, çökmə qeydə alınan hissə "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.