adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2018 00:36
18222
ƏDƏBİYYAT
A- A+

Cisimlər çürüyür torpağın altda, torpağın üstündə könüllər qalır...

Vaqif Bəhmənli

Qarabağ qıfılbəndi

Bu dağların lalası
dibsiz yarğan divarına
məxfi, gizlincə qoyulub.

Hallı başlar diyarına
fitnə-fəsad piyaləsi
üç yüz il öncə qoyulub!

Xançal-bıçaq itilənib-
qaya kürəklər üstünə
yaralar... qönçə qoyulub.

Kafərlər tutub postunu-
qafasına kütlənin
qaçqın düşüncə qoyulub.

Yaşdı köynək kətanı -
cəllad su qatıb qana,
qan izi incə qoyulub.

Ata - dərddi, biçən ana;
didərgindi kotanı,
orağı küncə qoyulub.

Bükülüb kinli torba -
Xəyanət çuxasının
Altına xəncər qoyulub.

Bağırır dustaq torpaq...
Yer üzü kardı, toba,
mürvəti dincə qoyulub!

Qarabağ ağısı

Qarabağ, Qarabağ... deyincə, balam;
miskin halıma bax, topalam, lalam...

Məndən üstündü ələm,
can yıxmağı bəllidi.
Kəsik yollarım - tələ,
qırıq qollarım-qələm,
ələm... ikiəllidi!

Qarabaq, Qarabağ... deyincə, balam,
üzüçapıq qaya, hüsnünə salam...

Yumruq çalır daşa əlim,
qana batır uşaq əlim,
tək yaxamda qoşa əlim...
Tərəzidə qeyrət - 50,
töhmət... iki 50-di!

Qarabaq, Qarabağ... deyincə, balam,
dərddən ərisə də dağ
oyanmır qədim qala...

Yeddi min yeddi yüz
dəli qandalda,
Gözü çıxarılan
Alı qandalda,
Toqata yol uzaq,
Bolu qandalda,
Eyvazın əli qandalda -
Həmzə... durnatellidi!

Qarabaq, Qarabağ... deyincə, balam,
kişnəyir at ili, hürür it ili,
ulayır torpaq!

Köçdür lələklərin dili,
heçdir küləklərin dili,
puçdur mələklərin dili,
İblis tuti dillidi.

Qarabaq, Qarabağ... deyincə, balam,
ərimiş şam, sönük çıraq,
gen sinədə yanıq tala.
Anam, a gözəl pəri;
başdaşında güllə yeri,
qönçə-qönçə, iri-iri...
Balan şəhid, dərdin diri,
ağ donun qara güllüdü!

Qarabaq, Qarabağ... deyincə, balam,
Göy - aciz,
Yer - dustaq,
qol - çatax,
yer-yataq
işgəncə... balam!

Nikbinlik qoşması

Ötsə də üstündən ellər, elatlar,
demirəm,
yurd yeri dərbədər qalır...
Sönsə də aşiqə can verən odlar,
ocaq kül olsa da səməndər qalır.

Nalənin küləyi könül yıxsa da -
bülbülün ahıdı güllərdə səda!
Qovduğun kəpənək əldən çıxsa da
Barmaqlar ucunda qızıl zər... qalır!

Hüdudsuz yoxluqlar çoxluqlara tən,
Dözüm - cana sakin,
həsrət - yolötən...
Sevdalar uğrunda məşəqqət çəkən
aşiqin köynəyi təzə-tər qalır.

Yolu qoşa gedir qorxaq mətinlə -
Yol birdi sevdanın səltənətində;
İlan da haqlıdı məhəbbətində...
bəlkə buna görə əğyar-şər qalır?!

Aşiqlər nur saçır gün batabatda
Çünki yerləşiblər ən uca qatda!
Cisimlər çürüyür torpağın altda,
torpağın üstündə könüllər qalır...

Sən ey adı gizli, çox da qəm yemə,
bel bağla Vaqiftək ağıldankəmə,
Cəmi sevənlərim qəhr oldu demə,
yenə səni sevən bir nəfər... qalır...

Ağrımıram

Həyat iztirabı donub qanımda,
Düşmüşəm canımdan gen...
ağrımıram.
Gəzərgi dərvişdi ağrı canımda -
Ağrıyan - ağrıdı, mən
ağrımıram.
Qarlı qış bağında yaz olubmu heç?
Buz dərdim əriyib, azalıbmı heç?
Çovqun döyən başda saç qalıbmı heç,
Axtarım ağarmış dən?-
ağrımıram.

Dadlanmaz, şaxtadan yanmasa bağrım-
Qışda azuqəsi qəmdi fağırın...
Yoxdursa təhnəndə urvalıq ağrın,
itil can evimdən, can!-
ağrımıram...
Ağrısız sevdaya sonsuz nifrətim
qoymaz gülümsəyib alçalım qəti.
Sən ey üzüdönük, sadiq həsrətin
haçan düşür məndən gen,
ağrımıram.

Canım qoşqu çəkən qocaman kəldi,
Xışım qəm sulayır, ağrı dikəldir.
Ağrı qaçaq düşür elə ki, gəldin,
Mən dönüb oluram sən...
ağrımıram.

Peyzaj

Fani yarpaqlardı çiyninin yükü,
fəsil nökəridi,
quldu ağaclar...
Quldar payız verdi amansız hökmü,
bir gecə içində soldu ağaclar!
Oğru külək girdi cibinə kimi -
Başında biz durdu tükü ağacın.
Şaxta balta çaldı dibinə kimi,
dikində buzladı yükü ağacın.

İsti yarpaqlarda soyuq yağışlar -
dəhşətdi bağların çığırtı çağı;
sonuncu budaqdan uçdu son quşlar,
sonuncu yarpaqlar deşdi torpağı...

Ayaqlar altında quluncu sınan
sətəlcəm yarpağı tutdu öskürək.
Payız qədəminə kəsildi qurban;
axdı xəzan qanlar heç nahaq yerə.

Əlbir-dilbir oldu payızla külək,
yarpaqla tumlandı şum şırım-şırım.
Tutu şaqqaladı erkək danatək,
çinarı başından vurdu ildırım!

Bulud qatarlandı qaravul çağı,
dartdı zəhər yüklü vaqonlarını.
Yurda xain çıxan zabit qovağın
soydular çiynindən paqonlarıni!

Ümidlər közərdib əliboş qalan
məğlub budaqların yox şadı bir az.
Balanı xərc edib
züryətsiz qalan
Şah palıd
bayquşa oxşadı bir az.

Quldur basqınına uğradı, ay dad,
meşə
yolu oldu yoldanötənin.
Qatil xançalıtək hər sivri budaq
dirəndi döşünə yazıq Vətənin!

Anası tapardı yarpağa əlac,
bəlkə...
göyərərdi saralan çağa?!
bəlkə,
can atmazdı taxtabaş ağac
bir daha ağlıkəm yarpaq doğmağa?..

Xəzan xışıltısı qoparır ürək:
nədən soldu ağac,
bu külək nəydi?
Vəfalı olaydı yarpaqlar gərək,
Ana qulağında
zümrüd sırğatək
sallana-sallana gora gedəydi...

Tanrı yarpaq tökdü, ya daş ələdi?-
Atlaz köynəklərin yeri qan oldu.
Ağaca neylədi, külək elədi,
meşəyə xəyanət payızdan oldu!

... Ağaclar lümlütdü, talandı varı,
Dərələr xəzəli pultək sıx tutdu.
Boylandım eyvandan payıza sarı,
yam-yaşıl içimi sarılıq tutdu!


Elm və həyat

Fizikaya görə insan -
enerjinin
mənbəyini bilməli;
Kimyaya görə -
imkan daxilində
bütün mənbələrlə
tərəflərdən biri kimi
əlaqəyə girməli;
yəni artıb-törəməli,
ağlamalı,
gülməli;
Biologiyaya görə insan -
yaranmalı,
yaşıllanmalı,
yaşlanmalı,
qurumalı,
çürüməli,
yəni ölməli;
Həndəsəyə görə insan -
məkan bulub yeriməli,
yəni,
çərçivəli bir səth üzrə
getməli,
gəlməli;
Riyaziyyata görə insan -
saymalı,
sayılmalı,
artmalı,
azalmalı,
ömürdən keçən
qeyri-müəyyənliyi
dəqiqliklə silməli;
Ekonomiksə görə insan -
itirib qazanmalı,
qazanıb itirməli;
Coğrafiyaya görə insan -
dörd qütbə genəlməli;
Astronomiyaya görə -
fəzanın altı və ustü boyunca
aylanmalı,
ulduzlanmalı,
günəşlənməli;
İlahiyyata görə insan -
böyüyüb Allah olmalı,
Estetikaya görə,
ya bir zəhər tuluğu,
ya bir təbəssüm,
ya bir rəng,
ya bir qoxu,
ya bir qışqırıq,
ya bir ah olmalı;
Fəlsəfəyə görə insan -
gah olmamalı,
gah olmalı;
Ekologiyaya görə insan -
yağıntı,
hərarət,
külək kimi;
Filologiyaya görə,
naz satan mələk kimi;
Politologiyaya görə -
kələk kimi;
Nənəmə görə insan -
ipək kimi,
darı seçən xəlbir kimi,
un ələyən ələk kimi;
...Məni
saysız-hesabsız sürüdə
buruq buynuzlu bir qoç san,
İndi sən de, ey çoban,
bu sayda elm içində
vurnuxummu,
əsib-əsib titrəyimmi
çiçək kimi,
Yoxsa bir qənirsiz gözəlin
girim kətan köynəyinə,
çırpınım orda
çarəsiz bir kəpənək,
qəfəssiz bir ürək kimi?...
Yol

Gedəni yoxsa əgər, heç demə yoldan yol olur,
Yoltutan yolçulara qeyl ilə qaldan yol olur.

Çaparın ömrü bidad, sanlı saat, son salavat,
Özünü incidir at, olursa, naldan yol olur.

Qara zülmət gecələr el malına qurd yoludu,
Beçənin çardağına tülküyə daldan yol olur.

Ucanın gövdəsinə balta çalır kin və qəzəb,
Alçağın qalxmağına bir kasa yəldan yol olur.

Aktyorlar sürünür dünya boyu alqış üçün,
Səhnənin ortasına çox vədə zaldan yol olur.

Əgər istərsə təbib, bağrı yara, xal çıxara,
Səbəbi yar xalıdı, xallara xaldan yol olur.

Vaqifa, düz yol ara, heç özünü salma dara,
Tanrının dərgahına, bil ki, kamaldan yol olur.


Yay

Qar basmışdı behişti...
Qoca Zərdüşt
yan durdu
(xeyli qəzəblənmişdi!),
Dördrəng daşdan,
nəhəng və qəşəng
alışqanını
hirsli, qəti və yeyin
çaxmaq çəkib yandırdı...
Alışqan yay başlandı,
başlandı,
vay başlandı!..
Ütüldü qan damarda,
başlar başabaş yandı!

Alışqan yay başlandı -
çığırışa-çığırışa
üç-üç, beş-beş
qoşa-qoşa
ördək,
bəzgək,
dolaşa
uçudu şaxtalı şabaşa,
uçuşdu yuxarı başa,
uçuşdu aşağı başa
şərqə, qərbə, şimala...

Lənət oxuyub
qoca Zərdüştə
qul oldu yaya dünya -
od almış taya dünya...

Çobanlar köçdü kənddən,
milçəklər uçdu qənddən,
gün vurdu çartladı qəddan!
qarışqalar məşəqqətdən
yerin gözünə girdi...
Bəbir yuxusunu,
ətir qoxusunu
fətir dadını,
adam adını itirdi!

Ağaclar yandı şam-şam;
dəryaları qantardılar -
quruyub tükəndi cam-cam.
Yetişdi elə məqam
dikəldi od içindn
Nuhun yaşıdı Zərdüşt-
belə oldu sərəncam:
Ey quş,
ey daş,
ey adam,
neçə ki, donub ürəyiniz,
neçə ki,
qar çıxır xirtdəyinizə,
başınız buz bağlayıb
neçə ki -
düsər qapın,
buz sındırın,
kürək tapın,
qar kürüyün,
tez tərpənin,
əlli olun,
sanayıram üçə kimi!
Əmrim yerinə yetməsə
mələdəcəm keçi kimi,
od vuracam atanıza,
yandıracam dünyamızı
piltə kimi,
keçə kimi!


Qanadsız
Bu haqdı;
mən elə
əzəldən də bilirdim
bu haqda ki,
uzaqdı,
çooox... uzaqdı eşq cəzirəsi...
İndi bu yır-yığışlı vaxtda
belə bəlli olur,
o adda cəzirə
nəinki çox uzaqdı,
heç yerli-dibli yoxdu!
Bəlli olur, o ərazi
lənətlənib atılmış
səhradı,
qumsaldı,
quraqdı,
içi pətək-pətəkdi,
üstü daraq-daraqdı...
Sevgi tanrısı da bezardı yoxdan!..
Heç demə çoxdan, çoxdan
kəhraba quma qarışmış
div-div inadların
al qanının izləri!

...bağışlayın məni, qanadlarım,
boşuna yordum sizləri;
hardan biləydim axı
çoxdan, lap çoxdan
sonsuzluğa təslim edilmiş
vətəndi göy üzü...
Bağışlayın, qanadlarım,
çırpa-çırpa,
çırpıla-çırpıla,
çırpına-çırpına
yeddi çadır yırtdım,
yeddi qat qan addadım,
bildim və agah oldum ki,
işğal altındakı göy üzü
həm də zindanmış,
zindan;
qandalmış qanadlarım!
Bağışlayın, qanadlarım
boşuna dartdım sizi,
havayı yordum sizi!
...son dəfə
lələklərinizin
ucundan öpürəm
və lap dibindən qoparıb
atıram hər ikinizi -
qandallarım,
qanadlarım!
O siz, o da Göyüzü,
gedin, xilas edin məmləkətinizi!
Mənə yetər çiynimdəki
bir cüt batıq qanad izi...

Uğursuz yol

Günəş kimi gülgün,
Ay kimi aydın
qismətim vardı...
Andıra qalsın obrazları!
Günəşdən, Aydan nur içən,
gülü burnunda barı
verdim bada, getdi zaya;
Cəhənnəmin dibinə
itilsin poeziya!
Poeziya, obrazlar...
onlar, elə onlar
yolumu gəc saldı
sadə sevgidən,
piyalə sevgidən,
badə sevgidən...
İndi nə gəlir əlimdən?-
peşmanam əməlimdən.
Sinəmin altında yol eləmişdi,
burnumun ucunda bitmişdi elə.
Ona qovuşmaq da sadə bir işdi;
bir gün gedək siz gilə,
ordan gələk biz gilə...
Xülya ilan oldu, çiçəyim yarpız,
göz yaşım mürəkkəb,
sevgilim kağız...
Andıra qalsın obrazları,
qəhr olsun poeziya!

Sadə bir "hə!" deməyin əridərdi qarları,
durub desəydin ki, "yox!"-
bəxtəvərlik sayardım cəmi ahu-zarları...
Obrazsız, qiyafəsiz, hecasız, qafiyəsiz,
məftil hörgüsü qopmuş azad bir qəfəs kimi,
dünya boyda genələn tükənməz nəfəs kimi
sadə qədəminə çatıb sevərdim,
ayılıb sevərdim, yatıb sevərdim...
İsmi, sifəti rədd olsun!
Ox batsın zərfin gözünə!
Sayı fel aparsın, tamamlığı sel,
Ədatlar çürüsün özü-özünə!
Sevgi haqda sözlə doludur içim-
Sən ey cavan oğlan, bil və agah ol,
Sevgi mənzilinə yetişmək üçün
şairin yoludu ən uğursuz yol!

Yaxşı kitab

Kitab... yaxşı kitab -
qızıl dolu küp.
Oxu sətir-sətir,
hikmətə yol tap,
qaldır göz üstünə,
varağından öp,
Qurani-Kərimdi
hər yaxşı kitab!


Allahın gələcəyi

Hələ ki, Allah
müzakirə mövzusudu ancaq
Nə zaman hər insan
Allah olacaq,
o zaman
insanların sayı qədər
Allah olacaq!!!
Soyqırımı günü
yazılmış şeir

Yay.
Od tökür Günəş -
hava qaynar...
Supermarketin burnunun ucunda
gövdəsi cadar-cadar
qocaman şam ağacı;
kəsilmiş əlacı,
nə yeriməyə ayağı var,
nə də cibində bir quruşu...
Ürək yandırır duruşu!
Lap yeriyə bilsə belə,
Lap cibində pulu olsa belə,
Supermarketə girməyə
kim qoyar onu?
Kim qoyar onu ordan
Bir şüşə "Sirab", "Badamlı",
"Şollar", ya "Vayxır" almağa?
Ayaq yooox, cib boooş,
göy üzü uzaaaq -
haçana dola göylər,
haçana ağlaya,
haçana yağa?

Üç sirli bənd

Mövlana Rumuni, Lev Tolstoyu,
Şahım Xətaini öldürən Allah,
ucanın ağzında dartan cilovu,
alçağı məzarla qaldıran Allah,
pozan sərhədləri, cızan hədləri,
çalan düyünləri, açan bəndləri,
gizlədib ən adi həqiqətləri,
ən gizli sirləri bildirən Allah,

ovcundan təknəmə eyzan dən axır,
Vaqif hardan bilsin dən nədən axır?!
Sən niyə beləsən,
Sən kimsən axı,
aləmi adama güldürən Allah?

Mövsümlərə uyğun

Bilirəm, yaxşıyam...
amma yenə,
bir az da, bir az da
yaxşı olmalıyam,
Başqa sözlə,
özümü uyğun aparmalıyam
mövsümlərə;
məsələn,
iri-iri güllər açmalıyam yazda,
yayda
"Yanıq Kərəmi" çalmalıyam sazda,
Payızda
ən gizli budaqlarda
qorumalıyam ən son yarpağı.
Qışda
sirli bələk,
təmiz yorğan,
humayın ağından,
cənnət qoxusu gələn kəfən kimi
bürünməliyəm torpağı...

Yolun qulu

Allah dünyanı təzəcə yaradıb-
nə əğyar var, nə yar adı,
Dünyanın gözəl vaxtıdı-
bəxt hər kəsin öz bəxtidi.
Mən də suyam hələ;
için-için çırpınıram
elədən-elə, belədən belə...

Bir də gördüm,
içimdə balıq üzür-
üz verən ecaza
mat qaldım, düzü!

Dünyanın gözəl vaxtıdı-
bəxt hər kəsin öz bəxtidi-
bir də gördüm, timsaham;
başım qurudadı,
quyruğum suda,
dişim sevən nə varsa,
elliyi dişimin altda.
Gözüm bənzəyir tabağa,
burnum uzanıb qabağa...
nə quldar var, nə ağa!

Dünyanın əzəl vaxtıdı-
bəxt hər kəsin öz bəxtidi.

Bir də gördüm,
xallı boynu kəndirsiz,
cüt buynuzlu maralam;
tir-tir əsir bədənim,
canavar qovur məni...
Burulub sola-sağa
Dırmaşıram sərt dağa.

Dünyanın yaz vaxtıdı,
Vaxtın taraz vaxtıdı,
Bəxt hər kəsin öz bəxtidi-
bir də gördüm, ocağam
bir yarğan kahasında,
Kürküm maral dərisi,
boyunbağım qurd dişi,
dörd yanım arvad-kişi,
ox atmaq, daş tullamaq,
keçi qovmaqdı işim...

Sabahın tez vaxtıdı,
kişinin subay oğlan,
arvadın qız vaxtıdı.
Bəxt hər kəsin öz bəxtidi-
bir də gördüm, öküzəm,
çöldə kotan dartıram,
Zəmidə sünbül kimi
Törəyirəm, artıram...

Dünyanın qəzəl vaxtıdı,
macalın xəzəl vaxtıdı,
bəxt hər kəsin öz bəxtidi-
bir də gördüm,
əli-qolu bağlıyam,
gördüm ki, yolam daha,
kəndirlənmiş ayağım
yol boyu toz qoparır;
Anladım, qulam daha -
Zalım zaman boynuma
kəndir salıb aparır!

Cəllad

Haçan içim sözlə dolur,
Ruhum olur söz aləmi.
Naşı bilməz necə olur
Tabla, alış, döz aləmi.

Açmaqdı sirli kilidi,
Yükü dağdan aşırmaqdı,
Yazmaq -
yer əkmək kimidi,
ürəkdə daş daşımaqdı!

Çətindi candan ət kəsib
yedirtmək söz külfətini.
Danışmaq hər kəsə nəsib -
susmaqdı işin çətini.

Susmaq müjdəsiz dindi -
orda nə Məryəm var, nə dağ.
Dilsiz qələmlə çətindi
ləçər dünyanı susdurmaq!

Yararsızdı dişi qurban,
yararsızdı kişi qurban,
gərək şair özü dinə...
öz canından axıda qan
tanrı sözün qədəminə.

...Əldə bıçaq, titrək bədən -
boğazımı artlayıram.
Köynəyimi biləyimdən
üzügeri qatlayıram;
dururam üzüqibləyə,
sözə amin deyə-deyə!