Bakıda taksi xidməti təkmilləşdiriləcək
Regionlarda istismar edilən taksi minik avtomobillərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə dair vətəndaşlardan daxil olan sorğulara əsasən bildirək ki, taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub.
Bu barədə Modern.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
N.Allahyarova deyib ki, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları geniş vüsət alıb:
"Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatlıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur”.