adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyul 2018 00:19
26041
ƏDƏBİYYAT
A- A+

İLAHİ ŞEİRLƏR

KƏMALƏ

ALLAHIM

Səndən qeyri tanrım yoxdur, Allahım,
Dinlə məni, dərdim çoxdur. Allahım.
Bu göylər də, bu yerlər da sənindir,
Sənin taxtın uca taxtdır, Allahım.

Axtarıram əl çatmayan yolunu,
Xətam olsa sən bağışla qulunu.
Bir gün əgər əcəl kəssə yolumu,
Söylərəm ki, gedən vaxtdır, Allahım.

Sən Kərimsən, Sən Rəhimsən, əzizim,
Yaratmısan məni də öz kənizin.
Sinəmdə var bir məhəbbət dənizin,
Üzümdəki zər duvaqdır, Allahım.

Xoşdur, Allah, bir gül olub solduğum,
Çox olubdur mənə verib, aldığın.
Hərdən-hərdən əzablara saldığın,
Bilirəm ki, sınaqdır, Allahım.

Alan da sən, verən də, sən, İlahi,
Hər halımı görən də sən, İlahi,
Hüsnü gözəl, Kərəm də sən, İlahi,
Qalan nurun olacaqdır, Allahım.

Göndərdiyin Quranına qurbanam,
Qurandakı kəlamına qurbanam.
Mənim kimi heyranına qurbanam,
Sənin yolun çünki haqdır, Allahım!

MƏNİMDİR

Yağan yağış, əsən yellər mənimdir,
Yaşıl çəmən, açan güllər mənimdir.
Niyə axı tənha deyim özümə,
Bu sevdiyim əziz ellər mənimdir.

Ötüb getdi gəncliyimin zamanı,
Bir də cavan olmağa yox gümanım.
Ömrüm boyu oldu mənim həyanım,
Xatirəli əziz illər mənimdir.

Bir Allaha könül verdim dünyada,
Üzdü xəyal göylər adlı dəryada.
Dara düşdüm, Əli yetdi fəryada,
"Allah, Allah" deyən dillər mənimdir.

BAĞIŞLA

Bir zalım sözündən pərişan oldum,
Həm gözləri ağlar, bağrı qan oldum.
O sözün oxuna bir nişan oldum,
Ya Rəbb, zülmkarı özün bağışla.

Nadanlar adıma nadan söylədi,
Qananlar baş əyib xaqan söylədi.
Qəlbimə toxunan günah eylədi,
Ya Rəbb, günahkarı özün bağışla.
Dostu, qardaşıdır insan insanın,
Ömrü bəxtiyardır bunu dünyanın.
Ay Allah, mən sənin olum qurbanın,
Duymaz insanları özün bağışla.

SÖYLƏYİM

Ürək qəm yükünü daşıya bilmir,
Odur ki, bir ömür yaşaya bilmir.
Neyləyim? Dərdimi kimə söyləyim?
Dostum elə qəmdir, qəmə söyləyim.

Ah, nələr söyləyir o kaman səsi!
Vardır nəfəsində bir aman səsi.
Oxuyur mənimtək qəm təranəsi,
Könlümü o sari simə söyləyim.

Kimdir unudulan, kimdir unudan?
Bir gün yatan baxtım qalxar yuxudan,
Xuda nəzərində olam hər zaman...
Gərəkdir dərdimi ona söyləyim.

PEYĞƏMBƏRİM

Dünya mənə nur görünər,
Yetər ki, sən könlümdə ol,
Ömrüm şadlığa bürünər,
Yetər ki, sən könlümdə ol.

Sən nurdanmı yaranmısan?
Könüllərə paylanmısan.
Əzablar da olar asan,
Yetər ki, sən könlümdə ol.

Səni bizə verdi Xuda,
Canım ola sənə fəda.
Ya aşkarda, ya yuxuda,
Yetər ki, sən könlümdə ol.

Ya Məhəmməd, sənə qurban,
Sən haqq yola oldun sarban,
Cümləmiz də sənə heyran,
Bu eşq ilə könlümdə ol.

KƏRƏM EYLƏ

Xudavəndə, xudavəndə
Sənə üz tutubdur bəndə.
Bir nəzər sal ona sən də,
Kərəm eylə, kərəm eylə.

Yolum sənin nurlu yolun,
O yoluna qurban olum.
Bir xəta edərsə qulun,
Haram eylə, haram eylə.

Bu dünyanın vəfası yox,
Əllərində şəfası yox.
Ürəyimin yarası çox,
Çarəm eylə, çarəm eylə.

ƏLİM SƏNDƏN ÜZÜLMƏSİN

Mövlam, mənə kömək ol ki,
İnsanlara kömək olum.
Ürəyimə elə dol ki,
Ürəksizə ürək olum.

Çox sevirəm əl tutmağı,
Bir də imdada çatmağı.
Birinin gəlin otağı,
Birisinə çiçək olum.

Mən də bütün insanlartək,
Anadan doğuldum mələk,
Kaş ki, ləkə görməyərək,
Ömrüm boyu mələk oldum.

Mövlam, əhdim pozulmasın,
Əlim səndən üzülməsin.
Bu sevgilər azalmasın,
Hər an könlü ipək olum.

SƏFA

Ürəyini təmiz eylə,
Çünki orda Xuda vardır.
Sən Tanrını əziz eylə,
Eyləməsən xəta vardır.

Ürəyini təmiz eylə,
Təmizlikdə səfa vardır.
Sən özünü əziz eylə,
Eyləməsən cəfa vardır.

Ürəyini təmiz eylə,
Təmizlikdə səfa vardır.
Eyləməsən günahkarsan,
Günahkara cəza vardır.

HEYRAN OLMUŞAM

Yaşıl çəmənlərə heyran olmuşam,
Sərilib yerlərə Allah eşqinə.
Onlar səcdə edir hər sabah-axşam,
Üz tutub göylərə Allah eşqinə.

Yolu bir Tanrının yoludur onun,
Otları şəbnəmlə suludur onun.
Qucağı çiçəklə doludur onun,
Pay verir ellərə Allah eşqinə.

HƏMD OLSUN

Rəhmətinə sığınmışam,
Ey mehriban olan Allah.
Şükür sənə yaxınmışam,
Bu könlümə dolan Allah.

Kim deyir ki, yalnızam mən,
Bu ömrümə sənsən həmdəm.
Teli qırıq bir sazam mən,
Bir nəzər sal hərdən-hərdən.

Sinəm olub qəm oylağı,
Kimlər görər, kimlər duyar?
Mən də bir dünya qonağı,
Daha nə qəm Pərvərdigar?

BAHAR NƏSİMİ

On ikinci imamıza
Bir bahar Nəsimi istər ürəyim,
Silə bu dünyadan qaranlıqları.
İçində bir xəyal bəslər ürəyim,
Poza bu dünyadan yamanlıqları.

Nə zaman yağacaq rəhmət leysanı,
Nə zaman səhralar yaşıllaşacaq?
Nə zaman duyacaq insan insanı,
Nə vaxt quru çaylar aşıb-daşacaq?

Nə vaxt gül ətirli zaman olacaq,
Nə zaman dürüstlük mədh olunacaq?
Nə vaxt könlümüzcə imkan olacaq,
Zirvələr nə zaman fəth olunacaq?

Ey Sahib-əz Zaman (ə), adına qurban,
Gəl ki, haqq-ədalət zühur eyləsin.
Gözümüz yolunu gözlər hər zaman,
Gəlişin dünyanı qoy nur eyləsin.
Bir bahar Nəsimi istər ürəyim,
O bahar Nəsimi sənsən, əzizim.
Zaman ağırlaşıb, sənsən gərəyim,
Yetiş ki, halımız yamandır bizim.

BİR GÜL KİMİ

Peyğəmbərin qız gülüydün,
Əlimizə sevgiliydin,
Xanımlığın yaz gülüydün,
Nə tez getdin bu dünyadan?

Sən yarandın bir gül kimi,
İlahi bir könül kimi,
Güllərdəki ömür kimi,
Nə tez getdin bu dünyadan?

Xanımların sərvəriydin,
Könüllərin şahpəriydin,
İnsan değil, bir pəriydin,
Nə tez getdin bu dünyadan?

Getdin, qəmin dərin qalıb,
Bu dünyada yerin qalıb.
Nə yaxşı ki, nurun qalıb,
Nə tez getdin bu dünyadan?

İsmətindən qismət aldıq,
O nurundan zinət aldıq.
Yollarında fəda olduq,
Nə tez getdin bu dünyadan?

EY ALLAHIM

Ulu Tanrım, Allahım,
Bilirsən yox günahım.
Bircə sənsən pənahım,
Bədləri bədnam eylə.

Tikanlarla yox aram,
Gülə qurban olaram.
Yağmurda islanaram,
Qəlbi nura cam eylə.

Fəda olum uğrunda,
Eşqin var hər qulunda.
Yaxşıların yolunda,
Məni yanar şam eylə.

Göylərdə hilal gərək,
Ömür-gün halal gərək.
Başlarda kamal gərək,
İnsanları tam eylə.

Nə qan olsun, nə qayda,
Dostluq olsun dünyada,
Özün yetiş fəryada,
Sən düşməni ram eylə.

KÖNÜL SULTANIM

Əzəl gündən heyranınam,
Ey müqəddəs olan insan.
Həm səhərlər, həm axşamlar,
Sən könlümün sultanısan.

Verilibdir sənin adın,
Pir babamın qızına da,
Anama da verilibdir,
Könlümün hər sözünə də.

Adı mübarək Fatiməm,
Anam, nənəm Fatimədir.
Mən də bu ada sadiqəm,
Çünki qibləm Fatimədir.