Elşad MƏMMƏDLİ: Pis nümunə, pis (yaxşı) adamlar və Aqil Abbas
Yaradıcı şəxslərə, qələm adamlarına çox özəl, fərqli bir münasibətim, davranışım var. Bu həm xarakterdir, həm də özüm yazı-pozu adamıyam deyə, təbii olaraq, həssasiyyətim ikiqatdır. Amma xarakter əsas rol oynadığından jurnalist deyil, mühəndis də olsaydım, heç şübhəsiz, münasibətim yenə bu cür olacaqdı əhli-qələmə.
İyulun 7-də facebookda canlı yayımda Cəlilin özünə qəsd etdiyi görəndə dəhşətə gəlməyə bilməzdim təbii olaraq.
Buradaca deyim; mən özünə qəsd edənləri hər zaman pisləmişəm, tənqid etmişəm və hətta aqressiv yanaşmışam. Cəlili də ərkim çatdığı üçün buna görə danlamışam heç şübhəsiz.
O niyə belə edirdi, mənə detalları, səbəbləri bəlli deyil. Cəlil sadəcə protest edib acıları canına çəkdirib qolunu doğrayırdı, bəlkə heç ölmək deyildi məqsədi. Amma onu qan aparırdı, canını doğrayırdı... Mən isə nə qədər qəzəbli olsam da, çörək kəsdiyim insanların səhv və ya düz davranışı olub-olmamasına rəğmən, belə anında onun yanındayam həmişə. Bu hiss digər bütün hiss və yanaşmalarımı üstələyir hər zaman...
Yetişdik Cəlilə. Bizdən öncə redaktor dostumuz Elçin Zahiroğlu, yaxınlıqda yaşayan gənc yazar Könül Səid, tanımadığım digər bir neçə şəxs haraya çatmışdılar.
Mənim evə girəndə gördüyüm mənzərə; artıq həkimlər qolunu sarıyıb getmişdilər.
Gərginliyinə baxmayaraq, ona yetişən andaca Cəlilin özünə də bir az yüksək tonla dedim, bir daha nəzərə çatdırım: Ziyalı, ağıllı, ailəsini, balalarını, dostlarını, cəmiyyəti, perspektivini, QƏLƏMİNİ, oxucularını düşünən adam belə etməz, etməməlidir. Belə bir pis nümunə qoymaq olmaz ortaya, heç bir halda olmaz!..
Proseslər yekunlaşanda bütün qəzəbimlə yanaşı, bir ona sevinirdim ki, Cəlil sağdır, o nurlu, dəyərli pedaqoq olan anasının beli bükülməyəcək, gerisi isə zamanla düzələndir...
Hələlik düzəlməyən və məni narahat edən həm də başqa bir məqamdır: Bir çox vətəndaşlarımızın hər hansı hadisəyə "qazanda nə bişməsindən" xəbəri olmadan qaragüruh yanaşması. Təsəvvür edin, ara sakitləşəndən sonra gəlib facebooku açıb baxanda nə görsəm yaxşıdır? Hadisələr cərəyan etdiyi vaxtda bir dəqiqə bizi buraxmayan, bir neçə dəfə polislərlə əlaqə saxlayıb Cəlillə maksimum həssas davranmağı bir deputat kimi xahiş edən Aqil Abbası biriləri ağır təhqir edir. Bunun məsuliyyəti bəlkə həm də məndədir, çünki mən qatdım onu bu prosesə. Odur ki, Aqil Abbasa bu olayda deyilənlərə bir cavab vermək borcum da var.
Hətta biri facebookda yazmışdı ki, "Aqil Abbasın milyardı var, niyə Cəlilə kömək etmir”...
Təsəvvür edirsinizmi? Normal ağıla, beyinə 100 il sonra da çatmayacaq bir absurddur. Bu baş verənlərdə yanımızda səsi eşidilənlərdən bir Aqil Abbas olsun, onu da söyələr. Sanki bəzi insanlar ya Aqil Abbası yamanlamağın manyakına çevrilib, ya da kimlərsə onu Həzrət Abbas bilir. Cənablar, Aqil Abbas hər zaman çətində olan adamların bacardığı qədər yanında olub, ən azı buna xeyli epizodda özüm şahidəm (Xeyli işsiz yazara qəzetində iş verib və bu gün də bəziləri "Ədalət"də çalışırlar. Kitabı çıxan və təqdimatına dəvət edildiyi gənc yazarların azı 10 kitabını birdən alır. Vaxtaşırı çarəsiz ailə olanda ona yardım kampaniyası başladıram. Hər zaman ilk yardım göndərən Aqil Abbas olur. Onlarla belə nümunələr göstərə bilərəm). Amma o, Həzrət Abbas deyil! Gücü çatanı edir.
Və Cəlil də avara deyil, işləyir. Kitab yazıb satır, redaktə ilə məşğuldur. Amma bununla özünə, balalarına normal gün ağlayacaq qədər maaş ala bilməməsi isə başqa mövzunun söhbətidir. Özü iyulun 9-da problemləri barədə geniş yazı yazıb, burada mənim təxminlərim yersiz olar artıq...
Xülasə, bütün baş verənlərin fonunda üzə çıxan bir həqiqətimiz var. Yaxşı adamlar pis adamlardan çoxdur. Bu, çox qürurvericidir, həyatı sevmək üçün başlıca əsasdır.