adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Iyul 2018 00:17
74754
MÜSAHİBƏ
A- A+

ÖMRÜN 75-Cİ BAHARI

1943-cü il, İkinci Dünya müharibəsinin tən ortası idi. Artıq Sovet Ordusu Vətəni alman faşistlərindən təmizləyirdi. Bu yazda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası İlyas kimi türk adı olan Elçin adı ilə razılaşmışdı. Elçin - yəni haqq-ədalət yolçusu, həqiqət tərəfdarı, düzlük, doğruluq, şərəfli insan. Elçin bütün bunları özündə cəmləşdirdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq o da "qarğı at" sürmüş, Xəzərin qumlu sahillərində gəzərək öz ömrünün cəhlimlərini açmışdır.
Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin 1943-cü il may ayının 13-də, Bakı şəhərində, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almış, universitet Elmi Şurasının zəmanəti ilə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuş, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, daha sonra "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdır. İlk hekayəsi ("O inanırdı") 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşı-lanmışdır. Bundan sonra o, dövri mətbuatda müntəzəm olaraq bir-birindən maraqlı hekayə, povest, roman və ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. Böyük ədibin hekayələrindən, povest, roman və pyeslərindən ibarət müxtəlif dillərdə 100-dən çox kitabı, elmi monoqrafiyaları nəşr edilmişdir. Elçinin məşhur "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanları Azərbaycan nəsrinin qızıl fonduna daxil olmuşdur.
60-cı illər ədəbi nəslinin ən istedadlı və aparıcı nümayəndələrindən olan Elçin, əsərlərinin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca xüsusiyyətlərdəndir.
Elçin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alınması üçün onun əxlaqi-mənəvi keyfıyyətlərini, düşüncələrini, psixologiyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı bacarır və onun yaradıcılığını şərtləndirən bu cəhətlər həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir.
Əsərlərinin məhz bu keyfiyyətlərinə görə Elçin müxtəlif millətlərdən ibarət milyonlarla oxucu auditoriyasının sevimli yazıçısıdır.
O, istər kiçikhəcmli, istərsə də irihəcmli əsər yazsın, fərqi yoxdur, seçdiyi mövzunu sənətin yüksək bədii-estetik tələbləri səviyyəsinə qaldırır, onun təsvir etdiyi hadisələr həyati, canlı və təsirli alınır, obrazların ömür yolu bədii sözün işığında hərtərəfli görünür. Buna görə də, Murad, Sevil, Ağanəcəf, Baladadaş ("Baladadaşın ilk məhəbbəti"), Cavanşir, Fazilə, Ayaz ("Qış nağılı"), Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi ("Gümüşü, narıncı, məxməri"), Qəzənfər, Əmirqulu, Ələkbər, Ağababa, Əzizağa ("Baladadaşın toy hamamı"), Cəfər, Səkinə, Güldəstə, Kitabulla, Tamilla ("Bir görüşün tarixçəsi"), Ziba, Mürşüd, İmaş, Cəbi ("Ox kimi bıçaq") və bir çox başqa surətlər yadda qalır, bizə fərdiləşən, psixologiyası, fikir və hiss aləmi doğma olan obraz təsiri bağışlayırlar.
İstedadlı tənqidçi Nadir Cabbarov "Həyat nəfəsli nəsr" məqaləsində yazır: "Ciddi nəsr! Olsun ki, bu ifadə ədəbi anlayış kimi qeyri-dəqiqdir və istilah kimi özünü doğrultmasın. Lakin yazıçının gerçəkliklə ünsiyyəti, onun həyat materialı ilə sənətkar rəftarı baxımından bu ifadə, zənnimcə, çox yerinə düşür: Elçin nəsri ciddi nəsrdir - sözünün canı olan mətləbli nəsrdir".
Elçin təkcə hekayələrində yox, povest və romanlarında da söz israfçılığına yol vermir, həmişə lakonik yazır, əsl mətləbi qələmə alır, rəmz və şərtiliklərdən, öz-özü ilə söhbət və daxili dialoqlardan, əfsanə və nağıl ünsürlərindən tez-tez istifadə edir.
Elçinin "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" kimi povestləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində nəşr olunmuş, oxucular tərəfındən böyük maraqla qarşılanmışdır. Təsadüfi deyil ki, bu povestlər keçmiş Sovet İttifaqının ən populyar və çoxtirajlı jurnallarında dərc edilmişdi ("Bir görüşün tarixçəsi" - "Yunost" jurnalı, 1977, № 6; "Toyuğun diri qalması" - "Drujba narodov" və "Don" jurnalları, eyni vaxtda, 1978, № 10; "Dolça" - "Yunost" jurnalı, 1981, № 8).
Onun əsərləri bir çox ədəbi mükafatlar, o cümlədən SSRİ Yazıçılar İttifaqının, "Drujba narodov" və "Smena" (iki dəfə) jurnallarının, "Literaturnaya qazeta"nın (iki dəfə), "Nedelya" həftəliyinin və digər mətbuat orqanlarının "İlin ən yaxşı əsəri" mükafatlarını, Moskvada nəşr olunmuş "Əncir ağacı" adlı povest və hekayələr kitabı keçmiş SSRİ-nin ən nüfuzlu mükafat-larından birini - Lenin komsomolu mükafatını, "Memar Sinan" Universitetinin (İstanbul), Fateh Universitetinin (İstanbul) mükafatlarını, eləcə də ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə "İstiqlal", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə isə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Elçin keçmiş ümumsovet ədəbi prosesində həm yazıçı kimi, həm də tənqidçi kimi ən fəal surətdə iştirak edən nüfuzlu bir qələm sahibidir. Onun yalnız elə "Literaturnaya qazeta"da dərc edilmiş onlarla məqalələrini, "Voprosı literaturı", "Literaturnoye obozreniye" kimi jurnallardakı nəzəri çıxışlarını xatırlamaq kifayətdir.
Elçinin üç romanı - "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" - yalnız milli romançılığımızın yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ciddi və əhəmiyyətli nailiyyətləri hesab olunur və onlar bədii-estetik səviyyələri, qaldırdıqları sosial-ictimai problemlərin dərinliyi baxımından keçmiş sovet ədəbiyyatında yaranmış ən mükəmməl romanlar sırasındadırlar.
Misal üçün, "Ölüm hökmü" romanı təxminən 60 illik bir dövrün bədii salnaməsidir. Yazıçı həmin faciəvi və ziddiyyətli dövrlə bağlı həqiqətləri bütün kəskinliyi ilə demiş, sovet ictimai quruluşunun cəmiyyətə vurduğu mənəvi və maddi zərbələrin insan talelərinə təsirini dolğun bədii boyalarla ifadə etmişdir. Romanda həm 20-30-cu illərlə, həm də müasir dövrümüzlə bağlı faktoloji sənədlilik, bədii təxəyyül və obrazlarla özünün üzvi vəhdətini tapmışdır.
Elçinin dramaturgiyası, son illərdə qələmə aldığı komediyalar Azərbaycan komedioqrafiyasını keyfiyyətcə yeni bir mərhələyə qaldırmış və milli sənətimizdə bədii-estetik hadisə olaraq "Elçin teatrı"nı yaratmışdır. Onun "Poçt şöbəsində xəyal", "Ah, Paris!.. Paris!..", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Qatil", "Şekspir" və s. kimi pyesləri yalnız Azərbaycanın deyil, xarici ölkələrin, o cümlədən Türkiyənin ən böyük teatrlarında uğurla səhnəyə qoyulmuşdur.
Görkəmli tənqidçi Yaşar Qarayev yazır: "Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi-əxlaqi, ideoloji stereotiplərə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi-estetik münasibət ifadə edir."
Elçinin "Tənqid və nəsr", "Klassik aşıq ədəbiyyatında "dünya" obrazı", Üzeyir Hacıbəyovun publisistikasını tədqiq və təhlil edən "Bəstəkarın vətəndaş sözü" monoqrafiyaları, eləcə də Azərbaycanın böyük şəxsiyyətlərinə - Bülbülə həsr edilmiş "Bülbül", Azərbaycan Demokratik Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən "Məmməd Əmin Rəsulzadə", yazıçı, siyasi-ictimai xadim Nəriman Nərimanovun yaradıcılığını və fəaliyyətini işıqlandıran "Nəriman Nərimanov", Cəfər Cabbarlının yaradıcılığını yeni aspektdən təhlil edən "Sənətkar və şəxsiyyət" monoqrafık oçerkləri və s. kimi elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elminin son onillərdə əldə etdiyi nailiyyətlərin parlaq nümunə-ləridir.
Onun son illərdə çap etdirdiyi son dərəcə orijinal "Ədəbi düşüncələr"i böyük marağa səbəb olmuş və həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Elçinin ədəbi fəaliyyətində tərcümə də əhəmiyyətli yer tutur. Onun klassik yapon poeziyasından tərcümə etdiyi "Nərgizin bircə ləçəyi", Qərb yazıçılarının hekayələrindən ibarət "Necə oldu ki, Pyer Duş məşhurlaşdı" kitabları, Molyerin "Skapenin kələkləri" və "Jorj Danden, yaxud aldanmış ər" komediyaları və s. oxucular və tamaşaçılar tərəfındən rəğbətlə qarşılanmışdır.
Elçinin əsərləri rus, ingilis, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, rumın, fars, çex, polyak, xorvat, gürcü, moldav, türkmən, özbək, qazax, tacik, serb və s. dillərə tərcümə edilmişdir. Yalnız elə bu faktı qeyd edək ki, Elçinin qardaş Türkiyədə 18 kitabı nəşr olunmuşdur.
Elçin görkəmli ictimai və dövlət xadimidir, bu gün ədəbi-mədəni mühitin formalaşmasında böyük rolu olan hörmətli və nüfuzlu şəxsiyyətlərdən biridir. Onun həm dövlətçiliklə, həm də bədii yaradıcılıqla bağlı fəaliyyəti bir-birini ahəngdar şəkildə tamamlayır.
Elçin hazırda yaradıcılığının ən dolğun çağını yaşayır və biz inanırıq ki, o, yeni-yeni əsərləri ilə ədəbiyyat xəzinəmizi daha da zənginləşdirəcəkdir.
Bu elə həmin Elçindir - alnının təri olan bütün zəhmətini 10 cildlik "Seçilmiş əsərləri"ndə cəmləşdirdi.
Bu elə həmin Elçindir - "Min gecədən biri"ni yazıb.
Bu elə həmin Elçindir - "Açıq pəncərə"ni qələmə aldı.
Bu elə həmin Elçindir - "SOS"u yazdı.
Bu elə həmin Elçindir - "Gümüşü, narıncı, məxməri"ni yazdı.
Bu elə həmin Elçindir - "Bu dünyadan qatarlar gedər" dedi.
Bu elə həmin Elçindir - "Bir görüşün tarixçəsi"ni qələmə aldı.
Bu elə həmin Elçindir - "Günay, Yalçın, Nigar, bir də Səlim", "Günayın, Yalçının, Nigarın nağılları"nı balaca uşaqlara həsr etdi.
Bu elə həmin Elçindir - "Pyeslər"i yazdı.
Bu elə həmin Elçindir - ədəbiyyatçılar üçün "Tənqid və ədəbiyyatımızın problemləri"ni bildirdi.
Bu elə həmin Elçindir - hekayə və povestlərini "Bülbülün nağılları"nda çatdırdı.
Bu elə həmin Elçindir - "Mahmud və Məryəm"i yazdı.
Bu elə həmin Elçindir - "Beş dəqiqə və əbədiyyət"i yazdı.
Bu elə həmin Elçindir - "Ağ dəvə"si ilə dünyanı gəzdi.
Bu elə həmin Elçindir - Vokal sənətinin böyük siması Bülbülə həsr etdiyi "Bülbül"lə onu dünyaya bir daha tanıtdı.
Bu elə həmin Elçindir - irihəcmli "Klassiklər və müasirlər"i qələmə aldı.
Bu elə həmin Elçindir -uşaqlara "Humayın yuxusu"nu çatdırdı.
Bu elə həmin Elçindir - irihəcmli "Ölüm hökmü" romanını çap etdirdi.
Bu elə həmin Elçindir - "Ömrün son səhəri"ni qələmə aldı.
Bu elə həmin Elçindir - "Özümüz və sözümüz"ü əlifba sırası ilə düzdü.
Bu elə həmin Elçindir - Şərqdə ilk Azərbaycan Demokratik Cümhuriyyətinin banisi "Məmməd Əmin Rəsulzadə"ni yazdı.
Bu elə həmin Elçindir - böyük Üzeyir Hacıbəylinin publisistikasına həsr etdiyi "Bəstəkarın vətəndaş sözü"nü qələmə aldı.
Bu elə həmin Elçindir - "Dəlixanadan dəli qaçıb" deyən.
Bu elə həmin Elçindir - "Klassik aşıq poeziyasında "dünya" obrazı"nı yaradan.
Bu elə həmin Elçindir - ərəb əlifbası ilə "On ildən sonra"nı yazdı.
Bu elə həmin Elçindir - Azərbaycan ədəbi-tarixi paralellərinin nəzəri tədqiqatları əsasında "Ədəbiyyatda tarixilik və müasirlik problem"i qələmə aldı.
Bu elə həmin Elçindir - Azərbaycan xalqının görkəmli oğlu, yazıçı, pedaqoq və ictimai-dövlət xadimi Nəriman Nərimanovun həyat və fəaliyyətinə həsr etdiyi "Nəriman Nərimanov şəxsiyyəti və fəaliyyəti"ni yazdı.
Bu elə həmin Elçindir - yenə uşaqlar üçün "Kukla, yaxud Aysu"nu yazdı.
Bu elə həmin Elçindir - "Ədəbiyyatımızın yaradıcılıq problemləri"ndən söz açdı.
Bu elə həmin Elçindir - "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunan "Kitabi-Dədə Qorqud" aliliyini insanlara çatdırdı.
Bu elə həmin Elçindir - 1945-1965-ci illəri əhatə edən "Tənqid və nəsr: Azərbaycan bədii nəsri ədəbi tənqiddə" adlı vəsaiti qələmə aldı.
Bu elə həmin Elçindir - son 30 ilin hekayələrini özündə əks etdirən "Baladadaşın ilk məhəbbəti" adlı kitaba cəmləşdirdi.
Bu elə həmin Elçindir - Azərbaycan Sovet dramaturgiyasının banisi Cəfər Cabbarlı haqqında "Cəfər Cabbarlı şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələr"i yazdı.
Bu elə həmin Elçindir - "Ədəbi düşüncələr"ini yazdı.
Bu elə həmin Elçindir - "Bayraqdar"ı qələmə aldı.
Bu elə həmin Elçindir - yenidən "Ustad Bülbül" əsərini qələmə aldı.
Bu elə həmin Elçindir - dahi yazıçımız Mir Cəlal Paşayevə həsr edilən "Sadəlik və müdriklik: müəllim haqqında söz" adlı kitabını yazdı.
Bu elə həmin Elçindir - "Günay, Humay, bir də günəbaxan və qırt toyuğun cücələri"ni yazdı.
Bu elə həmin Elçindir - "Küləyin, Çinarın və qaranquş balasının nağılı"nı uşaqlara həsr etdi.
Bu elə həmin Elçindir - "Dünya ədəbiyyatı" dərgisinin dəstəyi ilə "Qarabağ şikəstəsi"ni qələmə aldı.
Bu elə həmin Elçindir - uşaqlara "Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı" və "Mənə niyə gülürlər"i bəxş etdi.
Bu elə həmin Elçindir - irihəcmli "Ömrün anları"nı yazdı.
Bu elə həmin Elçindir - "Balaca qırmızı çiçək və Gilas qız"ı yazdı.
Bu elə həmin Elçindir - "Sosrealizm bizə nə verdi? Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair" kitabını qələmə aldı.
Bu elə həmin Elçindir - "Poçt şöbəsində xəyal", "Ah, Paris!.. Paris!..", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Qatil", "Şekspir", "Cəhənnəmin sakinləri", "Teleskop", "Sənətkarın taleyi" və s. pyesləri qələmə aldı.
Bu elə həmin Elçindir - "Yol qəsəbədən şəhərə gedir", "Toyuğun diri qalması"; "Dolça"; "Kaşeyin taleyi", "Gül dedi bülbülə" və s. povestləri yazdı.
Bu elə həmin Elçindir - hələ on il əvvəl 1977-ci ildə Şuşaya duman gələcəyini bildirdi.
Bu elə həmin Elçindir - "Ox kimi bıçaq", "Aman ovcu, vurma məni", "Hökmdarın taleyi"ni yazdı.
Bu elə həmin Elçindir - "Qızıl", "İnfarkt" "Gecikmiş payız günü", "Qisas", "Mənim ərim dəlidir", "Taun yaşayır" və s. dram, səhnəcik və radio əsərlərini yazdı.
Bu elə həmin Elçindir - elin namuslu oğlu.

Bəybala ƏLƏSGƏROV,
tarix üzrə elmlər doktoru