adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyul 2018 18:43
13449
HADİSƏ
A- A+

Gəncə hadisələrinə görə 9 nəfər həbs olundu - RƏSMİ AÇIQLAMA

Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq,Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Adalet.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, bu gün, iyulun 12-də Azərbaycanın Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov , daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyib.

Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra Baş prokuror Zakir Qaralov , daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak edib. Onlar, Azərbaycan Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.