adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Vaterloo körpüsü

11225 | 2018-07-05 23:19
Hörmətli oxucu, öncə xatırlatmaq istəyirəm ki, Londondakı Vaterloo körpüsü haqqında müxtəlif ölkələrdə, müxtəlif illərdə və müxtəlif rejissorlar tərəfindən dörd bədii film çəkilib. Bu filmlərin əksəriyyətində vaxtilə ingilis və fransız qoşunları arasında fasilələrlə davam edən qanlı müharibə öz əksini tapıb. Nəhayət, 1815-ci il iyunun 18-də hersoq Vellinqtonun başçılığı altında ingilis döyüşçüləri fransız qoşunlarına qalib gələrək, Napaleonun Avropa üzərində hökmranlığına həmişəlik son qoydular.
Təqdim etdiyimiz yazı isə Amerika rejissoru və prodüseri Le Royun melodrama janrında çəkdiyi "Vaterloo körpüsü" iki sevən gəncin nakam məhəbbət hekayəsini göstərir. Mayra adlı gözəl qızın gənc zabitlə sevgi macərası tamaşaçını həyəcanlandırmaya bilməzdi. Vivyen Li və Robert Teylor məharətli ifaları ilə milyonlarla kinosevərin məhəbbətini qazanıblar.
Hindistanın Darcilinq şəhərində 1913-cü il noyabrın 5-də ingilis Ernest Xartlinin ailəsində Vivian Meri (əsl adı belədir) adlı qız uşağı dünyaya gəlir. Birja agenti işləyən atası mister Xartli həvəskar aktyor kimi tanınırdı. Balaca Meriyə də səhnəyə olan həvəsi atasından keçmişdi. Onların ailəsi tez-tez daimi iş yerini dəyişdiyindən Vivian Roma, Paris və Vyana şəhərlərinin kolleclərində təhsil almalı olurdu. Elə bu səbəbdən də onun yaşadığı şəhərlərin teatr həyatı barədə məlumatı var idi. Yaşının az olmasına baxmayaraq, Meri bəzən pansion divarları arasında, darısqal bir otaqda kiçik tamaşalar hazırlamağa cəhd göstərirdi. O, dikssiyasını düzgün qurmaq üçün Komedi Fransız teatrının aktrisası ilə məşq edirdi. On səkkiz yaşına çatanda isə Meri Londondakı Kral Akademiyasının dram sənəti şöbəsinə daxil olur. Valideynləri ondan çox razı idilər. Müəllimləri də gənc miss Xartlini istedadlı və çalışqan tələbə sayırdılar. Onlar qızlarının gələcəyini məşhur aktrisa kimi görürdülər.
1935-ci il may ayının 15-də 22 yaşlı Meri "Ambassadors" teatrının səhnəsində ilk böyük rolunu oynayır və uğur qazanır. Həmin gecə "Yaxşılıqlar maskası" komediyasının premyerasında Anriyett rolunu oynayan gənc aktrisanı tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. O gündən etibarən Meri tamaşalarda Vivyen Li adı ilə çıxış etməyə başladı. Səhərisi bütün qəzetlər gənc aktrisanın oyunu haqqında tərifli resenziyalar dərc etmişdi.
Vivyen Lini "Londonun sensasiyası" və "təzə Sara Bernar" adlandırırdılar. Səhnədəki ilk çıxışından bəyənilən Li daha sonra kinoya çəkilmək üçün dəvətlər almağa başlayır.
Kinoprodüser Aleksandr Korda gənc aktrisa ilə beş filmə çəkilmək üçün müqavilə bağlayır. Hollivud prodüseri Devid Selznik isə Lidən yeddi illik kontraktı imzalamağı xahiş etdi. Li ardıcıl olaraq "İngiltərə üzərində alov" (1936), "Yankilər Oksfordda" və "Müqəddəs Martin döngəsi" (1938) filmlərində çəkilir. Bu ekran əsərləri aktrisanın öz üslub, mövzu və dəst-xəttinin axtarışında olduğunu göstərirdi. Onun ifasının təbiiliyi qəhrəmanların mürəkkəb psixologiyasına maraq göstərməsi və onların daxili aləmini açmağa çalışmasını tamaşaçılar yüksək qiymətləndirirlər.
Vivyen Li "Küləklə sovrulanlar" (1939, rej. B.Fleminq, ABŞ, "Oskar" mük.) ekran əsərində çəkilmək üçün Amerikaya gələn zaman filmin kütləvi və batan səhnələri artıq çəkilib qurtarmışdı. Təkcə qadın qəhrəman-Skarlet O:::Xara rolunun ifaçısı çatışmırdı. Çoxsaylı namizədlər arasından həmin rola Vivyen Li təsdiq olundu. Miss Skarlett obrazında Li istedadını parlaq şəkildə nümayiş etdirdi. Li bu filmdə yaradıcılığının başlıca mövzusunu insan taleyinin həyatın ziddiyyətli və qeyri-təbii şəraiti ilə qarşı-qarşıya durmasının faciəsini açıb göstərə bilib. Filmin böyük uğur qazanması baş rolun ifaçısına da dünya şöhrəti gətirib. Yeri gəlmişlən, qeyd edək ki, "Küləklə sovrulanlar" iki seriyalı bədii filmi XX əsrin ən yaxşı ekran əsəri hesab edilir.
Vivyen Linin 40-cı illərdə çəkildiyi rollar onun təkrarolunmaz, özünəməxsus fərdi istedadı olan aktrisa kimi məşhurlaşdırıb: Mayra ("Vaterloo körpüsü", 1940, ABŞ), Emma ("Ledi Hamilton", 1941, prj. A.Korda), Kleopatra ("Sezar və Kleopatra", 1946 rej.T.Paskal), Anna ("Anna Karenina", 1948, rej. J.Dyüvivye) və başqa rollar. İngilis aktrisasının ifa tərzinin sadəliyi, palitrasının zənginliyi, çox incə sətiraltı sözləri ustalıqla tamaşaçıya çatdırmaq bacarığı digərlərindən fərqlənirdi. "Arzu tramvayı" kinofilmindəki Blanş Dyubua rolu (1951, rej. E.Kazan, ABŞ) ikinci "Oskar" mükafatından əlavə Beynəlxalq Venesiya kinofestivalının və Britaniya akademiyasının mükafatlarına layiq görülüb.
Yazıçı Saomereet Moem aktrisa barədə belə yazmışdı: "Li "seks bomba" deyil. Tamaşaçı Vivyen Linin oyununu unuda bilər, amma onun cazibəliyini və gözəl sifət cizgilərini heç vaxt unuda bilməz".
"Vaterloo körpüsü" filmindəki hadisələr 1914-cü ildə İngiltərədə baş verib. Burada Vivyen Li gənc balerina Mayra Lester rolunda çıxış edir. Mayra cavan aristokrat, kapitan Roy Kroninlə ilk baxışdan bir-birinə vurulurlar. Filmin uzun ömürlü olması və ona gəmişə böyük maraqla baxılmasının səbəbi qəhrəmanların məhəbbət macərası, incə hisslər, bolluca xeyirxahlıq və ən nəhayət, kədərli faciə ilə qurtarması olub. Tamaşaçı ilə bərabər, tənqidçilər də Vivyen Linin oyunundan, onun gözəlliyi və səmimiliyindən böyük zövq alırdılar. Deyilənə görə, Uinston Çörçil bu filmə baxmağı və aktrisanın digər rollarını izləməyi çox sevərmiş. O, aktrisanın ifasını bəyəndiyindən ona gözəl bir rəsm əsərini hədiyyə etmişdi. Li, qəhrəmanı Mayranı, şərti obraz olmasına baxmayaraq, güclü fərd kimi canlandıra bilib. Bununla belə, o, əhdinə sadiq qalmaq üçün körpü üzərində sürətlə hərəkət edən avtomobilin təkərləri altına atılaraq həlak olur.
Aktrisanın şəxsi həyatına gəlincə, demək lazımdır ki, Vivyen Linin adı həyatda və sənətdə məşhur ingilis aktyoru Lourens Olivye ilə birlikdə çəkilir. Onlar 1940-cı ildə Kaliforniyada qeyri-rəsmi evlənmişdilər. Sakit Okeanda, çox da böyük olmayan yaxtada bal ayını keçirdikdən sonra onlar dumanlı Londona, bombaların yağdığı zaman qayıtmışlar. Həmin vaxtdan cütlük kinoda və teatr səhnəsində birlikdə uğurlu və sevinc dolu günlər yaşamışlar. Onların birgə həyatı düz 20 il, 1969-cu ilə kimi davam etmişdir. Dost kimi ayrılsalar da, bir daha səhnədə və kinoda bir yerdə olmamışlar.
Kino Vivyen Liyə dünya şöhrəti gətirib. Buna baxmayaraq, teatr onu daha çox cəlb edirdi. O, səhnəni, tamaşaçı zalını, insanlarla canlı ünsiyyətdə olmağı daha çox sevirdi. Li özü bu barədə belə demişdi: "Mən kino ulduzu deyiləm, onların varlığı qeyri-real dəyərləri qazanmaq üçün yalançı, qeyri-real həyatdır. Mən isə canlı insanlara sevinc və fərəh bəxş etmək istəyirəm".
Vivyen Li olduqca savadlı, ziyalı bir aktrisa idi. O, cilalanmış, parlaq peşəkarlığa malik sənət fədaisidir. Çox incə zövqlü və güzəştə getməyi sevməyən insan idi. Digər ingilis dram aktrisaları kimi Vivyen Li də özünü Şekspirin pyeslərində görürdü. Onun artislik istedadı Şekspirin əsərlərində müvəffəqiyyətlə sınaqdan çıxmışdı: "Hamlet"də Ofeliya, "Maqbet"də Ledi Maqbet, "On ikinci gecə"də Viola, "Romeo və Cülyetta"da Cülyetta, "Antonio və Kleopatra"da Kleopatra, "III Riçard"da Ledi Anna rollarını böyük ustalıqla oynayıb. Li bütün bacarıq və gücünü axıradək səhnəyə sərf edirdi. Bəzi tamaşalardan sonra aktrisanı xərəkdə aparırdılar. Belə hadisə Şekspirin "Maqbet"ində, Dümanın "Qadın və kameliya çiçəkləri" və Jirodun "Mələklərin dueli" tamaşalarından sonra baş verib. Onun səhnədəki çıxışı teatrda anşlaqa zəmanət verirdi. İncə zövqlü fransızlar 1957-ci ildə Parisdəki qastrol tamaşalarından sonra Vivyen Liyə Fəxri Legion ordeni vermişdilər. İngilis dramaturqları, başda Noel Kouvard olmaqla, pyeslərində onun iştirak etməsinə razılıq verməsini özləri üçün böyük xoşbəxtlik sayırdılar. Bu isə aktrisanın sağlamlığı bahasına başa gəlirdi. Li deyirdi: "Mən əqrəb bürcündə doğulmuşam. Əqrəblər isə bir-birini sancaraq məhv edirlər. Mənim də həyatım buna bənzəyir".
Vivyen Li 1967-ci il iyulun 8-də Londonda ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Həmin gün dünya şöhrətli aktrisanı son mənzilə yola salmaq üçün onun evinin qarşısında toplaşmış minlərlə pərəstişkar sükuta qərq olmuşdu. Camaatın arasından bir nəfər irəli çıxaraq, ağ sütunun üzərində kömürlə bu sözləri yazdı: "Əbədi yaşar dahi aktrisa. Əsl gözəlliyin və həmişə cavan ürəyin sahibi Vivyen Li". Bütün teatrlar həmin gecə matəm əlaməti olaraq reklam işıqlarını söndürmüşdülər.


TƏQVİM / ARXİV