adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyul 2018 22:13
13367
ƏDƏBİYYAT
A- A+

Veteranlara hörmətsizlik

Ciddi siqnal

Yazıma böyük sənətkar Şəhriyarın "Heydərbabaya salam" poemasından misralarla başlayıram.

Heydərbaba Dünya yaman Dünyadı,
Süleymandan, Nuhdan qalan Dünyadı.
Oğul doğan, dərdə salan Dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Dünya hər kimə nə verir onu da alır. Xoşbəxt o adamdır ki, ondan ad qalır. Çünki çox az adamdan ad qala bilər. Adamlar var sağdır, həyatda yaşayır, amma ölüdən fərqi yoxdur, insanlar var ölümündən neçə illər keçir, amma onun haqqında danışanda hamı sanki sağ adam haqqında danışır və boğazdan yuxarı danışmır, ürəkdən danışır. O insanlar xoşbəxt insanlardır.
Qədim Şərq fəlsəfəsində belə bir deyim var: "Özünü dərk et! Onda Allahı və bütün kainatı dərk etmiş olarsan". İnsan kimliyindən asılı olmayaraq ? istər alim olsun, istər ən yüksək vəzifə sahibi, istərsə də adi xidmət sahəsində çalışsın. Gərək bu qismət payını ona verən Allahı, yüksək vəzifəyə təyin eliyən rəhbəri, onun tapşırıq və göstərişlərini daim yadda saxlasın. Ölkə prezidenti dəfələrlə bəyan edib ki, məmurlar xalqa xidmət etməlidirlər. Bu onların birinci dərəcəli borcudur, vəzifəsidir. Gözəlliyin ən yüksək zirvəsi insandır. O, cəmiyyətin, ictimai həyatın yetişdirməsidir. Hər bir rəhbər şəxs idarə etdiyi, dövlətin ona etibar edib tapşırdığı sahədə insanlara yüksək xidmət göstərməyi bacarmalıdır.
İki dövrü yaşayan insan gördüyü hadisələri daha real, düzgün müqayisə edə bilir. Mən də iki dövrü (Sovet dövrü və indiki dövrü) yaşayan peşəkar jurnalist kimi bu yazıda etik normalara əməl edərək, kimsənin şəxsiyyətinə toxunmadan keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü və mətbuatda gedən yazılarıma görə "Qızıl qələm" mükafatı alan şəxs kimi Azərbaycanda tanınan, adı hörmətlə çəkilən böyük bir tibb ocağı haqqında hər şeyi gördüyüm kimi sizə çatdıracağam. Bunu özümün peşə və insanlıq borcu sayıram.
Söhbət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərdəkan qəsəbəsində yerləşən Müharibə Veteranlarının Respublika xəstəxanasından gedir.
Deyirlər hər bir xalqın, millətin və ölkənin yaşaması və inkişafı üçün üç sənət sahəsi çox vacibdir. Təhsil, tibb və hüquq. Cəmiyyətin təhsili yüksək səviyyədədirsə, insanların sağlamlığı keşiyində layiqincə dayanılırsa, ölkəni qanunlar idarə edirsə, belə cəmiyyət nümunəvi sayıla bilər. Bütün zamanlarda Dünyanın hər yerində insanlar üçün cansağlığı ən əziz nemət sayılıb. İnsanlar daim xəstəliklərlə mübarizə aparıblar. Allah min dərd veribsə, min bir də dərman verib. Bəşər övladı dəfələrlə dərman edənlərə də Dünyanın ən əziz, ən sevimli, ən ali sözlərini verib: loğman, təbib, həkim... Xalq hər zaman dərdlərə məlhəm qoyan belə insanları unutmur. Nəsilbənəsil belə təbiblərin adları və əməlləri yaşayır, hamıya örnək olur.
Müharibə Veteranları Xəstəxanası! Müharibə sözünün ölüm, faciə, kabus, işgəncə, zülm və səfalət olduğunu onu yaşayanlar da, görənlər də, eşidənlər də yaxşı anlayırlar. Bu bir kəlmə sözün arxasında nə qədər dərd, kədər, faciə var. Müharibə? Bu, sədası indi də qulaqlarda səslənən Buxenvald harayıdır. Bu, faciəsi ürəklər ağrıdan xatındır, yerlə-yeksan olmuş yüzlərlə kənd, şəhərdir. Bu, insanları daim ayıq-sayıq olmağa səsləyən xrosimadır, naqasakidir. Bu, vətən yolunda şəhid olmuş 20 milyondan çox sovet adamıdır. Bəli, müharibənin vurduğu maddi ziyanı, insan itkisini hesablamaq, rəqəmlərlə ifadə etmək mümkündür. Bəs anaların axıtdıqları göz yaşlarının miqdarını, ata üzü görməyən körpələrin həsrətlərini, könülləri göynədən ağrını-acını nəylə ölçmək olar?! Necə hesablamaq olar?!
Bəli, müharibə yer üzündəki fəlakətlərin hamısından ağırdır.
Bir ovuc müharibə qızışdıranların ucbatından bu gün də dünya çalxanır, od, alov içində yanır. Elə ölkəmiz indi də müharibə şəraitindədir. İyirmi altı ildir torpaqlarımız düşmən tapdağı altındadır. Bir milyondan artıq vətəndaşlarımız doğma torpağından didərgin düşüb ölməmək üçün sığınacaqlarda, tikintisi yarımçıq qalmış binalarda, yataqxanalarda, uşaq bağçalarının küncündə yaşayırlar. Minlərlə cəngavər oğlanlarımız şəhid olub, ömürlük şikəst qalıblar.
Deyirlər ki, zaman bütün dərdlərin dərmanıdır. İllər keçir, bütün dərdlər unudulur, yaralar sağalır. Lakin müharibənin vurduğu yaralar sağalmır. Nəsildən-nəsilə ötürülür.
Əziz oxucu, sizi mətləbdən uzaqlaşdırmaq fikrində deyiləm. Mərdəkan qəsəbəsindəki müharibə veteranları respublika xəstəxanasında istər Böyük Vətən müharibəsi, istər Qarabağ müharibəsi iştirakçıları və veteranlarına göstərilən xidməti ancaq onlara hörmətsizlik və təhqir kimi başa düşmək olar. Hələ keçmişdə Mircəfər Bağırovun ölkəyə rəhbərlik etdiyi dövrdə o vaxtlar Nazirlər Sovetinin sədri işləmiş Teymur Quluyevin istirahət məkanı olan bu böyük ərazini indi də yaşlı sakinlər Teymur Quluyev xəstəxanası kimi tanıyırlar. Sovet dönəmində bura respublika mərkəzi komitəsinin pansianatı kimi fəaliyyət göstərib, həm də yüksək səviyyədə. Sonralar müharibə veteranlarına hörmət əlaməti olaraq buranı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müharibə veteranları xəstəxanası adlandırıb. Xəstəxananın möhür və ştampında müharibə veteranları xəstəxanası yazılsa da, girəcəkdə vurulmuş lövhəyə sonradan əmək veteranları sözləri də əlavə edilmişdir.
Buranın hektarlarla ərazisi, iş görmək üçün əlverişli şəraiti var. Amma səhiyyə nazirliyinin gözündən uzaqdır. Hər biri 4 mərtəbə olan bu tibb ocağı 2 korpusdan ibarətdir. Əlavə nə qədər yardımçı binalar var. Qiymətli avadanlıqlar çürüyüb gedir. Sanki düşmən malıdır. İllərlə çəkilmiş zəhmətin sayəsində böyümüş ağaclar dil açıb demək istəyir ki, biz sizə yaşatmaq üçün təmiz oksigen veririk, kölgəmizdə oturursunuz, sizsə yezid kimi bizə su vermirsiniz.
Yuxarıda dediyim kimi 2 korpusdan ibarət olan bu binaların içində oturmaq mümkün deyil, divarların suvağı insanın başına, sifətinə tökülür. Baş həkimin və müavininin oturduqları otaqların korpusu elə bir bərbad vəziyyətdədir ki, burada qalan adamlar ancaq yatmaq vaxtı otaqlara gedib qorxa-qorxa yatırlar. Bu cür böyük ərazidə bir dənə su kranı yoxdur ki, insanlar istifadə etsinlər.
Çarhovuz sanki, veteranlara göz dağı üçün düzəldilib. Bakı Slavyan Universitetinin müəllimi Möhsüm Möhsümov deyir ki, keçən il bir neçə balıq gətirib hovuza buraxdım ki, insanlar az da olsa zövq alsınlar. Bir müddətdən sonra gələndə heç nə görmədim.
Baş həkim deyir ki, buranın bərbad vəziyyəti barədə respublika səhiyyə nazirliyinə dəfələrlə müraciət etmişəm, ancaq əhəmiyyət verən yoxdur. 2017-ci ilə kimi müalicə üçün gələn veteranlara dərman preparatları dövlətin hesabına verilirdi. İki ildir ki, bu təminat da dayandırılıb. Bu, müharibə veteranlarına təhqir və tobalatmadı. Mən uzun illər mətbuatda çalışan şəxs kimi nə qədər fikirləşib bu cür harınlamış məmurlara mümkün olmasa da haqq qazandırmağa çalışsam da vicdanım məni bu cür yol tutmağa qoymadı. Axırda bu qənaətə gəldim ki, görünür hansısa gözəgörünməz qüvvənin girdabına düşmüş bu sahənin rəhbərləri, başda oturanları ya müharibəyə gedib ana-bacılarımızı, torpağımızı qoruyarkən düşmən gülləsinə tuş gələnlərə demək istəyirlər ki, ağlın vardı getməyəydin. İndi get həkimin faiz aldığı aptekdən dərman preparatlarını al, ya da hansısa haramlıqla pul yığmış kimsə başda oturanlarla razılaşıb ki, qoy bura tamam uçub dağılsın, sonra hərraca çıxarılanda alaram. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Əgər belə deyilsə onda respublika səhiyyə nazirliyinin rəhbərləri öz fikirlərini bildirsinlər.
İnsafən desək Azərbaycan səhiyyəsinin inkişafı yolunda atılan addımlar, həyata keçirilən islahatlar nəticəsində tibb sahəsində ciddi nailiyyətlər qazanılmış, sağlamlıq ocaqlarının fəaliyyəti günün tələbləri səviyyəsinə yüksəlmişdir. Bu uğurlarda səhiyyə sahəsində çalışanların, tibb işçilərinin əməyi müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, ölkəmizdə tibbi kadrların hazırlanması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi sahəsində zəngin təcrübə, geniş baza mövcuddur. Dünya yaranan gündən insan övladının kimliyindən, vəzifəsindən asılı olmayaraq hər zaman təbibə, loğmana ehtiyacı olub, elə bir insan olmayıb ki, həkimsiz ötüşə bilsin. Uca Allahdan sonra yer üzündəki canlıları xəstəliklərdən İbn Sinanı, Hippokratın varisləri olan həkimlər xilas edə bilər.
Tibb elmi xeyirxahlıq deyilən bəşəri bir məqsədə xidmət edir. O həm də insanların pozulmuş səhhətini bərpa edən xilaskarlıq sənəti, həyat elmidir. Əbəs yerə deməyiblər ki, həkim insanlara verilən əlavə ömrün müəllifidir.
Adıçəkilən bu tibb ocağında yaxşı həkimlər, tibb işçiləri çoxdur. Burada çalışan həkimlərdən tutmuş bütün texniki işçilər, yeməkxanada xidmət edənlər hamısı öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir, veteranlara qayğı ilə yanaşırlar. Məsələn, yeməkxanaya nə verirlərsə, aşpaz da onu bişirir. Qalan sıravi işçilər də onun kimi. Böyük potensiala malik olan, müharibə və əmək veteranlarına xidmət edən bu tibb ocağının adına layiq işləməsi, burada əsaslı surətdə iş aparılması yalnız və yalnız Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyevdən asılıdır. O, bir nazir kimi bilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda yerləşdiyi binanı xeyriyyəçi Musa Nağıyev tikdirib. Bakı şəhərindəki arxitektura cəhətdən ən gözəl, yaraşıqlı binalar o cür qeyrətli kişilərin hesabına başa gəlib. Qəribədir, hər gün televiziya kanallarında eşidirik ki, ölkə prezidenti avtomobil yollarının çəkilməsi üçün büdcədən milyonlarla vəsait ayırıb. Məgər insanların, həm də müharibədə can qoyanların sağlamlığının bərpa olunması üçün fəaliyyət göstərən bu müəssisəyə də vəsait ayırmaq olmazmı? Əlbəttə olar. Gərək səhiyyə naziri prezidentin qarşısında məsələ qaldırsın. Mən bu yazıda çox sahələrə bilərəkdən toxunmadım. Yazılanlara görə isə respublika səhiyyə nazirliyinin bu sahəyə baxan rəhbər işçiləri ilə üz-üzə oturub danışmağa hazıram.
Səhiyyə naziri Oktay Şirəliyev isə birinci korpusun birinci mərtəbəsinin foyesində iri hərflərlə yazılmış, nazirin özünün də həmişə qeyd etdiyi Ulu Öndər, Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin "Müharibə və Əmək Veteranları Azərbaycanın hörmətli, mötəbər insanlarıdır!" kəlamına necə əməl etdiyini fikirləşməlidir.