“VİTAL” - VAMPİR KLİNİKA

FƏRİDƏ RƏHİMLİ
79615 | 2018-07-12 12:24
Hansı yolla aldığı naməlum olan diplomu, sertifikatları reklam edərək, müştəri toplayan və çoxlu sayda ana, uşaq ölümünə səbəb olan "həkim” Nailə Əzizova hələ də cəzasız qalır...


Dəfələrlə səhiyyəmizin yarıtmaz işlərindən bəhs edən yazılarıma görə məni qinayanlar olub. Amma bircə saatınızı ayırıb, xəstəxanalarımıza baş çəksəniz, orada baş verənləri gözünüzlə görsəniz, səhiyyəmizin bərbad durumuna qarşı bu qədər barışmazlığa görə mənə haqq verərsiniz. Məlumdur ki, orta imkana sahib olanlarımız İrana üz tutur. İmkanlılar isə İsrail, Almaniya, Türkiyə və s. kimi ölkələrdə müalicə olunurlar. Səhiyyəmizi idarə edənlər özləri heç vaxt bizim tibb ocaqlarımıza müraciət etmirlər. Dəfələrlə keçmiş və indiki səhiyyə nazirimizin xaricə müalicəyə getdiyi haqda xəbərlər yayılıb. Bu da o deməkdir ki, səhiyyəmizə ümid yoxdur!

Gündə göbələklər kimi artan klinikaların sayı isə heç bir elmi, tibbi rəqabətə gətirib çıxarmır, əksinə özbaşınalıq daha da artır, kəmiyyətin artması keyfiyyətin azalmasına səbəb olur. Daha yaxşı tibbi xidmət, daha yüksək elmi-tibbi dərəcə (həqiqi, pulla deyil – F.R) almaqla yox, daha çox maddi qazanc əldə etmə bəhsi yazıq millətin başında çatlayır. İndiyə qədər bir çox müalicəsi müşkül olan xəstəliklərlə əlaqədar xaricə üz tuturdularsa, indi az qala uşaq dünyaya gətirmək üçün də başqa ölkələr seçmək məcburiyyətində qalırıq.

Qızım doqquz aylıq hamiləlik dövründə ayda bir-iki dəfə yoxlanmadan əlavə hər narahat olduğunda "Vital” klinikasındakı Əzizova Nailə adlı həkimindən məsləhət alırdı. Doqquz ay boyunca keçdiyi USM, dopler aparatındakı cavablar, həkimin əminliklə söylədikləri onu tam arxayınlaşdırmışdı. Ultrasəs müayinəsinin cavabları, həkim məsləhətləri uşağın normada, tam sağlam olduğu, ürək döyüntüsünün sabitliyini, narahatçılığa səbəb olmadığını göstərirdi. Hər dəfə müayinədə "hörmət”dən də imtina etməyən Nailə "həkim”in son ayda verdiyi məsləhət yalnız qaşınma üçün yazdığı maz, qan artırmaq üçün tabletka və ağrıkəsici şam olmuşdu. Qızımın narahatçılığını söyləməsinə baxmayaraq – hamiləsən də belə şeylər olacaq, gəz, yüngül idman hərəkətləri elə, gözəl şeylərə bax,- kimi məsləhətləri verərək yola salanda da narahatçılığa səbəb olmadığını söyləmişdi. Yazdığı qanartırma üçün həbi hər içdikcə çox pis hallar keçirdiyini, bütün əzələsində gərilmə olduğunu (ginekoloqlar məhz bunun da cift qopması səbəblərindən olduğunu söylədilər-F.R), ürəkbulanma, qusma halları keçirdiyini, ayaqlarının, bədəninin həddən artıq şişdiyini desə də, hətta ayaqlarının şəklini çəkib "həkimə” yollasa da, - heç bir şey olmaz, - demişdi. Hadisədən dörd gün əvvəl – 14 iyunda qızım axşamdan özünü narahat hiss etdiyi üçün yenə həkimin yanına gedib. Narahatam, az-az ağrılarım var, uşağın hərəkətinin zəiflədiyini hiss edirəm, internetdə bunların yaxşı əlamət olmadığını oxudum deyib. Həkim isə, belə şeylər olur, doğum vaxtına hələ var, "cift qocalması” var, amma zərər yoxdu(?!), - deyib evə yola salıb. Gecə qızım qan içində oyanıb. Əgər hadisə saat yeddi-səkkizdən sonra baş versəydi, yollardakı tıxacdan, Allah qorusun, sonuclar dəhşətli ola bilərdi. Gecə saat dörddə qızımı qan içində qeydiyyatda olduğu "Vital” klinikasına çatdırdıq. Həkimi ilk tibbi yardım əvəzinə qızımın qaynanasının, baldızının üzərinə cumub: "Buna neyləmisiz?” deyə sorğu-suala tutmağa başladı. Özünə lazım olan cavabı almayınca ərinin qarasına deyinməyə başladı (yazılası mümkün olmayan sözlər). Ancaq axmaqcasına zənnində yanılırdı. Ərinin ona qarşı diqqətindən xəbərsizdi. Sonra sənədləri hanı? – soruşdu və kürəkənimi evə sənəd üçün yolladı (əslində doqquz ay qeydiyyatda olduğu klinikada nədən sənədlərin qeydiyyatda olmamasını o an düşünmədik). Yenidən qaynanasına dönüb - verdiyim dərmanları qəbul etsəydi belə olmazdı, - dedi. Biz də ona, dərmanı qəbul etdiyinə görə pis hala düşdüyünü və söhbəti bitirib nəhayət xəstəyə dönməsini tələb etdik. "Günahkar” tapmadığı üçün artıq qan itirmədən rəngi saralmış qızımı əməliyyat otağına götürdülər. Cift qopmasından uşaq oksigensiz qalmışdı, ananın həyatı təhlükədə idi, Nailə Əzizova isə öz günahını boynuna qoymaq üçün birini axtarırdı...



Əvvəllər kəndlərdə qarılar olardı, uşaq tutan, "mamaça” da deyirdilər. Məktəb oxumamışdılar. O kənddəki qarıların yarısının bildiyini Tibb Universiteti verə bilmirmi öyrəncilərinə? Və pulla məktəbə qəbul olub, pulla işə düzələn belə "həkimlər” kimə, nəyə arxayın olaraq insan həyatıyla "həkimçilik” oynayırlar? Başqa sahələrdə necəsə yola vermək olar bəlkə belələrini, amma səhiyyə, təhsil sahəsinə vicdansız adamların gəlişi o sahələrin bərbadlığına gətirib çıxarır.

Nailənin hansı təhsili alması məni maraqlandırmır. Çünki, oxuduğu məktəb ona bu "biliyi”, "qabiliyyəti”, "bacarığı” veribsə, o məktəb də bağlanmalıdı, işlədiyi klinika da.

Başımıza gələn olaydan sonra Nailə Əzizova haqqında olmazın şeylər söylədilər mənə. Xırdalanda doğum evində şöbə müdiri işləyərkən neçə ana ölümünə (biri 23 yaşında gəlin olub) səbəb olduğunu, analara, uşaqlara etinasız münasibətini, yararsız müalicəsi ilə altı aylıq körpənin ana bətnində tələf olmasını, sizin heç vaxt uşağınız olmayacaq, arvadını dəyiş, deyə verdiyi məsləhəti (hamısı real adamlardı və istədiyim an ərizələri ilə məhkəməyə müraciət edə bilərəm) nəzərə alsaq, o adamın nədən hələ də tibb sahəsində fəaliyyət göstərməsinə icazə verildiyini anlamıram. Əməliyyatdan öncə onu nə sağlam ana, nə sağlam uşaq maraqlandırır, qarşısındakılar onun üçün gəlir mənbəyidir, vəssalam. Ən adi insani keyfiyyətlərə belə, malik olmayan bu qadın qızım əməliyyatdaykən (beldən aşağı keyləşdirməylə) - uşağı bıraxın, o ölüb, bu da ölür, heç olmasa bunu qurtaraq, - deməsi ilə psixoloji təsirlə həyatı təhlükə yaratmasını da üstünə gəlsək, onun səhiyyəylə nə əlaqəsi olduğunu düşünməyə dəyər və məncə bunu Səhiyyə Nazirliyi diqqətə almalıdır! Əməliyyat bitər-bitməz, guya bizə güzəşt eləyirmiş kimi, 950 manat istəyib heç nə olmamış kimi qızımı və onun Respublika Xəstəxanasında küvezdə yerləşdirilmiş nəfəssiz körpəsini taleyin ümidinə buraxması insanlığa sığışmayan addım idi.

"Vital”ın girişində "Sağlamlığınız etibarlı əllərdədir”, "Sağlam ana, sağlam uşaq” yazılsa da (sanki olan hadisələrə ironiyadır bu yazı!) bu klinikada təcili yardım maşını belə, yox idi. Doqquz ay qeydiyyatda olan xəstəni ekstern vəziyyətdə xəstəxanaya şəxsi maşında çatdırdıq. Uşaq oksigen çatışmazlığından boğularkən isə klinikada küvez kimi zəruri cihazın olmadığını söylədilər. Nailə Əzizova, qızını qurtarsaq Allahınıza şükür elə! - deyib, uşağı atasına verərək Respublika Klinik Xəstəxanasının pataloji doğum şöbəsinə çatdırmağın lazım olduğunu bildirdi. Həyat yoldaşının, uşağının tələf ola biləcəyi qorxusunu, təlaşını yaşayan ataya nəfəsi olmayan uşağı verərək başqa xəstəxanaya çatdırılmasını tələb etmək olayı hər hansı Afrika cəngəlliklərindəki qanunlara belə, uyğun olmadığını düşünürəm, nəinki inkişaf etmiş Azərbaycanda! Kim bunlara bu imkanı, ixtiyarı, özbaşınalığı verir? Dörd gün əvvəl yoxlanmaq üçün gələn ananın və uşağın tam sağlam olduğunu deyib, dörd gün sonra uşağa anadangəlmə ürək qüsuru diaqnozu qoyulması hansı tibbi məntiqə sığır?

"Vital”da gördüklərim göstərdi ki, Azərbaycanda reklam kampaniyası xüsusilə güclü təşkil olunmuş bu klinikada ciddi nöqsanlar kifayət qədərdir. Mənim müşahidə etdiyim nöqsanlardan doğum evi olaraq küvəzin, təcili yardım maşınının və qan ehtiyatının olmamasını da buraya əlavə etsək, onda məlum olur ki, bu klinika yalnız pul qazanmaq üçün açılmışdır! Ananın, uşağın bu doğum evi üçün zərrə qədər də əhəmiyyəti yoxdur!

Apardığım araşdırmalardan məlum oldu ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Nailə "həkimin” ölüm faktı ilə bağlı işdən uzaqlaşdırılması bütün respublikaya elan olunduğu halda (yalnız bir saytda 6000 nəfər oxuyub! – F.R.) o, sevilə-sevilə "Vital”da işə alınıb. Bu, təəccüb doğurmaya bilməz. Apa.az, Lent.az., "Bizim dövr”, "Ədalət.az”... bu kimi çox sayda saytlar onun bu yarıtmaz fəaliyyəti haqda dəfələrlə yazıblar. Mənim qızımın da eyni taleyi yaşamaması sadəcə Allahın bizə verdiyi şans idi... Hələ nə qədər ana, uşaq ölümü sıralanmalıdır ki, onun kimilər səhiyyə sahəsindən uzaqlaşdırılsın?

Mən qızımın hamiləliyinə qoyulan diaqnozu respublikanın bir neçə məşhur ginekologlarına göstərdim və yekdil qərarla uşağın ölümünün həkim səhlənkarlığının nəticəsi olduğunu söylədilər.

Azərbaycanda nə qədər özəl klinkalar var. Heç bu klinikaların fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülürmü, bilmirəm, çox güman ki, nəzarət olunsaydı, klinikaların çoxunun doğuş şöbələrində ana və uşaq ölümləri bir qayda olaraq adi hala çevrilməzdi. Respublika Klinik Xəstəxanasında Nailə Əzizova haqqında belə bir söhbətin şahidi oldum: "Xəstəxanaya Nailə həkimin ağır xəstəsi gətirilib”. Cavab: Nailə həkimin yüngül xəstəsi olur ki, hamısı cift partlaması ilə gəlir. Zalım qızı sanki bambardirovşikdi, partlada-partlada gedir...”. Bu lətifəsayaq həqiqət nə qədər acı da olsa, doğrudur. Qonşum Gülxar xanım qızının başına gələnləri mənə danışanda - həkim Nailəmiydi,- deyə soruşdum. Onun qızı da da mənim qızımın başına gələnləri yaşamışdı. Başqa tanışımız gənc Günay xanımın bətnində altı aylıq körpəsini "müalicə edən” bu "reklamlar şahzadəsi” o uşağın da tələf olmasına səbəb oldu, üstəlik onun günahından qadın heç bir zaman ana olmayacaq. Burda sadalamaqla çox vaxt almış olaram. Amma maraqlıdır ki, Səhiyyə Nazirliyi, əlaqədar təşkilatlar heçmi mətbuatı izləmirlər? Bu qədər ana ölümünə, dalbadal cift ayrılması ilə "Vital”dan Nailə Əzizovanın günahından Respublika Klinik Xəstəxanasının pataloji doğum (hamiləlik) şöbəsinə daşınan xəstələrdən, tələf olan körpələrdən, ölən, yaxud ölümün pəncəsindən güclə qurtarılan analardan xəbərləri yoxdurmu səlahiyyətlilərin, yoxsa "Vital”ın, Nailə Əzizovanın möhtəşəm reklam kampaniyası onların da gözünü boyayıb? Yaxud başqa səbəb var??? İndiyə qədər hər kəs taleyilə barışıb və bu reklamlar sayəsində və hər hadisədən sonra "ağızları yummaq üçün” xərclədiyi pullar hesabına onun sudan quru çıxacağına əmin olaraq məhkəməyə müraciət etməyiblər. Amma onlara bir "dur” deyən lazımdır ki, cinayətlərinin cəzasını çəksinlər. Səhiyyə Nazirliyi bir tədbir görməzsə, bu addımı mən atıb, məhkəməyə üz tutacam. İtirdiyimizi itirdik, bu onun vicdanına yazılacaq, amma başqalarının da bədbəxtliyinə səbəb olmaması üçün bunu etməyə məcburuq.



TƏQVİM / ARXİV