ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Anam intihar etdi, siz etməyin!

13747    |   2018-07-09 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az gənc yazar Ayxan Ayvazın "Anam intihar etdi, siz etməyin!" yazısını təqdim edir.

Anam intihar etdiyi gün qar yağmışdı. Pəncərədən yerə ələnən qara tamaşa edirdim. Atamın dostu bunu görüb dedi ki, mənim də anam öləndə qar yağmışdı. Qardaşım o tərəfdən dilləndi: "Mən qarı çox sevirəm”.

Həmin günü xatırlamaq istəmirəm. Elə bil çovğunda, qarlı-tarlı bir havada küçədə qalmısan, evə getməlisən, ancaq heç cür bacara bilmirsən. Mən ağlaya bilməmişdim anamın asıldığını görəndə. Hər tərəfdən çığırtı, ağlaşma səsi ilə qamarlamışdılar məni. Sanki hər kəs mənim də ağlamağımı gözləyirdi.

Ondan əvvəlki axşam atamın yeddisi idi, tələbə yoldaşlarım gəlmişdi. Anam onlarla xeyli danışdı, zarafatlaşdı, üzü gülürdü. Hamı gedəndən sonra məni qırağa çəkib dedi: "Bilirəm, dədəni çox istəyirdin. Amma o öldü. Sən güclü olmalısan, yaşamalısan”. Sonra gözlərimdən öpdü, həmişə belə eləyirdi. Qohum-əqrəba da bizdə qalırdı, hamı yorğun idi, yıxılıb yatdıq.

Deyim biləsiniz ki, heç vaxt ağlayan, zırıldayan, iki dəqiqədən bir əhvalı korlayan adamları xoşlamıram. İstəmirəm sizi də bu hala salım. Sadəcə hər şeyi gördüyüm kimi sizin ixtiyarınıza buraxıram.
Bəlkə də mənim ağlamamağıma səbəb bu idi: anam dünən gecə mənə dəstək olmuşdu, məsləhətlər vermişdi. İndi həmin adamın balaca mismara taxdığı şaldan asıldığını görmək...

Bu hadisəni üstündən beş il keçib. Bu beş ildə beynimdə, düşüncəmizdə həmişə intihar dolaşır, gəzişir, bizə mane olur. Kimsə bu sözü deyəndə o dəqiqə həmin xatirəyə qayıdırıq. Anamın intiharına görə bizə belə deyirdilər: "Sizi niyə başsız qoydu? İndi neyləyəcəksiniz”. İkinci tərəf isə onu haqlı sayırdı: "Gör atanı necə sevibsə, onsuz yaşaya bilməyib. Halaldı. Qəhrəman qadınmış”.

Başa düşə bilmirdim, bu adamlar bizdən nə istəyir. İndi düşünürəm ki, bizim ayaqda qalmağımızın yeganə səbəbi bir-birimizi sevməyimiz olub. Qardaş bacımla nə qədər sözümüz çəp gəlsə də, bir-birimizdən ayrı dura bilmirik. Bunu da bizə anam və atam öyrədib. Yəni biz belə görmüşük.

Heç kimi kədərli notlara kökləmək istəmirəm. Bu yazının yazılma səbəbi ölkədə günü-gündən artan intiharlardır. Bu xəbərlər məni hər dəfə keçmişə qaytarır, o anı gözlərimin qabağına gətirir. Düşünürəm ki, anamın intiharından sonra bizim həyatımızda heç bir müsbət dəyişiklik olmadı. Niyə intihar etdi ki? Bizə baxa bilməyəcəyindən qorxdu? Bu səbəb deyil axı. Mənim anam çox zirək qadın idi, nə çətinliklərin öhdəsindən gəlmişdi. Onun intiharı mənim həyatımda heç vaxt tapa bilməyəcəyim böyük bir sualdır.

Bu sözlərlə nə demək istəyirəm? Hər gün intihar xəbəri ilə qarşılaşırıq. Çoxusu borca, bəzisi isə sevgiyə görə deyir. Ancaq bir düşünün: siz intihar edirsiniz, arxanızda isə sizi sevənlər qalır. Hansısa ailənin məsuliyyətini siz daşıyırsınız, atasız, anasız, qəfil borca görə intihar edirsiniz və bütün bu məsuliyyət balaca uşaqların çiyninə qonur. Anam intihar edəndə bizim yaşımız elə də balaca deyildi. Ancaq indi də onun yoxluğunu hiss edirəm. Bəzən çıxılmaz vəziyyətdə qalıram, hansısa sorunumuzu çözə biləcək adamın o olacağını düşünürəm. O isə yoxdur. Düzdü, biz artıq bu hadisənin şokundan uzaqdayıq, ancaq dediyim kimi, sarsıntı daim içimizdə dolaşır, bizə əziyyət verir.

Mən anamı nə qınayıram, nə də ki, təqdir edirəm. İntihar heç də qəhrəmanlıq deyil. Bütün hallarda geridə qalan sevdiklərin çox pis vəziyyətə düşür. Neçə adamın psixologiyası darmadağın olur. Bəzən sən intiharı çıxış yolu kimi seçirsən, ancaq o seçim başqalarının həyatını puç edir.
Küçədən eşidilən mahnı səsi, ağacların yaşıllığı... Bir uşağın çərpələng uçurmasına tamaşa etmək... Kiməsə gül bağışlamaq...

Ən adi şeylərdən xoşbəxt olmaq... Bir şeirlə, bir sözlə üzündə təbəssüm yaratmaq çətin deyil. İnsan istəyərsə, beynindəki pis fikirləri kənara qoyarsa, içindəki sönən işığı yandırarsa, o zaman ən böyük çətinlik belə həll olunar.

Heç bir kitab intiharı təbliğ etmir. Bütün gözəl şeirlər insanı yaşamağa səsləyir.

Bir dəfə bacım demişdi: "Mama ayaqları ilə yerdəki şüşələri qırmışdı. Özünü asandan sonra peşman olubmuş, sən demə. İstəyirmiş ki, xilas olsun”.

İntihar edənlərin hamısında bu hiss olub. Yaşamaq çox gözəldir. Onsuz da ölüm hamımıza gələcək. Zen-buddizmdə deyilir ki, bir anı doya-doya yaşamaq lazımdır. İnsan bir anın ömrünü uzada bilər, onu o gözəlliklərlə süsləyə bilər. Ona görə də hamıya səslənirəm: intihar etməyin, sevdiklərinizi incitməyin. Bir anlıq düşünün ki, sevdiyiniz adamlar sizi həmişə ipdən asılı, ya da qolları kəsik-kəsik xatırlayacaq. Onlara bu əzabı vermək sizə asandır? Axı sizin özünüzü öldürməyiniz neçə adamın həyatını zədələyir. Bu zədə ilə yaşamaq çox çətindir.

Beyninizdə intihar fikri dolaşanda Nazim Hikmətin şeirlərini oxuyun, ya da çıxın hava alın, komik bir filmə baxın, ağlınıza özünüzdən daha faciəvi durumda olan adamları gətirin, Afrikada aclıqla, yaşamaqla mübarizə aparan cocuqları, bir insanın intiharının nə qədər adamı yerlə-yeksan edəcəyini düşünün. Sevin, sevilin, yaşamağı həyatınızın ən vacib işi hesab edin. İçinizi xoş şeylərlə, sevgi ilə, barışla, umudla doldurun.

Bu faciəni yaşamış adam kimi istəyirəm intihar fikri ilə yaşayanları ipdən alım, onları xilas edim. Mənim anam intihar etdi, amma siz bunu etməyin. Çünki mən anamı da, bütün insanları da sevirəm...




İmza:Ayxan Ayvaz
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK