Mundial, biz və Samir Abasov

AYDIN BAĞIROV
38060 | 2018-07-09 16:18

Dünya çempionatının açılışı üçün Moskvaya səfər edib orada fərqli millətlərdən olan onminlərlə azarkeşin içinə düşəndə istər-istəməz gözüm bizim azarkeşi və bayrağı axtardı. Amma nə Rusiya paytaxtının küçələrində, nə də "Lujniki”də onlara rast gələ bildim. Səbəb hamıya məlumdu, təbii ki.

Biz bu nəhəng futbol bayramından kənarda qalmışıq və yaxın gələcəkdə də mundialda olacağımızı nikbinliklə düşünməyə tutarlı bir əsas tapmaq çətindi. Təkcə ona görə yox ki, ölkədə normal futbolçu qıtlığı var. Həm də ona görə ki, bu qıtlığın yaranmasında məşqçi faktoru da rol oynayır. Ən yaxın keçmişə, Qurban Qurbanovla başlayan son 10 illik mərhələyə baxanda ölkədə savadlanmağa, peşəkarlaşmağa, çağdaş futbolun tələbləri ilə ayaqlaşmağa ciddi cəhd göstərən məşqçilərin sayının yetərincə az olduğunu görürük. Amma sıraları məhdud olsa belə, onlar var. Bəs hardadılar?

Dünya və Avropa çempionatlarının final mərhələlərində niyə indiyədək oynamamağımızın səbəblərindən biri həm də bu sualın arxasında gizlənir.

Mətləbə keçək. Samir Abasovu hamınız tanıyırsınız. 2015-ci ilin sonlarında "Sumqayıt”ın baş məşqçisi təyin edildi, sonra Azərbaycan səviyyəsində yaxşı bir komanda yaratdı. Özü də sırf azərbaycanlı futbolçulardan ibarət, məhdud büdcə ilə. Bu o dövr idi ki, "pulyeyən maşın” ölkənin ən köklü klubu "Neftçi”nin başına istədiyi oyunu açırdı. Amma Samir "Sumqayıt”ın timsalında futbol oynamağı bacaran komanda yaradırdı. Həm komanda yaradır, həm də özünü gələcəyin yaxşı məşqçisi kimi yetişdirirdi. Belə bir vaxtda azarkeşlərin və medianın ona dəstəyi də təsadüfi deyildi. Məlum, bizim futbolda iş görən adama elə daha çox fanatlar və jurnalistlər dəstək verir. Dəstəyi birinci verməli olanlarsa daha çox ayaqaltı qazıb, ziyan vurmaqla məşğul olurlar. Belə olanda isə "Sumqayıt” üçün indiyədək heç bir məşqçinin etmədiyini edən Samir Abasova layiq olmadığı halda klubdan könüllü ayrılmasına şərait yaradılır və o qalır işsiz. Və bu dəqiqə Premyer Liqada bir komandanı çalışdırmaq əvəzinə, gedib oturub doğma kəndində məcburi istirahətlə məşğul olur. Bizsə evimizdə, restoranlarda, ucuz və bahalı PUB-larda mundiala baxa-baxa "niyəorda yoxuq?” deyib nisgilli-nisgili danışırıq.

Amma orda olmamağımız təbiidir. İstedadına, istedadlarına sahib çıxmayan ölkənin futbolu elə yarışlara düşmür, düşə də bilməz. Bunu hamı bilir, əlbəttə. Bir tək futbolumuzu idarə edənlərdən başqa. Onlarda idarəetmə üsülu, deyəsən, həm də kin üzərində qurulub(bu yerdə Samir Abasovun "Sumqayıt”da işləyərkən özünün sabiq, "Neftçi”nin indiki prezidentinə tikanlı, federasiyaya isə üstüörtülü atmacaları yada düşür).Yoxsa normal futbol ölkəsində istedadı, potensialı, ən əsası yaxşı komanda qurmaq bacarığını gerçək işi ilə ortaya qoyan adam işsiz qalmır, qalmamalıdı.

Nəhayət...

Hər nə qədər şablon səslənsə də, millinin baş məşqçisi Qurban Qurbanov təkbaşına möcüzə yarada bilməz. Ona ağlı yerində olan, futbol beyni iki dəqiqədən bir error verməyən məşqçilərimiz kömək etməlidi. Öz sahəsindəki, klublarındakı işi ilə. Amma ən birinci kömək, dəstək AFFA rəhbərliyindən gəlməlidi. O dəstək də necə olur, özünüz bilirsiniz. Həm də kiməsə mane olmamaq, kimisə işsiz qoymamaqla.


TƏQVİM / ARXİV