adalet.az header logo
  • Bakı 13°C
12 Iyul 2018 22:21
13011
ƏDƏBİYYAT
A- A+

MƏTBUATIMIZIN CANLI ARXİVİ

Azad Zülaloğlunu ötən əsrin 70-ci illərindən tanıyıram. Daha dəqiq desəm, onun özündən öncə "Azad Zülaloğlu" imzasına, müxtəlif janrda yazdığı yazılarına bələd olmuşam. Qələmə aldığı yazılarının yığcamlığı, lakonikliyi, şirinliyi, tənqidi məqalələrinin sərtliyi, ciddiliyi diqqətimi cəlb edib. Sonralar isə Baləminin sərgüzəştləri, lətifələri, deyimləri onun imzası ilə oxuculara təqdim olunub. Baləminin rolunu özü aparıb, deyimlərini xalq müdrikliyinin, hazırcavablığının aynasında süzgəcdən keçirib. Gülüb və güldürüb, təbəssüm bəxş edib, böyük mətləbləri bir neçə cümlədə ifadə edib, çoxlarının ürəyindən tikan çıxarıb.
Orta məktəbdə oxuduğum, mətbuat aləminə təzə-təzə qədəm qoyduğum, efirdə səsim eşidilən çağlarda Azad Zülaloğlunun imzası kifayət qədər tanınmışdı, təcrübəli radio jurnalisti kimi hörmət-nüfuz qazanmışdı, ictimaiyyətdə fəal vətəndaş mövqeyi əldə edə bilmişdi. Elə həmin illərdə taleyini həmişəlik cənub mirvarisi Lənkərana bağlayan Azad Zulaloğlu ilə yaxından tanış oldum və bu səmimiyyət sonradan bizim dostluğumuza çevrildi.
Azadın şəxsi həyatında və yaradıcılığında qibtə ediləsi və hər kəsə xas olmayan məqamlar çoxdur. O, yazıları çap olunan bütün qəzet və jurnalları, hətta, dostlarının da məqalələrini, kitablarını səliqə ilə arxivində mühafizə edib qoruyur. Bəzən bizə nə barədəsə bir yazı lazım olanda Azadı arayırıq. Cəfakeş dostumuz isə "xəsislik" etmədən dərhal istəyimizi yerinə yetirir. Elə bu keyfiyyətlərinə görə ona "Mətbuatımızın canlı arxivi" adını qoymuşuq. Qələmi özünə əbədi yol yoldaşı seçən Azad Zülaloğlunun yaradıcılığı çoxşaxəlidir. Bu sıraya məqalələr, oçerklər, hekayələr, miniatürlər, satirik şeir və bayatılar, lətifələr daxildir. Azadı ədəbi aləmə tanıtdıran isə daha çox onun süzgəcdən keçirib qələmə aldığı düzlu-məzəli lətifələridir. Bu lətifələrin kökü şifahi xalq yaradıcılığından qaynaqlansa da, müasir dövrümüzdə də onlar yaranır və bu janra müraciət edənlər az deyil.
Təsadüfi deyil ki, Azad el arasında "Baləmi" adı kimi tanınmış lənkəranlı Əyyub Məhərrəmovun söylədiklərini uzun illərdən bəri ipə-sapa düzür, həm də yaxından müşahidə etdiyi, görüb-götürdüyü hadisələrə, sərrast deyimlərə, məzəli əhvalatlara yeni məzmun verməklə, onları cilalayıb, müasirlikə əlaqələndirir, oxucuya lətifə kimi təqdim edir. Bir neçə il öncə o, həmin lətifələri "Gülürəm-güldürürəm" adlı kitabında oxuculara təqdim edib və deyim ki, həmin kitab qısa vaxt ərzində böyük rezonansa səbəb olub.
Oxuculardan aldığı çoxsaylı məktublar isə dostumuzu ikinci kitabının çapa hazırlanması barədə düşünməyə vadar edib. Əlbəttə, bu gün ömrünün 73-cü baharını yaşayan Azad Zülaloğlunun həyat və yaradıcılığı ilə bağlı çox mətləblərdən söz açmaq olar. Amma bir qəzet materialında bunu etmək heç cür mümkün deyil. Onsuz da adı və imzası yaxşı tanış olan qələm dostumuz barədə biz bu yazıda yalnız ürək sözlərimizi dilə gətirməyi qərara almışdıq. Ona əsas arzumuz birmənalıdır: qoy qələmi heç vaxt korşalmasın, azar-bezar ondan uzaq düşsün və ömrünün yüzüncü baharına qovuşsun! Vəssəlam!
Ağaddin BABAYEV,
yazıçı-publisist
Lənkəran şəhəri