adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyul 2018 00:28
18487
ƏDƏBİYYAT
A- A+

Dost gəlişi

"Müstəqillik və quruculuq" silsiləsindən

(Hekayə)

Fərəc Fərəcov

Cahangir Kəngərlinin "mobilinə" mesaj gəldi. Tənbəllik etmədən cəld açıb oxudu: "Yaxın günlərdə Naxçıvanda olacayam. Sənlə görüşmək, şəhərinizi doyunca gəzib-dolaşmaq arzusundayam. Bu arzunu məndə tanış-bilişlər yaradıb. O qədər tərif ediblər ki, sizin tərəfləri. Nə isə... Gələrəm, görərəm! Hələlik. Tələbəlik dostun Turan". Əslində Cahangir müəllim belə mesaj xəbərdarlıqlarına və yaxud zənglərinə artıq neçə illərdi adətkarda olub. Təkcə "adətkarda olub" yox, elə Bakıdan, Gəncədən, Lənkərandan, nə bilim daha haralardan, hətta xaricdən də təşrif buyuran neçə dost-tanışını telefon xəbərdarlıqlarının ardınca doğma şəhəri Naxçıvanda əziz qonağı kimi qarşılamış, duz-çörəyi təzələmiş, olmazın hörmət-izzətlə yola salmışdır. Gələnlərin heç biri də bugünkü muxtar dövlətimizə olan məftunluqlarını gizlətməmişdi. Qonaqların bir çoxu yazı-pozu adamı olduğundan səfər təəssüratlarını müxtəlif qəzet və jurnal səhifələrində əks etdirmiş, radio dalğalarında, telekanallarda dilə gətirmişlər.
Əslən Ağdam əhli olan, Bakıda, universitetdə oxuyarkən 4 il bir yataqxanada, bir otaqda qaldığı ürək, dilək dostu Turanın da gəlişi görünür eyni məqsəd daşıyır. Cahangir müəllim Turanın mesajından da bunu hiss etmişdi. Bir də ki 15-20 ildir Azərbaycandan uzaqlarda Rusiyanın paytaxtında yaşayan Turanın hansı məqsədlə gələcəyinin fərqində deyildi. Təki gəlsin, görüşsünlər. Turanın cəmisi bircə dəfə ayağı Naxçıvana dəymişdi. O da Cahangir Kəngərlinin toyunda. Ondan bu yana yazışsalar, zəngləşsələr də, heç əməlli-başlı görüşə bilməmişlər.
Cahangir müəllim üçün göydəndüşmə bir şad xəbər oldu bu. - Gəlsin, gəlsin... gözüm üstə yeri var, - deyə ürəyindən keçirdiyi sözləri ucadan dilinə gətirdi. - Hər nə üçün gəlir-gəlsin, təki onu görüm, boynuna sarılım. Ürəyim bir tikədir ondan ötəri. Yenə necə olsa acılı-şirinli tələbəlik illərini doludoyunca xatırlayarıq birlikdə.
Aradan heç onca gün adlamamışdı ki, Cahangir müəllimin telefonu səsləndi. Açdı. Turan idi. Moskvadan danışırdı. Uzun-uzadı xoş-beşdən sonra-Qardaşım, filan gün, filan saatda Naxçıvan-Moskva təyyarəsini qarşılarsan. Allahın köməyi ilə ordayam...
Cahangir müəllimin ürək çırpıntıları ilə gözlədiyi filan gün, filan saat gəlib çatmışdı. O öz maşınında Naxçıvanın hava qapısına yollandı. Təyyarə vaxtında gəlib çıxdı. Çox çəkmədi ki, köhnə dostlar ətrafdakıların da nəzərini cəlb edəcək qədər mehribanlıqla görüşdülər. Dönə-dönə qucaqlaşdılar. Elə qoşaca da maşına tərəf getdilər. Fürsət edib sağına, soluna heyrətlə nəzər salan Turan:
- Hə, dostum, deyəsən mənə səhv anlatmayıblar. Naxçıvan artıq başqa aləmdir, - deyə gördüklərindən vəcdə gələrək dilləndi:
- Elədir, Turan, indi hər şey dəyişib, yeniləşib.
Sonra yarı zarafat, yarı gerçək: - Elə biz özümüz də az dəyişməmişik. Sovetin şinelindən çıxsaq da, yeni ab-havaya əlüstü öyrəşmişik.
Turan gülümsədi və dedi:
- Hiss edirəm, qardaşım, hiss edirəm... düz deyirsən. Hər şey dəyişib. Amma sən, maşallah, o vaxt necəydin, eləcə də qalmısan: həm cavan, həm də gümrah.
- Heç sən də pis deyilsən ha, Turan.
- Yox Cahangir, meqa polis mühiti darıxdırıcı olmasa da, o şəhərin də özünə xas dərd-səri var. Əsası da odu ki, yurd, vətən həsrətindən yaxanı qurtara bilmirsən. Qəribçilik necə olsa öz işini görür. Yad adam olmağının ağrı-acısını yaşayırsan. Heyf deyil doğma el-obamız. Qoy bir Qarabağ azad olunsun, Moskvada qalası deyiləm. Birbaşa Ağdama, doğma kəndimizə gələcəyəm... Heç olmasa orada kiçik bir könərcə yaradıb yay aylarını kəndimizdə keçirəcəm.
- Yaralı yerimizə toxundun ay Turan... Allah arzularını çin etsin.
- İnsan, doğru sözümdür Cahangir, yaşım ötməsəydi gəlib könüllü olaraq orduya gedərdim. Əslində bir neçə dəfə cəht etdim. Alınmadı. Daha doğrusu, dedilər yaşına uyğun işlərlə məşğuı ol... Ordumuza nə gəlib ki...
- Turan, başımız söhbətə qarışdı.. artıq evə çatmışıq. Bax, bu gördüyün həyət evi, ikimərtəbəli bina bizimkidir.
Həyət-bacanı təəccüblə süzən Turan:
- Nə gözəl, nə gözəl, sağlığınıza qismət olsun, xeyir işlər edəsiniz...Bəs ata eviniz? Sənin toyunda qaldığımız ev, o hardadır? Unutmuşam yerini...
- Ata ocağında kiçik qardaşım yaşayır. Özü də sən gördüyün evdə yox ha... O da yaxşı bir imarət saldırıb. Bir də ki, Turan, o vaxtlar gördüyün, qaldığın darısqal, cansıxıcı evlər "arxivə" verilib artıq. Hamısının yerində iki, üç qatlı şəxsi binalar salınıb... Elə bilirsən sənə nahaqdan tərif ediblər... Bu yerlərin hər daşı, hər kərpici təzələnib, iki göz istəyir ki, tamaşasına dura. Naxçıvanı Avropanın şəhərləriylə yanaşı tuturlar ee... Deyəsən qabağadüşənlik edirəm. Onsuz da gəzib görəcəksən hər şeyi... İzahat verməyim artıqdır.
İndisə keçək içəri, bilirəm, yol gəlib yorulmusan, bir yuyun, rahatlan, yemək-içmək də hazırdır. Sonrasına baxarıq.
- Evə yox, ay Cahangir, evə yox! Mehmanxanaya apar məni. Uşaqlara niyə əziyyət verək axı... Mehmanxana yoxdu bəyəm?
- Ay mənim ürəyim, o nə sualdır - "Mehmanxana yoxdu bəyəm?" Necə yəni yoxdur?! Saysız-hesabsız mehmanxanalarımız, qonaq evlərimiz var. Hər biri də yalan olmasın, sizin şəhərlərinizdəkindən geri qalmayan. Ancaq qardaşım, belə rahat, geniş ev-eşiyi qoyub səni mehmanxanaya götürsəm, əsla özümü bağışlamaram. O fikri bir yolluq başından at. Nə qədər istəsən boş otağımız var. Hansını bəyənsən, öz evin kimi də qalacaqsan.
Turan dostunun qırımını görüb və bir də tələbəlik dövründə müşahidə etdiyi inadkarlığını yadına salıb, onunla razılaşmaq zorunda qaldı. Və birlikdə evə daxil oldular.

***
Düz on gün tamam olurdu ki, Turan Naxçıvanın saf, təmiz havasını udur, suyunu içir, çörəyini kəsirdi. Cahangir müəllim istəkli dostunun gəlişinə görə çalışdığı universitet rəhbərliyindən izin də almışdı. Başqa mühüm özəl işlərini isə etibar etdiyi yaxınlarına tapşırmışdı. Və beləliklə, bütün vaxtını Bakıda oxuduğu illərdə bir nömrəli dostu saydığı Turana ayırmışdı. Bu müddətdə Turanın muxtar dövlətimizin Qərbindən Şərqinə, Cənubundan Şimalınadək gəzmədiyi, görmədiyi kənd, şəhər, demək olar ki, qalmamışdı. Onun hər addımda rast gəldiyi yeniliklərə təəccübü, heyrəti Cahangir müəllimi sözün əsl mənasında qürurlandırırdı. Qürurlandırırdı ki, bu gözəl diyarın sakinlərindən biri də məhz odur. Yaxından, uzaqdan gələn qonaqlar da ona qibtə hissi ilə yanaşırlar. Və həm də qürurlanırdı ki, hər bir müsafir bu yerlərdən böyük təəssüratla ayrılır, gördüklərini, bildiklərini ölkəmizlə, dünya ilə paylaşırlar. Bu isə o anlama gəlir ki, Naxçıvanın şöhrət coğrafiyası getdikcə genişlənir... Bundan da fəxarət duymalı nə ola bilər?
Turan gəldiyi gündən Cahangir müəllimlə birgə şəhərin mərkəzindəki "Zümrüd" kafe-restoranında bir neçə dəfə əyləşib istirahət etmiş, dincəlmişlər. Yola düşəcəyi günün öncəsi də Turanın istəyi ilə həmin ünvanı seçdilər. Burada söz-söhbətləri elə alındı ki, ətraflarındakı oturacaqların da nə zaman dolub boşaldıqlarının fərqində olmadılar. Moskvalı qonaq gəzdikləri, gördükləri barədə sanki dostuna hesabat verir, ürəyindən keçənləri danışıb bitirməyə tələsirmiş kimi görünürdü.
- Ay Turan, ay mənim əziz qardaşım, gəl bu daşı ətəyindən tök. Sabah uçma, biletini qaytaraq. Heç olmasa bir həftə də qal, istədiyin kimi gəzib-dolanaq.
Turan:
- Düz deyirsən Cahangir, buralardan ayrılmağa heç ürəyim gəlmir. Ancaq nə edim, orada da vacib işlərim tökülüb qalıb... İşə bir bax, gəlməmişdən mən düşünürdüm ki, on günü necə qalacağam Naxçıvanda. Sən demə... heç bilmədim bu on gün nə vaxt gəldi, nə vaxt ötüb keçdi. Amma getsəm də, təəssüratlarım məni illər uzunu tərk etməyəcək.
Turan sonra söhbətini zarafatyana davam etdi:
- Bikef olma, qardaşım, qəbul etsən, gələn il də vaxt ayırıb qonağın olaram... Nə deyirsən? Etirazın yoxdur ki?
- Turan, bilirəm şuxluq edirsən... Ancaq mən ciddi söyləyirəm: biz naxçıvanlılar qonaq-qaradan qorxan deyilik. Qapımız hər zaman üzünüzə açıqdır. Gözləyəcəyəm.
- Elədirsə, mən də zarafatla dediyimi gərçəkləşdirəcəyəm. İndisə, gəl bayaqkı söhbətimizə qayıdaq. Harada qalmışdım?
- Şəhərimizdən danışırdın.
- Hə, elədir. Naxçıvan haqda nəsə deyirdim... Super şəhəriniz var, Cahangir. Həqiqətən də fəxr etməli, qürur duymalı gözəl, həm də çox təmiz şəhərdir. Eyni zamanda qədimlik və müasirlik bir-birini tamamlayır. Ayrıca ad çəkib söhbəti uzatmaq istəmirəm. Hər şey əladır, hər şey yerli-yerindədir. Meqa şəhərlərdə belə gözə dəyməyən səliqə-sahmanı burada gördüm. Təkcə şəhərinizdə yox ha, hər yerdə, ucqar dağ kəndlərində belə... Yadındadır, Cahangir, rayonların hansı birinin kəndindəsə əlimdəki kiçik kağız kəsiyini bükmələyib yerə atmağıma razı olmadın:
- Görmürsən hər yan necə gül kimidir? Saxla, "Təmizlik qutusuna" at, dedin. Lap yerində çatdırdın.. Ətrafıma nəzər salanda artıq hər şey aydın oldu mənə. Yollarınıza da düzü heyran qaldım. Böyük-kiçikliyindən asılı olmayaraq sonuncu yaşayış məntəqələrinədək asfat döşənib. Hələ kəndlərinizdə ucaldılan binaları, bərpa edilən tarixi, dini abidələri demirəm.. Cahangir, bil ki, indi Naxçıvan, ümumilikdə muxtar respublika haqqında ürəyimdə nə qədər bitib-tükənməyən sözlər yatır. Saatlarla danışsam qurtarmaz. Kaş ki şair, yazıçı olardım və sinəmin altındakıları nəzmə çəkəydim, yaxud, hekayəyə, romana çevirəydim. Amma nə etmək olar. Mən də öz növbəmdə boş dayanmayacağam. Hər yerdə hər kəsə danışacağam. "Gedin, görün" deyəcəyəm. Bir də Cahangir, bilirsən, Naxçıvan haqqında əsas qənaətim necədir? Yəni deməyim odur ki, bu yerlərdə araya, ərsəyə gətirilən misilsiz quruculuq işləri ilə uyarlı olan, həmahəng səsləşən təbiətində - dağında, daşında, çölündə, meşəsində də bir əzəmət, vüqar gördüm. Əlincə qalasının, Elanlı dağının qüdrəti, möhtəşəmliyi insanlarınızın canına, qanına hopub elə bil. Bunu açıqca hiss etdim... Necə saf, dəyanətli, eyni zamanda mehriban və üzügülər camaatınız var. Bunlar hamısı birlikdə Naxçıvanın bu günü ilə, dillərə düşən adı-sanı ilə bahəm səsləşir, bir tamlıq, bütünlük yaradır.
Sözümün canı odur ki, indi daha çox qibtə edirəm naxçıvanlılara.
- Çayın soyuyur, iç, yenə süzüm, - deyə Cahangir gülə-gülə və həm də daxili bir sevinclə dillənir.
- Eyb etməz, Cahangir, təki soyuyan çay olsun... Bir də axı, gözəl el deyimi var: çay bəhanədir, söhbət şəhanə!.. İstəyirəm bizim də söhbətimiz şəhanə olsun. Deyək, danışaq... yeni arzular, yeni ideyalar, fikirlər ortaya çıxsın. Bu günkü Naxçıvan da elə-belə yüksəlməyib ki. Bunlar hamısı zərgər dəqiqliyi ilə düşünülmüş ideyaların, layihələrin məcmusudur... Cahangir, sən xoşbəxtsən! Çünki belə bir yüksəlişli, şöhrətli diyarın sakinisən. Atam rəhmətlik hələ Ağdamda yaşayanda tez-tez dilinə gətirərdi ki, hər adam doğulduğu ocağı, yurdu ilə fəxr etməli, öyünməlidir. Axı bu, onun İlahidən verilmiş payı, qismətidir. O qismətə cavabdek olmaq, qoruyub saxlamaq, necə deyərlər, bəzək-düzək vurmaq, şöhrətləndirmək onun borcu, vəzifəsidir. Di gəl ki, şərəf verəcək o missiyanı yerinə yetirmək bizim taleyimizə yazılmadı. Kimlərinsə, nələrinsə ucbatından itirdik mərdləri, igidləri ilə ad qazanmış yurd yerimizi.

- Fikir çəkmə, qardaşım, bu gün dövlətimiz elə bir siyasi xətt götürüb ki, o yerlər yenə də bizim olacaq. Mütləq olacaq... Orda da burdakı kimi möhtəşəm işlər görüləcək. Sən də, mən də yeni Ağdamımızla, Şuşamızla öyünəcəyik. Qəm çəkməyə dəyməz. Çalışmaq, iş görmək gərəkdi. Axı hər bir layihə, hər bir siyasi, iqtisadi uğur bizi artıq işartıları aydın görünən qələbəyə yaxınlaşdırır.
- Cahangir, söhbətə başımız elə qarışıb ki, gör bir kimsə qalıb burda..
- Düz deyirsən, Turan, gedək. Sən də yorğunsan. Səhər tez durmalıyıq...
- Cahangir, kitablar yaddan çıxar ha.
- Muxtar respublika haqqında olan son statistik kitabları deyirsən?
- Elədir, elədir, onları deyirəm.
- Niyə çıxır ki, o kitabları ayrı qoymuşam. Aparıb diqqətlə oxuyarsan. Və onda bu on gündə burada öyrənib bildiklərinin üstünə nə qədər də bilmədiklərin gələcək. Naxçıvanı sanki yenidən kəşf edəcəksən.
***
Turanın Naxçıvan gəzintisindən aylar ötmüşdü. Buna baxmayaraq dostların arasındakı münasibət daha da istiləşmiş, telefon əlaqələri, sifarişlər siyasi dillə desək, intensiv xarakter almışdır. Turan hər telefon zəngində Naxçıvanla bağlı apardığı təbliğat işlərini dilə gətirir, vaxt ayırıb hərarətini hələ itirməmiş xatirələri çözələyirdi.
Son zənglərin birində Turan sevinc hissi ilə dedi:
- Əziz qardaşım, xəbərin olsun ki, Qərbin ən nüfuzlu telekanallarından birinin MDB ölkələri üzrə təmsilçisi ilə görüşüb danışmışam... Yaxın dostumdur mənim, çox maraqlanıb Naxçıvanla. Tammetrajlı film çəkmək istəyirlər. Aid qurumlarınızla razılaşıblar. Məni də çəkilişə qoşmaq istəyirlər... "Duzdağ" otelində yerlərimiz bronlanıb. Qismət olsa yaxın günlərdə görüşəcəyik.
- Nə yaxşı xəbər oldu bu.. Çox sağ ol, çox sağ ol, Turan, fəxr edirəm səninlə.