adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyul 2018 11:49
9236
GÜNDƏM
A- A+

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində gündüz və gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək general-polkovnik Z.Həsənov bildirib ki, qoşunlar gizli şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

General-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçirilib.

Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.