adalet.az header logo
  • Bakı 20°C
12 Iyul 2018 12:10
9365
GÜNDƏM
A- A+

Azərbaycanda yol qəzalarında ölənlərə 233750 manat kompensasiya ödənilib

2018-ci ilin yanvar-iyun ayları ərzində İcbari Sığorta Bürosu (İSB) tərəfindən icbari sığortası olmayan, eləcə də naməlum və ya oğurlanmış avtonəqliyyat vasitələri tərəfindən sağlamlığına zərər yetirilmiş vətəndaşlara (və ya onların ailə üzvlərinə) ümumilikdə 329 325 manat məbləğində kompensasiya ödənişləri verilib.

Adalet.az Modern.az-a istinadən xəbər verir ki, ödənişlərin 233 750 manatı ölüm halları, 16 200 manatı şəxsin ağır xəsarət alması, 53 750 manatı şəxsin az ağır xəsarət alması, 17 500 manatı şəxsin əlillik dərəcəsi alması, 8125 manatı isə yüngül dərəcəli xəsarətlərlə bağlı olub.

Hesabat dövrü ərzində İSB tərəfindən cəmi 181 kompensasiya tələbi nəzərdən keçirilib və bunlardan 126 üzrə kompensasiya ödənişlərinin verilməsinə dair müsbət qərar qəbul edilib.

Qeyd edək ki, İSB tərəfindən kompensasiya ödənişi yalnız sağlamlığa dəymiş zərər üzrə və aşağıdakı hallarda verilir:

1. vətəndaşın (üçüncü şəxsin) sağlamlığına hadisə anı üçün qüvvədə olan icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi ilə zərər vurulduqda;

2. üçüncü şəxsin sağlamlığına dəymiş zərər zərərvuranın mülki məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilmədikdə.

Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir. Kompensasiya ödənişi ilə bağlı Büroya müraciət edərkən sağlamlığa zərərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olması mütləqdir.