Vətən bağı bu gündədi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
40108 | 2018-07-05 23:07
Səsin gəlsin, qərib adam


Dünya bu gün öz qayğıları ilə, öz qlobal məsələləri ilə məşğuldu. Özü də bu məsələlər, bu problemlər həm böyük maliyyə tələb edir, həm də böyük əqli potensial. Bax, belə bir vaxtda bizim də özümüzə görə problemimiz var. Bütün mətbuat gecə-gündüz ancaq məktəbli formasından yazır. Valideyndən tutmuş müəlliməyə, müəllimədən tutmuş məktəb direktoruna, ordan Bakı Təhsil İdarəsinə, oradan da lap Təhsil Nazirliyinə qədər hər kəs bu məsələ ilə bağlı bu gün mətbuata açıqlama verir, irad və təkliflərini dilə gətirir. Hətta bu işə QHT-lər də qarışıb. Onlar da çoxuşaqlı ailələrin məsələsini atıblar ortaya. Deyirlər ki, bu ailələrə məktəbli forması əldə etmək üçün güzəştlər etmək lazımdır. Nə isə... Problemimizi görürsünüz də?..
Mənim yaşıdlarım, hələ bir az da məndən cavanlar 1 sentyabrı yaxşı xatırlayırlar. O vaxtlar heç bir göstəriş, tapşırıq olmadan hər kəs evdə olan, bəzən də özündən böyük qardaş-bacısından qalan nimdaş da olsa ağ köynəyini, qara şalvarını ütüləyib yollanırdı məktəbə. Özü də yeganə bir məqsəd var idi ki, üst-baş təmiz olsun, məktəbə gedən hər kəs öz səliqəsi ilə başqalarından fərqlənsin. Yəni onda biz daha çox dərs vəsaitlərinə, ləvazimatlara diqqət yetirirdik, çantamızın hansı rəngdə olması, üstünə kimin şəklinin yapışdırılması o qədər də əhəmiyyətli deyildi. Müəllimlər bizdən səliqə, valideynlər bizdən, səliqə və hər ikisi də birlikdə bizdən bilik tələb edirdilər. Məqsəd oxumaq, öyrənmək idi. Və bu məqsəd də indiki kimi mətbuatın probleminə, ölkənin bir nömrəli məsələsinə çevrilməmişdi.
Həyat axarı ilə gedirdi, biz oxumağa, öyrənməyə can atırdıq, dırnaqlarımızdan tutmuş saçımıza qədər hamısını səliqəli saxlamağa, nümunəvi olmağa çalışırdıq. Görünür içimizdəki bu özünütərbiyə bizi çox şeylərdən, yəni məktəbliyə dəxli olmayan ətrafdan ayırıb kitablara, sinif otaqlarına, oxu zallarına bağlamışdı. İşimiz-gucumuz oxumaq, elmi disskusiyalar, mübahisələr etmək, müəllimlərimizin, valideynlərimizin sevimlisi olub könüllərini xoş etmək idi. Əslində bununla biz özümüz öz taleyimizi müəyyənləşdirirdik. İndi sular axdı, zaman dəyişdi və...
İndi 1 sentyabr var, amma ilk dərs günü deyil. Bizim kimi heç kim daha 1 sentyabrı gözləmir. İndi 15 sentyabr bayramıdı, o qabağa düşübdü. Amma bu 15 sentyabr yalan olmasın 15 də problem gətirib valideynlərə, məktəblərə, uşaqlara. O problemləri saymağa ehtiyac yoxdu, hər kəs bilir. Sadəcə mən durub onları saysam, elə əvvəldə dediyim məmləkətin problemini qabartmış olaram. Amma istəmirəm. Onsuz da o problemi efirdə də, ekranda da, mətbuatda da hər gün təkrarlayırlar. Özü də ən azı sentyabrın axırına kimi təkrarlana-təkrarlana da gedəcək. Mən isə özümün, yaşıdlarımın 1 sentyabrını yaddaşımda təzələyir, ötənləri gözümün önünə gətirir və bir vaxtlar yazdığım misraları xatırlayıram.

Bir uşaq həvəsi gizlənib
məndə
Onun bir damarı baldı elə bil
Hər il sentyabr ayı gələndə-
İlk dərsdən dilim də
laldı elə bil...

Partalar önümdə keçilməz
çəpər
Yazı taxtası da sorğu
meydanı
Xəritədən baş açmaq özü
birtəhər -
Gəzmək fürsətidi qoca
dünyanı...

Hər gün təkrarlanır vurma,
həm bölmə
Dilə çətin yatan sözlər də
nə çox...
Mən çaşıb qalanda,
sən baxıb gülmə -
Sənin də sorğudan
qaçmaq yerin yox!..

Fənlər əvəzlənir,
saatlar ötür
Hər müəllim
bir qapı açır üzümə
Mənim yaddaşımda
imtahan gedir -
Bir qiymət tapmıram
yazım özümə...

***
Məmləkətimizin coğrafi sərhədləri mənə bəllidi. Mən bu sərhədlərin daxilində az-çox gəzib-dolanmışam. Və hər səfərdən də özümə görə müəyyən təəssüratlarla qayıtmışam. Onların içərisində könül açanı da olub, ürək ağrıdanı da. Amma bütün hallarda bu təəssüratlarda nə vətəni, nə məmləkəti, nə onun coğrafiyasını, nə də bütün bunlar üçün məsuliyyət daşıyan səlahiyyət sahiblərini günahlandırmamışam. Çünki mən də bu məmləkətin bir sıra nəfəriyəm və günahlandırmağa qalsa, elə mənim də payıma yetərincə günahlar düşür. Ən azı ona görə ki, mən də öz yerimdə, öz yaşımda, öz gücüm daxilində etməli olduğum xidmətlərin hamısını təbii ki, yerinə yetirməmişəm. Buna da ya gücüm çatmayıb, ya imkanım, ya da laqeydlik göstərmişəm. Bir sözlə, günahlar içərisində mənim də günah payım var. Lakin bu isti yay günlərində mən bir gerçəkliyin şahidi oldum. Bu təəssürat məndə belə bir fikir formalaşdırdı ki, biz özümüz özümüzü yaxşı tanımadığımız kimi, məmləkətimizi, onun coğrafiyasını da yaxşı tanımırıq, bilmirik.
Bakı əməlli-başlı qır qazanına bənzəyirdi, asfalt adamı ütürdü, havasızlıq nəfəs almağı çətinləşdirir, insanı sudan çıxarılmış balıq halına salırdı. Builki yayın istisini ancaq bu cür xarakterizə etmək olar. Təsəvvür edin ki, bu yay istilər lap vurub kəllə-çarxa çıxmışdı. Bax, belə bir məqamda bir dost yardımı ilə dağlara üz tutdum. Paytaxtdan 6-7 saatlıq bir məsafədə olan o dağlarda mən az qala yay fəsli olduğunu, Bakının od-alovu içərisindən gəldiyimi bir andaca unutdum. Gördüm ki, bu yerlərdə insanlar arın-arxayın, istidən tıncıxmadan öz işilə, gücüylə məşğuldu. Elə bil ki, Gədəbəy dağlarının, meşələrinin, bulaqlarının nə Bakıdan, nə də burda tüğyan edən isti havalardan xəbəri yoxdu. Bəlkə də kimlərsə dediklərimlə razılaşmayacaq, amma şəxsən mən avqustun qora bişirənində Gədəbəyi belə gördüm. Bulaqlarının suyunda barmaq göynəyir, yarpızının dadında həyatın elə məqamları, elə anları xatırlanır ki, dərhal uşaqlığa, Tuğda keçən günlərə, Quru çayın sahilinə qaçmaq istəyirsən...
Doğrudan da biz ağıllı kəlamlar söyləməkdə nümunə göstərilə bilərik. Çünki atalarımız daha çox hikmətli sözlər deməklə məşğul olublar. Məsələn, deyiblər ki, "ev buzovundan öküz olmaz". Və yaxud "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" və s. İndi özünüz fikirləşin, Azərbaycanın cənnət guşələrini unudub, gəzməyə qərib ölkəni üstün bilənlər daha necə olmalıdılar. Axı atalar deyib ki, gəzməyə qərib ölkə!.. Mən Gədəbəydə olanda gördüm ki, gəzməyə də, lap elə uğrunda ölməyə də doğulduğun yer, yaşadığın məmləkət daha önəmlidi. Çünki onun hər şeyi var. Sadəcə onu görmək, sərhədlərdən kənarda xalqdan gizli günlər keçirmək istəyindən bir anlıq daşınmaq lazımdı. Onda həmin o xaricdəki xəstəsi olduğumuz gözəllikləri, istirahət günlərini məmləkətə gətirmək, burada da yaratmaq çox asan olar.

Qaya bəxtim, duman səndən
gen durmur
Bulaq ömrüm, içilirsən
anbaan
Yaşıl yamac, boyum sənlə
tən durmur -
Ovulursan, kiçilirsən
anbaan...

Mən səninlə öyünürəm,
qarlı dağ
Gör bir necə böyüyürsən,
qarlı dağ!

Geniş orman, qalın meşə,
barlı bağ -
Hər anınla seçilirsən
anbaan.

Otlu cığır, itən çəhlim,
daşlı yol
Kim unutdu, kim təzədən
açdı yol...
Mən keçdikcə səni,
gözü yaşlı yol -
Düz boyuma biçilirsən
anbaan.

Hər çiçəyi, hər böcəyi,
hər quşu
Sevə-sevə izləyirəm
gərdişi...
Ay Əbülfət, təbiətdə hər işi -
Varlığına köçürürsən
anbaan...

***
Bu məmləkət həmişə özünə problem axtarır, tapmayanda da özü yaradır. Amma nədənsə yaratdığı problemin ya ölçüsünü, ya çəkisini, ya da bütövlükdə əndazəsini unutduğundan sonradan onunla əlbəyaxa qalır. Bütün bunlar mənim kəşfim deyil, həyatın bir gerçəkliyidi.
O gerçəkliyin içərisində mənim üçün yayın isti günlərində bir məqam bütün çılpaqlığı ilə bəlli oldu.
Anladım ki, qayğılardan, yorğunluqlardan və nəhayət qaçmaq istədiklərimdən çox da uzaqlara getməyə ehtiyac yoxdu. Eləcə öz dağlarımıza, öz sərin və möcüzəli guşələrimizə çəkilmək kifayət edər. Orda təbiət özü insanın ruhunu da rahat edir.

Yorğunluq çıxdı candan
Ruh candan çıxan kimi
Əyildim bulaqlara
Dadına baxan kimi.

Lap özümü unutdum
Bilmədim ki, buluddum.
Baxışımla qurutdum-
Köksümə sıxan kimi.

Hər qaya bir ərəndi
Gözüm göyə dirəndi.
Xoşbəxt səni görəndi-
Sübh günəş doğan kimi!..

...Hə, özünə problem yaradan soydaşım, problemlərin çoxluğu sənə bu məmləkəti unutmaq haqqını vermir. Başın nə qədər qarışıq olur, olsun, hərdənbir gözünü uzaqlardan çək, necə deyərlər, özünə qayıt, özünə bax. Yəni bu məmləkətin coğrafiyasına...

TƏQVİM / ARXİV