adalet.az header logo
  • Bakı 21°C
05 Iyul 2018 00:16
15423
ƏDƏBİYYAT
A- A+

DƏRSLİKLƏRDƏ TƏRTİBAT MƏTNİN MƏZMUNU İLƏ UZLAŞMALI, TƏDRİS MATERİALININ MƏNİMSƏNİLMƏSİNƏ XİDMƏT ETMƏLİDİR!

Dövlətin hərbi güdrətini tək orduda qulluq edənlərin sayı və hazırlıq dərəcəsi, silah arsenalının texniki imkanları yox, həm də, bu silahları düşmən üzərində sınaqdan keçirməli olanların hərbi-vətənpərvərlik tərbiyəsi müəyyənləşdirir. Bu səbəbdən də, ideoloji sahədə görülən işin və islahatyönümlü tədbirlərin effektivlik dərəcəsi daim yüksək olmalıdır. Buna isə, əhali arasında maarifləndirilmənin gücləndirilməsi, məzmunca yeniləşib təkmilləşdirilən təhsilin dünya təcrübəsinə uyğunlaşdırılması yolu ilə nail olmaq olar. Tədqiqat göstərir ki, təhsilin səviyyəsi yüksək olan dövlətlərdə ictimai-siyasi sabitliyin təmin edilməsi, təhsilin səviyyəsi aşağı olan dövlətlərlə müqayisədə daha asan başa gəlir. Çünki iqtisadiyatı inkişaf etmiş ölkələrdə əhalinin maddi təminatı kifayət qədər yüksək olur, sosial problemlər daha asanlıqla öz həllini tapır. Həm də, mükəmməl təhsil alan insan qarşıya qoyduğu məqsədə çatmaq üçün nisbətən az zəhmət, vaxt və enerji sərf edir, qarşılaşdığı çətinlikləri daha asanlıqla, minimal itki ilə aşa bilir. Bir sözlə, övladlarımıza təminatlı həyat, xoşbəxt gələcək miras qoymaq istəyiriksə, ilk növbədə təhsilin səviyyəsini yüksəltməliyik. Çünki ölkənin gələcəyi, dövlətçiliyin möhkəmlənməsi və milli mənafeyimiz bizdən bunu tələb edir. Deməli, təhsil sahəsində əsas strateji hədəfimiz də intellektual sərvətin məzmunun tələbata uyğunlaşdırılması yolu ilə qorunub zənginləşdirilməsi olmalıdır.
Bizə, tədrisin keyfiyyətini yüksəltmək imkanı yaradan bu hədəfin reallaşması üçün təlimin tək nəzəri materialın mənimsənilməsinə deyil, həm də fərddə, onun düşünməsini şərtləndirən "təfəkkür məktəbi"nə keçidi təmin edəcək analitik təfəkkür tərzinin formalaşmasına istiqamətləndirilməsi vacibdir. Bu əsas üzərində qurulan təhsil modelində təlim şagirddə işə yaradıcı münasibət, təşəbbüskarlıq, tədqiqatçılıq kimi keyfiyyətlərin inkişaf etdirilməsinə yönləndirilmiş olur. Tədris materialını beyninin süzgəcindən keçirib real həyatdan aldığı bilgilərlə tutuşdurmaq, hərtərəfli təhlil edib ümumiləşdirmələr aparmaqla sistemləşdirmək bacarığına yiyələnən şagird isə, növbəti mərhələdə əldə etdiyi qənaətlərə söykənib ətrafında baş verənlərlə bağlı yekun qərar qəbul etməyə və nəticəsinə görə gərəkən məsuliyyəti daşımağa da hazır olur.
İstənilən dövlətin iqtisadi qüdrətini təbii sərvətlər bolluğu deyil, onları iqtisadiyyatın güclənməsinə yönəldən mexanizmin işə salınma səviyyəsi təmin edir. Bu səviyyəni iqtisadi inkişaf tempinin effektivlik dərəcəsi, bu dərəcəni isə müasir texnologiyaları istehsala tətbiq edə biləcək yüksək ixtisaslı mütəxəssis ordusunun formalaşdırılması istiqamətində görülən işlər müəyyənləşdirir. Düz xətt istənilən iki nöqtə arasında ən qısa məsafə olduğu kimi, iqtisadi yüksəlişə gedən ən qısa yol da idarəetmədə zəngin təcrübə məktəbi keçmiş ixtisaslı mütəxəssislərə və elmi əsaslara söykənən üsullara önəm verilməsi (atalar sözündə deyildiyi kimi: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik") olmalı, kadr siyasətində əsas meyar kimi bilik və təcrübənin seçilməsinə üstünlük verilməlidir. Əks halda, hər hansı iqtisadi inkişaf və təminatlı gələcəkdən danışmağa dəyməz.
Kadr hazırlığı sahəsində köklü islahatlar aparıb təhsilin səviyyəsinin yüksəldilməsini əngəlləyən çoxsaylı problemlərin həllinin tez bir zamanda tapılmasını istəyiriksə, ilk növbədə dərsliklərin nəşrə hazırlanması prosesində buraxılmış səhvləri aradan qaldırmalı, texniki və bədii tərtibat göstəricilərinin qoyulan tələblərə cavab verməsini təmin etməliyik. Tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçülür. Bu səbəbdən də, dərsliklərin forma və məzmununun bir-birini tamamlayıb təhsilalanların bilik, bacarıq və vərdişlərə tam həcmdə yiyələnməsini təmin etməsi, fənnin dərkedilmə səviyyəsinin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Faktlara müraciət edək, məs.: "İnformatika" dərsliyində (VI sinif, "Bakınəşr", 2013) birsütunlu yığımda mətnin sol yarısına verilən açıq yaşıl, sağ yarısına açıq bənövşəyi fon, eyni cümlənin bir yarısının şagird tərəfindən digər yarısından fərqli tərzdə qəbul olunmasını şərtləndirir. Bu da, onun beynində yaranan rəyə birbaşa öz mənfi təsirini göstərib oxunan mətnin dərk edilməsini çətinləşdirir. Üstəlik, bu rənglərdən hər birinin yuxu gətirdiyini və bu səbəbdən də xəstəxanaların reanimasiya şöbələrində divar və tavanların rənglənməsində istifadə edildiyini, söhbətin texniki terminlərlə zəngin dərslikdən getdiyini də nəzərə alsaq, onda nəşrə verilən tərtibatın tədris materialının mənimsənilməsini nə qədər məhdudlaşdırıldığını təsəvvür etmək çətin olmaz.
Başqa bir fakta nəzər yetirək, məs.: "Azərbaycan dili" dərsliyinin (III s, Altun kitab, 2014) 5-ci bölməsinin ("Tarixi şəxsiyyətlər") şmustitulunda Üzeyir Hacıbəyov, Nətəvan və digər şairin (?) təsvirinin verilməsi, eləcə də, bölmədə C.Cabbarlı, M.F.Axundzadə, M.Ə.,Sabir, Firidun bəy Köçərli və S.Vurğun, Hacı Zeynalabdin Tağıyev, Xarəzmi, onluq say sistemi və s. haqqında məlumat verilməsi də anlaşılmazlıq yaradır, çünki, "tarixi şəxsiyyət" deyildikdə tarixin gedişatını dəyişən şəxs başa düşülür. Bu adları çəkilənlərin, millət kimi yetişməyimizə təsirləri olduğunu qəbul etsək də, tarixin gedişatını dəyişdiklərini iddia etmək düz olmaz. Fikrimizcə, bu bölmədə Makedoniyalı İsgəndər haqqında məlumat verilməsi də, məqsədəuyğun deyil. Yaxşı olar ki, 1-4 sinif şagirdi əvvəl mənsub olduğu xalqın tarixini öyrənib sərkərdələrini tanısın, sonra digərlərini ki, milli kimliyini dərk edib bir parçası olduğu xalqın özəlliyini dərk etməkdə çətinlik çəkməsin.
Yenə, həmin nəşrdə materialların, onları birləşdirən titul başlıqları ilə uzlaşdığını və informasiyanın şagirdə məntiqli, sistemli və birmənalı şəkildə, ardıcıllıq gözlənilməklə çatdırıldığını demək olmur. Dərsliklərdə, ümumiyyətlə, mətnlərin redaktə edilməsinə, fikirlərin yığcam və dəqiqliklə ifadə edilməsinə, mühakimələrdə ardıcıllığın gözlənilməsinə nəzarət edilməli, əşya və insan təsvirlərinin (eləcə də, bədən üzvlərinin) ölçülərində qarşılıqlı nisbət gözlənilməlidir (məs.: 2-ci bölmənin şmustitulunda personajların başı 2 mərtəbəli binanın damına çatır). Təsvir olunanların donuq ifadəli hərəkətsiz sifət cizgiləri, geyim və saç düzümləri personajların yaşına uyğun olub rəsmdə haqqında söhbət gedən dövrlə (5-ci bölmənin şmustitulunda atlının geyimi inqilaba qədərki dövrə, əlindəki bayraq müstəqillik illərinə aiddir) uyuşmalı, rəng örtüyü təbiətdə qarşılaş-dığımız analoqlara uyğun olmalıdır ("Azərbaycan dili" II sinif, Altun kitab, 2016, səh.125). Əks halda, qüsurlu texniki (yenə həmin nəşr, səh. 136-da "oktyabr" sözü sətirdən-sətirə düz ke-çirilmir) və bədii redakor işi (səh.139-da qaydalar sözü ağ rəngdə verilsə daha oxunaqlı olar və s.) nəşrin dəyərini və tədris materialının mənimsənilmə səviyyəsini aşağı salır.
Dərsliklərdə, kitabın adının cildin kötüyündə yerləşdirilib aşağıdan yuxarı oxunmaq yerinə yuxarıdan aşağı oxunduğu ("Azərbaycan dili" II sinif, Altun kitab, 2016), rəngdən mətnlərin seçilməsi məqsədilə (xüsusilə də, səhifənin yuxarısında və aşağısında) yox, mənasız, məqsədsiz şəkildə və ifrat dərəcədə istifadə edildiyi hallar da, az deyil. Həmçinin, nəşrlərin bir çoxunda kitabın üzündə yazılanların cildin 4-cü səhifəsində təkrarlanması da düzgün deyil. O sahədən şagirdin dünyagörüşünün artırılması məqsədilə istifadə edilməsi, eləcə də, cildin 2-ci səh.-də verilən himnin əvvəl sözlərini yazanın, sonra musiqisini bəstələyənin ad-soyadının yerləşdirilməsi də məntiqli olardı. Yığım formatı daxilindəki elementlərin bir-birinə nəzərən düzülüşündə də qüsura yol verilmişdir, başlıq, gerb və bayraq himnin mətninə uyğun verilmir. Yenə həmin dərsliyin titul səhifəsində bir-biri ilə uyuşmayan 4 fərqli rəngdən istifadə edilməsi də tərtibata xələl gətirib səhifəni baxımsız hala salır. Bunun yerinə yalnız kitabın adının 2-ci rənglə verilib digər mətnlər üçün eyni şriftin tünd-açıq, kursiv kimi variantlarından istifadə edilməsi daha məqsədəuyğundur. Şrift ölçülərinin və dəstinin də (bu titulun arxasına da aiddir) göz oxşadığını demək olmur.
Yenə həmin nəşrin 4 səhifəsində, 6 müxtəlif rəng çalarında verilmiş və hər səhifəsi müxtəlif rəng çalarına boyadılmış mündəricat da ilkin təyinatını itirib şagirdin tələb olunan mətni tapmasına yox, fikrini dağıtmasına xidmət edir, Ümumiyyətlə, sayı ifrat dərəcədə çox olan rənglərin seçimi məntiqə uyğun deyil, onların bir-biri ilə uzlaşmasına, səhifənin ağırlıq mərkəzinin gözün optik mərkəzinə düşməsinə nəzarət edilmir, uyğunsuzluqlar var. Rəssam işi uğurlu, rəsmlər ifadəli olsalar da, rəngdən və bəzək elementlərindən (xüsusilə də, səhifələrin yuxarısında) yerli-yersiz istifadə olunması nəşrin təyinatını dəyişib onu dəyərdən salır.
Bildiyimiz kimi, nəşrin özəyini onun ideya-mövzu əsası təşkil edir. Nəşrə verilən tərtibatla mətnin şagird tərəfindən mənimsənilməsini təmin etmək də olar, diqqəti mövzudan yayındırıb mətnin dərk edilməsini əngəlləmək də. 2-ci hal baş verməsin deyə 2008-ci ildən bu günə kimi Təhsil Nazirliyində dərsliklərin məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından qiymətləndirilməsini həyata keçirən komissiyanın tərkibi yenilənməli, bu işə zəngin təcrübə məktəbi keçmiş ədəbi, bədii və texniki redaktorlar daxil olmaqla sahə mütəxəssisləri (psixoloq və s.) və orta məktəb müəllimlərindən ibarət işçi qrup cəlb edilməlidir.
Əks halda, dərsliklərin və təlimin keyfiyyətindən, tədris materialının dərkedilmə səviyyəsinin yüksəldilməsindən, təhsilin müasir standartlara uyğunlaşdırılmasından danışmağa dəyməz!
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru