ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"BİRCƏ SƏN DESƏN..."

3991    |   2018-07-05 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əbülfəz Ülvinin şeirləri barəsində düşündüklərim

Oxucularımızın yadında olar. Ötən ay Naxçıvana səfər etmişdim. Həmin səfərdən təəssüratlarımla yanaşı, elə o təəssüratlarda vurğuladığım kimi qələm dostlarımın kitablarını da gətirmişdim. Bu qiymətli hədiyyələrin hər biri ayrı-ayrılıqda təkcə söz boğçası deyil, söz dünyası deyil, bunlar həm də oxucu-müəllif doğmalaşması, eləcə də qələm dostlarımın dünyalarıyla öz damının altında baş-başa qalmaq fürsətimdi. Ona görə də həmin kitablar mənə çox doğmadı. Və fürsət, məqam tapdıqca yazı masamın üzərindəki bu kitablara tərəf bir yol gedirəm. Özü də maraqlı bir oxucu yolu...
Bəli, Naxçıvanda bir dost, qardaş kimi qayğısını əsirgəməyən Əbülfəz Ülvinin poeziya çələngilə baş-başa qalanda ağlımdan ilk gəlib keçən dostumun kitablarının adlarındakı qəribəlik idi. Şair qardaşım şeirlərindəki özünəməxsusluğu kitabların adında da ifadə etməyi məharətlə bacarır. Bax, elə indi barəsində ürək sözlərini söyləyəcəyim "Bircə sən desən..." kitabının adı artıq mənim söylədiyimə bir sübutdur.
Öncədən deyim ki, kitab Bakıda "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Redaktoru şair Balayar Sadiq olan bu kitab çox nəfis bir tərtibata malikdir. Necə deyərlər, kitabın üz-gözündən şeir tökülür və bu da oxucunu kitaba tərəf səsləyir. Mən kitabın ilk şeirinin ilk misrasını oxuyanda bir anlıq susdum. Düşündüm ki, görəsən Əbülfəz Ülvi Tanrıdan niyə belə bir dilək diləyir? Axı hər kəsin ürəyi bir kainatdı. Və bu fərqli kainatlardan nədən üz çevirmək, hətta imtina etmək istəyi baş qaldırır dostumda. Yəni Əbülfəz Ülvi Tanrıdan diləyib ki:

Tanrım, ürəkləri dəyiş sinədə,
Dərd, ələm toplaşan tini olmasın.
Eşqi tükənməsin, gülsün yenə də,
Hər şey doldurulan sini olmasın.

Bax, gördüyünüz kimi istək çox qəribədir. Şair ürəklərin dəyişməsini ona görə istəyir ki, oradakı dərddən, ələmdən, ağrı-acıdan onları xilas etsin. Və ürəklərə ancaq sevgiylə, nurla süslənsin. Təbii ki, bu istəyin önündə ancaq şairə bu məqamda Əbülfəz Ülviyə sonsuz təşəkkürlər düşür. Elə həmin təşəkkürlərin fonunda da diqqətimi başqa bir şey çəkir. Şair yazır ki:

Hələ də nazında bilinmir nə var,
Bir nazla min qəmi silir qadınlar.
Baxmayın, yer üstə yaşayır onlar,
Yerin altını da bilir qadınlar.

...Olmaz zərrə qədər kəm hallarında,
Nadanlıq cücərməz kamallarında.
Amma kişilərin amallarında,
Xəyanət güləndə, ölür qadınlar.

Əslində bu şeirin özü də həm etirafdı, həm də qadın dünyasının rəsmini cızmaq. Əbülfəz Ülvi altı bəndlik bu şeirdə qadını həm ömür-gün yoldaşı kimi, həm xanım kimi, həm ana kimi, həm qız övladı kimi malik olduğu bütün müsbət cizgilərini o qədər poetik şəkildə misralayır ki, oxuduqca həmin o özəlliklər və gözəlliklər bir növü özü-özünü təsdiqləyir. Və görürsən ki, şair şeirini ürəklərə yazır. O ürəklərə ki, onlara ancaq sevgi arzulayır, xoşbəxtlik diləyir. Və vurğulayır ki:

Demə sinəmdə sənsən o ürək,
Beləcə əlavə şərhə nə gərək.
Şeiri dağıdar ən xəfif külək,
Şeiri səninlə yazmayanda mən.

Həqiqətən də ürəksiz, duyğusuz yazılan şeir ən yaxşı halda bir topa sözün bir yerə yığılıb cərgələnməsindən başqa bir şey deyil. Onu nə oxucu sevib qəbul etmir, nə də şair onun özünün dünyasına, imzasına yaxın buraxmır.
Əbülfəz Ülvinin bu kitabını sona qədər gözdən keçirəndə mən şeirlərin arasında bir kövrəkliklə yanaşı, duyğusallığın da əlaqəsini, bağlılığını gördüm. Açıq şəkildə duydum ki, bu şeirlərin hər biri özündən öncəki şeirin hardasa varisidi, hardasa onun xatırlanmasına, onun aranıb oxunmasına bir himdi, bir əlaqə vasitəsidi. Məsələn, şeiri ürəksiz yazmadığını vurğulyan şair başqa bir məqamda deyir ki:

Can olsam da, canım deyə bilmirəm
Çox deyilib bu kəlmələr, köhnəlib
Dilimdəki son nəğmədi demirəm,
Sənə qədər hər nəğmələr köhnəlib.

Gözüm desəm gözlərimə dollar qəm,
Vaxt olubdu bəbəyim də torlanıb
Dilim gəlmir ocağımsan söyləyəm,
Ocağım da yana-yana, qorlanıb.

Bu şeirin bütün bəndlərində şairin ürək çırpıntısı və müraciət etdiyi ünvana özünü bütünlüklə təslim etmək, sapındırmaq istəyi o qədər səmimidir ki, onun fikirləri ilə razılaşmamaq mümkün olmur.
Bax elə şeirin də, poeziyanın da işığı, şəfqəti və şərbəti burdadı. Oxuduqca iç dünyan işıqlanır, ruhun qidalanır, özünü gözəlliklə yanaşı, bir düşündürücü məqamın da içərisində görürsən. Və anlayırsan ki, Əbülfəz Ülvi həm şair kimi, həm də bir Allah bəndəsi kimi qəribə adamdı. Bunu onun özü də təsdiq edir. Və:

İşə bax, qəribə adamam mən də,
Özümün sözünə, özüm ilişdim.
Həm məchul deyirəm özümə, həm də,
Az qala adına qəribsəmişdim.

Barəsində fikirlərini sizinlə bölüşdüyüm "Bircə sən desən" kitabı mənim oxucu tələbatımı yetərincə ödədiyimdən mən bu kitabdakı poeziya nümunələrinə əsl şeir çələngi kimi dəyər verirəm. Çünki şeirlər özləri öz fikir yükləri ilə, öz ifadə tərzlərilə bunu söyləməyə imkan verir. Və oxucuya aydın olur ki, Əbülfəz Ülvi öz söz dünyasının qapısını yalnız ürəyi hökm edəndə açır. Və deyir ki:

Demirəm dərd tutub, zökəmdir sevgim,
Arxanca bir dənə tənə atmayır.
Görürsən nə qədər möhkəmdir sevgim?
Sənə sevgimi də, sənə satmayır.

Ümumiyyətlə, Əbülfəz Ülvi poeziyasının məntiqi də çox güclüdür. Onun bəzən adi görünən fikirlərinin söykəndiyi məntiq şeiri oxucu qarşısında dipdiri şəkildə nümayiş etdirir. Elə bilirsən ki, şeir səninlə üzbəüz dayanıb söhbət edən bir varlıqdı. Bax, bütün bunları mən az-çox sözdən anlayan bir oxucu kimi Əbülfəz Ülvinin yeni kitabını uğurlu sayıram. Elə onun öz misralarıyla da bu misraların davamlı olmasını şair dostum və qardaşıma diləyirəm.

Gərəyim deyildir dünyanın varı,
Ruhuma sığal çək, mərəzsiz qalım.
Çox yöndə əvəzsiz qalmışam, barı,
Yol vermə bu yöndə əvəzsiz qalım.

Yaxın ol, gözümdən uzaq getmə sən,
Ürəkdə yer axtar, əldə bitmə sən.
Qəlbini sevgimə qəfəs etməsən,
Ötür ömrü boyu qəfəssiz qalım.

Görmüşəm sevinc də, qəm də nə vaxtsa,
Sevdam dolanmayım çəndə nə vaxtsa.
Qərəz olacaqsa məndə nə vaxtsa,
İstərəm tez ölüm, qərəzsiz qalım.

Gül, gülüş güllükdə göyərəcəksə,
Gül deyil, küllükdə göyərəcəksə.
Həvəsim lillikdə göyərəcəksə,
Qoy sönsün həvəsim həvəzsiz qalım.

Hara üz tutursan, ömrümün şahı?
Gedirsən, gedişin gətirir ahı.
Sənə nəfəsimsən demişdim, axı,
Gedirsən, mən yazıq nəfəssiz qalım?



Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK