adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Iyul 2018 16:26
17743
ƏDƏBİYYAT
A- A+

BİR ADDIM DA YAXINLAŞDIM DÜNYANA

Neçə gündü masamın üstündədi bu kitab. Daha doğrusu, Naxçıvan səfərimdən qayıdandan sonra özümlə gətirdiym kitabların hamısını iş otağıma daşımışam. Bu da səbəbsiz deyil. Çünki ömrün daha çox hissəsi, günün daha böyük parçası tək iş yerində keçir. Şəxsən mən dan üzü sökülməmiş redaksiyadakı otağımın işığını yandırıram və başlayıram hər gün iş başlayana kimi mütaliə etməyə, öz yazılarımın üzərində işləməyə. Bax, bu səbəbdən də oxuyacağım kitabları da redaksiyaya gətirirəm. Oxuyub bitirəndən sonra qaytarıram mənzilimə. Həmin kitabların sırasındadı "Bir ömrün nəğməsi”. Artıq üç gün idi ki, bu kitabı oxuyurdum. Hər oxuduqca da misraların arasından üzümə iki nəfərin necə diqqətlə baxdığını hiss edirdim. Onlardan biri kitabın müəllifi idi. İkincisi də müəllifin Qəhrəmanı. Bu ikinci ünvan ilham pərisi formasında görünürdü... Təbiətin bir parçası kimi də, vətən torpağının əsrarəngiz guşələri kimi də. Bax, bu səbəbdən də mən kitabı oxuduqca həmin müəllifə və digər ikinci həmsöhbətimə qoşulub Azərbaycan, Naxçıvanı gəzirdim, dolanırdım...



Düzünü deyim ki, bu gəzib dolanmanın da müəyyən nüansları var. Biri vaxt öldürmək üçündür, biri də vaxtı ömrünə köçürmək üçün. Mən bu kitabı oxuyanda vaxtı, zamanı, duyğuları ömrümə köçürürdüm. Çünki həmsöhbətim elə məntiqli, elə təmkinli və həm də ağıllı şəkildə söz deyirdi. Söyləyirdi ki:


Hər şeyin sonu var həyatda, gülüm,

Əbədi deyil ki, gülüş də, qəm də.

Belə qalmayacaq, quruyacaqdı,

Qəmli gözlərində görünən nəm də.


Gecəli-gündüzlü dünyamız kimi,

Qəmin, sevincin də iki üzü var.

Ağlayan ömürlük ağlamayacaq,

Hər gülən kəs də bir gün ağlayar.


Hə, mən bu misraları oxuduqca ümidlərimi, öyrəndiklərimi yaddaşımda təzələyib cavanlaşdırırdım. Çünki xalqdan gələn "hər gecənin bir sabahı var" fikri bu şeirdə bir az başqa bir formada poetik fikir kimi oxucuya təqdim olunmuşdu. Bu da onu göstərirdi ki, şeirin müəllifi sözlə işləməyi çox mükəmməl bacarır. Bunu bir daha yəqin etmək üçün yenə şeirlərə üz tuturam. Çünki şair yazır:


"Sənzi yaşamaram" - demişdin mənə,

"Sənsiz yaşamaram" - sözə bax, Allah!

Mənsiz yaşamadın - inandım buna,

Sinəmi yandıran közə bax, Allah!


O hansı qüvvəydi dodaqlarından,

İlahi bir səsi uçurtdu belə.

Sənsizəm, dediyin bir kəlmə sözün,

Odunda qovrulub yanıram hələ.


Həqiqətən də çox sadə və həm də səmimi bir şəkildə ifadə edilmiş sevgi etirafı, sevgi düşüncəsi, sevgi yaşamıdı. Burada şairin heç bir bəlağəti, heç bir pafosu, heç bir bər-bəzəyi yoxdu. Oxucu nə qədər diqqətlə baxsa da, şairin fikirlərində nə qədər real olduğunu etiraf etmək zorundadı. Bu etirafı mən də edirəm. Çünki:


Sanki gözlərində od gəzdirərdi,

Qəlbimə salardı közü uzaqdan.

Bir vaxt salamımı almayan gözəl,

İndi salam verir özü uzaqdan.


Deməli, hər bir aşiqin, hər bir sevənən, bütövlükdə hər bir duyğusal insanın gerçək həyatının bir detalıdı bu şeirdəki fikir. Bir vaxt kimsə gözəl soraqlayırdı, gözəl axtarışındaydı. Onda göz önündə olan gözəllər bu axtarışa reaksiya vermirdilər. İndi isə axtarış müəyyən səbəblərdən dondurulur, durdurulur, həmin gözəl axtarışdadı. Onun gözləri, onun hissləri ayaqdadı və deyir:


Ölüncə eşqinlə döyünər ürək,

Bir kimsə oxuyub bilməz qəlbini.

Deyə bilmədiyim bir kəlmə söz tək,

Qaldın ürəyimdə ölənə kimi.


Barəsində söhbət açdığım kitabın müəllifi Asim Yadigardı. Asim müəllim Naxçıvanda yaşayıb yazıb yaradır. Mən onun yaradıcılığındakı bir məqamı hələ sovet dönəmində tutmuşdum. Aşkar şəkildə hiss etmişdim ki, Asim Yadigar sözün qatlarını işığa çıxarır. Həmçinin o, sözü elə cilalayır ki, söz səmimiyyətini, sadələyini itirmədən yeni söz kimi vərəqə köçür, oxucu yaddaşına yazılır. Çünki həmin söz yaşanmış duyğuların, hislərin, düşüncələrin ifadəsidi. Uydurma, əldəqayırma deyil. Onun arxasındakı məna sözün sanbalını, çəkisini heç bir təqdimatsız özü ifadə edir. Bu şeirdə olduğu kimi:


Bölük-bölük, tikə-tikə ürəyim,

Öz dərdini çətin çəkə ürəyim.

Bəlkə təzə sevgi əkə ürəyim?

Loğman gələ, deyə nədir çarəsi,

Kəsiləcək bu zənglərin arası.


Axı, sevginin qarşılıqlı məqamında, anlayışlı anlarında, sevənlərin bir-birini zamansız bir şəkildə arayıb-axtarması gerçəklik olub. Bu gün də gerçəklikdi.


Hər ocaqda köz olmaram, qadası,

Hər dodaqda söz olmaram, qadası,

Atəş ollam, buz olmaram, qadası,

Uçulmasın könlümüzün dünyası,

Kəsilməsin bu zənglərin arası.


Gördünüzmü, şeirin bütöv obrazı, hətta texnoloji formada bütün hissələri yerində olmaqla skelet deyil, canlı vücud kimi ortalığa qoyulub. Şair bunu ustalıqla bacarır. Hətta şeirin müxtəlif formalarında, yəni janrlarında belə, o öz fikir yükü ilə səmimiyyətini qoşalaşdıra bilir. Məsələn:


Dərindən ah çəkdin, ahın dağları,

Yandırdı, kül etdi, oyan, ay gözəl.

Soyuyub buz olmuş daş ürəyinə,

Nə edim od tuta, o yana, gözəl.


Qəlb vicdan qəmini təkcə daşıyar,

Gəl sən də bu qəmi mənlə daşı, yar...

Desəm Fərhadım ol, dağı-daşı yar,

Yol salam yüz dağdan o yana, gözəl.


Çıxmışdım ovçu tək maral ovuna,

Yar atdı oxunu, bilməz ovu nə.

Sındırdı qəlbimi - çətin ovuna,

Nə deyim könlümü oyana, gözəl?


Asimi incitsən bu dağlar ağlar,

Ağaclar saç yolar, budaqlar ağlar.

Sinəmə çəkdiyin bu dağlar ağlar,

Ağlar ki, zülmündən oyana, gözəl.


Şeirdən də göründüyü kimi, fikir də, səmimiyyət də yerində olmaqla yanaşı, burda bir rəssamlıq da, bir cizgiləri çəkmək ustalığı da var. Təbii ki, bu da Asim Yadigarın bir şair kimi təkcə peşəkarlığı yox, həm də sözün ölçüsünü, çəkisini, rəsmini və bir də səsini duyub onu şeirə çevirmək istedadıdır. Təkcə bir neçə misrada bu dediklərim oxucuya çatdırmağın məharətini siz də bir daha gördünüz və görmək imkanın da davam edir. Şair yazır ki:


Getdin...

Özünlə apara bilmədin

Ürəyimdə böyütdüyüm şəklini.

Bu dünyada tək-tənha qoydun

Şəklinlə məni

Dünya boyda ürəyim.


Bəli, "Bir ömrün nəğməsi" kitabında toplanmış şeirlər, qəzəllər, həmçinin kitabdakı "Talesizlər" poemasının özü də oxucu üçün mükəmməl bir hədiyyədi. Bu şeirləri oxuduqca özün də hiss etmədən şairin dünyasının qonağına çevrilirsən, onunla birlikdə həmin dünyanı gəzib dolaşırsan.

Və bu məqamda bayatı formasında yazılmış misralar tər çiçəkləri kimi bir-bir sənə doğru yaxınlaşır, səni öz ətrinə bürüyür.


Sanma ötəri hisslər,

Bir atımlıq barıtmış...

O, bir bomba qəlpəsi,

Gör neçə qəlb dağıtmış...


Və yaxud:


Xəbərin varmı üç gündü,

Məni öldürüb getmisən?

Üçüm də çıxdı gəlmədin,

Harada ölüb itmisən?


Dəyərli qələm dostum Asim Yadigarın mənə təqdim etdiyi "Bir ömrün nəğməsi" kitabıyla bu təması onu mənə bir az da çox sevdirdi. Onun poeziya dünyasına bir az da çox bağladı. Bu bağlılığın işığında sizi də "Bir ömrün nəğməsi"ni oxumağa dəvət edirəm.


Əbülfət MƏDƏTOĞLU