adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyul 2018 16:04
18101
MARAQLI
A- A+

Könlü kabab istəyən... ölümü gözə alsın

Kabab – milli mətbəximizin əsas yeməklərindən sayılır. Amma unutmamalıyıq ki, kabab bir çox dünya ölkələrinin mətbəxində də var, sırf bizə məxsus deyil. Şərqdən qərbə yayılaraq müxtəlif adlarla tanınsa da, mahiyyət eynidir, yəni odda bişirilən ət. Xüsusən də yaz-yay mövsümlərində, açıq havada hər kəs kabab çəkib damaq keyfiylə yeməyə üstünlük verir. Amma kababın nə dərəcədə ölümcül bir təam olduğunu bilirsinizmi? Ümidvaram, bu yazıdan sonra kababla ehtiyatlı davranacaqsız.

Ümumiyyətlə qırmızı əti gərəyindən artıq istifadə etmək mədə üçün çox təhlükəlidir. Ancaq qırmızı əti qaynanmış və ya digər qidalarla bərabər vam odda bişirilmiş halda yemək təhlükəni azaldır. Kababı təhlükəli edən ən birinci səbəb isə ətin üst təbəqəsinin kömür və odda yanmasıdır ki, bu da yüksək miqdarda kanserogenlərin vücuda daxil olması ilə nəticələnir. Vaxtaşırı kabab yeyən insanlar yaxın gələcəkdə mədə və mədəaltı vəzi, eləcə də bağırsaq xərçənginə yoluxa bilərlər. Yox əgər kababdan vaz keçə bilmirsinizsə, o zaman kababın ətini hazırlayarkən ona bolluca rozmarin, istiot, soğan və sarımsaq vurulmalıdır. Bu, ətin üzərində əlavə təbəqə yaradır ki, kömür və alovun zərərli maddələri ətə çox az miqdarda keçir.

Kababın ikinci böyük təhlükəsi onun qoxusudur. Halbuki adama ləzzət edən də məhz bu qoxudur, amma mütəxəssislər deyir ki, kabab bişərkən manqalın yanında dayanmayın. Təbii ki, kababçı məcburən dayanıb xüsusi alətlə əti yelpikləmələdir. Amma bu işi edərkən tibbi nəfəslikdən istifadə edərsə özünə daha az ziyan etmiş olar. Kababın kanserogen tərkibli (nəm qoxu ilə kömürün havada birləşməsindən yaranır) qoxusu nəfəslə yanaşı dəri ilə də bədənə daxil olduğundan kabab çəkən adam mütləqdir ki, paltarlarını dəyişdikdən, yuyunduqdan sonra süfrəyə otursun. Yalnız belə olduğu halda dərisinə və paltarına hopmuş zərərli maddələrdən qurtula bilər.

Bununla yanaşı kabab qan təzyiqi olan insanlar üçün də ziyanlı hesab olunur. Amma azərbaycanlılar, eləcə də digər türk toplumları kababın ustaları olduğu üçün bu barədə qərbdən daha irəlidədirlər. Yəni yaxşı bilirik ki, kababla mütləq ayran içilməlidir. Nanə qurusu əlavəli ayran həm təzyiqi normada saxlayır, həm də digər zərərli maddələrin bədəndə qarşısını alır. Bir sözlə, kabab spirtli və ya şirəli içkilərlə yeyilməzsə, ziyanı yarıbayarı endirmiş olarıq.


Şəfiqə ŞƏFA