adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"XATİRƏLƏRMİŞ ÖMÜRDƏN ADAMA QALAN"

VAQİF YUSİFLİ
11143 | 2018-07-12 22:30

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

O, həkimdir. Otuz beş ildir ki, hər gün xəstələrlə baş-başa, üz-üzə, göz-gözədir. Xəstələrin ağırı da olur, yüngülü də, sağalmasına ümid olmayanda sözə qüvvət verir, heç olmasa, bir az yaşasın deyə. Sonra onların dərdi ürəyinə hopur, uzun müddət o xəstəni unuda bilmir.
Uşaqlıqdan şeirə, sənətə vurğunluğuyla tanınıb, ilk şeirlərini də məktəbliykən yazıb, amma heç kimə göstərməyib. Ədəbiyyat dərslərində fəallığı ilə seçilirdi və hamı elə bilirdi ki, Süleyman orta məktəbi bitirəndən sonra sənədlərini filologiya fakültəsinə verəcək, amma belə olmadı. Tibb institutuna daxil oldu. Şeirə həvəsi isə sönmədi, elə tələbə itkən ilk şeirləri işıq üzü gördü. İndi Süleyman həkim üç şeir kitabının müəllifidir, o, həm də sözün həkimi olmağa çalışır. Özü deyir ki, yanına gələn onlarla, yüzlərlə xəstəni sağaldır, amma şairlik çətindir.
Süleyman İsmayılın indi 60 yaşı var və bu ömrün ağrılı-acılı, sevinc və bahar müjdəli ayları, günləri onun şeirlərində əks olunub. Süleymanı xatirələr dünyasında ömrün-günün, yaşanılan anların, ayların, illərin nostalji hissləri də var, heç vaxt unutmadığı və unuda bilməyəcəyi, sanki bu gün yaşadığı duyğular da yer tapır. "Əlin üzüləndə hər şeydən, - sevincin bir olanda yay qış, deyirsən öz-özünə: "İlahi, nə yaxşı Dünyada xatirələr varmış". Bu xatirələr işığında dünyada hər şeyə sevinən bir körpə bir körpənin süd qoxulu təbəssümünü görürsən:

Dünyada hər şeyə sevinən körpəm,
Bu yerə, bu göyə sevinən körpəm,
Bu sevgi hardandı?
Gündüzə, gecəyə, günəşə, aya,
İstiyə, soyuğa, torpağa, muya,
Açan çiçəyə, solan yarpağa,
Yatmağa, durmağa,
Ağızda dişə, əldə barmağa
sevinən körpəm,
bu sevgi hardandı?

Süd qoxulu o körpənin sevincindən dünyanın Vaxt adlı əbədi, amma dəyişən mənzilinə düşürük. Vaxtın insan ömrünə nələr verdiyini, nələr aldığını öyrənmək istəyilə...

Vaxt-bizim düşmənimizdir,
Hər an əlimizdən sıxır.
Söyləməyə qorxduğumuz
Söztək dilimizdən çıxır.

Bulaq olur, çaya dönür,
Günə dönür, aya dönür,
Qışa dönür, yaya dönür,
Sonra ilimizdən çıxır.

Gəlirik-gedirik vaxtsız,
Dünya haqlı, bizsə haqsız.
Yanırıq odsuz-ocaqsız, -
Tüstü külümüzdən çıxır.

Süleyman İsmayılının xatirələr aləmində bizə tanış insanların portretini, cizgilərini, bəzən də dərdini, kədərini, nakamlığını görürük. Şeirləri ilə on minlərlə insanların qəlbinə köçən Əli Kərimin xəstəxana palatasında yaşadığı son günlər. Qəfil ölümün pəncəsinə ürcah olan Allahverdi Məmmədlinin son məktubu.
Süleymanın tələbəlik dostu Əlinin yoxluğu: "Sənsiz yer üzünün ilk yazı gəldi, Heç nə olmayıbmış,-oxudu quşlar".
Ömrün bu yaşından-altmışdan, ya əllidən, qırxdan ötən illərə qayıdanda unudulmayan sevgi xatirələri də dilə gəlir. Amma bu xatirələr heç vaxt öz təravətini itirmir. Hicran əzablarıyla, ayrılıq dəqiqələriylə, həsrət sənələriylə. Bu sevgi xatirələrindən payız qoxusu gəlir:

Biz niyə ayrıldıq üzü payıza?
Yalqızlıq udacaq, udacaq məni.
Alıb budağımdan bir yarpaq təki
Külək küçənizə atacaq məni.
Biz niyə ayrıldıq üzü payıza?
Anıb arayacaq gözlərim səni.
Hələ qış gələcək, qar da yağacaq,
Yalqız uzanacaq izlərin sənin.
Biz niyə ayrıldıq üzü payıza?
Yalqızlıq səni də udacaq bu qış.
Kimsəsiz görüncə dəcəl uşaqlar,
Səni qartopuna tutacaq bu qış.
Biz niyə ayrıldıq üzü payıza?
Son illərin sevgi şeirlərinin çoxunda hiss elədiyim budur ki, yaşanılmayan, qəlbən duyulmayan hisslər o şeirlərə "hopur".
Baxırsan, hər şey var - lap maraqlı görünən təşbeh də, metafora da. Amma sevginin özü yoxdu o şeirlərdə.
Mən bu fikri Süleyman İsmayılın şeirləri haqda deyə bilmərəm. İnsafən, onun sevgi şeirləri kənardan, kitablardan yox, ürəkdən, qandan gələn hisslərin, duyğuların bəhrəsidir.
Hətta eləsi var ki, onlar bəstəçi əlinə düşsə, mahnıya da çevrilər:

Dəryalarda heç üzmədi gəmimiz,
Bu dünyada biçilmədi zəmimiz.
Hər sevgidən şirin oldu qəmimiz,
Get gözəlim,
get əzizim,
get...
Mən bir körpə yolçusuydum bu yolun,
Bu dünyada səyyar idi xəyalım.
Nə biləydim sevda yolu su yolu,-
Get gözəlim,
get əzizim,
get.

Süleyman İsmayıl da səsini şair dostlarının səsinə qatır, doxsanıncı illər, 20 yanvar hadisələri, Qarabağ dərdi onun da şeirlərində öz əksini tapır. Bu şeirlərin hamısını birləşdirən "Vətənini sevən can verər ona" çağırışıdır. 1992-ci ildə Şuşada həlak olmuş igid döyüşçü H. Həmidovun ölümünə yazılmış "Rekviyem" şeiri mənim fikrimcə, Süleyman İsmayılın ən urvatlı, poetik cəhətdən sanballı şeirlərindən biridir. Anasının fəryadı üzərində yazılan bu şeirdə Vətən, Ana, Oğul, Qarabağ sözləri yan-yana düzülür, ölümün, igidliyin ölümsüzlüyünü təsdiq edir:

Ana ağı deyirdi: -
-Vətənini sevən oğlum,
Vətəniyçün ölən oğlum,
Vətənin daşa dönsün!...
Bayılırdı, ayılırdı,
Yenə ağı deyirdi:
-Bu dünyanın ən ölməli
Yeri Qarabağdı, - deyirdi.

Süleyman İsmayılın "Ötən ilin buludları" şeirlər kitabı anasına həsr etdiyi şeirlə başlayır, kitabın sonundakı şeir də anasının xatirəsiylə bitir. Anasını ruhən yaşadan şeirlərdi. "Bir ömrü şam kimi yandın, İndi mənəm yanan, ana. Ağlaram, dilimdə adın, Atam ana, anam ana".
Süleyman həkimin bu il 60 yaşı tamam olur. Fevralın girəcəyində. Masallı rayonunun Şərəfə kəndində, bir ziyalı ailəsində dünyaya gələn Süleyman bu altmış ildə öz peşəsinə həmişə sadiq qalıb, şeirlərində də Şair kimi sözün həkimi olmağa can atıb. Və əlbəttə, söz də onun həkimidi, ona mənəvi bir dünya bağışlayıb SÖZ.

TƏQVİM / ARXİV