adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyul 2018 00:06
11698
GÜNDƏM
A- A+

Xəzərin laylay çaldığı Şəhid məzarı

Kür çayı ilə Xəzər dənizinin qovuşacağında, Neftçala rayonunun Bankə qəsəbəsinin "Seyidlər məhəlləsi"ndə yerləşən qəbiristanlıqda şəhid Türk əsgərinin məzarı uyuyur. 1918-ci ilin iyul ayında Salyan qəzasının bu hissəsində hay- daşnak və ingilis-rus silahlı qüvvələrinin işğalçılıq təcavüzünə qarşı döyüşən 5-ci Qafqaz İslam Ordusunun şəhid olmuş 10 döyüşçüsü burada dəfn edilib. Və bu dəfnlə bu qəbiristanlığın da əsası qoyulub.
Müqəddəs məzarın üzərində Neftçala Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə və Azərbaycan Dövlət Neft Şirkətinin ("Atilla Doğan Şirkətlər Qrupu"nun təsis etdiyi "Anşad Petrol" MM-nin) maliyyə dəstəyi ilə ucaldılmış (hündürlüyü 8 m-ə qədər) mərmər abidə-kompleksin açılışı 20 sentyabr 2004-cü ildə baş tutub. Həmin mərasimdə iştirak edən o vaxt Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çevikgöz məzar üzərindəki Dövlət bayrağını açmalı idi. İlk cəhddə bayraq açılmır. Özünü itirməyən və İncə siyasət ustası olan səfir tövrünü pozmayaraq amiranə səslə ucadan:
-Türkün bayrağı heç vaxt enməz - deyərək ikinci dəfə bayrağı abidə-kompleksin üzərindən açır.
Bu abidənin sağ və sol hissələrində Türkiyədən gətirilmiş cəmi 10 sərv ağacı (hər tərəfdə bərabər sayda) basdırılıb.
Ön sırada mərmər lövhə üzərində bu sözlər yazılıb: "Bu anıt: 1918 yılında Azerbaycanı işğal edən ve içlerinde ermenilerin de yer aldığı Kızıl Ordu muhafizlarına karşı Azerbaycana Gelen Nuru Paşa Komutasındakı Türk Kafkas Ordusunun Haziran 1918-de Gencede başlayan ve eylül 1918-de Azerbaycanın kurtulması ile son bulan müharibesinde Şehit olan ve "Ayrılırmı Gönül Candan, Türkiye Azerbaycandan" Mısralarını Gönüllerimize perçimleyen muhteşem Askerlerin, Şehit mehmetciklerin Anısına Dikilmiştir".
Müqəddəs Şəhid məzarının giriş hissəsində yığcam düzbucaqlı formada qara mərmər lövhədə - "Burada yatmaka olan 10 kahraman Türk Askeri, Kutsal Azerbaycan torpaqlarının bağımsızlığı uğrunda canlarını seve-seve Feda etmişlerdir. Ruhları şad olsun" - xitabı qeyd edilib.
Qeyd edək ki, bu döyüşlərdə 11 türk döyüşçüsü şəhid olub, amma onlardan biri isə Salyan rayonunun, Ərəbqardaşbəyli kənd məscidinin həyətində dəfn edilib.
Qismət Yunusoğlu,
BDU-nun müəllimi