11 güclü kişinin arxasında duran qadın qüvvəsi - Emin Akif yazır
Bu ilki dünya çempionatı bizi şoka salmağı bacardı, lap o yanına da keçdi.
O yana keçməmiş söhbətə girişmək üçün bir-iki qeydimi bölüşüm.
Bu çempionatda bizə sübut olundu ki, futbol komanda oyunudur. Neymara, Messiyə, Ronaldoya bel bağlamaq olmaz. Artıq "xilaskar” mifi dağılmalıdır.
Favorit – yəni qabaqcadan çempionluğu iddia edilən komanda yoxdur. Qabaqcadan favorit kimi görülən komandalar hamısı sensasyon məğlubiyyətlə dünyalarını dəyişdilər.
Futbol şərhçisi olmadığımdan ən xırda detallara qədər enə bilmirəm. Amma mənim üçün futbolun mahiyyəti həm də hansısa situasiyalarda nələrisə kəşf etməkdir.
Çempionat bitənə kimi Xorvatiya komandası əksər insanların sevgisini qazana bildi. Bu sevginin arxasında 11 futbolçu və məşqçilə bərabər Xorvatiyanın prezidenti Grabar Kitaroviç dayanırdı. Xorvatiyanın oyunlarında futbolçulara böyük sevgi, motivasiya verən Kitaroviç. Futbol azarkeşlərinin sevgisini qazanan Kitaroviç. Qadın kimi yaşının ən gözəl çağını keçirən Kitaroviç təkcə yayılan çimərlik fotolarına görə sevilmədi. Başa düşüləndir, gözəl qadın kişi üçün həmişə arzuolunandır. Amma düşünmürəm ki, bu təkcə onun seksual görünüşlü olduğuna görədir.
Onun Xorvatiyanın finala çıxdığı oyundan sonra geyinib-soyunma otağına gəlməsi, futbolçuları təbrik etməsi, onları bağrına basması insanlarda sevgilə qarşılandı.
Finalda Fransaya öz dilimizdə desək, kişi kimi uduzan Xorvatiya və onun azarkeşləri məğlub olmaqlarına görə kədərlənməyə haqqları yoxdur.
O boyda prezident leysanın altında bütün oyunçuları, hakimləri və digərlərini qucaqlayıb səmimiyyətini, qayğısını göstərirsə, üzülməyə dəyməz. Xüsusən də, Putinin başının üstündə tutulan çətiri görəndə qəribə hisslər keçirtdim. Çünki Kitaroviçin çətir tutanı yox idi.
Qadının ən gözəl göründüyü vaxtı saçlarının yaş olduğu zamandı. Kitaroviç dünən çox islanmışdı. Çox gözəl mənzərə idi.
Bu həm də dünyaya bir mesaj idi.
Ki, təkcə bir güclü kişinin arxasında bir qadın dayanmır, həm də 11 güclü kişinin arxasında bir qadın dayan bilir – Kitaroviç! Bəli, sarışın səmimiyyət simvolu!
Bu ilki dünya çempionatı bizi şoka salmağı bacardı, lap o yanına da keçdi. Hə, o yanın adı səmimiyyət idi.