adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2018 17:51
15608
SİYASƏT
A- A+

Cavid Osmanov: "Azərbaycan xalqı terroru lənətləyir"

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına edilmiş sui-qəsd terror hadisəsidir. Bunu törədənlər cəzalarını almalıdırlar. İyulun 10-da Gəncədə qanunsuz aksiya zamanı polis zabitlərini qətlə yetirənlər də axtarışa verilib. Əminik ki, bu hadisəni törədənlər, onların arxasındakı qüvvələr cəzalandırılacaqlar”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

"Heç bir dövlət bu cür hadisələrdən sığortalanmayıb. Gəncədəki hadisələr Azərbaycanın qüdrətinə kölgə sala bilməz. Azərbaycan hüquq mühafizə orqanları işinin öhdəsindən peşəkarcasına gəlirlər. Növbəti bu cür təxribatın olması mümkün deyil. Ölkəmiz dünya məkanında sabit ölkələrdən biridir. Ölkəmizdə sabitliyi pozmaq istəyənlər buna nail ola bilməyəcəklər. Çünki xalq dövlətin yanındadır, sabitliyin tərəfdadır. Azərbaycan xalqı terroru lənətləyir” - deyə deputat qeyd edib.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.