adalet.az header logo
  • Bakı 13°C
12 Iyul 2018 13:07
18581
ƏDƏBİYYAT
A- A+

Yanına gələcəm..

Yanına gələcəm..

Yanına gələcəm qərib bir axşam,

sadəcə, sən hər gün yolumu gözlə.

Gələcəm sakitcə, bəlkə də,

sənin çoxdan gözlədiyin bir kəlmə sözlə.


Payız axşamında gələcəm, bəlkə,

bir leysan yağışda islansın tənim.

Titrək addımlarla, gözlərimdə nəm,

gəlib dayanacam qapında sənin.


İsti otağına nəzər salacam,

Deyəcəm, narahat etdim, bağışla.

Sənin toxunduğun doğma əşyalar,

Məni salamlayar kövrək baxışla.


Sənə söyləyəcək cox sözüm varkən,

Nitqim quruyacaq, sözlər itəcək.

Beləcə sübhədək susub duracam,

Səhər açılacaq, nağıl bitəcək...


Yanına gələcəm bir qərib axşam,

Sadəcə, sən hər gün yolumu gözlə.

Gələcəm sakitcə, bəlkə də,

sənin çoxdan gözlədiyin bir kəlmə sözlə..


Qadın

Saçının hər teli sığala həsrət‚

Saçını həsrətlə darayan qadın.

Alıb ümidini gedən adamı‚

Gələn qaraltıda arayan qadın.


Verirsən yuxunu nəzir gecələr,

Ruhun otaq-otaq gəzir gecələr‚

Yatağın boş yeri küsür gecələr‚

Yatmadan sabaha oyanan qadın.


Qalxandı hissinə yenə ismətin

Dözürsən olsa da çətindən çətin

Güzgüyə baxmaq da vallah,

möhnətin Özüyçün hər gecə soyunan qadın.


Gülümsə‚məcbursan hər gün gülməyə‚

Qayğısız‚bəxtəvər‚şad görünməyə.

Onsuz da hazırsan hər gün ölməyə,

Əcəl qapısında dayanan qadın.


Məktub

Məndən nigaran qalma,

Hər şey qaydasındadı

Yuxum qaçıb sadəcə

Heç bilmirəm hardadı.


Evin divarlarından

yuxusuzluq tökülür,

bayırda dan yeri də

sən olmadan sökülür.


Yuxu cəhənnəmə e,

Dörd tərəfim işgəncə,

Yenə iştahım qaçıb,

Yaşayıram beləcə.


Hara baxsan dərmandı

yenə xəstə olmuşam.

sevginə bürünürdüm

üstüaçıq qalmışam.


Quruyub dodaqlarım,

indi uçuq-uçuqdu.

Sulugözlü olmuşam,

Ehh, biabırçılıqdı..


Bunlar dərdin yarısı,

havalar da pis keçir.

günlər bozarıb yaman

bir birindən seçilmir.


Adını unutmağa bəhanələr

tükənib dünyanın şor suları

kipriyimə yüklənib.

Hə,bayaq nə deyirdim?

Heç vecinə də alma.

hər şey qaydasındadı,

məndən nigaran qalma.