ANA SƏHİFƏ / GÜNDƏM

Ömrün müdriklik çağı

2563    |   2018-07-13 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Onu 1975-ci ildən tanıyıram. Göyçay şəhər avtovağzalında tanış olmuşduq.
Onlarla müəllim hər səhər vağzaldan avtobusla kənd məktəblərinə yola düşərdi. Şəhərdən kəndə gedən müəllimlərin əksəriyyətini gənclər təşkil edirdi. Bizi hələ ali məktəb illərindən tanıdığım, dostlaşdığım Söhrab müəllim tanış etdi: (Söhrab Çaxırlı kənd orta məktəbində ingilis dili müəllimi işləyirdi)
-Tanış ol, qonşumdur, adı Xəlildir, Şıxbəy kənd məktəbində fizika müəllimi işləyir, pedaqoji institutu bu il bitirib.
Bir qədər susduqdan sonra əlavə etdi:
- İdmanla məşğul olur, güləşçidir. Mənə baxma, o, zarafatı xoşlamır.
Sonra məni Xəlilə təqdim edib:
- Ədəbiyyat müəllimidir, Alxasava kəndində işləyir, - dedi.
Ara-sıra rastlaşır, rəsmi şəkildə salamlaşırdıq. Ciddi görkəmi onu yaşından böyük göstərirdi. Bir dəfə avtovağzala gələndə bir dəstə gənc müəllimin qızğın söhbətinin şahidi oldum. Xəlil müəllim coşğunluqla fizikanın hansısa qanunundan danışırdı. Yaddaşım məni aldatmırsa, Bor postulatlarını izah edirdi. Mən Söhrabdan soruşdum, məgər bu qulaq asanlar hamısı fizikdir?
- Yox, ayrı-ayrı ixtisas sahibləridir, amma belə getsə Xəlil hamını fizik edəcək, - deyə Söhrab cavab verdi.
Söhbətə zarafat qatmaq üçün dedim:
-Məgər, bu belə vacibdir? Xəlil diqqətlə mənə baxıb:
-Bəli, vacibdir, - dedi. Söhbəti davam etdirmək istəsəm də fikrimdən daşındım.
Görünür ilk tanışlığımız zamanı Söhrabın dediyi "zarafatı xoşlamır" sözlərinin də təsiri olmuşdu.
Mən 1976-cı ildə iş yerimi Qarabağlar kənd orta məktəbinə dəyişdim. 1977-ci ildə Xəlil müəllim də həmin məktəbə işləməyə gəldi. Ünsiyyətimiz möhkəmləndi, tez bir zamanda dostluğa çevrildi.
Bir yerdə işlədiyimiz zaman gördüm ki, Xəlil müəllimin güclü yumor hissi var və duzlu, ölçülü-biçili zarafatı xoşlayır. Söhrab müəllimin mənə dediyi "Xəlil müəllim zarafatı sevmir" sözləri isə Söhrabın mənimlə etdiyi növbəti zarafat imiş.
1980-ci illərin əvvəlləri idi. Xəlil müəllim "Jiquli" markalı maşın almışdı. Həmin maşınla Bakıya toya getmişdik. Gecəni qalası olduq. Səhər tezdən şəhərdən çıxdıq. Səhər saat 10-da məktəbdə olmalı idik. Odur ki, Xəlil müəllim maşını bir az bərk sürürdü. Acıdərə yaxınlığında Dövlət Avtomobil Müfəttişliyinin işçiləri maşını saxladılar. Orta yaşlarında bir kapitan Xəlildən maşının sənədlərini istədi. Səbəbini soruşduqda:
- Maşını bərk sürmüsən, qaydanı pozmusan, - dedi Kapitan.
Xəlil cavabında:
- Mənə qaydanı pozmaq olar,-dedi. Kapitan:
- Niyə sənə qaydanı pozmaq olar? Xəlilin cavabı ləngimədi:
- Bilirsiniz, mən müəlliməm. Toyda, yasda özümü yaxşı aparmalıyam. Sinifdə məsələləri düz həll etməliyəm. Səhv etməyə ixtiyarım yoxdur. Küçədə, qonşular arasında nümunəvi olmalıyam. Tutaq ki, ölüb o dünyaya getdim. İnkirlə münkir məni sorğu-suala tutdular, gördülər ki, heç bir günahım yoxdur. İnkir savab əməllərimi yazdı, münkir isə yazmağa heç bir günah tapmadı. Bəs indi mən neyləyim? Səhv etməyə bir yer tapa bilmirəm. Mənə bircə bura, bu yol qalır, mən də qərara gəlmişəm səhvlərimi yolda maşın sürəndə edim".
Kapitan şaqqanaq çəkib dedi:
-Müəllim, çıxın gedin, nə qədər mən bu yoldayam, istədiyin qədər hərəkət qaydalarını poza bilərsən.
Onun məktəbə gəlişi ilə fizika şagirdlərin sevimli fənninə çevrildi. Tənəffüslərdə belə şagirdlər onun ətrafına toplaşır, onları maraqlandıran suallarla müraciət edərdilər. Xəlil müəllim isə səbrlə, təmkinlə bu sualları cavablandırar, bu barədə əlavə kitablar oxumağı tövsiyə edərdi. Qısa bir zamanda məktəbdə fizika kabineti yaratdı. O, həmin kabineti demək olar ki, hər gün zənginləşdirirdi. Rayonun və qonşu rayonların məktəbləri ilə əlaqə saxlayan Xəlil müəllim qabaqcıl təcrubəni inadla öyrənir, onu daha da təkmilləşdirir və öz işində tətbiq edirdi. O, bütün dərslərində əyanilikdən bacarıqla istifadə edirdi. Fizikadan apardığı praktik işlər şagirdlər tərəfindən böyük maraqla qarşılanırdı. Nəzəri biliklərlə təcrübənin vəhdətindən ibarət idi onun dərsləri. Həmişə deyirdi ki, fizika fənnini yalnız düsturlarla, nəzəri biliklərlə şagirdlərə sevdirmək olmaz. Bu gün də həmin fikirdədir Xəlil müəllim. O, şagirdlərə yalnız dərs zamanı bilik verməklə kifayətlənmirdi, onun şagirdlərə bilik vermək missiyası 45 dəqiqə ilə məhdudlaşmırdı. İctimai əsaslarla apardığı fizika dərnəyinin, keçirdiyi fənn gecələrinin sorağı bütün rayona yayılmışdı. Sinif rəhbəri kimi də fəaliyyəti çoxları üçün nümunə idi. Şagirdlərin problemləri, ailə vəziyyəti ilə maraqlanar, tez-tez valdeynlərlə görüşər, söhbətlər aparardı. Bu söhbətlər isə həmişə öz müsbət nəticəsini göstərərdi.
Bir neçə ildən sonra onun dərs dediyi şagirdlər fənn olimpiyadalarının rayon turunda uğurla çıxış etməyə başladılar. Bu isə gərgin zəhmətin, fədakar əməyin, şagirdlərə olan böyük qayğının nəticəsi idi.
Xəlil Rəsul oğlu Orucovun uğurları diqqətdən kənarda qalmadı. O, 1983-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Baş müəllim" fəxri adına layiq görüldü, dəfələrlə rayon təhsil şöbəsinin fəxri fərmanları ilə tərtif edildi. Qarabağlar kənd orta məktəbində işləyərkən məktəb həmkarlar təşkilatının sədri kimi fəal ictimai iş aparırdı. Məktəbin veteran müəllimlərinin ad günlərinin qeyd edilməsini təşkil edir, məktəbin qabaqcıl müəllimlərinin iş təcrübəsinin öyrənilib məktəb və rayon daxilində yayılması ilə əlaqədar səmərəli işlər görür, müalicəyə və istirahətə ehtiyacı olan müəllimlərə Təhsil işçiləri Həmkarlar itiffaqının rayon komitəsindən göndərişlər alınmasına çalışırdı. 1987-ci ilin fevral ayında o, Göyçay Rayon Təhsil şöbəsinə məktəb inspektoru vəzifəsinə irəli çəkirdi. Tale elə gətirib ki, mən də onunla eyni vaxtda təhsil şöbəsinə eyni vəzifəyə təyin olundum və onun həmin vəzifədə necə işlədiyini yaxından müşahidə etmək fürsəti əldə etdim.
Bölgü əsasında o, təxminən 13-14 məktəbin fəaliyyətinə nəzarət edirdi. Xəlil müəllim ona tapşırılan məktəblərə nəzarət etməklə, həmin məktəblərin fəaliyyyəti barədə arayışlar, hesabatlar hazırlamaqla kifayətlənmir, həm də məktəb rəhbərliyinə metodiki kömək göstərir, problemlərin həllinə yönəldilmiş işlər aparır, çox vaxt da buna nail olurdu.
Təhsil Nazirliyi tərəfindən keçrilən attestasiya zamanı Xəlil Orucov 1994-cu ildə " Ali kateqoriyalı müəllim" adına layiq görüldü.
2002-ci ildə Xəlil müəllim Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor vəzifəsinə təyin edildi. Burada onun yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti bir daha üzə çıxdı. O, direktor təyin olunarkən kollecin cəmi 147 nəfər tələbəsi vardı və onlar 4 ixtisas üzrə təhsil alırdılar. Xəlil müəllimin səyi nəticəsində ixtisasların sayı artırıldı, yeni şöbələr açıldı. İndi kollecdə 11 ixtisas üzrə 1000-dən çox tələbə təhsil alır.
Kollecin tələbələri ixtisaslara dərindən yiyələnməklə yanaşı, rayonun ictimai işlərində, tədbirlərdə yaxından iştirak edirlər. Kollecdə yaradılan Tələbə Elmi Cəmiyyəti qabaqcıl, istedadlı tələbələrin potensialının aşkara çıxmasına şərait yaradır. Kollecin məzunlarının xeyli hissəsi ixtisasları üzrə ali təsil müəssisələrinə qəbul olunur.
Belə səmərəli fəaliyyətinə, fədakar əməyinə görə Xəlil Orucova 2006-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsil əlaçısı" adına layiq görülmüş, 2011-ci ildə isə ona Respublika Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmışdir.
Xəlil müəllimin bütün uğurları təhsil işçiləri, ziyalıları, ümümiyyətlə rayon ictimaiyyəti tərəfindən sevinc və razılıqla qarşılanmışdır. Çünki o, yaxşı müəllim, ziyalı, gözəl ailə başçısı və etibarlı dostdur. Xəlil müəllim haqqında mətbuatda çox yazılıb. Hələ Qarabağlar kənd orta məktəbində işləyərkən həm onun haqqında "Sinif rəhbəri" adlı yazımla mətbuatda çıxış etmişdim. Tanınmış publisist Məzahir Əhmədzadənin onun haqqında "İmla qonaqlığı" adlı maraqlı bir yazısı "Ədalət" qəzetində dərc olunmuşdur.
Xəlil müəllimin 65 yaşı tamam olub. O, ömrünün müdriklik çağlarını yaşayır. Gənclik çağlarındakı coşqunluq, peşəsinə olan sonsuz həvəs, məsuliyyət və cavahdehlik hissi ilə çalışır Xəlil müəllim. Ona uğurlar arzulayır və deyirəm:
Qazandığın nailiyyətlər, insanların hörməti və ehtiramı sənə halaldır.




SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK