ANA SƏHİFƏ / Layihə

ÖLÜMSÜZLÜYÜN ÜNVANI

1732    |   2018-07-12 22:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Şəhidlər Xiyabanında etdiyimiz söhbət

Hər dəfə ötən əsrə, daha doğrusu, Qarabağ hadisələrinin başladığı tarixə dönəndə mənə elə gəlir ki, dərdlərim də yenidən doğulmağa başlayır... Mənə elə gəlir ki, içimdəki nisgil də, ağrı-acı da, göz yaşı da, hətta burnumun ucunu göynədən torpaq həsrəti də yenidən cücərir. Bax, onda əllərimlə üz-gözümü qapayıram. İmkanım olsa başımı da balıncın altında gizlədərəm... Ona görə ki, bütün bu yaşananların yenidən başlanmasını, yenidən həmin o faciələrin anbaan şaxələnməsini istəmirəm. Doğrudur, bəzən deyirlər ki, yenidən doğulsam həyatı tamam fərqli yaşayardım, başqa arzuların, başqa ideyaların dalınca gedərdim. Vallah, mən əlimi ürəyimin üstünə qoyub deyirəm və demişəm: heç yenidən doğulmaq istəmirəm. Çünki lənətlənmiş bu dünyada yaxşı heç nə görməmişəm və görmürəm də. İnamım da yoxdu ki, əgər mən yenidən doğulsam dünyada nə isə müsbətə doğru dəyişmiş olsun. Çünki bu dünyanın mayası xarabdı. Bu dünyanın tarazlığı elə pozulub ki, Tanrının "ol!" deyib yaratdığı insanları bu dünyanı elə günə qoyublar ki, Məmməd Araz demişkən, "düzələn dünya deyil". Əgər haqsız haqlı sayılırsa, puluna, malına, gücünə, nüfuzuna, imtiyazlarına görə, onda bu dünya düzələr? Oğru doğruya məsləhət verirsə, özünü nümunə göstərirsə, onda bu dünya düzülər? Vallah, düzəlməz, billah düzəlməz. Amma...
İçimizdə dünyanın guya ki, "düz" dövrü var idi. Və hamımız da təbii ki, işi-gücü torpaq, dəzgah, pambıq, heyvandarlıq, oğul-uşaq saxlamaq, böyütmək, ərsəyə çatdırmaq olanlar düşünürdülər ki, elə indi də düşünürlər ki, onda "qurd quzuyla otlayırdı", hər kəs öz haqqını alırdı, hər kəs öz yerini bilirdi... Və arqument də onu gətirirdilər ki, Sovet dövləti fəhlənin, kəndlinin, kasıbın, fəqir-füqaranın dövlətidi. O sahib çıxırdı əliqabarlıya. İndi də elə mənim atam da, anam da, yaşda məndən böyüklər də o günün həsrətiylə yaşayırlar. Və deyirlər ki, Qorbaçov olmasaydı o dövlət erməniləri qudurtmazdı... o dövlət əlsiz-ayaqsızı, imkansızı sahibsiz buraxmazdı...
Bəli, bütün bunları bilgisayara diktə edə-edə anamdan, atamdan soruşub cavabını tam ala bilmədiyim sualı içimdə təkrarlayıram. Məgər o hökumətin zamanında qudurmamışdı ermənilər? Məgər onda başlamamışdı Göyçə mahalından, İrəvandan departasiyalar? Bəs hara baxırda o Sovet hökuməti? Elə indi xatırlamağa məcbur olduğum tarixin özü - 1988-ci il məgər Sovet hökuməti deyildi onda? Bax, elə onda həyatın nə olduğunu, yaşamın nə olduğunu, arzuların nə olduğunu düşünən, bununla yaşayan, buna can atan Cəmil müəllimlə Firuzə xanım məgər Göyçə mahalının Nərimanlı kəndində yaşamırdılar?
Mən bu sualları içimdən elə-belə keçirmirəm. Çünki üç gün öncə 1992-ci ilin avqust ayının 27-də həmin Cəmil müəllimlə Firuzə xanım ciyərparalarını - Şövqüyar Abdullayevi itirdilər. Bax, elə burda, sözümün mürəkkəbi qurumamış deyim ki, onlar oğullarını cismən itirdilər. Əvəzində isə Azərbaycanın Milli Qəhrəmanı Şövqüyar Abdullayevi qazandılar! Adını Şəhidliyin zirvəsinə ucaldan, Azərbaycanın qəhrəmanlıq və hərb tarixinə yazan Şövqüyar Cəmil oğlu Abdullayevi. Onda Şövqüyarın 23 yaşı var idi. Könüllü şəkildə ali təhsil alıb mühəndis olacağı universitetin 4-cü kursundan yollanmışdı cəbhəyə. Tank komandiri idi. Sovet ordusunda xidmətini Monqolıstanda keçirmişdi. Əsgərliyin nə olduğunu az-çox bilirdi. Amma döyüş ruhunu, cəngavərlik, sərkərdəlik bacarığını anasının südüylə, ədəbiyyat müəllimi olan atasının verdiyi tərbiyədən almışdı. Hələ sevginin yuxusuz gecələrini yaşamamışdı... hələ sevgi məktublarını nə poçtla, nə də kitab arasında kiməsə göndərməmişdi. Bəlkə də var idi, amma içində idi. Dilində, hərəkətində bir sevgi var idi - o da Vətən! Çünki...
Cəmil müəllim Nərimanlı kəndində sayılan, seçilən bir ailənin başçısı, 8 uşağın atası və həm də bir kəndin ziyalısı, müəllimi idi. 2 qız, 6 oğul böyüdürdülər Firuzə xanımla birlikdə. Böyük oğlanları Vüqar və Elcan həyatda öz yollarını fərqli seçmişdilər, fərqli müəyyənləşdirmişdilər. Biri neft sahəsində çalışırdı, biri milli təhlükəsizlik. Vüqar müəllim bu gün də SOCAR-ın Özbəkistan nümayəndəliyində işləyir. Elcan müəllim isə ehtiyatda olan polkovnikdi.
Sonra dünyaya Şövqüyarla Aslan gəldi. Şövqüyar mühəndis olmağa qərar vermişdi, Aslan da həkim. İkisi də 4-cü kurs tələbəsi idilər və ikisi də könüllü olaraq cəbhəyə getdilər. Artıq 1-ci kursda olanda hadisələr başlanmışdı.
Bir gözləri televizorun ekranında, bir ayaqları Azadlıq meydanında, ürəkləri isə Nərimanlı kəndində.
Nələr baş verdiyini, bu prosesin nə ilə bitəcəyini öyrənməyə can atırdılar. Ona görə də dərslərdə də sona qədər otura bilmirdilər. Artıq Ermənistanla da əlaqələr də kəsilmişdi. Hər gün bir-birindən ağır, acı xəbərlər gəlirdi. Köç başlamışdı. Özü də məcburi, faciəli köç...
Bu da səngər

Tibb universitetinin 4-cü kursunda oxuyan Aslan universitetin həyətinə daxil olanda bir izdihamla qarşılaşdı. Tez kurs yoldaşlarına yaxınlaşdı. Məlum oldu ki, Qarabağda tibb işçisi kimi çalışmalı olan kadrlara ehtiyac var. Amma burda məcburiyyət yoxdur. Ancaq könüllülük əsasında götürürlər cəbhəyə getmək istəyənləri. Arıq, amma hamıdan çevik və cəld olan Aslan dostlarının üzünə baxdı. Sanki soruşmaq istəyirdi ki, getmək istəyəniniz var? Amma soruşmadı. Çünki bəziləri gözlərini gizlədilər, bəziləri üzlərini yana çevirdilər. Bax, o gözlərini gizlədənlər, üzlərin yana çevirənlər elə həmin gündən Aslanın dost səhifəsindən öz adlarını özləri sildilər. Aslan universitetin akt zalına tələsdi. Burda könüllüləri qeydə alırdılar. Yaxınlaşdı. Hərbi komissarlığın işçisi onun üzünə, boy-buxununa baxıb bir az təəccüblə:
- Siz də getmək istəyirsiniz? - deyə bir az təəccüblə soruşdu.
Aslan bunun nəyə təəccüb etdiyini anlasa da, büruzə vermədən can-cəsədini 10-15 dəfə böyük göstərə biləcək zəhmli bir səslə:
- Bəli, mənim də adımı yaz! - dedi.
Və komissarlığın işçisi səsdəki zəhmi elə bil göydə tutdu. Ona görə də tərəddüd etmədən tələsik yazdı: "Abdullayev Aslan Cəmil oğlu!"

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU,
Əməkdar jurnalist

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK