ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hüseyin Kürdoğlu

1791    |   2018-07-12 22:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Hər dəfə böyük sözdən, səmimi duyğulardan, bir də Azərbaycan coğrafiyasının poeziyamızda tərənnümündən söz düşəndə öncə xatırladığım söz xiridarlarından biri də Hüseyin Kürdoğlu olur. Mən onu həm həyatda, həm də ədəbiyyatda bir-birini tamamlayan şəxsiyyət kimi görüb tanımışam. Hər bir sözünün arxasında özü dayanan, ürəyi çırpınan Hüseyin Kürdoğlu həqiqətən sözün Məcnunu idi, Kərəmi idi. Bu sözə vurğunluq ona Laçın dağlarından, Laçın çeşmələrindən, Laçının min bir ətirli çiçəklərindən hopmuşdu. Ona görə də şeirlərinin şərəsi bir çiçəyin ətrini xatırladırdı, bir bulağın dadını yaddaşında təzələyirdi.Cəfakeş alim, tədqiqatçı, gözəl şair olan Hüseyin Kürdoğlu təbiətimizi, coğrafiamızı vəsf etdiyi kimi, dərdlərimizi də, yurd nisgilimizi də yana-yana misralara köçürürdü. Onun bu yanğısı əbədiyaşar sözün qan yaddaşına zaman-zaman közərəcək. Və biz Şuşaya, Laçına bayrağımızı sancanda Hüseyin Kürdoğlu atəşi azad olmuş torpaqlarımıza mütləq şölələnəcək. Çünki şairin ruhu bu işğalla heç cür barışmayıb. O, qələbə sorağındadı. İnşallah, biz həmin ruhu Laçında salamlayarıq.

Əbülfət MƏDƏTOĞLU

Şuşa yoxuşunun yeddi qat yolu,
Bəlkə elə budur kainat yolu?
Tarixdən soruşsan söylər ki, bu yol
Həm Qırat yoluymuş, həm Bozat yolu.
İblis caynağını atıb dörd yana,
Kəsilib dağların bu həyat yolu.
Dönüb qan yoluna, ölüm yoluna
Dünyaya səs salan müğamat yolu.
Tikanlar bitirir yad ləpirindən,
Min bir yaylağımın öz elat yolu.
Əl çatmaz, ün yetməz yeddi qat yolu.
Şuşa yoxuşunun yeddi qat yolu.
Ey Tanrı, nə zaman açılar bu yol,
Özün imdada yet, özün kömək ol!

***
Mənim şeir pərim dan ulduzudur,
Dan üzü deyirəm nəğmələrimi.
Sirdaşım nazənin göylər qızıdır,
Onunla yazmışam hər əsərimi.
Baxma ki, qısadır görüş vaxtımız,
Gün doğur, əlindən üzülür əlim.
Yaxşı bar gətirir bizim baxtımız,
Tökülür kağıza gövhərim, ləlim.
Belə şirin-şirin görüşürük biz,
Gec gəlir, tez gedir mənim gözəlim.
Ömrün payızından keçirəm qışa,
Əyir qamətimi başımdakı qar.
Bənzərəm küləkdən əsən qamışa,
Ney kimi sızladır məni ruzigar,
Əyir qamətimi başımdakı qar.

***
Ax, ey Məcnun bulağı,
Ax yaşıl dərə boyu!
Sən mənim göz yaşımsan,
Dərdimsən, təlaşımsan.
Səndən içərsə yağı,
Bir gümüş alov kimi
Pörşələ dodağını,
Pörşələ ciyərini
Döndər külə yağını!
İzlərimin üstünə
Düşmən izi düşməsin,
Kəs ordan ayağını.
Sən mənim göz yaşımsan,
Ax, ey Məcnun bulağı.

***
Aşiqiyəm Kərəm sözün,
Üstündə əsərəm sözün.
Yamanlara yaxşı desə
Başını kəsərəm sözün.

***
Şah dağından göndərmişdi bir sənəm,
Ək demişdi təzə bağa bənövşə.
Su verdikcə körpə kimi oxşadım,
İsinmədi bu torpağa bənövşə.
Yarpaqlanıb əvvəl açdı gözünü,
Gördü Xəzər sahilində özünü.
Görəmmədi o gözəlin üzünü
Bənzəyirdi yad qonağa bənövşə.
Şah dağından bəyaz sular axardı,
Gədiklərdə ildırımlar çaxardı
Yarpaq altdan gizli-gizli baxardı,
Mavi gözə, gül yanağa bənövşə.
Qayaların daldasında açardı,
Durna gəlib qatar-qatar keçərdi,
Yaxalarda mavi şölə saçardı,
Yaraşardı ağ buxağa bənövşə.
Gözlərimdə bu gen dünya daraldı,
Xəyalımı boran aldı, qaraldı.
Kürdoğlutək o da soldu-saraldı
Həsrət qalıb uca dağa bənövşə.

***
Qoltuq ağacıyla yeriyir oğlan,
Yanında qaraqaş, qaragöz pəri.
Necə qayğıkeşdir, necə mehriban,
Qəhrəman əsgərin qəşəng dilbəri.
Vətən namusudur başının tacı,
Müqəddəs ağacdır qoltuq ağacı.

***
Məcnundur məhəbbət əzəldən bəri,
Sanma bu dövranda şöhrəti sönmüş,
Məcnun səhrasının tozudur belə
Qalxıb asimanda ulduza dönmüş.

***
Söyüd telini tökür,
Əncir əlini tökür,
Qovaq dilini tökür,
Bağı bürüyür xəzəl -
Baharda yaşıl gözəl,
Payızda sarı gözəl.
Xəzəl olsa da üzüm,
Xəzəl tökməsin sözüm.

***
Canavar heç zaman öyrəşmir ələ,
Onu ram eyləyən olmamış hələ.
Qurddan dərs alaydı ikiüzlülər,
Üzdə məclis qurur, arxada tələ.
Ancaq yırtıcının bircə üzü var,
Nazını çəksən də, səni parçalar.

***
Möhlət ver, ey ölüm, möhlət ver hələ,
Barı bir neçə il doyunca yazım.
Barsız şairləri gətir əvvələ,
Nəğməylə doludur sinəmdə sazım.
Yazmaq mümkün olsa torpağın altda,
Bircə gün qalmaram belə həyatda.
Onsuz da həmişə həndəvərdəsən,
Salma sevgilimi vaxtsız dərdə sən.
Möhlət ver bir az da, bir az da yazım,
Yaza bilməyəndə atım qələmi,
Gedib məzarımı mən özüm qazım.
Göz dikir əlimə bu söz aləmi,
Qayıt bu qapıdan, qoy hələ yazım!

***
Hər yetənə sirrim açma,
Tanıtma hər dilə məni.
Mən dünyanın dərd oğluyam,
Qorxutma dərd ilə məni.
Bulaqlar göz yaşım olsun,
Ulduzlar sirdaşım olsun.
Xəyalın yoldaşım olsun
Yola sal mərd ilə məni.
Kürdoğlunun ər dili var.
Nəğməsinin tər dili var
Gözlərində şər dili var
Öyrətmə şər dilə məni,
Qorxutma dərd ilə məni.

***
Bu dağdan küsdü kəkliyim,
Çağırdım, daşa gəlmədi.
Saz götürdüm, nəğmə qoşdum,
Avazım xoşa gəlmədi.
Həsrəti bağrımı dəldi,
Eşitdi, nazlanıb güldü
Gələndə də yalqız gəldi,
Könlümlə qoşa gəlmədi.
Kürdoğludan qaçan mələk,
Gözümdə qalsınmı dilək?
Baş ağardı Şahdağıtək
Bir arzum başa gəlmədi.

***
Bilməm niyə kor bayquşa dönmüş yenə baxtım,
Zülmət görər hər yanda, qızıl gündüzü görməz,
Qat-qat əkilib, şumlanıb alnım qəm əliylə,
Həmdəm gözü də bir daha şadlıq izi görməz.
Şerim üzə durmuş ki, sənəmlərdə vəfa yox,
Bağrımda qalanmış odu görməz, közü görməz.
Ağlar qəzəlimdən sorar əhvalımı yarım,
Röyama gələr, bir gəlib axır özü görməz.
Üzdən iraq olsun o gözəllər ki, üzümdə
Kürdoğlu qəmiylə yaralanmış sözü görməz.

***
İnsafdırmı şeh incisi düzülə
Həm qızılgül, həm də alaq üstünə?!
Qoşa gələr ifritə də, mələk də,
Dağ döşündə büllur bulaq üstünə.
Yad sözüylə niyə qırdın könlümü,
Dağ olurkən, su tökdün yağ üstünə.
Gözlərinə pərvanəydi xəyalım,
Küsdürmüsən, gəlməz çıraq üstünə.
Mən baxanda döndərirsən üzünü,
Dağ çəkirsən çəkdiyin dağ üstünə.
Xəzəl üstə şeir yazıb yolladım
Gözüm yaşı damdı varaq üstünə.
Doqqazını neçin döydü Kürdoğlu,
İtlər gəldi vaxtsız qonaq üstünə.

***
Bu ellicə-günnücə
Bu sünbülü dənnicə,
Əsl siyasətçidir.
Səni gördü sənnicə,
Məni gördü mənnicə.
Hərzə-hənək götürmür,
Kimlicədir, kimlicə.
Çox minilib deyəsən,
Bu sarğısı enlicə.
Kəbləyidir, hacıdır
İmanlıca, dinlicə.
Gəzir bütün aləmi
Səni gördü sənnicə,
Məni gördü mənnicə.

***
Bu dünyanın barmaq sayı mərdi var,
Onların da dünya-dünya dərdi var.
Səadətlə süslənən bir evdə də,
Sirr açılsa, qan ağlayar dər-divar.

***
Kürdoğlu köçdü dünyadan,
İncisi, almazı qaldı.
Yoxsul evin divarında
Qara geymiş sazı qaldı.
Süründü qəm yeyə-yeyə
Fəryadı ucaldı göyə.
Ölüm faraş gəldi deyə,
Bircə ondan razı qaldı.

***
Neyləyər zülmət mənə, ölkəm nur ölkəsidir,
İblisə güvənənlər axır diz çökəsidir.
Döyüşdə şəhid olan gözəl şəfqət bacısı
Yenilməz ordumuzun zəfər məlakəsidir.

***
Bağrımı yeyən də söz,
Qəddimi əyən də söz.
İldırım saçılarmış
Baş-başa dəyəndə söz.
Söz yandırıb-yaxır da,
Şimşək kimi çaxır da.
Saqqıza dönən sözü
Tüpürərlər axırda.
***
Bulud yox göylərdə qış ayaz gəlir,
Ulduzla bəzənib xoş avaz gəlir.
Gəl soruş halını qoca şairin,
Sən bizə gələndə qışa yaz gəlir.

***
Dağıldı qoynundan elim dağların,
Əlinə yetişmir əlim dağların.
Tanrı dərgahından budur diləyim:
Dizinə baş qoyub ölüm dağların.

***
Göz dikər yoluma çeşmələr mənim,
Dərdimə dağ mələr, daş mələr mənim.
Həsrətin, hicranın qara tikanı
Yüz yerdən bağrımı deşmələr mənim.

***
Qara xəbərimlə yel ağlar gedər,
Aylar qara geyər, il ağlar gedər.
Gün gələr, qədrimi bilər zəmanə,
Gələr qəbrim üstə el ağlar gedər.

***
Dünyanın bir belə ki, erməni murdarlığı var,
Yaxşı ki, yer üzünün indiyədək varlığı var.

***
Xocalı qanla yazılmış cahanın yaddaşına,
Söyləyin, hansı faşistin belə qəddarlığı var?!
İblisi lənət ilə guya ki, qovduq, getdi,
Nə biləydik ki, onun Hayk ilə simsarlığı var.
Ayılardan dayılar tutmuş, əzəldən bu donuz,
Bu səbəbdən Qarabağda yenə muxtarlığı var.
Taleyin qəhri budur ki, qapıbir qonşumuzun
Belə nankorluğu, xainliyi, barbarlığı var.
Köçüb aləm, ona qalsaydı Süleyman mülkü,
Erməni aləmə sığmazdı ki, bəs darlığı var.
Zərbi dünyanı yıxar səbri böyük millətimin,
İstəmir qanlar axa, sanma ki, naçarlığı var.

***
Mələk dediyimi şahmar eylədi,
Ülvi sandığımı murdar eylədi.
Bu dünya mülkünün divarı çöksün,
Məni qəm altında divar eylədi.

***
Bahardan ayrılıb qışa düşmüşəm,
60-da dünyanı başa düşmüşəm.
Uçuq divarında köhnə dünyanın
Bir şeir şəkliyəm, daşa düşmüşəm.

***
Yaşadım sən mənə dilbər olanda,
Eşqim düzüm-düzüm gövhər olanda.
Bir də gələcəyəm bu Yer üzünə,
Ağıl bu dünyaya rəhbər olanda.

***
Dağdan əsib keçən mehə bənzərik,
Şimşəkdən buludda zehə bənzərik.
Gecələr çəməndə daş-qaşa dönən
Gündüzlər yox olan şehə bənzərik.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK