adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Iyul 2018 15:11
12513
MƏMLƏKƏT
A- A+

QUBANIN İCRA BAŞÇISININ MAAŞINI ZİYƏDDİN ƏLİYEV ALIR! HƏLƏ Kİ…

Qubada yerləşən «Quba Palace hotel»ində bədbəxt hadisə olub, təmir zamanı kanat qırılıb, ustalardan biri həlak olub, ikisi isə yaralanıb. Bununla bağlı «Bizim yol» qəzetinin əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə telefon açıb. Heç demə, yüksək vəzifəli dövlət məmuru jurnalistlə danışmağı özünə sığışdırmayıb. Nətər olsa böyük bir rayonun icra başçısıdı, zəng edən də kakoy-nibud jurnalist. Və əsəbi halda bildirib ki, mən qəzet oxumuram, sayt oxumuram, xalq kimi məlumatları da televiziyadan alıram. Sonra da telefonu söndürüb.

Görən doğrudanmı, oteldə baş verən bədbəxt hadisəni başçı televiziyadan eşidib?! Belə çıxır ki, rayonda baş verən hadisələri, əsasən, televiziyadan öyrənir.

İcra başçısı qəzet oxumur, sayt oxumur. Möhtərəm Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, yazılı mətbuatın yaşaması üçün hər il bir neçə milyon pul ayırır. İndiyədək 400-dən çox jurnalisti evlə təmin edib. Hər il 22 iyulda Mətbuat Günü ilə əlaqədar jurnalistləri həm fəxri adlarla mükafatlandırır, həm də redaksiyalara maddi-texniki vəziyyətlərini yaxşılaşdırmaq, həm də redaksiya əməkdaşlarını mükafatlandırmaq üçün qəzetlərə birdəfəlik yardım edir.

Möhtərəm Prezidentin köməkçisi hörmətli Əli Həsənov demək olar ki, jurnalistlərin bütün tədbirlərində iştirak edir, mətbuat konfransları keçirir, həm kabinetinin qapısı, həm də telefonu daim jurnalistlərin üzünə açıqdı.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də deyib ki, mən qəzet oxumuram. Yaxşı edirsən, dostum, oxuma.

Görəsən, heç olmasa Möhtərəm Prezidentin son müşavirələrinə televiziyadan tamaşa edibmi? Bir az müəmmalıdı. Əgər həmin müşavirələri diqqətlə izləsəydi, hörmətli bir qəzetin müxbirinə belə bir cavab verməzdi.

Nədənsə son zamanlar Quba rayonunun bəxti icra hakimiyyəti başçıları baxımından gətirmir.

Hər halda bir gün Qubaya qəzet oxuyan bir icra başçısı qoyarlar. Yadımdan çıxmışdı, Gədəbəyin də qəzet oxumayan bir icra başçısı vardı, mitilini atdılar bayıra, heyf ki adı yadımda qalmayıb.