adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyul 2018 00:12
8886
ƏDƏBİYYAT
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça
(əvvəli ötən saylarımızda)

BALLI ÇÖRƏK

(V fəsil)

Mayor sakit halda yolla gedirdi. Qarşı tərəfdən gələn qadını isə heç cür tanıya bilmirdi. Elə yasmaqlanmışdı ki, sanki zəhimli qaynatası ilə qarşılaşmışdı. Ona çatanda qadına tərəf ötəri nəzər saldı:
-Hə, bu sənsən, Sənəm bacı?...
-Mənəm, qardaş...
Onlar həmişə qarşılaşanda sahə müvəkkili onu beləcə şirin dillə dindirər, hal-əhval soruşardı. Bu da səbəbsiz deyildi. Qadının həyat yoldaşı avto-qəza nəticəsində dünyasını dəyişəndən sonra. Ona çox elçi düşən olsa da, inad eləyib heç kimə getməmi., yeganə oğlunu saxlayıb böyütmüşdü. İndi odur ki, Bəşir soruşdu:
-Kişibala necədi?
-Sağ ol əmisi, yaxşıdır. Bu il peşə məktəbini qurtarır, traktorçu olacaq.
-Lap yaxşı, sənətin pisi olmaz. Bu da çörəkli işdi.
Qadın sanki imkan düşmüşkən dedi:
-Ancaq di gəl ki, evləndirə bilmirəm də.
-Tələsmə, hələ tezdi axı.
-Niyə ki... Yaşı da az deyil. Bircə uşaqdı da. Hələlik hec olmasa nişanlayardım.
-Hə, bu başqa...
-Sən Allah söz düşəndə siz də deyin ona. Hər işin bir vaxtı var. Dilim-ağzım qurumasın, nə bilmək olar... Başıma bir iş gəlsə onun üçün çətin olar...
Mayor zarafatyana dilləndi:
-Yaxşı, -yaxşı, deyərəm... Daha ağlaşma qurma... Nə tez ölüm arzulayırsan?
Qadın doluxsunçuş halda dedi:
-Kim Qəribin belə tezcə həyatdan köçəcəyinə inanardı? Deməli, olanda olur da.
-Düzdür... Ancaq yenə də həyata inamlı olmaq, yaşamaq lazımdı.
-Əlbəttə ki...
Mayor həmin söhbətdən sonra harada İlkin görsəydi deyirdi:
-Ə, nə vaxt bir yaxşı ballı çörək yeyəcəyik?
-Yeyərik, inşallah.
-Tez elə də...
-Bir qızı tapım da...
Mayor əslində buralı deyildi. Təyinatla gəlib, neçə ildi ki, bu rayonda işləyirdi. Gəldiyi ilk günlərin birində onu elçiliyə dəvət etmişdilər. Onda görmüş, müşahidə etmişdi bu "ballı çörək" mərasimini. Daha doğrusu onda oğlan evi ilə gələn ağsaqqal neftçi kişi gözəl sözlər dedi: Elçilik uğurlu alındı. Ağsaqqal iri bir yuxanın üstünə xeyli bal tökərək yaydı, sonra onu bürmələyib, oğlanla-qızın atalarına dedi:
-"İndi isə tutun..."
Onlar ballı yuxadan yapışaraq, tən ortadan böldülər. Ağsaqqal şən, gümrah halda dilləndi:
-"İndi də, nuşucanlıqla yeyin. Beləcə şirincə, mehriban qohum olun".
Səslər eşidildi:
-"Çox mübarəkdir..."
-"Allah xeyir versin..."
-"Başa çatandan olsunlar".
Bax beləcə o şən mərasim mayorun yadından çıxmırdı. Sonradan həmin oğlanla qızın nişan, toy mərasimlərində də iştirak elədi. Bir-birlərinə yaraşırdılar. Oğlan baytar həkimi, qız tibb bacısı idi.
Yenə də qarşılaşanda mayor İlkini söhbətə çəkdi:
-Ə, noldu, qız tapmadun?
-Çölə tökülüb ki tapım...
Mayor inciyən kimi oldu:
-Kobud olma...
-Ballı çörək demirsən, verəcəyəm də.
-Hələ bir işlə, sonra baxarıq.
Sahə müvəkkilindən ayrılandan sonra dostları onu hoydu-hoyuya götürdülər:
-Ə, bu səndən nə istəyir?
-Nə bilim...
-"Ballı çörək" demədi?
Bəziləri lap ağ elədi:
-Bəlkə anasına gözü düşüb.
-Yəqin qızını vermək istəyir?
-Ola bilər...
Bu səbəbdən İlkin az qaldı ki, onlarla ciddi mübahisələşsin, yumruq davasına çıxsın.
-Mayora yaraşan elə sizin ananızdı.
-Səninkinə nolub? Həm də başsız, dul qadındı da.
O həmin gün dilxor halda evə gəlib hirsini anasının üstünə tökdü:
-Səni bir də o mayorla söhbət edən görsəm aləmi qatacağam bir-birinə.
Qadın əvvəl bunu zarafat bilib dilləndi:
-Kişiyə bir bax.
-Onun qanını tökəndə deyəcəyəm sənə.
Sənəm az qaldı ki, dəli olsun. Bu nə sözlərdi oğlu danışırdı. O, mayora nə demişdi ki?
-Küçəyə də çıxa bilmirəm. "Nə vaxt evlənəcəksən?" -deyə soruşur, ballı çörək arzulayır.
Adam bir utanmaz, abrı həyası olmaz. Elə bil ki, atamdı. Bu hərəkətlərdən tək mən yox, uşaqlar da beziblər.
Sənəm onu sakitləşdirməyə çalışdı:
-Bala, ağıllı ol... Dövlət adamı, qulluqçudu... Bir söz deyərsən, heç nədən bəlasını çəkərsən.
-Yox, atılıb adama dəyəcək.
-Axı sənə nə edib ki?! Sözdü, deyib də... Bir ağsaqqal kimi...
Oğlan lap haldan çıxdı:
-O nə vaxtdan mənim ağsaqqalım olub?
-Hə də... O tutduğu vəzifəyə görə elə hamının ağsaqqalıdı. Nolsun ki, bir o qədər yaşı yoxdur, cavandır...
Saqqalına elə dən düşüb də..
-...
-Bir də ki, səni münasib bilib deyir. Rəhmətlik atanla çox yaxın idilər.
Oğlan onun bu sözlərindən kükrədi:
-Necə yaxın olublar? Elə o olmayıb atamı tutduran?
Qadın izahat verəsi oldu:
-Hə, belə bir iş olmuşdu. Ancaq burada mayorluq nə var ki? Atanın xarmandan taxıl gətirməsini kənddən çuğullamışdılar. OBXS-in qorxusundan heç kim boynuna almadı ki, taxılı ona kolxoz sədrinin razılığı ilə anbardar verib.
-Adama belə tələ qururlar da. Sonra sən də başla sərbəst həyata...
Onun bu sözləri qadına ağır getdi, çınqıdı:
-Onu deyən qələt edir. Mən ömrüm boyu həyat yoldaşıma - atama sədaqətli olmuşam. Hər gəda-güdanın dediyinə, sözlərinə inanma.
O gün İlkin o qədər gəginlik keçirmişdi ki, yerinə uzanan kimi də yuxuya getdi. Qadın isə söz-söhbəti ilə oğlunu daha da yoldan çıxaracağını başa düşdüyü üçün susdu. Daha doğrusu oğlunun əlindən bir xəta çıxacağından ehtiyatlanırdı.
Əl-üzünü yuyandan sonra gəlib güzgü qabağında dayandı saçlarına sığal verdi. Qəm-qüssə onu da basdı. Artıq saçlarına dən düşmüşdü. Yüngül yay paltarında idi. Özünü bu paltarda xeyli qıvraq hiss edirdi.
Qadın beləcə küçəyə boylanmaqda mayoru görmək, onu xəbərdar etmək istəyirdi ki, oğlu ilə bir qədər ehtiyatlı olsun...
Həmin gün onu görə bilməsə də, səhər lap otağına gəlmişdi. İçəri keçəndə lap sıxılan kimi oldu. Qonşuları Nadir soruşdu:
-Sənəm bacı burada xeyir ola?
-Şikayətim var...
-Nə şikayət?...
-Oğluma sataşırlar.
Nadir ona təsəlli verməyə çalışdı:
-Ay arvad, gəl gedək... Uşaqdı da, birin o deyib, birin də o birilər, daha şikayətçi olmaq nəyə lazımdır?
Mayor onların sözlərini pəncərədən eşitdiyi üçün Nadirin qarasına hələ də gileylənməkdə idi:
-Deyən lazımdı a köpəkoğlu, sənə nə, şikayətə gəlib, qoy gəlsin də... Bəlkə bir də beşdən-üçdən irəli düşəcəyik. Mərdimazarı axtarmaqla deyil ki?
Sənəm içəri girəndə demə onun sözlərini eşidibmiş. Kövrəlmiş halda dilləndi:
-Bunu sizə kim deyibsə, çox qələt edir. Biz mərdiməzar adam deyilik.
Onu sakitləşdirib əyləşdirincə mayor nə vəziyyətə düşdü, Allah bilir. Elə hey deyirdi:
-Atamın goru haqqı sizinlə deyildim.
-Dəli olmuşdun?! Elə öz-özünə danışırdın?!
-Yox ey... Elə o Nadirin qarasına gileylənirdim. Belələri imkan vermir də, camaat gəlib dərdini bizə desin də.
Sənəm istilənmiş halda yerindən qalxaraq dedi:
-Camaatı da nə qınayasan, buranı da pis deyirlər də.
Mayor onun bu sözlərinə dözmədi, dilləndi:
-Ürəyi qara adamlardı da... Elə kimsəsiz, qaranlıq yerdə xəlvəti işlərlə məşğul olurlar?
-Yox, sizin otaq işıqlıdı...
-Ona görə qaçırsan da?... Allah şeytana lənət eləsin. Adamı yoldan çıxaranda çıxarır da.
-Şeytanın da adı bəjhanədi. Çox şey adamın özündən asılıdı.
Qadın işvərkarcasına gülümsədi:
-Siz belə dinsizsiz?... Şəriətə inanmırsınız?
-Niyə... İbadət etməsəm də, Allaha inanıram... Dini kitablar oxuyuram.
Söhbətin çox uzandığını görən qadın, gəlişinin məqsədini sanki indi xatırladı, dilləndi:
-Sən Allah o bizim yetimlə bir az ehtiyatlı olun... Uşaqlar da bir tərəfdən qızışdırırlar onu.
Mayor bu sözlərdən lap təsilənən, hərarətlənən kimi oldu:
-Bu nə sözdür?! Onun-bunun artığı elə mənə qalıb...
Qadın pörtmüş, yanaqları allanmış halda pıçıldadı:
-Belə kobud olmayın...
-Düzünü deyirəm də... O dəqiqə hər şeydən xoflanırlar. Biz də ailəli adamıq, ailəmiz var. Əgər bu günə kimi məndən xoşagəlməz bir söhbət eşitmisinizsə, onda xoflanmağa dəyər.
-Allah eləməsin... Elə gəldim ki, deyim də...
-Xəbərdar olduq...
Mayor onun bu sözlərindən o qədər qeyrlənmişdi ki, ayrılanda heç dillənmədi də.
Qadın evə gələndə oğlunu ayılmış, əlində iri bir bıçağı ovxarlayan gördü. Soruşdu:
-Nə edirsən?!
-Görmürsən?!
-Səni əcəl hərləyir...
-Öldürəcəyəm onu!...
Qadın xəstə adam kimi o an çınqıdı, qohum-qonşu tökülüb gəldi. Səsləndi:
-Bir bbaxın da, adam öldürmək üçün bıçaq hazırlayır!
-...
-Deyən lazımdı ki, a bala nə qudurmusan?! Yeməyə çörək tapmırsan, kim gedəcək sənin arxanca?!
-...
-Mən yazıq dərdimi kimə deyim?! Başıma nə daş salım?!
Bəzən qadın onunla bir evdə yaşamağa, gecələr yatmağa ehtiyatlanardı. Tez-tez ora-bura gedib, dərdini dağıdaerdı. Bu müddətdə mayorun gözünə görünməyə çalışmaz, onu lap düşmən gözündə görərdi.
Bir gün də qəsəbəyə xəbər yayıldı ki, İlkin, Zamiyə adlı bir qıza bənd olub. Onun dərdindən lap dəli-divanədi. Qız imkanlı bir ailənin övladı idi. Ancaq onu İlkinə verən kim idi... Anası nə qədər səy göstərsə də bir şey alınmadı. Axırı əlacsız qalıb oğluna dedi:
-Onlar kim, biz kim.... O qızı çətin sənə verərlər.
Oğlan öyündü:
-Onda götürüb qaçacağam...
-Gör damlana bilirsən də. İndi qız qaçırtmaq, insan oğurluğu sayılır.
-Özü razıdı axı...
-Nə deyim Vallah... Mən belə şeyləri bilmərəm.
Ğlan əlacsız qalıb mayorun yanına getdi. Dərdini ona danışdı. Mayor gülümsər halda dedi:
-Əla... Hiss olunur ki, ağıllanmısan... Onda bir ballı çörək yeyərik də.
-Əlbəttə ki, təki iş düzəlsin.
Mayor inamlı şəkildə dilləndi:
- Heç ürəyini sıxma, həmin ailəni yaxşı tanıyıram, qızın könlü varsa, qalanı bekara söhbətdi. Ata-anasını razı salmaq mənim boynuma.
Bu sözlərdən İlkin elə kövrəldi ki... Yerindən qalxaraq, onu qucaqlayıb, üzündən öpəsi oldu.
Mayor onun bu hərəkətindən lap mütəəssir olub yenə də gülümsədi:
-Məhəbbət belədi də... Adama nə qədər hirsli, əsəbi olsa da, yumşaldır... İnsana yaşamaq, yaratmaq inamı aşılayır, bəxş edir...
Oğlu evə gəlib bu barədə söhbət edəndə, Sənəm yaralı, xəstə adam kimi səsləndi:
-Yoxxx... Mən o mayorun üzünə baxsam, onu işimin qabağına sala bilmərəm...
İlkin əlacsız qalıb onu qucaqladı:
-Bilirəm, hirslənmisən... Hissə qapılmısan... Bu səbəbdən sənə ağrılı, iztirablı anlar, günlər yaşatmışam... Məni bağışla, ana...
-Bir saçlarıma bax... Gör onlar necə ağarıb?!... Bunlar hamısı son günlərin, ayların gərginliyinin nəticəsidi...
-Bilirəm... Ancaq sən də məni başa düş... Uşaqlardı da... Elə sözlər deyirdilər ki... Hətta biri nə desə yaxşıdı... Dedi ki, mayorun anana yox ey, onun fiqurasına gözü düşüb. Qaın çığırdı:
-Kəs! Utanmaz!... bu nə sözlərdi dilinə gətirirsən?! Onlar deyib-deyib, sənə nə?...
-Bağışla... İnanmırdın, ona görə dedim də... yığmışdılar məni boğaza... Mən də insanam axı...

(ardı gələn sayımızda)