adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyul 2018 00:10
11354
ƏDƏBİYYAT
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça

Əlisəfa Azayev

(əvvəli ötən saylarımızda)


ÇƏKİ DAŞI

(VII fəsil)

Hava xoş idi. Günəş yenicə çıxmış, insanlar işə tələsirdilər. Onlardan biri də Zəki idi. Səhər tezdən durmuş, mağazaya gələrək ondan-bundan almaq istəyirdi. Axşamdan həyət yoldaşı üstünə düşmüş, onu tənbeh edirdi ki, evdə kartof yoxdur. Doğrusu, o da evə heç vaxt korluq verdirənlərdən deyildi. Ancaq alınan ərzağın beləcə tezcə qurtarması onu hövsələdən çıxarırdı. Mağazaya girən kimi satıcı Pirəliyə dedi:
-Mənə üç kiloqram kartof, iki kiloqram da soğan çək.
Pirəli zarafatından qalmadı:
-Ə, salamın harda qaldı?
-Sabahın xeyir.
-Mən dedim, sən eşitmədin.
-Ola bilər... Həmişə bunlardan beş, üç alardın. İndi niyə çəkini azaltmısan?
-Əlim aşağıdı.
-Eh... Sənin heç əlinin yuxarı günü oldu ki?
-Fəhlə adamam... Olar inşallah.
Pirəli ona öyüd-nəsihət verirmiş kimi dedi:
-Əlbəttə ki olar... Gərək onda bir az az içəsən. Səhərin gözü açılmamış indidən səndən it iyi gəlir.
Onun sözləri nə qədər sərt olsa da, söhbəti qəlizləşdirmək istəmədi, işə tələsirdi:
-Hə, ola bilər. Axşamdan pivə içmisən.
-Araqsız çətin....
-Qonaqlıq idi.
-Yeyib-içən adamsan da...
Zəki evə gələn kimi alıqlarını çəkəsi oldu. Çünki Pirəlinin hərəkətlərindən çoxdan şübhəli idi. Hətta bunun üçün xüsusi tərəzi alıb evə qoymuşdu.
-Pah atonan... Allah evini yıxmasın. Bax da, gör hər kiloqramda neçə qram kəsib? Yarım kiloqrama yaxındır.
Onun bu həyəcanlı sözlərinə, giley-güzaranına həyat yoldaşı Güldənə özünü yetirib soruşdu:
-Hə, nolub ki?!
-Nolacaq ki, bu əclaf oğlunun hərəkətlərini görmürsən. Gör hər kiloqramda nə qədər kəsib, yarım kiloqramdan az deyil ki, çoxdur.
Gəlin narahatçılıq içində souşdu:
-İndi nə edəcəksən? Hara gedirsən?
-Aparıb soxacağam onun gözünə... Çırpacağam bunları başına. Adı onun belini qırsın. Seyidlikdən onda bir əlamət var?
Gəlini ərini sakitləşdirməyə çalışdı:
-Belə hərəkət eləmə, yaxşı deyil. Düşəndə borca da ondan-bundan götürürük.
Məsələ də elə bunda idi. Pirəli son vaxtlar onlara borca ərzaq vermirdi. Daha doğrusu bir dəfə belə olmuşdu. Bu da Zəkini qeyrləndirmişdi. Hətta demişdi ki, bir daha onunla alver etməyəcək. Ancaq yaxında olduğu, iş adamı olduğu üçün ən münasibi onun mağazası idi. İndi o da belə.
Zəki mağazadan içəri girən kimi bağırdı:
-Oğlan, belə həddini aşmısan? İnsaf da yaxşı şeydi axı? Gör hər kiloqramda nə qədər vurmusan? Yarım kiloqramdan çoxdur...
İçəridə müştərilər olduğu üçün Pirəli onun bu sözlərindən pərt olsa da, özünü ititrmədi. Hər şeyi sakitliklə yola verməyə çalışdı:
-Ə, kartof demirsən?... Ver bəri çəkim... Ola bilər, tərəzidir də...
Zəki onun kartof əlavə etməsinə imkan verməyib dedi:
-Bir bax!... Fərqə bax!..
Satıcı lap ağ elədi:
-Onda yəqin üstündən götürmüsən?
Bu an Zəki çəki daşını əlinə alıb baxmaqda idi. Daşın altının oyulmuç yerini, oraya doldurulmuş plastilini görəndə lap haldan çıxaraq, bağırdı:
-Ə, oğru, mən deyiləm, lap atandı! Bunun daşına, tərəzisinə bax! Adını da seyid qoyub. Allah sizə min lənət eləsin! -deyə əlindəki çəki daşını necə Zəkiyə tərəf atdısa, çox şükür ki, ağır daş ona dəymədi, piştaxtanın şüşələrini qırıb tökdü. Həyəcanlı səslər, çığırtı eşidildi:
-Aman Allah!..
-Qoymayın öldürəcək!
-Sərxoşdu da!...
Mayor yol keşirdi, bu səs-küyü eşidib maşını saxladı. İçəri girəndə onları lap əlbəyaxa gördü. Zəki hələ də mağazanın qapısını təpikləyə-təpikləyə gileylənməkdə idi:
-Dağıdacağam buranı!...
Mayor səsləndi:
-Sakit! Belə qudurmusan?
Zəki onu görcək bir az sakitləşmiş halda yerə dağılmış kartofları göstərdi:
-Cənab mayor... İnanın... Allah haqqı... Məssəb haqqı...
Mayor qımışdı:
-Ə, nə məssəb? Lap keçmişi şübhəli olan adam kimi and içirsən?
-Hə... Onlarla bir yerdə işləmişəm axı. Kirvələrlə...
-Axçilərlə?...
-Allah eləməsin...
Mayor ciddiləşdi:
-Yaxşı sözünü de... Bu nə oyundu çıxarırsan?! Qoçuluq həvəsinə düşmüsən?
Satıcı kükrədi:
-Görmürsüz?... Onu niyə danışdırırsız? Sərxoşdu da... Səhərin gözü açılmamış içib...
-Bu çox pis adətdi.
Zəki yenə də özünümüdafiəyə qalxdı:
-Yalandı, axşam qonaqlıqda olmuşam... Bir-iki qruşka pivə içmişəm.
-Araqsız çətin... Sözünü de... Kəkələmə...
Zəki dilxorçuluq içində dilləndi:
-Səhər işə tələsirdim. Evdən dedilər ki, soğan-kartof lazımdı. Alıb apardım. Çəkidən şübhəli qaldığım üçün çəkəsi oldum. Hər kiloqramda nə qədər vursa yaxşıdır?... İnanın, yarım kiloqramdan çox idi. Bunda insaf var? Adını da Seyid qoyub...
Mayor ona acıqlandı:
-Sakit. Şikayətin var ondan danış. Vətəndaşın şərəf və ləyaqətinə toxunma.
Mayorun sözlərindən qeyrlənmiş halda Zəki səsləndi:
-Deməli, o ətəndaşdı, mən yox?! Mən Amerikadan gəlmişəm, yoxsa Afrikadan?
Mayor söhbəti zarafat salmaq istədi:
-Avropadan... Latın Amerikasından da gələ bilərsiniz!
Zəki də çətin adamlardan idi. Seçki vaxtı onun əlindən qan ağlayırdılar. Yüz oyun çıxarardı. Gah seçki qutusunun düzgün qoyulmadığını, gah səsvermə yerində pərdələrin qaydasında asılmadığını deyər, gah da seçicilərin siyahısına, bülletenlərinə bir irad tutardı.
Mayor onu sakitləşdirməyə çalışdı:
-İndi nə edək?! Bu hoqqanı çıxartmısan... Gör kişiyə nə qədər ziyan vurmusan, qırıb-tökmüsən...
Zəki hər şeyi olduğu kimi izah edəsi, aydınlaşdırası oldu:
-Dedim axı, kartofdan xeyli çatmırdı. Allaha şükür bunu həyət yoldaşım da gördü. Təsdiq edə bilər. Dərhal mağazaya gəldim. Şahidlər də var.
Pirəli dilləndi:
-Hələ bir dili də var ey. Mağaza ictimai yerdi. Xuliqanlıq edib... Cənab mayor, onunla nə söz güləşdirirsiniz? Tutub aparın, qandallayın ki, ağlı başına gəlsin də.
Mayor ona acıqlandı:
-Sən sakit!..
Zəki dilləndi:
-Görürsən də... İndi belə deyər. Dünya sahibsizdi bəyəm? Mənim Allahım yoxdu bəyəm. Dur bir yuxarı gedərəm.
-Yaxşı, yaxşı, sözünü de.
-Bunu kimdi buraxan, hələ bir yuxarılara da getmək istəyir.
Sahə müvəkkili bir daha satıcıya acıqlandı:
-Dedim ki, sakit də... Sən də dilini saxla da... Araşdırma aparırıq axı. Yoxsa bu dava-dalaş sizə zarafat gəlir?!
-Əvvəl inanmadı... Kartofu çəkəndə özü də gördü... Üstünə kartof atanda qoymadım, əksik çəkini buradakılara da göstərdim... Sonra üç-beş eləyəndə, məni oğru adlandıranda... Guya ki, kartofun üstündən özüm götürmüşəm... Daha dözə bilməyib, çəki daşına əl atdım... Ona tərəf atdım...
Pirəli lap ağ elədi:
-Ə, elə oğrusan da. Bu ərazidə daş, dəmir qalmayıb, hamısını çırpışdırıb yığmısan həyətinə, yeri düşəndə də ötürüsən şəhərə tərəf. Əlvan metal-gümüş, aliminium... Bunları kim bilmir? İndi düz olmusan? Elə neçə dəfə mağazanın yanındakı fanarın işığını açmısınız. Əyibdir axı, yoxsa bunları da mən etmişəm? Həyətə bir süpürgə bir yeşik qoymaq olmur. Dərhal çırpışdırırsınız.
Mayor onu sakitləşdirməyə çalışdı:
-Yaxşı, sən də ağ eləmə...
Zəki gileyləndi:
-Onsuz da bilirəm belə olacaq. Bayaq bir söz dedim. Dediniz ki, vətəndaşın şərəf və ləyaqətinə toxunmayım. Bəs indi ona niyə təpinmirsən? Pulludu, ona görə? Onun nə haqqı var məhkəmə qərarı olmadan məni təqsirləndirir, oğru adlandırır?
Mayor bir daha Pirəliyə acıqlanaraq Zəkiyə üz tutdu:
-Bəli, belə oal bilməz. Hüquqi dövlətdə yaşayırıq. Heç kimin hüququ pozulmamalıdır. Sən isə çox yersiz bir hərəkət etmisən... Bir sözlə sənə barmaq yelləyiblər, ona yumruqla cavab vermisən. Bu isə cinayətdi! Yaxşı ki, çəki daşı başına dəyməyib, canını hara qoyacaqdın. Azı on ilin vardı. Öləcəkdi də...
Zəki istilənmiş halda yenə də özünü müdafiə etməyə başladı:
-İnanın... Biz bu çəki daşına, onun altının oyulmuş hissəsinə baxın... İçinə plastilin doldurub... Çəkidə qabağa düşməsi üçün...
Mayor işin ciddiliyini görüb dedi:
-Bu öz yerində... Sən də həddini aşmısan...
-Çəki daşını belə gördüm, daha dözmədim də.
-Axı bayaq belə demədin, axı. Dedin ki, məni oğru adlandırdı... Ona görə çəki daşına əl atdım...
-Hər ikisi olub də... Niyə mənim sözlərimi qəribçiliyə sahru təftiş edirsiniz?...
Mayor söhətin uzandığını görüb dilləndi:
-Buralıq kifayətdi. Hər ikiniz şöbəyə gedəcəyik.
Pirəli doluxsundu:
-Bu da mənim xeyrim. Axı burada mənlik nə var?
Mayor qımışdı:
-Hə... Səbəbsiz heç nə, nəticə olmur. Necə ola bilər ki, sən vurmayasan, mən yıxılam? Deməli, əməldə səbəbli əlaqə var da. Bu isə artıq qəbahət yox, cinayətdi. Bunu da ayırd etmək bizim yox, daha çox təhqiqatçıların, müstəntiqlərin işidir.
Onsuz da mayor bayaqdan hərəkətdə idi. Meşin qovluğunda çıxardığı kağızda xeyli yazı-pozu işi ilə məşğul olmuşdu. Protokol artıq yekunlaşmaq üzrə idi. Bu müddətdə xeyli peçenye, konfet, şokolad da yemişdi. İndi isə dediyi sözlər Zəkidən çox, bəlkə də elə Pirəlini təsirləndirmişdi. Ona termosdan çay süzə-süzə deyirdi:
-Bəlkə də səhər tezdən durmusunuz... Hələ çörək də yeməmisiniz. İçin, şirniyyat da qoyacağam.
-...
-Vallah, o mab mayor, axtarsan elə çox da uzaq deyilik ey... Münasibliyimiz də var. Yaxın da olmasa, uzaq qohumuq...
Zəki o an dilləndi:
-Allah eləməsin!
-Sakit...
-Yalan deyir də...
-Ə, yalan niyə deyirsən? Hər ikimizin babaları Şam tərəfdən gəlmə deyillər?
-Şam, yoxsa Şamaxı?! -Mayor da sözlərindən qalmadı.
-Əslində lap Ərəbistan tərəfdən gəlmədirlər.
-Deyirəm də, sizdə az-çox müsəlman qanı var.
-Seyidlik də.
Zəki mızıldandı:
-Yalansa cəddin belini qırsın. Bir dəfə borca ərzaq istədim... Vermədi. Uşaqlar da evdə ac idi.
Mayor təəssüfləndi:
-Buna yaxşı eləməmisən, Pirəli. Nolsun ki, orqan işçisiyəm, mənə ağız açanı yola verirəm. Bundan böyük Allah yanında savab yoxdu. Bir-birimizi yola verməliyik.
Pirəli ağrındı:
-Axı niyə inanmırsınız? Həmişə kömək etmişəm də. Elə bir dəfə olmayanda, adam adamla düşmən olar? Onda da borcun içində idim. And içdim ki, bir adama borca ərzaq verməyəcəyəm. Bu da ticarətin bir incəliyidi də. Hər işin bir qayda-qanunu olur da.
-Hə...
-İndi guya təzədən göndərəcəm? Ə, vallah, inan... Evim girovdadı. Bankdan nə qədər kredit pul götürmüşəm. Dost-tanış da elə bilir ki, qaz vurub, qazan doldururuq...
Mayor söhbətə aydınlıq gətirirmiş kimi dedi:
-Bilirəm... İndiki tacirlərin hamısı qazanmır ki...
-Niyə qazanmırıq, qazanırıq ey. Çıxarımız çoxdur. O gün vergidən biri gəlib, mənə nə desə yaxşıdır: Kassaya pul vurma... Yola verərik. Dedim ki, qardaş, mən bunu edə bilmirəm. Allah ver başımın üstə, dövlətdən qorxuram.
Zəki xırıltılı səslə dilləndi:
-Qorxana bax da... Belə qorxaqsa, bu Nikolaydan qalma tərəzini niyə dəyişmirsən? Elektron tərəziyə keç.
-Var ey, işlədə bilmədim.
-İşlədərsən...
-O da baş üstə...
Mayor onların hər ikisinə üz tutaraq dedi:
-Ə, kişi olun, əl verib görüşün.
Bu an görüşmək nədi, Pirəli az qaldı ki, Zəkini duz kimi yalasın.
Mayor dedi:
-Düzdü, bu hər şeyi yekunlaşdırmır. Yenə də yaxşıdır. Araşdırma aparılacaq. Bu çəki daşını isə hələlik əşyayi dəlil, maddi sübut kimi götürürəm... Bəs bu adamlar hara getdilər? Protokolu imzalamağa iki nəfər hal şahidi tapacaqsınız...
(ardı gələn sayımızda)