adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Iyul 2018 15:16
12155
GÜNDƏM
A- A+

DEMƏSİNLƏR MƏMMƏD KİŞİ DƏ HEÇ TƏKLİF VERMƏDİ

Sovetlər dönəmi, rəhmətllik Muradxan Cabbarov Laçının birinci katibidi. Mərkəzi Komitənin məsul bir işçisi Laçına gəlib. Cabbarov onu götürüb gedir ucqar bir kəndə. Camaata deyir ki, bu yoldaş Mərkəzi Komitənin məsul işçisidi, kəndin nə problemi var, deyin, həll edəcək. Başlayırlar problemləri deməyə. MK-nın işçisi də hamısını yazır. Kəndin ağsaqqalı Məmməd kişi də bir kənarda oturub demisin tüstülədir. İclas qurtarır, Məmməd kişi də söz alır.

- Mənim də bir təklifim var. Bizim kənddə məktəb yoxdu , uşaqlar iki kilometr aralıdakı kəndin məktəbinə gedirlər. Bunun qışı var, yağışı var, qarı var, uşaqlar çox əziyyət çəkir. Xahiş edirəm, bizim kənddən o kəndə qədər yolun üstünü talvar eləsinlər ki, uşaqlar pala-palçığa batmasın, yağış yağanda yağışa düşməsin.

Muradxan müəllim deyir:

- Məmməd kişi, elə təklif ver ki, onu həyata keçirmək mümkün olsun da.

Məmməd kişi:

- Cabbarov, dedim bir təklif də mən eləyim, deməsinlər ki, ağsaqqal bir təklif də eləmədi. Guya o biri yazdıqların eləyəcəklər ki?

İndi deyirəm, bir təklif də biz edək də, sonra deməsinlər ki, niyə bir təklif də etmədilər.

Füzulidə su elektrik stansiyası var, açılışında da Möhtərəm Prezident şəxsən iştirak edib. Elektrik stansiyasının gücünü dəqiq bilmirəm, amma hər halda enerjisi cəbhə xəttindəki Füzuliyə və Beyləqana çatar. Amma o elektrik stansiyası istehsal elədiyi enerjini büküb-bükmələyib göndərir 200 kilometrlikdəki Mingəçevirə və ordan təzədən büküb-bükmələyib göndərirlər Füzuliyə. Elə ola bilməzmi ki, həmin stansiya öz enerjisini öz bölgəsində paylasın?! Azərbaycanda belə su elektrik stansiyaları və istilik elektrik stansiyaları çoxdur. Əgər düzgün və vaxtında planlaşdırma aparılsaydı, ölkə də həmin gecə şamu-qəriban olmazdı.

Amma adamın üstündə Allah var, mən bu sahənin mütəxəssisi deyiləm, ola bilsin ki, səhv edirəm, amma «Azərenerji»dən bir açıqlama gözləyirəm.