Faiq QİSMƏTOĞLU: POLİSİN ÜRƏYİNƏ SANCILMIŞ QILINC

FAİQ QİSMƏTOĞLU
45747 | 2018-07-13 18:10
… Azərbaycan həmişə ən çətin sınaqlardan, imtahanlardan və çəkişmələrdən sonda uğurla çıxıb. Və bu imtahanı, çəkişmələri də dövlətdən, xalqdan xoşu gəlməyən, daha doğrusu, müsətqil Azərbaycanın dövlətçiliyini gözü götürməyən qüvvələr ortaya atırlar. O qüvvələr ki, ötən əsrin 1992-ci ilin sonu və 1993-cü ilin əvvəllərində ölkəni parçalamaq, bir neçə yerə bölməyə can atırdılar. Bir tərəfdə Dağlıq Qarabağ məsələsi, bir tərəfdə Talış-Muğan Respublikası, bir tərəfdə də şimalda Sadvalçılar canfəşanlıq eləyirdilər. Yəni yeni müstəqil ölkəni gözü götürməyən qüvvələr onu bölməyə can atırdılar.

…Bax, onda xalqın və millətin təkidərilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu ölkəni nələr gözləyirdi onu o oyunu oynaylar, bir də Allah bilirdi. Ulu Öndər sinəsini qabağa verdi, bu ölkəni, bu dövləti parçalanmaqdan xilas etdi və müstəqil dövlətimizi qoruyub saxladı.

Gəncədəki hadisələr göstərir ki, yenə xain qüvvələr bu müstəqilliyə əl uzadır, ölkəmizdəki sabitliyi pozmağa can atırlar. Üstəlik də, müəyyən qara qüvvələr kimlərinsə sifarişini yerinə yetirmək üçün dəridən, qabıqdan çıxırlar. Gəncə şəhər icra başçısı Elmar Vəliyevin güllələnməsi, sonradan isə Gəncə Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevin və rəis müavini, polis-polkovniki Səməd Abbasovun qətlə yetirilməsi onu göstərdi ki, heç də bu hadisələr təsadüfən baş verməyib. Yəni yenə xarici qüvvələr və daxildən olan qaragurçu insanlar bu addımı atmaqla ölkəmizdə xaos və özbaşınalıq yaratmağa can atıblar. Ancaq bu oyunları oynayanlar onu bilmirlər ki, Azərbaycan 1992-ci ildəki dövlət deyil. Bu dövlət indi dünyanın iqtisadi, hərbi cəhətdən öndə gedən ölkələrindən biridir. Yəni bu ölkəni bir iğtişaşla, hər hansı ağır cinayət törətməklə məhv etmək mümkün deyil. Ən azından ona görə ki, Azərbaycan dövlətinin çox müdrik prezidenti var və dövləti, dövlətçiliyi qoruyan hüquq-mühafizə orqanları mövcuddur.

Polisin ürəyinə sancılmış qılınc bu dövlətin, bu xalqın, bu millətin ürəyinə tuşlanıb. Və bu xalqı, bu milləti qılıncla, ölümlə heç vaxt qorxutmaq mümkün deyil! Bu ağır cinayəti törətmiş şəxslərdən biri bir neçə gün əvvəl vətəndaşların köməkliyi nəticəsində ələ keçirilib. Digər qatı cinayətkarın isə iyulun 12-də izinə düşülüb, o da hüquq-mühafizə orqanlarına tabe olmayaraq silahlı müqavimət göstərib və nəticədə cinayətkar zərərsizləşdirilib. Yəni əməliyyat zamanı öldürülüb. Başqa cür də mümkün deyil. Belə bir ağır cinayəti törətmiş adama qarşı heç vaxt rəhm etmək lazım deyil. Çünki onlar bu cinayəti törətməklə bir daha sübut eləyiblər ki, azərbaycanlı deyillər. Azərbaycanlı heç vaxt dövlətini, millətini qoruyan polisin ürəyinə xəncər sancmaz. Bunu ancaq qanında erməni qanı olan, anasının əmcəyini kəsən, dədəsindən, nəslindən, kökündən xəbəri olmayan qatı cinayətkar eləyə bilər. O qatı cinayətkar ki, kimlərinsə fitvasıyla bu addımı atdılar və axırda da gəlib bu günə düşdülər.

O iğtişaşda, o qeyri-qanuni mitinqdə iştirak edənlərin yəqin ki, əksəriyyəti böyük oyunun oyunçuları idi. Din pərdəsi altında «Allahu Əkbər» deyərək iki polis zabitini qətlə yetirmək heç vaxt islamın qaydalarına uyğun deyil. İslam adam öldürməyi, qan tökməyi ən ağır bağışlanılmaz günahlardan sayır. İndi siz görün, bu iki cahilin islama nə adiyyəti var? Ona görə cahil deyirəm ki, savadlı, vətənini sevən hər hansı bir adam kimin təkidindən asılı olmayaraq, bu addımı atmamalıydı. Əgər atıbsa, deməli, o cahil və nadandı. Cahillər və nadanlar son vaxtlar daha da çoxalıb.

«Ədalət» qəzeti 28 ildir ki, çıxdığı ilk gündən dövləti və dövlətçiliyi təbliğ edib, maarifləndirib, insanları vətənpərvərlik ruhunda tərbiyələndirib. Dövlətin ən ağır günündə həmişə biz dövlətçiliyimizi qoruyan Ulu Öndər Heydər Əliyevin və onun yolunu davam etdirən prezident İlham Əliyevin yanında olmuşuq. Və «Ədalət» qəzeti həm də hüquq qəzeti olduğu üçün hüquq-mühafizə orqanları ilə birgə işləyib. Bizim Azərbaycan polisi ilə ictimai asayişin qorunması və hərəkətin təhlükəsizliyi ilə bağıl çox böyük layihələrimiz, proqramlarımız olub. Və 28 ildir ki, əhalinin hüquqi maarifləndirilməsi üçün dəyərli addımlar atmışıq.

Bu o Azərbaycan polisidir ki, Qarabağ müharibəsində yüzlərlə şəhid verib, minlərlə Azərbaycan polisi bu döyüşlərdə güllə yarası alıb: ayağını, gözünü, əllərini itirib. Bu o Azərbaycan polisidir ki, cinayətkarlığa qarşı mübarizədə sinəsini güllənini qabağına verərək şəhid olub. Və hətta dövlətçiliyin üstünü qara buludlar alarkən onun uğrunda ölümə gedib. Son 20 ildə Azərbaycan polisi dünyanın ən güclü polisinə çevrilib. Çünki Azərbaycan özü iqtisadi, hərbi və mədəni inkişafına görə, yüksəlişdə olan ölkələrə çatıb və onlarla bir addımlayır.

Və Azərbaycan polisi də belə bir yüksələn xətlə inkişaf edir. Biz iyulun 2-də Azərbaycan polisinin 100 illiyini qeyd elədik. Yəni 100 ildir ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunması üçün enişli-yoxuşlu yollarla heç nədən qorxmadan işığa doğru irəliləyir. Azərbaycan polisinin maddi-texniki bazası, peşəkarlığı və insanlarla ünsiyyəti daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu sükan arxasında əlyəşəndən sonra daha da möhtəşəm olub. Yəni Azərbaycan polisi sözün həqiqi mənasında ən çətin, ən ağır günündə bu xalqın, bu millətin, bu dövlətin yanındadır.

Təsadüfi deyil ki, ağır cinayəti törətmiş, heç adı da yadıma düşməyən bir binamusun yaxalanmasında ictimaiyyət yaxından köməklik göstərib. Bax, bu o deməkdir ki, bu gün Azərbaycan polisi, onun generalından tutmuş sıravisinə qədər hamısı xalq tərəfindən sevgiylə qarşılanır. Düzdür, onların da arasında nöqsanlara yol verən, vəzifələrini lazımınca yerinə yetirməyən şəxslər var. Və onlar da ciddi qüsurlara görə, ya polis orqanlarından xaric edilir, ya da cəzalandırılır.

Düşünürəm ki, polis polkovniki, şəhid İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olmaqla tək bir eldən, bir evdən getməyiblər, onlar bütün azərbaycanlıların, bütün vətənin kisəsindən gedib. Və onlar həm də tək öz ata-analarının övladları deyil, Azərbaycan xalqının övladlarıdır. Polisə xəncər çəkən, silah qaldıran hər hansı bir şəxsin bir cəzası var: o da ömürlük cəza! Hətta ölüm cəzası olsaydı, lap yetərli olardı. Çox təəssüf ki, biz ölüm cəzasını cinayət məcəlləsindən çıxarıb və belə ağır cinayətkarlara şərait yaratdıq. Ümumiyyətlə, adam öldürən, baş kəsən, qan tökən qatilləri heç vaxt bağışlamaq olmaz. Çünki o qatil bir ailəni, bir nəsli gözüyaşlı qoyur.

O ki, qala iki polis zabitini öldürən cinayətkarlara, elə yaxşı eləyib müqavimət göstərərkən qatı cinayətkarlardan birinin təpəsini dağıdıblar. Çünki qatı cinayətkara qarşı vallah, heç vaxt rəhm eləmək düzgün deyil. «Qurani-Kərim»də buyurulur ki, zalıma kömək göstərmək məzlumu məhv etməkdi. Bunlar zalım deyil ey, bunlar bayaq dedim, anasının əmcəyini kəsənlərdi! Əgər iki polis polkovnikini bu cinayətkarlar qətlə yetirirsə, onda görün sıravi vətəndaşı necə öldürər. Belələrinə qarşı ən ağır cəza tətbiq edilməlidir ki, heç olmasa onların gözü qorxsun, belə ağır cinayətlər təkrarlanmasın.

Mənim ailəmdə, evimdə, qohumlarımda polisə qarşı çox böyük bir sevgi var. Heç özüm də bimirəm bu nədəndi. Nəslimdə, nəcabətimdə polisdə işləyən adam olmayıb. Bir qardaşım oğlu var, o da polisdə sıravi əməkdaş işləyir. Ancaq mən hər səhər metronun «Xalqlar dostluğu» stansiyasına düşəndə orda xidmət aparan polis əməkdaşlarına «salam» verirəm, «sabahınız xeyir» deyirəm. Artıq onlar da məni tanıyır. Tanıyır deyəndə, bilmirlər ki, jurnalistəm. Elə polisi sevən bir insan kimi mənə hörmət bəsləyirlər. Dəfələrlə görmüşəm ki, metro stansiyalarında özünü pis hiss edən, xəstələnən, təyziqi qalxan insanlara birinci orda xidmət aparan polislər kömək ediblər. Həmin insana su gətiriblər, iki daşın arasında dərman tapıblar, sonra da həkim çağırıblar. Belə polisi sevməmək olar?

Vallah, camaatın sözüdü. Deyirlər, polis olmasa yollarda maşınla getmək olmaz, gecələr də küçəyə çıxmağa qorxarıq. Nə yaxşı ki, bu polislər var. Bu polislər bizim hər birimizin qardaşı, oğlu, atası və doğmasıdır. Biz onları qorumalı, sevməli və hifz eləməliyik. Yoxsa polisə qılınc çəkmək, silah qaldırmaq və müqavimət göstərmək nə vaxtsa bumeranq kimi bizim özümüzə gəlib dəyə bilər. Və biz atdığımız bu addımla özümüzü qorumuş oluruq, özümüzü yaşatmış oluruq. Biz yaşayırıqsa, deməli, vətən var, torpaq var, ölkə var…


TƏQVİM / ARXİV